Məhkəmə qərarları › İş №2-1(103)-2752/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2752/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2752/2025 07.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X3rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X6 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3572/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Rusiya Federasiyası R.Qamzatov adına X5 Universiteti tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli, 22879 nömrəli bakalavriat diplomunun tanınması üçün cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə etdiyi müraciət, ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması əsası ilə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərarla təmin edilməmişdir. İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00032182 saylı 09 sentyabr 2024-cü il tarixli Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərarının ləğv edilərək, iddiaçının 2019-2023-cü illərdə Rusiya Federasiyası R.Qamzatov adına X5 Universitetində idarəetmə və hüquq istiqaməti üzrə aldığı bakalavr kvalifikasiyasının tanınması və bununla bağlı ona müvafiq şəhadətnamənin verilməsi vəzifəsinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-2023-cü illərdə Rusiya Federasiyası R.Qamzatov adına X5 Universitetinin idarəetmə və hüquq fakültəsində qiyabi təhsil alaraq, 2023-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir. Bununla bağlı ona həmin universitet tərəfindən 18 dekabr 2023-cü il tarixli 22879 saylı diplom və hüquq və hüquqmühafizə fəaliyyəti istiqaməti üzrə bakalavr kvalifikasiyası verilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edərək xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasını və müvafiq şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00032182 saylı 09 sentyabr 2024-cü il tarixli Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə Qərarı ilə 2019-2023-cü illərdə Rusiya Federasiyası R.Qamzatov adına X5 Universitetinin idarəetmə və hüquq fakültəsində qiyabi aldığı ali təhsilin tanınmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmadığı müəyyən edilmişdir. Qərar həmçinin onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Hesab edir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00032182 saylı 09 sentyabr 2024-cü il tarixli Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə Qərarı qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsinə qoşmada təqdim etdiyi 18 dekabr 2023-cü il tarixli 22879 saylı diplomdan görünür ki, iddiaçı Rusiya Federasiyası R.Qamzatov adına X5 Universitetinin idarəetmə və hüquq fakültəsini bitirib bakalavr kvalifikasiyası əldə etmişdir. İddia ərizəsinə qoşmada məhkəməyə təqdim etdiyi Rusiya Federasiyası R.Qamzatov adına X5 Universitetindən verilmiş xx.xx.2024-cü il tarixli, 09-04-70 nömrəli Arayışdan görünür ki, iddiaçı həqiqətən 2019-2023-cü illərdə həmin universitetin idarəetmə və hüquq fakültəsində qiyabi təhsil almış, ona hüquq və hüquqmühafizə fəaliyyəti istiqaməti üzrə bakalavr kvalifikasiyası və 100518 ******* seriyası üzrə 18 dekabr 2023-cü il tarixli 22879 saylı diplom verilmişdir. Ali təhsil aldığı universitetin xaricdə aldığı ali təhsilə dair verdiyi qeyd edilən mötəbər sənədlərlə təsdiq olunur ki, iddiaçı həmin universitetdə təhsil aldığı dövrdə bakalavr kvalifıkasiyası üzrə tam təhsil kursunu müvəffəqiyyətlə bitirmiş və bununla bağlı təhsil aldığı universitetin ona qarşı hər hansı iradı olmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2019/2020-ci tədris ili üzrə -17 gün (İ semestr), 2020/2021 -cı tədris ili üzrə - getməyib, 2021/2022-cl tədris ili üzrə - getməyib, 2022/2023-cü tədris ili üzrə -12 gün, 2023/2024-cü tədris ili üzrə -1 gün (xx.xx.2023-cü ilə qədər). İnzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)- 959/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2377/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarlar v.s.) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyaları tanınması Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun olaraq həyata keçirilir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Sözügedən Qaydaların 4.1.4-cü bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsil alma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərar; ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulmuşdur ki, bu da həmin dövrdə tələbənin hər İİ üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Oxşar hallarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1 (102)-1776/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 29-cu bəndində qeyd edilmişdir ki, "ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır". Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-3572/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumvətəndaş pasportunda Dövlət Sərhəd Xidmətinin giriş-çıxışla bağlı bütün möhürləri vardır. O universitetin bütün imtahanlarında iştirak etmiş, təhsilin normativ müddətinin hamısında orada olmuşdur. Təhsil aldığı illər pandemiya “Covid-19” dövrlərinə düşmüşdür və ondan sonra bütün dünyada karantin rejimi başlamışdır. Pandemiyanın sürətlə yayılan, karantin rejimi başlayan və quru sərhədlərin bağlı olduğu vaxtlarda da onun Dövlət Sərhəd Xidmətindən təhsil aldığı ölkənin ərasizinə giriş-çıxışı olmuşdur. Lakin, təhsil aldığı vaxtlar pandemiyaya dövrünə düşdüyündən universitet belə qərara gəlmişdir ki, dərslər onlayn keçirilsin. Ona görə də qeyd olunan müddət ərzində orda qalmaq mümkün deyildir. Məcbur olub dərslər və imtahanlar onlayn qaydada keçirilmişdir. Rusiya Federasiyası R.Qamzatov adına X5 Universitetindən verilmiş xx.xx.2024-cü il tarixli, 09-04-70 nömrəli Arayışdan görünür ki, həqiqətən 2019-2023-cü illərdə hüquqmühafizə fəaliyyəti istiqaməti üzrə bakalavr kvalifikasiyası və 100518 ******* seriyası üzrə 18 dekabr 2023-cü il tarixli, 222879 saylı diplom verilmişdir. Ali təhsil aldığı universitetin xaricdə aldığı ali təhsilə dair verdiyi qeyd edilən mötəbər sənədlərdən təsdiq olunur ki, həmin universitetdə təhsil aldığı dövrdə bakalavr kvalifikasiyası üzrə tam təhsil kursunu müvəffəqiyyətlə bitirmiş və bununla bağlı təhsil aldığı universitetin ona qarşı hər hansı iradı olmamışdır. Bundan başqa Rusiya Federasiyası R.Qamzatov adına X5 Universitetindən əldə etdiyi xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli əmrlərdən görsənir ki, xarici vətəndaşların distant təhsil almaqları qərara alınmışdır. Rusiya Federasiyası R.Qamzatov adına X5 Universitetinin rektorunun daxili əmri ilə Azərbaycan Respublikasından olan tələbələrə imtahan sessiyasında iştirak etmələri şərti ilə sessiyanın qısaldılmış variantda keçirilməsinə icazə verilmişdir. Konkret olaraq İddiaçı haqqında bildirilir ki, o, təhsil zamanı yuxarıda qeyd olunmuş fürsətdən istifadə etmişdir və 2019-cu il tarixdən 2023-cü il tarixə kimi qiyabi təhsil almışdır. Tam kursu bitirdiyinə görə ona Dövlət İmtahan Komissiyasının xx.xx.2023-cü il tarixli, 22879 saylı qərarı ilə hüquq və hüquqmühafizə fəaliyyəti istiqaməti üzrə bakalavr kvalifikasiyası və 100518 ******* serialı bakalavr diplomu verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsindən görünür ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Rusiya Federasiyası R.Qamzatov adına X5 Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 100518 ******* seriyalı, 22879 qeydiyyat nömrəli diplomdan və ona əlavəsindən müəyyən olunur ki, İddiaçı “qiyabi” formasında 4 il təhsil almaqla “Hüquq və hüquqmühafizə fəaliyyəti” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Tətbiq edilən hüquq: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27. Təhsil haqqında dövlət sənədi ... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri ... 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ ... 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. ... “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanı: 2.1-ci bəndində əsasən, Qanunun 44.2-ci maddəsinin birinci cümləsində (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya: 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; 1.5.7. qismən tanınma – xarici dövlətin ali təhsil müəssisəsində təhsil alan şəxsin natamam ali təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirə bilməsi üçün həyata keçirilən akademik tanınma növü; ... 1.5.13. şərti tanınma – ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilinə) və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçiyə ixtisasına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə mövcud əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verən akademik tanınma növü. ... 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 8.1. Tanınmanın nəticələrindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 2019-2023-cü il müddətində Rusiya Federasiyası R.Qamzatov adına X5 Universitetində “Hüquq və hüquqmühafizə fəaliyyəti” ixtisası üzrə “qiyabi” formada təhsil almış və ona xx.xx.2023-cü il tarixli, 100518 ******* seriyalı, 22879 qeydiyyat nömrəli bakalavr diplomu verilmişdir. Hazırkı iddia ilə bağlı cavabdehin etirazının dəlili iddiaçının tədris aldığı ali təhsil müəssisəsinə qanunvericiliklə tələb edilən müddətdən az getmiş olmasıdır. Bu baxımdan məhkəmə tərəfindən araşdırılmalı olan məsələ iddiaçının hansı müddət ərzində dərslərdə iştirak etmiş olması və qanunvericiliyin tələbinin nə olmasından ibarətdir. İlk öncə qanunvericiliyin tələbinə baxsaq, məlum olur ki, istər iddiaçının təhsil aldığı müddətdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na əsasən, istərsə də, iddiaçının cavabdehə müraciət etdiyi vaxtdan bəri qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən şəxsin təhsil müddəti Azərbaycan Respublikasında nəzərdə tutulan təhsilin dövlət standartlarına uyğun olmalıdır. Belə ki, qüvvədən düşmüş qaydalara əsasən xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda bu mənfi rəy verilməsi üçün əsas sayılır. Eləcə də qüvvədə olan qanunvericiliyə əsasən bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) nəzərdə tutulur ki, Azərbaycan Respublikasında təhsilin normativ müddəti qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat və magistratura təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkədə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçı 2019/2020-ci tədris ili üzrə - 17 gün, 2020/2021-ci tədris ili üzrə getməyib, 2021/2022-ci tədris ili üzrə - getməyib, 2022/2023-cü tədris ili üzrə - 13 gün Rusiya Federasiyası ərazisində olmuşdur. İddiaçının 2019/2020-ci tədris ili üzrə İİ semestr, 2020/2021 və 2021/2022-ci tədris illəri pandemiya dövrü kimi cavabdeh tərəfindən nəzərə alınmışdır. Bununla belə, 2022/2023-cü tədris ili üzrə qanunvericiliyin tələbi ödənilməmişdir. Yuxarıda göstərilən müddətlərin qanunvericiliklə tələb edilən müddətlərin yarısından da az olması onu deməyə əsas verir ki, iddiaçının faktiki olaraq xarici ölkədə olduğu qısa müddət ərzində bakalavr pilləsi üzrə proqramın mənimsənilməsi qeyri-mümkündür. Bu müddət həm də Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin dövlət standartlarına uyğun olmadığı nəticəsini yaradır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, 2022/2023-cü tədris ili üzrə pandemiya ilə əlaqədar xarici ölkəyə çıxmaq imkanının mövcud olması mübahisəli deyil. Belə ki, həmin tədris ilində iddiaçının özü də 13 gün təhsil aldığı ölkədə olmuşdur. Həmin kursda dərslərin distant formada (onlayn) keçirilməsi ilə bağlı iddiaçının dəlilləri də əsassızdır. Çünki, əvvəla həmin tədris ilində dərslərin distant keçirilməsi ilə bağlı universitetin hər hansı əmri iddiaçı tərəfindən təqdim edilməmiş, belə bir əmrin mövcudluğuna istinad edilməmişdir. İkincisi, belə bir əmr olsa belə “qiyabi” və “distant (məsafədən)” fərqli təhsilalma formalarıdır. Pandemiya kimi xüsusi hallar istisna olmaqla qiyabi təhsil distant keçirilə bilməz. Üçüncü isə, həmin tədris ilində həmin universitetdə təhsil almış digər tələbələrin qanunvericiliklə tələb edilən müddətlərdə həmin ölkədə olmasına dair məlumatlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir ki, bunlar həmin tələbələrin birmənalı olaraq universitetin auditoriya dərslərində əyani olaraq iştirakını təsdiq etməsə də, hamısının məhz başqa səbəblərdən həmin ölkədə olması ehtimalının azlığı nəzərə aldıqda, ağlabatan mühakimə əsasında həmin tələbələrin universitetin auditoriya dərslərində iştirak etməsi ilə əlaqədar həmin ölkəyə getməsi nəticəsinə gəlmək mümkündür. Bu da onu göstərir ki, həmin kursda tədris qiyabi təhsilalma formasında distant keçirilməmişdir. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3572/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3572/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar