Məhkəmə qərarları › İş №2-1(103)-2757/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2757/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2757/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, üçüncü şəxs "xxxx" Şirkətinin nümayəndəsi Vəkil1, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "xxxx" Şirkəti) “texniki pasporta və çıxarışa düzəliş edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5589/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "xxxx" Şirkəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, X4 prospekti, 77 “L” ünvanına dair "xxxx" MMC-nin adına verilmiş “əmlak kompleksi kimi müəssisə”yə dair **********36-123301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixdə tərtib olunmuş texniki pasporta və mülkiyyət hüquqlarına dair çıxarışa, eyni ünvanda ona məxsus və istifadəsində olan əmlakla bağlı olan hissəsinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Fərid Mədətli) 2-1(112)-5589/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin icraatında iddiaçı "xxxx" Şirkətinin cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" Şirkəti cəlb edilməklə) “mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, cavabdehin anbar binasından və əmlak kompleksindən çıxarılması və əmlak kompleksinə daxil olmasının cavabdehə qadağan edilməsi” tələbinə dair mülki iş olmuş və Nərimanov rayon Məhkəməsinin 2(005)-108/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7268/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə kassasiya şikayəti təmin edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd edilən mübahisə ilə bağlı məhkəmə çəkişməsi başlanılan zaman "xxxx" MMC-nin mübahisəli əraziyə dair heç bir mülkiyyət sənədi olmamışdır. Əraziyə aid çıxarış yalnız xx.xx.2021-ci il tarixdə verilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Texniki pasportdan” görünür ki, X4 prospekti, 77 “L” ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair "xxxx" Şirkətinin adına **********36-123301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixdə pasport tərtib olunmuşdur. Texniki pasport tərtib edilən zaman və çıxarış verilən zaman cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləi Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yanlışlığa yol verilmişdir və "xxxx" MMC-yə aid olmayan tikiliyə dair texniki pasport tərtib edilmişdir. Halbuki həmin çıxarışın verilməsi 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin müvafiq 2-1(82)-3541/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı əsasında olmuşdur və həmin qərarla "xxxx" MMC-nin yeni inşa etmiş olduğu anbar və istehsalat binasına dair çıxarış verilməsi qət edilmişdir. Sonradan həmin qərar da yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanmışdı. Qeyd edilən qərar əsasında "Delta İnvestment” Şirkətinə çıxarış verildikdən sonra qərarı icra etmiş hazırki cavabdeh artıq Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək icra edilmiş məhkəmə qərarı əsasında çıxarışa düzəliş edilməsi üçün izah verilməsini xahiş etsə də məhkəmə xx.xx.2021-ci il tarixli qərardadı ilə izah verməkdən imtina etmişdir. Halbuki qərarı icra etməli olan cavabdeh qurum qərarı səhv icra etməsini anlamış və səhvini düzəltməyə cəhd göstərmişdir. Sadəcə prosessual olaraq buna düzgün əməl etməmişdir. xx.xx.2021-ci il tarix də cavabdehin İddiaçı ünvanladığı məktubla müəyyən edilir ki, cavabdeh tərəfindən hazırki mübahisə ilə, yəni çıxarışın verilməsi ilə bağlı səhvlə əlaqədar araşdırma aparılır. Lakin bu araşdırma hələ də davam edir. Hazırki mübahisə qətnaməni icra etməli olan inzibati orqanın qeyd edilən qətnamənin müəyyən etdiyi hallardan kənara çıxaraq icra etməsi ilə bağlıdır ki, qətnaməni icra etməli olan qurum qətnamə ilə müəyyən edilmiş tikiliyə deyil, qətnamədə göstərilməyən tikiliyə dair çıxarış vermiş və texniki pasport tərtib etmişdir. Məhkəmə səhv olaraq belə qənaətə gəlmişdir ki, hazırda iddiaçı qətnaməni yenidən mübahisələndirmişdir. İddiaçı inzibati orqanın qanuni qüvvədə olan qətnamə ilə verilməli olmayan halları mübahisələndirmişdir ki, bu hal mütləq olaraq məhkəmə çəkişməsində araşdırılmalı və buna hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, məhz elə cavabdehin özünün vermiş olduğu xx.xx.2021-ci il tarixli məktubla müəyyən edilir ki, cavabdeh qətnaməni düzgün icra etməyib və belə olan halda iddiaçının konstitusion hüquqları kobudacasına pozulub. İşə baxmalı olan məhkəmə isə iddianı əsassız olaraq mümkünsüz hesab edib. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3894/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-690/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-3894/2022 saylı qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" Şirkətinin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri, X4 prospekti, 77 “L” ünvanına dair "xxxx" MMC-nin adına verilmiş “əmlak kompleksi kimi müəssisə”yə dair texniki pasporta və mülkiyyət hüquqlarına dair çıxarışa düzəliş edilməsini xahiş edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti 77 L ünvanında yerləşən əmlak kompleksinə dair "xxxx" Şirkətinin adına çıxarışın verilməsinə əsas olmuş sənədlərdən görünür ki, həmin çıxarış Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli Sərəncamı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-3541/2017 saylı qərarına əsasən rəsmiləşdirilmişdir. Həmin məktuba əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2-1(82)-3541/2017 saylı qərarından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik edilərək yeni reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilmiş, iddiaçı "xxxx" Şirkətinin yeni inşa edilmiş anbar və istehsalat binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-690/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-3541/2017 nömrəli qərarının məzmununa görə, hazırkı iş üzrə iddiaçı həmin qərarın aid olduğu icraatın iştirakçısı olmamışdır. İPM-in 78-ci maddəsinin tələbinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Beləliklə, hazırkı iddiaçı qeyd olunan qərara əsasən aparılmış qeydi mübahisələndirə, qeyddə düzəlişlərin edilməsini tələb edə bilər. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin əsaslandığı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-3541/2017 nömrəli qərarının nəticə hissəsində qeydə alınmalı və barəsində texniki pasport tərtib edilməli olan sahələr aşkar olaraq göstərilməmişdir. Bunu görə də, cavabdeh tərəfindən qeydin aparılmasının və texniki pasportun tərtib olunmasının inzibati orqan tərəfindən həmin qərara uyğun icra edilib-edilmədiyi də məlum deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-3541/2017 saylı qərarı ilə iddiaçı "xxxx" Şirkətinin yeni inşa edilmiş anbar və istehsalat binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsa da, qərarının nəticə hissəsində qeydə alınmalı və barəsində texniki pasport tərtib edilməli olan sahələr aşkar olaraq göstərilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən qeydin aparılmasının və texniki pasportun tərtib olunmasının inzibati orqan tərəfindən həmin qərara uyğun icra edilibedilmədiyi və ya bunun cavabdeh inzibati orqanın faktiki xarakterli digər fəaliyyəti (hərəkəti) ilə əlaqədar olduğu məlum deyil. Yuxarıda qeyd olunanlardan isə görünür ki, hazırkı iş üzrə iddiaçı qeyd olunan qərara əsasən aparılmış qeydi mübahisələndirə, qeyddə düzəlişlərin edilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sadalanan hallar araşdırılmamış, iddiaçının tələb etdiyi ona məxsus əmlakla bağlı olan hissəsinə düzəliş edilməsini tələb etdiyi çıxarışın qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında verildiyindən hazırki inzibati icraat çərçivəsində mübahisələndirilə bilməməsi qeyd edilməklə kifayətlənilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv olunmalı, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5589/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar