Məhkəmə qərarları › İş №2-1(103)-2753/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2753/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2753/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın xx.xx.2020-ci il tarixdən təyin olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1974/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqlarının bərpa edilməsi və ona ödəniləcək pul məbləğinin təmin edilməsi üçün ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkilinin) ərizəsi əsasında iddia tələbi ailə başçısının itirilməsinə görə əmək pensiyasının iddiaçının mərhum oğlu X1 vəfat etdiyi xx.xx.2020-ci il tarixdən təyin edilməsi kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-1974/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən təyin edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən əmək pensiyasının bir növünün digəri ilə əvəz edilməsi sənədlərin təqdim edildiyi gündən, başqa sözlə müraciətin edildiyi vaxtdan aparılır. Məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən, 34-cü maddənin yeni redaksiyası ona aid edilməməlidir. Halbuki hər iki redaksiyada maddəni müqayisə etdikdə görürük ki, əvvəlki redaksiyada da əmək pensiyasının bir növünün digəri ilə əvəz edilməsi müraciətin qeydə alındığı gündən aparılır. Bu, iddianın təmin edilməməsi üçün ilk səbəbdir. İkinci bir səbəb isə “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzusu ilə yalnız bir pensiya təyin edilir. İddiaçı xx.xx.2009-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyası almışdır. İddiaçı ailə başçısını xx.xx.2020-ci il tarixdə itirdiyindən iddiaçıya görə həmin tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilər. 5.1ci maddədə də qeyd edildiyi kimi iddiaçı yalnız bir pensiya növünü seçə bilər. Cavabdeh orqan bu maddənin tələbinə uyğun olaraq iddiaçıya onun müraciətinədək öz arzusuna uyğun olaraq bir pensiya növü, yəni yaşa görə əmək pensiyası təyin etmiş, müraciətindən sonra isə həmin pensiya ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilmişdir. Məhkəmə iddianı təmin edərək Qanunun 5.1-ci maddəsinin tələbini pozmuş, iddiaçının yaşa görə əmək pensiyası aldığı müddət zamanı ailə başçısını itirməyə görə əmək pensiyasına hüququnun yarandığını əsas gətirərək həmin tarixdən sonuncu pensiyanın da təyin edilməsi öhdəliyini qanunsuz şəkildə cavabdeh orqana həvalə etmişdir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 1293/2023 nömrəli qərarı ilə apellyasiya instansiyasının qəbul etdiyi qərar ləğv edilmiş və işə yenidən baxılması üçün həmin instansiyaya göndərilmişdir. Göstərilənlərə əsasən qərarın ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş AZ-İİ seriyalı 086076 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizənizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən sizə yaşa görə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.4cü yarımbəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılır. xx.xx.2022-ci il tarixli müraciətiniz əsasında oğlunuz X1 ölümü ilə əlaqədar xx.xx.2022-ci il tarixindən əmək pensiyanızın növü dəyişdirilərək 995,22 manat məbləğində olmaqla ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmişdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, əmək pensiyanızın növ dəyişməsinin ərizənizdə qeyd etdiyiniz xx.xx.2020-ci il tarixindən həyata keçirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. (34-cü maddənin xx.xx.2022-ci ilədək olan redaksiyası - Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 6.1. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34-cü maddəsinə uyğun olaraq aparılır. 6.2. Pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»: 6.4. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2009-cu ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının oğlu X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə uyğun olaraq onun yaşa görə əmək pensiyası xx.xx.2022-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir, əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır və bu hüquq əmək pensiyaçısının müvafiq ərizə verməsi ilə həyata keçirilir. Göründüyü kimi, qanunvericilik müxtəlif pensiya hüququ olan şəxslərə hansı pensiyanın təyin edilməsini və əmək pensiyasının bir növündən başqa növünə keçməyi əmək pensiyaçısının müraciəti ilə əlaqələndirir. Yəni hansı pensiyanın ona təyin edilməsini və hansı pensiya növünə keçməyi əmək pensiyaçısı özü öz istəyi ilə seçir və bu, onun müraciət ilə reallaşır. Hazırki halda iddiaçı xx.xx.2009-cu ildən yaşa görə əmək pensiyası alır, iddiaçının oğlu xx.xx.2020-ci il tarixdə vəfat etsə də, iddiaçı xx.xx.2022-ci ildə cavabdehə müraciət edərək onun pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilməsini xahiş etmişdir, yəni iddiaçı ailə başçısını itirməyə görə pensiyaya keçməyi xx.xx.2022-ci ildə istəmişdir və onun müraciətinə uyğun olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci ildən əmək pensiyasının növü dəyişdirilərək iddiaçının yaşa görə əmək pensiyası ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2020-ci ildə həm yaşa görə, həm də ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olsa da, yaşa görə əmək pensiyasına üstünlük vermiş, xx.xx.2022-ci ildə isə seçimini edərək ailə başçısını itirməyə görə əmək pensiyasına keçmişdir. İddiaçı qanunun yalnız bir pensiya növünü seçə bilmək tələbinə əsasən xx.xx.2022-ci ilədək öz arzusuna uyğun olaraq yaşa görə əmək pensiyası almış, müraciətindən sonra isə qeyd olunan tarixdən həmin pensiya ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, əmək pensiyasının ilkin təyin edilməsindən fərqli olaraq, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ - pensiya hüququnun yarandığı tarixlə deyil, bu barədə əmək pensiyaçısının müraciət etdiyi tarixlə əlaqələndirilmişdir. Yəni əmək pensiyasının bir növünü alan əmək pensiyaçısı istədiyi vaxt əmək pensiyasının bir növündən başqa növünə keçirilmə üçün müraciət edə bilər, bu seçim hüququ əmək pensiyaçısına məxsusdur və o, bu seçimini müvafiq ərizə verməklə həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı tarixdən deyil, iddiaçının bu barədə ərizə ilə müraciət etdiyi tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilməli və həmin tarixdən ödənilməlidir. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1974/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar