Məhkəmə qərarları › İş №2-1(103)-2755/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2755/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2755/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8947/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «… X4 X6 1 nömrəli Poliklinika Şöbəsi tərəfindən **********01 nömrəli müayinə vərəqəsi tərtib edilmiş və həmin vərəqə əsasında 2709003AADT7 nömrəli göndəriş tərtib edilərək 11 aprel 2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmişdir. Bunun əsasında iddiaçı müayinədən keçmişdir. Müayinənin nəticəsində 12 aprel 2022-ci il tarixdə əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İmtina aktında göstərilmişdir ki, göndəriş natamam doldurulmuşdur, əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək üçün xəstəyə ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir. Əlavə müalicəyə ehtiyacın olmaması əlilliyin təyinatından imtina üçün əsas ola bilərdi, çünki əlillik məhz sağlamlıq imkanlarının məhdudlaşdırılmasını ifadə edən termindir ki, bu reabilitasiya vasitəsilə aradan qaldırıla bilər. Beləliklə, cavabdehin əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək məqsədilə xəstənin ixtisaslı tibb müəssisəsində ətraflı əlavə müalicəyə ehtiyacının olması barədə qərar qəbul edərək əlillik təyinatından imtinası tamamilə qanunsuz və əsassızdır...” İddia ərizəsinə etirarazında cavabdeh iddianın, şəxsi mülahizələri ilə əsaslanan əsassız iddia olduğunu qeyd edərək məhkəmədən rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir” olmuşdur. Odur ki, iddiaçının ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçdikdən sonra əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8947/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçının xx.xx.2016-cı il tarixdə olan 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş göndərişi ilə sonuncu göndərişi arasında və sonuncu göndərişində olan diaqnozlar və müayinələr arasında uyğunsuzluqlar müəyyən olunmuşdur. Bundan əlavə iddiaçının Forma 88 arayışında mütəxəssis həkimlərin (nevropotoloq, kardioloq, terapevt, ümumi cərrəh) rəyi səthi və yetərsiz qeyd edilmişdir. Bu səbəbdən də düzgün olaraq, iddiaçıya sonuncu göndəriş ilə müraciəti əsasında imtina verilmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Bakı şəhəri 2-1(103)-1726/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 702/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ləğv edilmiş və iş təkrar baxılması üçün qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki xx.xx.2024-cü il tarixdə keçirilən iclasında iştirak edən iddiaçı onun xəstəliyinin indi də ağır şəkildə davam etdiyin və ağır beyin əmliyytı da keçirdiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materialarına əsasən iddiaçının əlillik vəziyyəti ilə bağlı aşağıdakılar müəyyən olunur: Bakı 18 nömrəli Şəhər Poliklinikasının 17 oktyabr 2015-ci il tarixli göndərişi əsasında “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası ll-lll fs.İnfarktdan sonrakı kardioskleroz.Sağ yarımkürədə beyin infarktından s\v.Beyinin xr. işemiyası.Hipertoniya xəstəliyi İİ mər.ÜQDÇ-ğı. İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncüdördüncü funksional sinif)” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra, elektron təyinatla 19 oktyabr 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası lllll fs. İnfarktdan sonrakı kardioskleroz. Sağ yarımkürədə beyin infarktından s\v. Beyinin xr. işemiyası. Hipertoniya xəstəliyi İİ mər. ÜQDÇ-ğı. İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncü – dördüncü funksional sinif)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İş materialları ilə müəyyən olunan faktiki hallardan göründüyü kimi, 2015-ci ildə «…Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası ll-lll fs.İnfarktdan sonrakı kardioskleroz.Sağ yarımkürədə beyin infarktından s\v.Beyinin xr. işemiyası.Hipertoniya xəstəliyi İİ mər.ÜQDÇ-ğı. İİ dər» diaqnozu ilə 2-ci dərəcə əlllik təyin edilmiş, növvbti ildə də ona eyni diaqnozla ona daha 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Həmin müddət bitdikdən sonra isə Poliklinikanın növbəti göndərişi üzrə iddiçının «Beyin infarktının nəticələri, Keçirilmiş insultun davamlı qalıq əlamətləri Ağırlaşma F06.5 Üzvi dissosiativ pozğunluq, ağırlaşmaları isə » G11.2 Gecikmiş beyincik ataksiyası, Koordinator statik pozuntu. Ağırlaşma F06.7 Yüngül koqnitiv pozğunluq, G81.1 Spastik hemiplegiya, Sol tərəfli hemiparez» - diaqnozu xəstəliyinin TSEK tərəfindən müayinə olunaraq xx.xx.2022-ci il tarixli qərarı əsasında ona əlillik təyinatından imtina olunmuş və bunun səbəbi olaraq göndəriş natamam doldurulması göstərilərək, ona ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhət görülmüşdür. İşə əlavə olunmuş həmin aktda həmin aktı mübahisələndirmək üçün iddiaçıya hüquqi müdafiə vasitələri izah olunmamış və həmin aktın iddiaçıya nə vaxt çatdırıldığı də müəyyən olunmur. İşdən görünən isə odur ki, hər bir haldə iddiaçı tərəfindən növbəti ayda, yənixx.xx.2022-ci il tarixdə hazırkı iddia ilə cavabdehə qarşı hazırkı məcburetmə haqqında iddianı qaldıraraq imtina aktını mübahisələndirmişdir. İPM-in 38.2-ci və İnzibati icraat haqqında” Qanunun 73.2-ci madəsinin tələbləri baxımından iddia mümkün iddiadır. İş materiallarından görünür ki, sonuncu göndərişdə təsbit olunan diaqnoz və ağırlaşmalarını iddiaçıya əlillik təyin edilməsi üçün əsas verib-vermədiyini müəyyənləşdirmək üçün birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X3”nə məhkəmə tibbi ekspertizası təyin edilmiş və həmin Birli ekspertləri tərəfindən xx.xx.2023-cü il tarixdə 397/2023 saylı ekspert tərtib ounmuşdur. İşə əlavə olunmuş həmin rəydən görünür ki, ekspertlər iddiaçının məhkəmə-tibbi müayinəsinə, onun adına tərtib edilmiş sənədlərə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə aşağıdakı nəticəyə gəlmişdir: «1-4 … xx.xx.2022-ci il tarixli 2709003AADT7 nömrəli göndəriş tam doldurulmuş və qeyd edilmiş “Əsas diaqnoz: İ69.3-Beyin infarktının nəticələri, Keçirilmiş insultun qalıq əlamətləri. Ağırlaşma: F06.5- Üzvi dissosiativ pozğunluq . G11.2- Gecikmiş beyincik ataksiyası.Kordinator statik pozuntu. F06.5- Yüngül koqnutiv pozğunluq. G81.1- Spastik hemiplegiya, Sol tərəfli hemiparez” diaqnoz xəstənin anamnestik, kliniki,laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyinin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş və buna görə də əmək qabliyyəti itirilməmiş hesab edilmişdir. İddiaçı xəstəlikləri tam reabilitasiya olunmurlar, lakin kəskinləşərkən müvafiq ixtisas sahəsi üzrə həkimdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator, ya da stasionar müalicəyə cəlb oluna bilərlər…» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2022-ci il iyulun 1-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2–ci bəndinin mübahisəli göndəriş verilərkən (xx.xx.2023-cü il tarixədək) qüvvədə olmuş redaksiyası nəzərədə tuturdu ki, “irsi ataksiya”–G11; “üzvi dissosiativ pozuntu -F06.5” ikinci tərəcə (65-80%) əlillik təyin edilməsi üçün əsasdır Ekspert tədqiqatının nəticələrindən də göründüyü kimi, sonuncu göndərişdə təsbit olunan “Əsas diaqnoz: İ69.3-Beyin infarktının nəticələri, Keçirilmiş insultun qalıq əlamətləri. Ağırlaşma: F06.5- Üzvi dissosiativ pozğunluq . G11.2- Gecikmiş beyincik ataksiyası.Kordinator statik pozuntu. F06.5- Yüngül koqnutiv pozğunluq. G81.1- Spastik hemiplegiya, Sol tərəfli hemiparez” diaqnoz öz təsdiqini tapmış, həm də müəyyən olunmuşdur ki, poliklinikanın göndərişi tam doldurulmuşdur. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş tibbi sənədlərə (o cümlədən, xx.xx.2024cü il tarixli angioqrafiya müayinə protokoluna və s) əsasən də müəyyən olunur ki, halhazırda da iddiaçı müalicələrini davam etdirir, hətta beyin əməliyyatı da keçirmişdir. Başqa sözlə, onun müalicələri davam etdirməsinə baxmayaraq, bu gün də onun xəstəliyi öz ağırlığı ilə davam etməkdədir. Əslində, ekspert rəyindən də görünür ki, onun xəstəlikləri tam reabilitavsiyası mümkün də deyil. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi nəzərdə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsasdır. Qaydanın qeyd olunan tələblərindən göründüyü kimi, sadalanan halların mövcudluğu halında yalnız göndərişin verilə bilər. Konkret halda da məhz, iddiaçıda qeyd olunan hallar mövcud olmuşdur ki, Poliklinika tərəfindən barəsində göndəriş tam doldurularaq TSEKə tərəfindən avtomatlaşdırılmış qaydada əlillik təyinatı aparılması üçün elektron sistemə daxil edilmişdir. Göründüyü kimi, ona 2-ci dərəcə əlilliiyn təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən göndəriş meyarlara uyğun doldurulmuş və onda təsbit olunan diaqnoz, iddiaçıya orqanizmin funksiyalarının 61-80 faiz pozulması, yəni, 2-ci dərəcə əlillik təyini üçün əsas verir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya əlillik təyin edilməsindən imtina olunması onun qanunla qorunan hüququnu pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, qərarın maddi hüquq normaları baxımından qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8947/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8947/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar