Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2755/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3292/2023 saylı 02 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-nın xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 67069,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 68040 manat məbləğində siyahıya alınmış əmlakın satılmasını tələb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə yaranan 67.069,01 manat borcuna görə 68040 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2021-ci tarixli **********9 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 67.069,01 manat ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3292/2023 saylı 02 may 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə binanın Cavabdeh MTK-ya aidliyini bildiyi halda, MTK tərəfindən tikilmiş binanın zirzəmisinin ona məxsus olduğunun müəyyən olmadığını əsas götürmüşdür. Halbuki qeyd olunun bina Cavabdeh MTK tərəfindən tikildiyindən binanın zirzəmisindəki qarajın ona məxsusluğu işin mübahisələndirilməyən halıdır. Bundan əlavə məhkəmə qərardadında siyahıya alınmış əmlak olan zirzəmidəki maşın qarajlarını eyniləşdirməyə imkan verən hər hansı məlumatın (cizgilər, qaraj nömrələri və s.) müəyyən edilmədiyini qeyd edir. “Əmlakın siyahıya alınması haqqında” protokola diqqət yetirdikdə görmək olur ki, həmin protokol Vergi Məcəlləsində nəzərdə tutulmuş formada tərtib olunmuş, binanın zirzəmisində yerləşən 108 kv.m. sahəni əhatə edən qarajlar siyahıya alınmışdır. Lakin məhkəmə bu iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bakı İnzibati Məhkəməsi iddiaya mahiyyəti üzrə baxdığı halda, yəni siyahıya alınmış əmlakın məxsusluğu məsələsinə toxunduğu halda iddianı mümkün saymamış, beləliklə də, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Tərəflərin izahatları xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «köçüb» səbəbindən geri qaytarıldığı üçün Cavabdeh MTK məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdən görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı tələbi “siyahıya alınmış əmlakın satılması” barədədir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını mümkün saymamışdır. Belə ki, məhkəmə bu qənaətə gələrkən ona istinad etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında siyahıya alınmış əmlak olan zirzəmidəki maşın qarajlarını eyniləşdirməyə imkan verən hər hansı məlumat (cizgilər, qaraj nömrələri və s.), eləcə də həmin qarajların cavabdehə məxsusluğu müəyyən edilmir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi (hansı əmlaka yönəldiyi müəyyən edilmədiyindən) aydın olmadığı üçün məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi məqsədilə iddiaçıya ağlabatan vaxt verilmiş, lakin iddia tələbi dəqiqləşdirilməmişdir. İşin apellyasiya baxışı zamanı da iddiaçı açıq hərracdan satılmasını tələb etdiyi siyahıya alınmış əmlakın məhz cavabdehə məxsus olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1, 23.1.6 və 23.1.15-1-cı maddələrinə uyğun olaraq müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı vergi orqanının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün siyahıya alınıb satılmasını tələb etdiyi əmlakın məhz vergi ödəyicisinə məxsus olması əsas şərtdir. Lakin hazırki işdə iddiaçının açıq hərracdan satılmasını tələb etdiyi əmlakın cavabdehin büdcəyə yaranmış vergi borcunun ödənilməsi məqsədilə məhz ona məxsus olan siyahıya alınmış əmlak olması iş materiallarından müəyyən olunmur. O ki qaldı iddiaçının apellyasiya şikayətində göstərdiyi “qeyd olunun bina Cavabdeh MTK tərəfindən tikildiyindən binanın zirzəmisindəki qarajın da ona məxsus olması” barədə dəlilinə, bu barədə qeyd olunmalıdır ki, sözügedən binanın Cavabdeh MTK tərəfindən tikilməsi faktı həmin binanın zirzəmisindəki qarajın da məhz MTK-ya məxsus olması demək deyil. Nəzərə alınmalıdır ki, “əmlakın məxsusluğu” müvafiq hüquqmüəyyənedən sənədlər əsasında görünməlidir. Hazırki vəziyyətdə siyahıya alınmış əmlakın vergi ödəyicisinə məxsusluğu ilə bağlı hər hansı sənəd iş materiallarında mövcud olmadığından satılması tələb olunan əmlakın da məhz cavabdehə məxsus olması barədə birmənalı qənaətə gəlmək mümkün deyil. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Belə olan halda məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3292/2023 saylı 02 may 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3292/2023 saylı 02 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2755/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2755/2023
29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver