Məhkəmə qərarları › İş №2-1(103)-2752/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2752/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2752/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, X17 qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, X16) çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2021 saylı iş üzrə qəbul etdiyi 08 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar X9 və digərləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqavilələri əsasında əldə etdikləri daşınmaz əmlaka (torpaq sahəsinə) çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərara qəbul edilməsini xahiş etmişlər 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-in(82)-607/2012 nömrəli, 01 may 2012ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıların hər birinə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə texniki pasportun və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-60/17 nömrəli, 08 iyun 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apelyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-in(82)-607/2012 nömrəli, 01 may 2012-ci il tarixli qərarı ləğv edilmiş, iş üçüncü şəxs Müdafiə Nazirliyinin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-168/2018 nömrəli, 26 fevral 2018ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və X16 hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-29/2019 nömrəli, 26 noyabr 2019cu il tarixli qərardadı ilə digər iddiaçıların iddia tələbləri üzrə icraatlar ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2021 saylı iş üzrə qəbul etdiyi 08 iyul 2021ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, X16) çıxarışın verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********99 №-li, 24.06.2020-ci il tarixli məktuba əlavə edilmiş 006317 №-li, 14.11.2005-ci il tarixli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhatnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 ünvan 3 ünvanında yerləşən 1179,25 kv.m. qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********99 №-li, 24.06.2020-ci il tarixli məktuba əlavə edilmiş 001314 №-li, 10.06.2008-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətlətindən görünür ki, X16 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yeləşdiyi 11572,8 kvm. olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 32889 manat təşkil edir. Bu şəhadətnamə torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. - X2 ilə alıcılar X3 və İddiaçı arasında bağlanmış AN-İ ******* №-li, 22.07.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11/19571 nömrəli, 09.07.2008-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa küçəsi, 34/75-də hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 1.15728 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 278,8 kv.m, əsas sahəsi 121,7 metr, köməkçi sahəsi 157,1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinin yerləşdiyi, satıcının mülkiyyətində olan 1.15728 hektar torpaq sahəsinin 0,02 hektarını X1, 0,02 hektarını İddiaçı mülkiyyətlərinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 05/20530 №-li, 19.05.2011-ci il tarixli məktubundan görünür ki, 4-Ə-2-248 qeydiyyat nömrəli, 20.07.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi istifadəsində olan torpaq sahəsinin dövlət torpağına aid olmadığından sözügedən alqı-satqı müqaviləsinin qarşırıqlı razılaşdırma əsasında və yaxud məhkəmə qaydasında ləğv edilməsini məqsədəuyğun hesab etmişlər. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 010 №-li, 27.01.2021-ci il tarixli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, sorğuda qeyd olunan ünvan 5 ünvanında yerləşən torpaq sahəsi Bakı Soveti İcrayyə Komitəsinin 28.04,1937-ci il tarixli, 4 nömrəli, 30.05.1950-ci il tarixli, 45 nömrəli, 10.04.1957-ci il tarixli, 17 nömrəli və 02.10.1957-ci il tarixli, 5c nömrəli qərarları əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin daimi istifadəsi üçün ayrılmışdır və Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin təminatında olan “H.Aslanov-8” hərbi şəhərciyinin ərazisinə aiddir. “H.Asianov- 8” hərbi şəhərciyinə aid baş planında torpaq sahəsi ümümi 59,6 ha, faktiki isə 36,97 ha qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirinin 122 №-li, 22.12.2014-cu il tarixli “Həzi Aslanov-8” hərbi şəhərciyində N №-li hərbi hissənin istifadəsində olan ərazinin, bina və qurğuların, kommunikasiya xətlərinin 4 №-İi Evlər idarəsinə təhvil verilməsi haqqında əmrindən görünür ki, Abşeron rayon Mənzil-İstismar hissəsinin rəisi “Həzi Aslanov-8” hərbi şəhərciyində N №-li hərbi hissənin istifadəsində olan ərazinin, bina və qurğuların, kommunikasiya xətlərinin 4 №-li Evlər İdarəsinə təhvil verilməsini təmin etsin. 4 №-li Evlər İdarəsinin rəisi “Həzi Aslanov-8” hərbi şəhərciyində N №-li hərbi hissənin istifadəsində olan ərazini, bina və qurğuları, kommunikasiya xətlərini təhvil alsın, qorunub saxlanılmasını təmin etsin. N №-li hərbi hissənin istifadəsində olan ərazinin, bina və qurğuların, kommunikasiya xətlərinin təhvil və qəbulu Azərbaycan Respublikasının Müdafiə nazirinin 05.01,2004-cü il tarixli 6 №-li əmrinə əsasən aparılmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.02.2016-cı il tarixli, 2(011)-229/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X4, X11, X5, X1, İddiaçı, X13, X6, X15, X7, X10, X8 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı torpaq sahələrinin zəbt edilməsinə son qoyulmasına və torpaq sahələrinin yerləşdiyi ərazilərə keçilməsin üçün qoyulan hər hansı maneənin götürülməsinə dair iddia ərizələri təmin edilməmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi yekun qərarını əsaslandırarkən qeyd etmişdir ki, “...qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının hazırda mülkiyyət hüquqlarına dair çıxarışın, plan-ölçünün verilməsini tələb etdiyi torpağın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin istifadəsinə verilmiş müdafiə təyinatlı torpaq olması müəyyən edilmişdir. İddiaçı özü də məhkəmə iclasında iddia etdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən mühafizə olunduğunu bildirmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində isə müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 9-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 10-cu maddəsinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativhüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. - 22-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. - 23-cü maddəsinə əsasən hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Mühafizə, sanitariya və qoruyucu zonaları müəyyən edilən, hərbi obyektlərin tikintisi üçün verilən torpaq sahələri həmin zonaların əhatə etdiyi torpaqlarla birlikdə təhkim edilir, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin əvəzi ümumi sahə üçün ödənilir. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlardan istifadə rejiminin əhalinin təhlükəsizliyini təmin edəcək tələbləri müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə razılaşdırılaraq müəyyən edilir. Müdafiə və təhlükəsizlik ehtiyacları ilə əlaqədar müvəqqəti keçirilən təlimlər və digər tədbirlər üçün vətəndaşların və hüquqi şəxslərin torpaq sahələri müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının istifadəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda, müddət və şərtlərlə verilə bilər. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün verilmiş torpaqların istifadə edilməyən və kənd təsərrüfatına yararlı sahələri bu maddənin 1-ci bəndində göstərilən istifadəçinin razılığına əsasən, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə kənd təsərrüfatı istehsalı üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Müdafiə və təhlükəsizlik təyinatlı torpaq sahələrinin istifadəyə verilməsi müddəti bitdikdən sonra bu maddənin 1-ci bəndində göstərilmiş istifadəçilər öz hesablarına həmin sahələri təyinatı üzrə əvvəlki vəziyyətə gətirməyə borcludurlar. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 11572,8 kv metr torpaq üçüncü şəxs X16 tərəfindən satın alınaraq özəlləşdirilmişdir və sonradan digər fiziki şəxslərə, o cümlədən İddiaçı 0,02 ha hissədə satılmışdır. İddiaçı 2011-ci ildə alqı-satqı müqaviləsi əsasında ona satılmış torpaq sahəsinə hüquqların qeydiyyata alınması və reyestrindən çıxarışı, torpaq sahəsinin plan ölçüsünün verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə qəbul edilmiş 01 may 2012-ci il tarixli qərar ilə iddiaçının iddiası təmin edilmişdir. Həmin qərar əsasında iddiaçı Xətai Rayon Məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onun torpaq sahəsinin zəbt edilməsinə son qoyulması, torpaq sahəsinin yerləşdiyi ərazilərə keçilməsi üçün qoyulan hər bir maneənin götürülməsinə dair iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur, həmin torpaq sahəsi hərbi şəhərciyin ərazisi olmaqla, orada hələ 1950-1966-cı illərdə inşa olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus binalar yerləşir, beləliklə, qeyd edilən iddia Xətai Rayon Məhkəməsinin qüvvəyə minmiş qətnaməsi ilə rədd edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iddiaçıya torpaq sahəsinə çıxarışın verilməsi üçün əsas olmuş 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı ləğv edilmişdir, iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Yekunda isə iddiaçının iddia tələbi təmin edilməmişdir. Hazırda iddiaçı apelyasiya şikayəti verərək, satın aldığı ünvan 7 ünvanda yerləşən 0,02 ha qeyri-yaşayış sahəsinə dair onun adına çıxarışın verilməsini tələb edir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının adına çıxarış verilməsini tələb etdiyi qeyriyaşayış sahəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin istifadəsinə verilmiş müdafiə təyinatlı torpaq olması faktı işin mübahisəsiz halıdır. Sadalanan qanunvericilik normalarının da təhlilindən görünür ki, müdafiə təyinatlı torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanın qərarı ilə vətəndaşların istifadəsinə, icarəsinə verilməsinin mümkünlüyü göstərilsə də, mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Eyni zamanda kollegiya bildirir ki, iddiaçının mülkiyyəti hesab etdiyi torpaq sahəsinin təyinatının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəyişdirilməsi də işin hallarından müəyyən edilmir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2021 saylı iş üzrə qəbul etdiyi 08 iyul 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar