Məhkəmə qərarları › İş №2-1(103)-2756/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2756/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2756/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “məhkumla görüşün verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6326/2021 saylı 05.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -“Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan İran İslam Respublikasının vətəndaşı X1 və onun anası X2 etibarnamələri əsasında qanuni nümayəndə kimi ona görüş verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vəzifəli şəxslərinin mövcud qanunları kobud surətdə pozmaları ilə bağlı xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.” İddianın əsaslarına görə “məhkum X1 anası X4, uzaq yolu gələ bilmədiyinə görə oğluna lazımi hüquqi yardım göstərilməsi üçün iddiaçıya etibarnamə vermişdir. Eyni zamanda, məhkum M.Ağazadənin özü də ona etibarnamə vermişdir. İddiaçı 23 sentyabr 2020ci il tarixdə cavabdehə müraciət edərək 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İran İslam Respublikasının vətəndaşı X3 ilə görüşə icazə verilməsini xahiş etmiş, lakin cavabdeh 07.10.2020-ci il tarixli, 17/4-12360 M-479 nömrəli cavab məktubu ilə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 81.7-ci maddəsinə istinadən iddiaçının tələbini təmin etməkdən imtina edərək, məhkumla görüşmək üçün hüquqi əsasının olmadığını bildirmişdir. Həmin maddədən isə görünür ki, yaxın qohumların və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə, habelə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüş verilir. Bu isə anasının və məhkumun özünün nümayəndəsinin ərizəsinə əsasən görüş verilməli olduğu anlamındadır...” Cavabdeh iddia ərizəsinə etiraz verərək rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının məhkum M.Ağhazadeh ilə görüşünə icazə verilməsinin qanuni əsasları müəyyən edilməmiş, “etibarnamə” əsasında qanuni nümayəndə qismində qanunvericilikdə məhkumla görüşün verilməsi nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının qohumluq əlaqəsini, xidməti səlahiyyətlərini təsdiq edən sənədləri mövcud deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6326/2021 saylı 05.07.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “qərar qanunsuz və əsassızdır, maddi hüquq normalarının tələblərinə ziddir. Məhkəmə tərəfindən qərar formasına əməl edilməmişdir. Məhkəmənin qərarı sıralama ilə 17 bəndə bölünmüşdür. Apellyasiya Məhkəməsi tərəfindən bu bölgünün qanunauyğunluğuna hüquqi qiymət verilməlidir. Eyni zamanda, məhkəmənin gəldiyi nəticələr də səhvdir və reallığı əks etdirmir. Qərar işin faktiki hallarına uyğun deyil, mübahisə düzgün araşdırılmamışdır. Məhkəmə nəzərə almamışdır ki, görüşmək istədiyi İran İslam Respublikasının vətəndaşı, məhkum X1 anası Mirabiasl Safieh qızı uzaq yolu gələ bilmədiyindən ona oğluna lazımi hüquqi yardım gəstərmək məşqsədilə ona etibarnamə vermişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq yaxın qohumların və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə, habelə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüş verilir. Bu isə anasının və məhkumun özünün nümayəndəsinin ərizəsinə əsasən görüş verilməli olduğu anlamındadır. Cavabdeh Cəzaların İcrası Məcəlləsinin 81.2-ci və 81.9-cu maddələrinin tələblərinə zidd olaraq müxtəlif bəhanələr gətirməklə və qanunun bu tələbini özü bildiyi kimi təfsir edərək ona əsasız olaraq məhkumla görüş verilməsindən imtina etmişdir. Məhkəmə də öz növbəsində qanuni əsaslar olmadan inzibati orqanın tərəfini saxlamış, qanunsuz hərəkətlərinə haqq qazandırmağa çalışmışdır. O, statusuna görə qanunvericilikdə nəzərdə tutulan “digər şəxslər” kateqoriyasına daxil olan şəxs kimi, məhkumla görüşmək hüququna malikdir. Buna heç kim maneə olmamalıdır. Məhkəmə qanunu düzgün təfsir etməmişdir. Belə olan halda məhkəmənin qərarı qanuni və əsaslı hesab oluna bilməz və hər bir halda ləğv edilməlidir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunamasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Salihova apellyasiya şikayətinə etirazını bildirərək, qanunvericiliyə görə, etibarnamə əsasında iddiaçını məhkumla görüşmək hüququ olan “digər şəxslər” kateqoriyasına aid etmək mümkün olmadığını bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, cavabdeh xidmətə məxsus cəzaçəkmə müəssisəində cəza çəkən məhkumun və onun anasının verdiyi etibarnamə əsasında qanuni nümayəndə kimi, məhkumla görüş verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İddiaçının qeyd olunan tələbindən göründüyü kimi, o, konkret halda özünü “qanuni nümayəndə” kimi təqdim edir. Halbuki o, məhkum və onun qanuni nümayəndəsi hesab edilə bilən anası tərəfindən etibarnamə verilən, yəni “etibar edilən” şəxs sayılır. Ümumiyyətlə, “prosessual qanunvericiliklə, “qanuni nmayəndə” və nümayəndə anlayışları bir-birindən fərqlənir. Belə ki, 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsi baxımından Mülki Prosessual Məcəlləsinin (“MPM”) 72.1-72.3-cü maddələiindən görünür ki, fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri, xəbərsiz itkin düşmüş şəxslərin və ölmüş edan edilmiş şəxslərin əmlakının mühafizəsi və idarə olunması üçüne təyin edilmiş qəyyumlar və himayəçilər – təmsil edilənin qanuni nümayəndələri hesab olunur. Həmin Məcəllənin 72.4-cü maddəsindən isə görünür ki, qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər. və onqanuni nümayən hesab edilir və müdafiə edirlər. Göründüyü kimi, qanuni nümayəndələrin kimlərdən ibarət olduğu qanunvericiliklə müəyyən edilir və belə şəxslər tərəfindən təmsil etdiyi şəxslər etibarnamə əsasında deyil, səlahiyyətlərini bildirən səndələr (məs., şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə, qəyyum və ya himyətəyin olunması barədə sənəd və s.) əsasında təmsil ediləni təmsil edirlər. MPM-in 73.1-ci maddəsindən isə görünür ki, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə yerində olan şəxsin verdiyi etibarnamə müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan tələblərindən isə göründüyü kimi, fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, azadlıqdan məhrumetmə yerində olan şəxsin verdiyi etibarnamə müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiq edilir. İddia tələbinin mahiyyətinə gəldikdə isə tələbini qanuni əsasını Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 81.7-ci maddəsi təşkil edir. Belə ki, həmin Məcəllənin sözügedən 81.7-ci maddəsinin imperativ tələbi isə nəzərədə tutur ki, “hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə, habelə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə verilir.” İddiaçı apellyasiya şikayətinin dəlillərində özünü, məhkum (“X3”) və onun anası (“X4”) tərəfindən verilmiş etibarnaməyə əsaslanaraq, Məcəllənin qeyd olunan normada təsbit olunan məhkumlarla görüşmək hüququna malik olan “digər şəxslər” kateqoriyasına aid edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qeyd olunan norma səhv təfsir olunur. Belə ki, Məcəllənin 81.7-ci maddəsindən göründüyü kimi, hüquq yardım məqsədilə məhkumlarla görüşmək hüququ verilən şəxslər aşağıdakılardır. 1.Məhkumların, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən vəkillər; 2.belə yardımı göstərmək hüququna malik olan digər şəxslərə. Göründüyü kimi, birinci halda, adıçəkilən şəxslərin müvafiq ərizəsi əsasında yalnız məhkumla görüşmək hüququ vəkillərə verilir. Vəkillər isə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq vəkillik statusuna malik olan şəxslərdir. Belə ki, MPM-in 73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. “Vəkillər və vəkillik haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin İ hissəsindən isə görünür ki, Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər. Cəzaların İcrası Məcəlləsinin 81.7-ci maddəsində göstərilən ikinci halda “digər şəxslər” məhkumlarla görüşmək hüququna o halda malik ola bilərlər ki, vəkillərdə olduğu kimi, onların da müvafiq səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş olsun. Məsələn, belə şəxslər sırasına öz vəzifələrini yerinə yetirərkən, cəzaçəkmə müəssisələrinə baş çəkən icraatında olan cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri aparan təhqiqatçılar və ya müstəntiqlər, prokurorlar, habelə, hakimlərlər, penitensiar xidmətin işinə ictimai nəzarəti həyata keçirmək məqsədilə yaradılmış İctimai komitə üzvləri, eyni zamanda, AR İnsan hüquları üzrə müvəkkili “ombudsman” ola bilər. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 81.4-cü maddəsinin tələbindən görünür ki, məhkumlarla görüş cəzaçəkmə müəssisələrinin X6 riayət edilməklə həyata keçirilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci i il 29 dekabr tarixli 7 saylı Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X9”nda isə aşağıdakılar nəzərədə tutulur:

138. Öz vəzifələrini yerinə yetirərkən, cəzaçəkmə müəssisələrinə baş çəkən icraatında olan cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri aparan təhqiqatçıların və ya müstəntiqlərin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorların, habelə məhkuma nəzarəti funksiyalarını həyata keçirən hakimlərin məhkumlarla görüşü, tərəflərin razılığı ilə təklikdə keçirilə bilər. Bu görüşlərin keçirilməsi zamanı, məhkumlarla görüşən vəzifəli şəxslərin təhlükəsizliyi həmin müəssisələrin müdiriyyəti tərəfindən təmin edilir. Məhkumların islah edilməsində ictimaiyyətin iştirakının və penitensiar müəssisələrin işinə ictimai nəzarətin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin geniş dairəsinin iştirakını təmin etmək məqsədilə təşkil olunmuş İctimai Komitənin üzvləri zəruri hallarda penitensiar müəssisələrin nümayəndəsinə görmək imkanı verən, lakin eşitməyi istisna edən şəraitdə məhkumlarla təklikdə söhbət edə bilərlər.

142. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil ola, orada saxlanılan şəxslərlə görüşüb, təkbətək söhbət edə bilərlər. Bundan əlavə “digər şəxslər” sırasına müəyyən notariat hərəkətlərinin (daşınmaz əmlakın alqı-satıqısı, vəsiyyət üzrə vərəsəliyin rəsmiləşdrilməsi və s.) aparılamasını həyata keçirən “notariaus”lar aid edilə bilər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il tarixli 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş azından “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 15-ci bəndinin 3-cü hisəsinə əsasən şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) üzrə dövlət rüsumu və haqlar ödənilməklə, nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri notariat ofisindən kənarda (səyyar qaydada) da aparıla bilər. Qeyd olunmalıdır ki, məhkumlarla görüşmək hüquq olan “vəkillər”in və “digər şəxslər” in kimlərdən ibarət olması qanunvericiliklə müəyyən olunur və belə şəxslərin məhkumlarla görüşməsi Cəzaların İcrası Məcəlləsinin 81.9-cu maddəsinə uyğun qaydada keçirilir. Belə ki, Məcəllənin qeyd olunan 81.9-cu maddəsinə əsasən vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan “digər şəxs” cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Belə görüşlər tərəflərin arzusu ilə təklikdə keçirilir. Qeyd olunan normanın mənası baxımından yəni, hüquqi yardım göstərən vəkil vəkillik statsunu təsdiq edən sənədi (məs., vəsiqə və vəkil orderi), “digər şəxslər” isə səlahiyyətini təsdiq edən ( məs.,istintaqı və digər prosessual hərəkətləri aparan təhqiqatçı və ya müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, daşınmaz əmlakın alqı-satqısı, vərəsəlik (və s.) işləri ilə bağlı “notarius” olmasını təsdiq edən və i.a.) təqdim etdikdə məhkumla görüşə buraxılırlar. Beləliklə də iddiaçının apellyasiya şikayətinin, onun, Cəzaların İcrası Məcəlləsinin 81.7-ci maddəsinin nəzərdə tutduğu “digər şəxslər” kateqoriyasına aid olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Belə olan halda, o, etibarnamə əsasında cavabdehdən məhkumla görüş verilməsini tələb etməkdə haqlı hesab olunan bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qanundan irəli gələn öhdəliyinə uyğun hərəkət etmiş, iddiaçıya, görüşmək istədiyi məhkumla görüş verilməsindən imtina etməsi əsaslı olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İnziabati Prosessual Məcəllənin 73.1-ci maddəsinin mənasından da görünür ki, məhkəmə həmin inzibati orqanın üzərinə o halda iddiaçının arzuladığı öhdəlyi qoya bilər ki, inzibati aktın (və ya hərəkətin) edilməsindən imtinası qanunsuz olsun, bununla da iddiaçının hüquqlarını pozmuş olsun. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6326/2021 saylı 05.07.2021-ci il tarixli qərarı ilə iddianın rədd olunmasını nəticə etibarı ilə mahiyyəti üzrə düzgün çıxarılmış qərar kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasyia şikayətinin birinci instansiya məhkəməsinin qərarının formaca düzgün tərtib olunmadığını, qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6326/2021 saylı 05.07.2021-ci il il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Həmid Həmidov

Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar