Məhkəmə qərarları › İş №2-1(103)-2758/2019

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2758/2019

06.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2758/2019 06.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının hakimləri Səriyyə Seyid qızı Seyidova (sədrlik edən); Vidadi Məmməd oğlu Məmmədov və İlham Bayram oğlu Əhmədovdan ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi, İddiaçının vəkili X3 və üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmaqla) qarşı “müvafiq sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1325/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Cavabdeh Başçısının xx xxxxxx 2018-ci tarixli, 400 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 400 nömrəli sərəncamı ilə heç bir qanuni əsas və səbəb olmadan Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 234 nömrəli sərəncamı ləğv edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 400 nömrəli sərəncamının təsdiq edilmiş surətinin ona təqdim edilməsi barədə Bakı şəhəri Cavabdehə xx xxxxxx 2019-cu il tarixdə etdiyi müraciət təmin edilmiş və sərəncamın təsdiq edilmiş surəti iddiaçıya təqdim edilmişdir. Sərəncamı alan kimi elə həmin gün Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2018ci il tarixli 400 nömrəli sərəncamının ləğv edilməsi barədə Bakı şəhəri Cavabdehə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Cavabdehin xx.xx.2019-cu il tarixli Ə-26-159 nömrəli məktubu ilə sərəncamının ləğv edilməsi barədə müraciəti təmin edilməmişdir. Hesab edir ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 400 nömrəli sərəncamı ləğv edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov rayonu, M.K.Atatürk prospekti 17 və 17A, Yaşar Hüseynov döngəsi 48 və Rasim Muxtarov küçəsi 51a (hal-hazırda Bakı şəhəri Nərimanov rayonu. Yaşar Hüseynov küçəsi 56) ünvanda yerləşən ev onun mülkiyyətindədir. Həmin ünvanda qeyriyaşayış binası tikintisinin aparılması ilə bağlı Bakı şəhəri Cavabdehə müraciət etmişdir. Tikinti layihəsinin təsdiq edilməsi ilə bağlı müraciətinə Bakı şəhər İcra Hakimiyyətində baxılmışdır. Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 18/03-8/1825 qeydiyyat nömrəsi ilə razılaşdırılmış və aparılacaq inşaat işlərinin eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 234 nömrəli sərəncamı İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, M.K.Atatürk prospekti 17 və 17A, Yaşar Hüseynov döngəsi 48 və Rasim Muxtarov küçəsi 51a ünvanda (hal-hazırda Bakı şəhəri Nərimanov rayonu Yaşar Hüseynov küçəsi 56 ) yerləşən mülklərin sökülərək yerində Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun qeyriyaşayış binası tikintisinə icazə vermişdir. Sərəncamın tələbinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 25722 nömrəli rəyi ilə Bakı şəhəri Nərimanov rayonu, M.K. Atatürk prospekti 17 və 17A, Yaşar Hüseynov döngəsi 48 və Rasim Muxtarov küçəsi 51a ( hal-hazırda Bakı şəhəri Nərimanov rayonu Yaşar Hüseynov küçəsi 56 ) ünvanda qeyri-yaşayış binası üzrə tikinti layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti razılaşdırılmışdır. Tikinti aparılması nəzərdə tutulan sahədə mühəndisigeoloji işlərin hesabatları barədə xx.xx.2018-ci il tarixli 06-11724 nömrəli müsbət rəy tərtib edilmişdir.Tikinti layihəsi Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2018-ci il tarixli YTNƏŞ-0668 nömrəli rəyi ilə də razılaşdırılmışdır. Bakı şəhəri Cavabdeh tərəfindən obyektin tikintisinə icazə verilməsi barədə xx.xx.2018-ci il tarixli 26 nömrəli icazə sənədi və tikintiyə icazə barədə xx.xx.2018-ci il tarixli 26 nömrəli xüsusi nişan verilmişdir. İddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq eskiz layihəsi ilə razılaşdırılmış qaydada inşaat-tikinti işlərinə başlanılmış, zirzəmi və 4 (dörd) mərtəbədən ibarət qeyri-yaşayış binasının zirzəmisi və 3 (üç) mərtəbəsi tikilmişdir. Onun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, M.K. Atatürk prospekti 17 və 17A, Yaşar Hüseynov döngəsi 48 və Rasim Muxtarov küçəsi 51a ünvanda (hal-hazırda Bakı şəhəri Nərimanov rayonu Yaşar Hüseynov küçəsi 56) yerləşən mülklərin sökülərək yerində qanuni əsaslarla tikilən qeyri-yaşayış binasını Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirilməsini Bakı şəhəri Cavabdeh birbaşa icra etməli idi. Bu səbəbə görə yəni, tikinti işlərinin Dövlət Reyestrinə daxil edilməməsi səbəbi ilə Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 234 nömrəli sərəncamı ləğv edilməməli idi. İmtina məktubunda göstərilir ki, guya tərəflərindən aparılan tikili başqa şəxslərin maraqlarına toxunur. Bela hal ümumiyyətlə mövcud deyil. Aparılan tikinti işləri Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 234 nömrəli sərəncamı qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun icra edilib. Müxtəlif Dövlət qurumlarından tikinti işlərinin aparılmasına dəfələrlə baxış keçirilib, baxışlar zamanı tikintidə hər-hansı bir qüsur və digər şəxslərin maraqlarına toxunma halları aşkar edilməyib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1325/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər Cavabdeh başçısının xx xxxxxx 2018-ci il tarixli 400 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəməyə vəsatət təqdim edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1325/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilərək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1325/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş vəsatət rədd edilmişdir. Həmin qərardaddan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin vəsatətinə yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1325/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə 2-1(82)-1325/2019 saylı iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilərək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1325/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti vermiş, qərarın ləğv olunması və iddianın təmin olunmaması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1325/2019 saylı iş izrə xx.xx.2019-cu il tarixli qərarı qeyri-obyektiv, əsassız və qanunsuzdur. Belə ki, Cavabdehin başçısı xx.xx.2018-ci il tarixli, 234 nömrəli sərəncamı ilə tikintiyə icazə vermişdir. Sonradan Komitənin verdiyi xx.xx.2018-ci il tarixli 19 nömrəli icrası məcburi Göstərişə əsasən, belə sərəncamın verilməsi səlahiyyətlərinə aid olmadığı üçün Nərimanov Rayon İcra Hakimiyətinin başçısı tərəfindən xx.xx.2018-ci il tarixli 400 nömrəli Sərəncamı ilə həmin Sərəncam ləğv edilmişdir. Bununla əlaqədar olaraq iddiaçı Əliyev X1 Rayon İcra Hakimiyətinin başçısı xx.xx.2018-ci il tarixli 400 nömrəli Sərəncamını mübahisələndirərək ləğvini tələb etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.11.11.5-ci yarımbəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətindədir. Lakin 4.18.2-ci yarımbəndinə əsasən bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.12.3-1ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Nərimanov Rayon icra Hakimiyətinin başçısının xx.xx.2018-ci il tarixli 400 nömrəli Sərəncamı ilə xx.xx.2018-ci il tarixli 234 nömrəli Sərəncamının ləğv edilməsinə səbəb məhkəmənin qərarında göstərdiyi kimi Cavabdeh başçısının səlahiyyəti olmadığı halda xx.xx.2018-ci il tarixli 234 nömrəli Sərəncamı ilə İddiaçı İ və İİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə verməsi olmuşdur. Cavabdehin iddiaçıya qeyri-yaşayış binasının tikintisinə icazə vermək səlahiyyəti olmamış və həmin dövr üçün icazə X6 Hakimiyyəti tərəfindən verilməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarı ilə məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar müəyyən edilmişdir. Həmin Qaydaların 3.1.2.6-cı bəndinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi bu hala münasibətdə yerli icra hakimiyyəti orqanı tərəfindən reyestrə təqdim edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik normalarında tikinti işlərinin dövlət reyestrinə daxil edilməsi barədə kod alınması vəzifəsi yerli icra hakimiyyətinə həvalə edilmişdir İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1325/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, Bakı şəhər Cavabdehin xx xxxxxx 2018-ci il tarixli 400 nömrəli sərəncamı qanunvericliyin tələblərinə zidd olaraq qəbul edildiyindən və İddiaçı qanunla qorunan hüquqlarının pozulmasına səbəb olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyası aşağıda göstərilən səbəblərə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Bakı şəhər Cavabdehin xx xxxxxx 2018-ci il tarixli 400 nömrəli sərəncamı qanunvericliyin tələblərinə zidd olaraq qəbul edilməmişdir. Belə ki, yerli icra hakimiyyətlərinin başçılarının vəzifələri, səlahiyyətləri və digər məsələləri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə" əsasında müəyyən edilir. Həmin Əsasnamənin 4.11.11.5-ci yarımbəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətindədir. Eyni zamanda həmin Əsasnamənin 4.18.2-ci yarımbəndinə əsasən bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.12.3-1-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsasını Bakı şəhər Cavabdeh Başçısının xx xxxxxx 2018-ci tarixli, 400 nömrəli sərəncamının ləğv edilməsi təşkil edir. Hansı ki, məhz həmin sərəncam əsasında Bakı şəhər Cavabdeh Başçısının “M.K.Atatürk prospekti 17 saylı ünvanda qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi haqqında“ xx xxxx 2018-ci il tarixli 234 nömrəli sərəncamı ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhər Cavabdeh Başçısının “M.K.Atatürk prospekti 17 saylı ünvanda qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi haqqında“ xx xxxx 2018-ci il tarixli 234 nömrəli sərəncamından görünür ki, İddiaçı qeyri-yaşayış binasının tikintisi haqqında qaldırdığı məsələyə Bakı şəhər İcra Hakimiyyətində baxılmış və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 18/03-8/1825 qeydiyyat nömrəsi ilə razılaşdırılmış və aparılacaq inşaat işlərinin eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Həmin sərəncamla İddiaçı M.K.Atatürk prospekti 17 və 17a, Yaşar Hüseynov döngəsi 48 və Rasim Muxtarov küçəsi 51 A saylı ünvanlarda yerləşən mülklərin sökülərək yerində Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun qeyriyaşayış binasının tikintisinə icazə verilməsi qərara alınmış, tikinti işlərinin Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən rəy alındıqdan sonra başlanılması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işin müəyyən edilmiş faktiki hallarına mübahisəyə tətbiq olunmalı maddi və prosessual hüquq normalarının tələbləri baxımından qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, M.K.Atatürk prospekti 17 saylı ünvanda qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi cavabdeh Bakı şəhəri Cavabdehin səlahiyyətinə aid olmamışdır. Yəni, Bakı şəhər Cavabdeh Başçısının “M.K.Atatürk prospekti 17 saylı ünvanda qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi haqqında“ xx xxxx 2018-ci il tarixli 234 nömrəli sərəncamı əsassız qəbul edildiyindən daha sonra Bakı şəhər Cavabdeh Başçısının xx xxxxxx 2018-ci tarixli, 400 nömrəli sərəncamı ilə düzgün olaraq ləğv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsaslılığı sübut olunmur və birinci instansiya məhkəməsi də mübahisəyə dair yekun məhkəmə aktını qəbul edərkən şərh olunan hallara lazımi hüquqi qiymət verməmiş, qərarını əsaslandırarkən hüququn tətbiq edilməsində səhv buraxaraq, tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, bununla da tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir (İPM-1.2., MPM- 385.1.1., 386). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, işin həqiqi hallarına və prosessual hüquq normalarına uyğun olmayan qərar qəbul etmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, həmçinin, maddi hüquq normalarını əsas götürərək hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1325/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalı, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmaqla) Bakı şəhər Cavabdeh Başçısının xx xxxxxx 2018-ci tarixli, 400 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1325/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmaqla) Bakı şəhər Cavabdeh Başçısının xx xxxxxx 2018-ci tarixli, 400 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Səriyyə Seyidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar