Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2756/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1514/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə artıq ödənilmiş 15.562,23 manat pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1514/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsi tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, əmək pensiyası xx.xx.2020-ci il tarixdən dayandırılmış və cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********0 saylı əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məktubla cavabdehə müraciət edərək, onun işlədiyi defektaskop briqadasında operator vəzifəsinin birinci dərəcəli və dərəcədənkənar stansiyalarda tərtibat təpələrinin operatorları vəzifəsinə aid olmadığını, bu səbəbdən də onun güzəştli iş stajının olmadığını, cavabdehə xx.xx.2014-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyini, cavabdehə xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15562,23 manat artıq pul vəsaitinin ödənildiyini qeyd etməklə həmin pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini tələb etmiş, cavabdeh isə əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi verməmişdir. Hazırda iddiaçı həmin pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini tələb edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1796/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə onun iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********0 saylı əmək pensiyasının dayandırılması barədə qərarı ləğv edilmiş, ona 20 iyul 2014-cü il tarixdən təyin edilmiş və 2020-ci ilin dekabr ayından ödənilməsi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan verilən apellyasiya və kassasiya şikayətləri müvafiq yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rəd edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırki halda isə belə razılığın olmadığı müəyyən olunur. Eyni zamanda, iddiaçı orqanın müvafiq qurumu tərəfindən aparılmış daxili araşdırma nəticəsində cavabdehə 20 iyul 2014-cü ildə güzəştli şərtlərlə pensiya təyin edilməsində yalnışlığa yol verilməsi nəticəsində artıq ödənilmiş 15562,23 manat məbləğin geri ödənilməsini tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Hazırki işin halları isə ondan ibarətdir ki, cavabdehə pensiya təyin edilməsinə dair qəbul edilmiş və qüvvəsini saxlayan inzibati aktın ləğvinə dair inzibati orqan tərəfindən şərh edilən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılmamışdır. Belə ki, daxili araşdırma nəticəsində qanunsuzluğun müəyyən edilməsi əsası ilə iddiaçıya inzibati akt əsasında təyin edilmiş pensiya ödənişi xx.xx.2020-ci il tarixində dayandırılmış, cavabdehə yalnız bundan sonra məlumat verilərək artıq ödənilmiş vəsaitin geri qaytarılması tələb edilmişdir. Vətəndaş xeyrinə olan inzibati aktın qanunsuzluğuna dair aparılmış inzibati icraatın gedişi haqqında məlumatlı olmamış, maraqlı şəxs qismində cəlb edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Kollegiya vurğulayır ki, inzibati orqan tərəfindən iddiaçıya pensiya təyin edilməsi xx.xx.2014-cü il tarixli inzibati akt əsasında həyata keçirilmişdir. Həmin inzibati akt isə hazırda qüvvədə olmaqla, hər hansı qaydada mübahisələndirilməmiş və ya ləğvinə dair məhkəmə qərarı və ya digər inzibati akt qəbul edilməmişdir. Digər tərəfdən, məhkəmə əlverişli inzibati aktın icrasının dayandırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinə, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun olmasına qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Kollegiya qeyd edir ki, xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Hazırki iş materiallarından isə görünür ki, qanunsuz hesab edilən əlverişli aktın ləğvinə əsas olan 67.6-cı maddəsində nəzərdə tutulan (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması apelyasiya baxışı zamanı məhkəmə araşdırması nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İddiaçı orqan tərəfindən cavabdehə təyin edilmiş pensiya ödənişinin dayandırılmasını zəruri edən əsas qismində yalnız cavabdehin işlədiyi defektaskop briqadasında operator vəzifəsinin birinci dərəcəli və dərəcədənkənar stansiyalarda tərtibat təpələrinin operatorları vəzifəsinə aid olmaması, bu səbəbdən də onun güzəştli iş stajının olmamasına dair mülahizə xarakterli məlumat göstərilmişdir. Bu isə müvafiq əlverişli akt ləğv və ya etibarsız hesab edilmədən, onun icrasının dayandırılmasına və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsinə əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.9-cu maddəsinə əsasən, maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Göründüyü kimi inzibati orqan yuxarıda sadalanan tələbləri nəzərə almamış, daxili araşdırma əsasında qanunsuzluğa yol verildiyini bildirdiyi əlverişli inzibati aktı ləğvetmədən, icrasını dayandırmış, həmçinin qanunsuz əlverişli aktın icrasının dayandırılmasına dair lazımi qaydada inzibati icraat aparmamışdır. Nəticədə qanuni qüvvəsini saxlamaqda olan aktın icrası nəticəsində ödənilmiş məbləğin geri qaytarılmasını qanunsuz olaraq cavabdehdən tələb etmişdir. Bundan əlavə iş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1796/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının dayandırılması haqqında qərarın ləğvi tələbinə dair iddia təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********0 saylı əmək pensiyasının dayandırılması barədə qərarı ləğv edilmiş, iddiaçıya 20 iyul 2014-cü il tarixdən təyin edilmiş və 2020-ci ilin dekabr ayından ödənilməsi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-1697/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1796/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1653/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)- 1697/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********0 saylı əmək pensiyasının dayandırılması barədə qərarı ləğv edilmiş, iddiaçıya 20 iyul 2014-cü il tarixdən təyin edilmiş və 2020-ci ilin dekabr ayından ödənilməsi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1514/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-2756/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2756/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver