Məhkəmə qərarları › İş №2-1(103)-2758/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2758/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2758/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Ceyhun Bəşir oğlu və X9 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın və texniki pasportun verilməsi" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2790/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 67/15 ünvanında yerləşən ev üzərində (tikili və 1962-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki İnventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”da göstərilən ölçüdə torpaq sahəsi ilə birlikdə olmaqla vahid əmlak şəklində) mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınması, bununla bağlı ona elektron çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 67/15 ünvanında yerləşən 1962-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”da göstərilən 591.8 kv.m ölçüdə torpaq sahəsinin 413 kv.m hissəsi və ev üzərində (vahid əmlak şəklində) mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması və bununla bağlı çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 67/15 ünvanında yerləşən fərdi yaşayış evini 1989-cu ildə məlum hadisələrlə bağlı Ermənistan Respublikasından qaçqın düşdükdən sonra həmin evin erməni milliyyətindən olan sahibi X11 ilə qarşılıqlı dəyişdirmə əsasında müvafiq rəsmiləşmələrlə əldə etmişdir. Ev və həyətyanı sahəsi həmin tarixdən indiyə kimi iddiaçının və ailə üzvlərinin sahiblik və istifadəsindədir. Evin 1962-ci il tarixində keçmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib olunmuş Texniki Pasportu vardır. Məlumdur ki, həmin sənəd möhtərəm Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanı ilə hüquqların qeydiyyatı üçün əsaslardan biri hesab edilmişdir. Bunları əsas tutaraq, 2024-cü ilin fevral ayında həmin evin adına dövlət qeydiyyata alınması ilə bağlı Əmlak Xidmətləri Məkanı vasitəsilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixli imtina bildirişi ilə hüququnun qeydiyyatından imtina edilmişdir. Xəstəliyi ilə bağlı rayonda olduğu üçün cavab məktubu ünvanına zamanında gəlməmişdir. Bu ilin avqust ayının əvvəllərində həmin cavab məktubunu iddiaçıya çatdırıblar. 1989-cu ilədək erməni sakinin adına olan, onun qanuni istifadəsində və sahibliyində olan evlə bağlı bütün hüquqlar (sahiblik, istifadə, özəlləşdirmə, qeydiyyata aldırma və tanıtma hüquqları və s.), eləcə də sənədlər və bu sənədlərlə müəyyən edilən hüquqlar qanuni şəkildə aparılmış sənədləşmə və rəsmiləşmələrlə iddiaçı və ailə üzvlərinə keçmişdir. Əlavə olaraq ev də, torpaq sahəsi də artıq 35 ildir ki, iddiaçı və ailə üzvlərinin faktiki sahibliyində və istifadəsindədir. Hazırki əmlak üzərində heç bir mübahisə yoxdur. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-2790/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 67/15 ünvanında yerləşən 1962-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”da göstərilən 591.8 kv.m ölçüdə torpaq sahəsinin 413 kv.m hissəsi və ev üzərinə (vahid əmlak şəklində) mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması və bununla bağlı çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanında yerləşən ev üzərində (tikili və 1962-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki İnventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”da göstərilən ölçüdə torpaq sahəsi birlikdə olmaqla vahid əmlak şəklində) mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınması, bununla bağlı ona elektron çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2790/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 67/15 ünvanında yerləşən 1962-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”da göstərilən 591.8 kv.m ölçüdə torpaq sahəsinin 413 kv.m hissəsi və ev üzərinə (vahid əmlak şəklində) mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması və bununla bağlı çıxarışın və texniki pasportun verilməsi vəzifəsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış ərazinin hüdudları daxilində yerləşir. Həmçinin texniki pasportun baş planında göstərilən torpaq sahəsi və fərdi yaşayış evi ilə faktiki vəziyyət tamamilə fərqlidir. Bundan başqa, fərdi yaşayış evinə dair təqdim olunmuş və İdarənin arxivində mövcud olan texniki pasportda hüquq sahibi kimi X6 adı qeyd olunmuş, həmin şəxslə iddiaçı arasında əlaqələndirici sənəd təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı, sənəd üzrə torpaq sahəsinin ölçüsü 591.8 kv.m qeyd olunsa da, faktiki 317.8 kv.m, fərdi yaşayış evinin faktiki ölçüsü isə 137.5 kv.m-dır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsi və fərdi yaşayış evinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********98 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi digər şəxsə ayrılmış ərazinin hüdudları daxilində yerləşir. Həmçinin texniki pasportun baş planında göstərilən torpaq sahəsi və fərdi yaşayış evi ilə faktiki vəziyyət tamamilə fərqlidir. Bundan başqa, fərdi yaşayış evinə dair təqdim olunmuş və İdarənin arxivində mövcud olan texniki pasportda hüquq sahibi kimi X6 adı qeyd olunmuş, həmin şəxslə iddiaçı arasında əlaqələndirici sənəd təqdim edilməmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1934-cü ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-48-2F/2-H-06238/2023 nömrəli məktubla təqdim edilmiş Şaumyan rayonu X7 İcraiyyə Komitəsinin “Ermənistan SSR-dən gəlmiş azərbaycanlı şəxslərin qeydiyyatı haqqında” 84/5.1 nömrəli, xx.xx.1989-cu il tarixli qərardan (arxiv çıxarışı) görünür ki, rayon daxili işlər şöbəsinə aşağıda sadalanan Azərbaycan milliyyətindən olan və Bakı şəhərindən köçmüş erməni milliyyətli vətəndaşlarla icraiyyə komitəsi və ya notariat kontoru tərəfindən təsdiq edilmiş qarşılıqlı razılığı olan vətəndaşların qazlaşdırılmış ərazidə yerləşən öztikililərdə və evlərdə qeydiyyata alınmasının tapşırılması qərara alınmışdır - … - İddiaçı 5 nəfərdən (özü, 2 qızı, 2 nəvəsi) ibarət ailəsi, Fəhlə prospekti, 67/15 ünvanında. İş materiallarında olan “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportdan görünür ki, həmin pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçının yaşadığı Bakı şəhəri, Fəhlə prospekti 67/15 ünvanda yerləşən evə dair dekabr 1962-ci ildə tərtib edilmişdir. Həmin Texniki pasportun arxivdə saxlanılan nüsxəsinin surəti cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən də məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan İddiaçı məxsus olan Nobel prospekti 67/15 ö/t saylı yaşayış evinin cizgi sxemindən görünür ki, cizgi sxemi Xətai rayon MKTB 66 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X4 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»: 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. İşin faktiki hallarından görünür ki, Şaumyan rayonu X7 İcraiyyə Komitəsinin “Ermənistan SSR-dən gəlmiş azərbaycanlı şəxslərin qeydiyyatı haqqında” 84/5.1 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən Azərbaycan milliyyətindən olan və Bakı şəhərindən köçmüş erməni milliyyətli vətəndaşlarla icraiyyə komitəsi və ya notariat kontoru tərəfindən təsdiq edilmiş qarşılıqlı razılığı olan vətəndaşların evlərdə qeydiyyata alınmasının tapşırılması qərara alınmışdır və həmin qərarda İddiaçı ailə tərkibi ilə birlikdə qeyd olunmuşdur, ünvan isə Fəhlə prospekti, 67/15 göstərilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçının yaşadığı Bakı şəhəri, Fəhlə prospekti 67/15 ünvanda yerləşən evə dair dekabr 1962-ci ildə X6 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport tərtib edilmişdir. Həmin Texniki pasportun arxivdə saxlanılan nüsxəsinin surəti cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən də məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 67/15 ünvanı erməni millətindən olan X3rşılıqlı razılıq əsasında, iddiaçının Ermənistanda olan fərdi evi ilə dəyişmə əsasında əldə etmişdir. Evlərin dəyişdirilməsi qarşılıqlı razılıqları əsasında rəsmiləşdirilmişdir. Sadalanan normaların təhlilindən göründüyü kimi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»da nəzərdə tutulmuşdur. Qeyd olunan sənəd daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir və onun təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. İddiaçı tərəfindən isə qeyd olunan əsas cavabdehə təqdim edilmişdir. Eyni zamanda məhkəmə icraatında iddiaçının təqdim etdiyi sənədlərin qeyrimötəbərliyi ilə bağlı inzibati orqan tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Əksinə, qərarın və texniki pasportun arxiv nüsxəsi saxlanılır və təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh tərəfindən qeyd olunan sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır, həmçinin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından həmin sənədlər mötəbər sübut kim qiymətləndirilməlidir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan həmin sənədlərə etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan ev və torpaq sahəsi iddiaçıya verilmişdir və həmin tarixdən də onun qanuni istifadəsindədir. Müvafiq uyğunsuzluq hallarının aradan qaldırılması isə cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda cavabdeh inzibati orqan göstərilən ünvanın digər şəxsə məxsus olması, habelə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarından görünür ki, həmin ünvana dair hələ dekabr 1962-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport tərtib edilmişdir. O da qeyd olunmalıdır ki, şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir. Qeydiyyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də digər inzibati orqanların davranışını müəyyən edir. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2790/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar