Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2752/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1621/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı şəhəri ərazi idarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 2290 kv.m olan 815 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçı arasında 07 fevral 1977-ci il tarixdə bağlanmış 12629 saylı müqaviləyə əsasən sonuncuya - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 815 saylı bağ torpaq sahəsi istifadəsinə verilmişdir. Həmin tarixdən də bağ onun istifadəsində yerləşir. O, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qevdiyyatına alınması, planölçüsünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh İdarəyə müraciət etmiş, lakin sonuncu ona ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda imtina edərək bilmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin arxiv cizgisi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Həmçinin göstərilən bağ sahəsi digər bağ sahəhərinin ərazisinə uyğundur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur. Belə ki, imtina məktubunda qeyd edilən bağ sahəsinin arxiv cizgisi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcud olması və digər bağ sahələrinin ərazisinə uyğun olması formal bir yanaşmadır. Belə ki, 1977-ci ildən onun qonşularla heç bir mübahisəsi olmamış və bu uyğunsuzluq yalnız naturada biruzə olunur və faktiki olaraq isə ayrı-ayrı bağlardır. Bütün bunlar reallıqda sözügedən bağ sahələrinin faktiki olaraq üst-üstə düşməsi anlamını vermir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin arxiv cizgisi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Həmçinin, göstərilən bağ sahəsi digər bağların ərazisinə uyğundur. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********39 nömrəli, xx.xx.2021-ci il tarixli, məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1621/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 2290 kvm. olan 815 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinə aid planölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin arxiv cizgisi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Həmçinin, göstərilən bağ sahəsi 814, 816 və 911 saylı bağların ərazisinə uyğundur. Bu səbəbdən ərizənin icrası mümkün deyildir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Nizamlı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi Nümayəndə isə onunla razılaşmamış, şikayəti əsassız hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 2290 kv.m olan 815 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarışın verilməsi barədə müraciəti cavabdeh tərəifndən imtina ilə qarşılanmış, həmin imtinadan narazı qalan iddiaçı məhkəməyə öhdəliyin icrası haqqında hazırkı iddia tələbi ilə müraciət etmiş və onun tələbi məhkəmə tərəfindən təmin olunmuşdur. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayətinin, iddiaçıya ünvanladığı imtina məktubu və iddia ərizəsinə etirazının üst-üstə düşən dəlillərində mübahisələndirir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin arxiv cizgisi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur, həmçinin, göstərilən bağ sahəsi 814, 816 və 911 saylı bağların ərazisinə uyğun gəlir, bu əsasla da bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının adına qeydə alınmasını mümkünsüz hesab edir. Birincisi, məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri formal xarakterli dəlillər kimi qimətləndirərək hesab edir ki, iddiaçı tərəfindən adıçəkilən (814, 816 və 911) bağ sahələrinin sərhədlərini naturada pozmadığı, habelə həmin bağ sahibləri ilə aralarında heç bir bir mübahisə mövcud olmadığı halda, onun müraciətinə imtina cavabı verilməsi əsassızdır. Ən azından, məhkəmə praktiksında, Ləhiş bağ massivində yerləşən bağların naturada yerləşmə yerlərinin sxematik xəritəyə uyğunsuzluq təşkil etməsi hallarına rast gəlinir və bu birinci hal deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş,“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin: 1.3-cü bəndinə əsasən DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq...; 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Göründüyü kimi, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqları aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh orqanın qeyd olunan Nizamnamə ilə üzərinə düşən öhdəliyidir. Bu baxımdan, konkret halda, iddiaçıya məxsus bağ sahəsinin sxematik xəritəyə münasibətdə uyğunsuzluğunu aradan qaldırmaq və həmin iddiaçının mülkiyyəti kimi rəsmiləşdirmək cavabdeh qeydiyyat orqaının vəzifəsidir. İkincisi, işə əlavə edilmiş cavabdeh idarə tərəfindən məhkəməyə ünvanlanmış **********72 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, adıçəkilən 814 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində mövcud deyildir. 911/837a saylı bağ sahəsi X2 və 911/837 saylı bağ sahəsinə X1 adına olan reyestrdən çıxarışlara əsasən onların xüsusi mülkiyyətində, 816 nömrəli bağ sahəsi icarə müqaviləsi əsasında X5, 911 nömrəli bağ sahəsi də həmçinin. icarə müqaviəlsi əsasında X3 istifadəsində olmaqla, onların iddiaçının istifadə etdiyi 815 saylı bağ saəhsinə aidiyyəti olmayan ayrı-ayrı bağ sahələridir. Üçüncüsü, iş üzrə X9 və Ekspertiza Mərkəzi MMC tərəfindən məhkəməyə ünvanlanmış 65 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə də müəyən olunmuşdur ki, iddiaçı ona ayrılmış sahəsi 0,25 ha olan 815 saylı bağ torpaq sahəsinin sərhədlərini digər bağ torpaq sahələrindən yerə mişar daşı düzərək naturada ayrılmış, torpaq sahəsinin 210 kv.metri qonşu torpaq istifadəçisinin mülkiyyətinə işlənməklə həmin qonşu tərəfindən daş hasara alındığından iddiaçının faktiki istifadəsində 2290 kv.metr torpaq sahəsi qalmış, həmin bağ sahəsinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir, sərhəd xətlərinin hər hansı torpaq sahəsi ilə üst-üstə düşmür, bağ sahəsinin yerləşmə mövqeyində hər hansı uyğunsuzluq yoxdur, yaşayış məntəqələrinin torpaqlarına aiddir. Beləliklə də qeyd olunanlarla sübuta yetirilir ki, iddiaçı, mübahisəli bağ massivində kimsənin (o cümlədən 814, 816, 911 saylı bağ sahiblərinin) hüqularını pozmur, naturada özünə ayrılmış torpaq sahəsindən istifadə edir. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, mübahisəli bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsaslar mövcuddur. Belə ki, qeyd edilənlərdən göründüyü kimi, bağ sahəsi, 07 fevral 1977-ci il tarixdə Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında bağlanmış “bağ sahəsinin uzunmuddətli icarəyə verilməsi barədə”12629 saylı müqaviləyə əsasən onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qeyd edilənlərdən də görünür ki, iddiaçı ilə səlahiyyətli dövlət orqanı arasında mübahisəli bağ sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisəli bağ sahəsinin iddiaçının adına qeydiyyata alınıb ona çıxarış verilməsindən imtina olunması qanunsuz və əsassız olmuş, qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1621/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1621/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2752/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2752/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver