Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2751/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4485/2022 saylı, 27 may 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “pul tələbi” iddiasını irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 şifahi vəsatət verərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4485/2022 saylı, 27 may 2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4485/2022 saylı, 27 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4485/2022 saylı, 27 may 2022-ci il tarixli qərardadından narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin digər cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilikdə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində dövlət büdcəsinə daxil olan vəsaitin yalnız 25%-i həcmində Əmlak Məsələləri Dövlət Xidməti üçün ayırmalar nəzərdə tutulur. Eyni zamanada analoji işlər üzrə məhkəmələr tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq ödənilmiş pul vəsaitini 25%-nin Əmlak Məsələləri Dövlət Xidmətindən, 75%-nin isə X6 hesabına Maliyyə Nazirliyindən tutulması barədə qərarlar qəbul edilir. Bu səbəbdən hazırki iş üzrə Maliyyə Nazirliyi digər cavabdeh qismində cəlb edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, vəsatətin təmin edilməməsi barədə qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və Maliyyə Nazirliyinin cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilməsinin xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, birinci instansiya məhkəməsində icraat zamanı şifahi vəsatətlə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb edilməsini xahiş etsə də, məhkəmə qərardadda 3-cü şəxs qismində cəlb barədə vəsatət verildiyini və ona münasibətdə vəsatətin təmin edilmədiyini qeyd etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız və birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdehin nümayəndəsi vəsatətində Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Halbuki iş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi şifahi vəsatət verərək Maliyyə Nazirliyinin 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmiş və məhkəmə də həmin şifahi vəsatətə münasibətdə hazırki mübahisələndirilən qərardadı qəbul etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclas protokoluna hər hansı qeydlərlə müraciət etməmişdir. Belə olan halda Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin vəsatəti əsasında 3-cü şəxsin cəlbindən imtina barədə qəradada münasibət bildirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Həmin qərardadın 48-ci bəndində qeyd olunur ki, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Həmin qərardadın 49-cu bəndində qeyd olunur ki, “məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin İPM-in 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir. Bu zaman, xüsusilə nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özü-özlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. İddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazanmış olur.” Göründüyü kimi, inzibati iş üzrə qəbul ediləcək qərarla Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 3-cü şəxs qismində maraqlarına toxunma məqamı müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvinə əsas vermir. Həmçinin, Məhkəmə kollegiyası diqqətə çatdırır ki, inzibati iş üzrə Bakı inzibati Məhkəməsinin 2-1(112)-4485/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 71510 manat tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan verdiyi apellyasiya şikayətində də hazırki dəlillərini əsaslandırmışdır. Kollegiya da hesab edir ki, şikayətdə qeyd edilən məqamlar həmin qərardan verilmiş apellyasiya şikayətinin baxışı çərçivəsində işə mahiyyəti üzrə baxılan zamanı qiymətləndirilməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4485/2022 saylı, 27 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2751/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2751/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver