Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2754/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabit oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehna qarşı “sürücülük vəsiqəsinin alınması üçün tibbi arayışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2829/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Cavabdehna qarşı məhkəməyə müraciət edərək sürücülük vəsiqəsinin alınması üçün tələb olunan tibbi arayışla bağlı müraciətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən psixi-ruhi vəziyyəti ilə bağlı tərtib edilən xx.xx.2021ci il tarixli əsassız akt ləğv edilməsi, sürücülük vəsiqəsinin alınması üçün tələb olunan tibbi arayışın verilməsi öhdəliyinin əsaslı, qanuni şəkildə icrası vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulması, tibbi arayış üçün tələb olunan psixi-ruhi vəziyyətinin obyektiv və əsaslı dəyərləndirməsi üçün bu sahədə dəyərləndirilməni həyata keçirə biləcək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində müvafiq qiymətləndirmə prosesinin təşkili vəzifəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı nəqliyyat vasitəsini idarə etmək hüququnu əldə etmək üçün sürücülük vəsiqəsi əldə etmək istəmişdir. Sürücülük vəsiqəsinin alınması üçün tələb olunan sənədlərdən biri də tibbi arayışdır. 20 sentyabr 2021-ci il tarixində tibbi arayışın alınması üçün qeydiyyatda olduğu Cavabdehna yaxınlaşdı və müxtəlif şöbələrdə yoxlamalardan keçdi. Psixi-ruhi vəziyyətinin yoxlanması üçün isə göndəriş əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə yaxınlaşdı. Psixi Sağlamlıq Mərkəzində onun psixiruhi vəziyyəti köhnə datalar əsasında qiymətləndirilmiş və əsassız olaraq ona "Üzvi şəxsiyyət pozuntusu F07" diaqnozu qoyulmuşdur. İddiaçı bildirir ki, 22 yanvar 2003-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal İdarəsinin hərbi həkim komissiyası tərəfindən "Xəstəliklər Cədvəli"-nin 17 B maddə 3-cü qrafası və ƏN-yə əsasən "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” statusu qeyd edilmişdir. 25 noyabr 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal İdarəsinin hərbi həkim kommisiyası tərəfindən təkrar yoxlama zamanı "Xəstəliklər cədvəlinin 1-ci qrafası, maddə 146-cı maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 59 nömrəli qərarına əsasən "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" statusu təkrarən əsaslı yoxlama keçirilmədən qeyd edilmişdir. Bu statusun iki dəfə verilməsi səbəbi kimi əsas "Üzvi şəxsiyyət pozuntusu F07” diaqnozu göstərilmişdir, hansı ki, artıq 2013-cü ildə mən psixi durumu ilə bağlı müalicə almış və sağalmışdır. 22 sentyabr 2021-ci il tarixində sürücülük vəsiqəsi ilə bağlı yoxlamanın psixi situasiyanın yoxlanması üçün Cavabdeh tərəfindən verilən göndərişlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə yaxınlaşdı və onun psixi situasiyası Fuad İsmayılov tərəfindən köhnə datalar əsasında qiymətləndirilərək, yoxlama olmadan "Üzvi şəxsiyyət pozuntusu F07” kimi qeyd edilmişdir və bu diaqnoz Azərbaycan Respublikasının tibbi qanunvericilik aktlarına və normativ göstərişlərinə əsasən sürücülüyə əks göstəriş kimi qiymətləndirildiyindən onun sağlam psixi-ruhi vəziyyətinin olmasına baxmayaraq, həkimlərin öz peşə vəzifələrini doğru icra etməməsi səbəbindən sürücülük vəsiqəsi ala bilmir. Qeyd edir ki, köhnə datalara əsaslanaraq 2 nömrəli X1 tərəfindən də psixi durumu ilə bağlı dəyərləndirmə edilmiş və bu əsassız dəyərləndirməyə görə 11 oktyabr 2021-ci ildə tərtib edilmiş sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal İdarəsinin hərbi həkim kommisiyası tərəfindən yenidən eyni diaqnoz əsasında "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” statusu hərbi biletinə qeyd edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə cavabdeh qismində Cavabdeh nəzərə alınmaqla iddia tələbi sürücülük vəsiqəsinin alınması üçün tibbi arayışın verilməsi kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2829/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cu maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2829/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxs tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, X2 Dispanserinin arxiv sənədlərinə əsasən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı 1991-ci il tarixdən dispanser müşahidəsindədir. Ətraflı məlümat üçün Yasamal rayon Cavabdehna müraciət etməyi tövsiyə olunmuşdur. xx.xx.2021-ci il tarixdə Cavabdeh göndərişinə əsasən sürücülük vəsiqəsi almaq üçün PSM-nə müayinə üçün müraciət edib. Həkim-psixiatr tərəfindən müayinə olunub. - cavabdehin məhkəmənin sorğusuna cavabde olaraq ünvanladığı məktubda qeyd edilmişdir ki, 1976-cı il təvəllüdlü İddiaçı 1991-ci ildən "Orta dərəcəli nevrastenia, rezidual orqanik şəxsiyyətdə” diaqnozu ilə Ruhi-Əsəb Dispanserinin müşahidəsindədir. 2013 və 2018-ci illərdə “Baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, psixotiv daxilolmalarla" diaqnozları ilə 2 saylı Psixiatriya Xəstəxanasında müalicə almışdır. İddiaçı 2021- 2022-ci illərdə 3 nömrəli şəhər poliklinikasına sürücülük komissiyasından keçməsi üçün müraciət etmişdir. Ona sağlamlıq durumunun qiymətləndirilməsi məqsədilə Psixi Sağlamlıq Mərkəzinə göndəriş verilmişdir. xx.xx.2022-ci ildə Psixi Sağlamlıq Mərkəzində xəstəyə baxış keçirilmiş, ona “Üzvi şəxsiyyər pozuntusu F07.0 Sürücülüyə əks göstəriş var” rəyi verilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və ya fiziki pozuntuların dəqiq siyahısı hazırda Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş olmasa da, psixi sağlamlıq durumuna əsasən şəxsin sürücülüyə əks göstəriş olduğunu müəyyən etməsi qurumun qiymətləndirmə azadlığı çərçivəsindədir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli № 41 Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 3.10.3-cü bəndinə əsasən sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayış təqdim etməlidir. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmiş 4 avqust 2012-ci il tarixli № Q16-001-12 Qərarın 2.23cü bəndinə əsasən Şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlılığı, habelə nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və ya fiziki pozuntuların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunur. İmtahanları qəbul edən QİM-in müfəttişi imtahana buraxılmış şəxsin sağlamlığı aşkar əlamətlərlə şübhə doğurduğu hallarda onu təkrar tibbi müayinəyə göndərilir. Hazırkı işin hallarından müəyyən edilir ki, X2 Dispanerinin arxiv sənədlərinə əsasən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı 1991-ci il tarixdən dispanser maşahidəsindədir. İddiaçı Cavabdeh göndərişinə əsasən sürücülük vəsiqəsi almaq üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinə müraciət edib, həkim-psixiatr tərəfindən müayinə olunub. Üzvi şəxsiyyət pozuntusu (F07.0) diaqnozu qoyulmaqla sürücülüyə əks göstəriş olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia cavabdeh qurumun maddi hüquq normasının tətbiqi şərtlərinin həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunması ilə bağlıdır. Odur ki, məhkəmə imtinanın açıq-aşkar qanunsuz olduğu və iddiaçının vəziyyətinə uyğun olmayan xəstəliklə bağlı olduğu qənəatinə gəlmir. Belə ki, iddiaçının 1991-ci il tarixdən dispanser maşahidəsində olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası İPM-nin 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2829/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2829/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2754/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2754/2023
01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver