Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2759/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı şəhər poliklinikasına qarşı “əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və “Tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi vəzifəsinin Bakı şəhəri 11 saylı şəhər poliklinikasının (həkim komissiyasının) üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-1313/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı şəhər poliklinikasına qarşı əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və “Tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi vəzifəsinin Bakı şəhəri 11 saylı şəhər poliklinikasının (həkim komissiyasının) üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16.11.2019-cu il tarixdə səhər saatlarında iddiaçının sinəsində qəflətən yaranmış, sol qoluna və kürək nahiyəyə yayılan kəskin ağrılar səbəbindən iddiaçı təcili-tibbi yardım xidmətinə zəng etmişdir. Sabunçu təcili-tibbi yardım xidməti tərəfindən müayinə edildikdən sonra, ilkin diaqnoz infarkt olmaqla müdaxilələr edilmiş və tibbi göstərişlərə uyğun olaraq dərman tətbiqinə başlanılmışdır. Bundan dərhal sonra yaxınlarının müraciəti əsasında “Zəfəran” hospitalının təcili-tibbi yardım xidməti gələrək iddiaçını həmin hospitala aparmış və dərhal müayinələr edilərək, ürəyin işemik xəstəliyi - ürəyin sol mədəciyinin ön divarının kəskin miokard infarktı (X2, 10cu redaksiya üzrə: i 21.0) diaqnozu qoyulmuşdur. Aparılmış yoxlama zamanı (anjuografiya) ürəyin ön divarındakı koronar damarın tamamilə (98%) tutulması aşkar edilmişdir. Hospitalda dərhal ürəyinin qapalı əməliyyatı icra edilmiş və tutulmuş damara stend yerləşdirdərək, damarda qanın axını bərpa edilmişdir. Əməliyyat bitdikdən 3 gün sonra xəstəxanadan orta-kafi vəziyyətdə stasionar müalicə məqsədi ilə buraxılmışdır. Bundan sonra 18.11.2019-cu il tarixdən 07.12.2019-cu il tarixədək xəstəlik vərəqəsi açılmış və 07.12.2019-cu il tarixdən iddiaçının könüllü istəyi ilə işinə davam etmək məqsədi ilə poliklinikadakı xəstəlik tarixçənin bağlanmasını xahiş etmişdir (bunu “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndəki qeyddən də görmək mümkündür). Xəstəlik tarixçəni dayandırması heç də xəstəliyinin bərpa olunması və sağalmağı demək deyildir. Yəni bütün kardioloqlar və eləcə də tibb təhsili olan həkimlər də bilir ki, “infarkt” sağalan xəstəlik deyil və onun yaratdığı fəsadlər, qan dövranındakı pozğunluqlar və nəhayət ürək çatışmamazlığı tədricən özünü birüzə verir. Məhz buna görə də hazırda ürək çatışmamazlığının ilkin əlamətlərinin (bir az əsəbləşən kimi tənginəfəslik, öskürək, arterial təzyiqin yüksəlməsi, sol qolunda kəskin formada keyimə-uyuşma və s) iddiaçıda olduğuna görə müalicə həkimi (“Zəfəran” hospitalın həkimi Mehman Ağamalıyev) tərəfindən bu istiqamətdə qabaqlayıcı dərman-müalicə tədbirləri hazırda da davam etdirilir. İddiaçının xəstəliyi AR Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına X4 institutunda aparılmış exokardioqrafiya müayinəsində də təsdiqini tapır. İddiaçı son bir neçə ay ərzində dəfələrlə 11 saylı Poliklinikaya müraciət edərək əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədi ilə xəstəliklərinin tibbi-sosial ekspert komissiyasına göndərilməsini xahiş etmişdir. Poliklinika tərəfindən sənədlərinin tibbi sosial ekspert komissiyasına göndərilməsindən, bir sözlə göndəriş edilməsindən imtina edilmişdir. Poliklinikada iddiaçını müayinə edən kardioloq (Xuraman həkim) və baş həkim Nəriman Məmmədov tərəfindən iddiaçıya bildirilmişdir ki, onun keçirdiyi xəstəlik üzrə əlillik qrupunun verilməsi mümkün deyildir, göndərişin verilməsi üçün mütləq qaydada şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması vacibdir. Miokardın kəskin infarktı elə bir xəstəlikdir ki, bu xəstəliyi daşıyan şəxs 6 ay yox, 6 il stasionar və ya ambulator müalicə alsa belə, onun sağalması mümkün deyildir. Qanunvericiliyin tələbindən göründüyü kimi “şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətinə fasiləsiz və ya son 12 (on iki) ay müddətinə fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicəsinə baxmayaraq, orqanizmin pozulmuş funksiyanısın bərpa olunmaması və...” peşə-əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi” tibbi-sosial ekspert komissiyasına göndərişin verilməsi əsaslarından biridir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində qeyd edilmiş “ürəyin işemik xəstəlikləri” üzrə “121” kod adı X1 10-cu redaksiyasında “kəskin miokard infarktı” adlanır. Madam ki, Əsasnamədə 2-ci qrup əlilliyin təyini üçün “121” kod adı ilə qeyd edilmiş xəstəlik “X2”na görə “kəskin miokard infarktı” xəstəliyidir və iddiaçının xəstəliyinin diaqnozu da məhz “kəskin miokard infarktı”dır, bu zaman Poliklinika tərəfindən göndərişin verilməməsi səbəbi iddiaçı üçün qaranlıqdır. Halbuki, göndərişin verilməsi poliklinikanın həkimin və ya baş həkimin müraciəti ilə poliklinikanın həkim komissiyasının birbaşa vəzifəsidir. İddiaçının xəstəliyi həm “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və həm də “X2”na uyğun olaraq göndərişin verilməsinə və əlilliyin təyin edilməsinə həm hüquqi və həm də faktiki əsas verir. Lakin bu məsələdə süründürməçiliyə yol verilməsi və bu günədək göndərişin verilməməsi qanunvericiliyin, eləcə də hüququnun pozulması kimi qiymətləndirilməklə dərhal aradan qaldırılmalı olduğu halda iddiaçının hüququ bərpa olunmamışdır. Poliklinika tərəfindən müraciətinə müsbət cavab verilmədiyini gördükdən dərhal sonra, iddiaçı tərəfindən həm Azərbaycan Respublikasının Prezidentinə, həm TƏBİB-ə və həm də Səhiyyə Nazirliyinə müraciət edərək məsələ barədə məlumat vermişdir. Səhiyyə Nazirliyi müraciətinə cavab olaraq İcbari Sığortalar Bürosuna müraciət göndərərək məsələni araşdırmağı xahiş etmişdir. TƏBİB isə müraciətinə cavab olaraq 11 saylı Poliklinikaya iddiaçını müayinə edərək, məsələni aydınlaşdırmağı tapşırmışdır. Lakin indiyə kimi 11 saylı Poliklinika heç bir araşdırma aparmamış və ümumiyyətlə nə onun, nə də TƏBİB-in məktubuna cavab verməyi lazım bilməmişdir. Dəfələrlə həm Poliklinikaya, həm də TƏBİB-ə müraciət etməyinə baxmayaraq bu heç bir nəticə verməmişdir. Poliklinikanın baş həkiminin verdiyi məlumata görə Səhiyyə Nazirliyinin nəzarətində olan “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”də elə bir sistem qurulmuşdur ki, 6 ay ambulator şəraitdə müalicə olmadan, yəni xəstəlik tarixçəsi açılmadan göndərişin həmin sistemə yerləşdirilməsi mümkün deyil və sistem bu cür məlumatı qəbul etmir. Bu isə tamamilə qanunsuz və əsassızdır. İddiaçının xəstəliyi ürəyindədir və ürəyin funksiyaları bərpa olunan deyil, gün ərzində 5 ədəd ayrı-ayrı adda pereparataları qəbul edir. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-1313/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən və əlavə etdiyi sənədlərdən ürək əməliyyatı keçirməyi və ürəyinin davam edən xəstəliyi həm özəl, həm də dövlət tibb müəssisələri tərəfindən aparılmış müayinələrdə təsdiqini tapır. Artıq uzun müddətdir ki, stasionar şəraitdə müalicələr almağına baxmayaraq sağlamlığının bərpa olunmaması, xəstəliyinin mövcud olması və davam etməsini birmənalı qaydada sübut edir. Poliklinikanın qanunsuz əməlindən məhkəməyə şikayət etmək məcburiyyətində qaldığını dəfələrlə məhkəməyə bildirməyinə baxmayaraq hakim işi başqa istiqamətdə sürükləyərək onun həqiqətən xəstəliyinin olub-olmamasını araşdırmağa çalışmışdır. Onun dərdi onu poliklinika tərəfindən həkim komissiyasından keçirilməsindən qanunsuz olaraq imtinadır. Onun xəstə və ya sağlam olması məhz həkim komissiyası tərəfindən müəyyən edilə bilərdi, adi bir baş həkim tərəfindən deyil. Dəfələrlə tələb etməsinə baxmayaraq heç bir həkim komissiyasının tibbi müayinəsinə cəlb edilməmişdir. Bu hal onun iddiasının ən vacib əsaslarından biri olub, lakin məhkəmə inzibati orqanın öz vəzifəsini icra etməməsini, onu tibbi müyainədən keçirməsindən niyə imtina etməsini araşdırmaq əvəzinə onun həqiqətən xəstə olub-olmamasını araşdırmağa qərar vermiş, ekspertiza təyin etmiş və s. hərəkətlər etmişdir. Axı əlillik dərəcəsini müəyyən etmək vəzifəsi poliklinikalarda fəaliyyət göstərən tibbi komissiyanın vəzifəsidir. İstinad etdiyi halları təsdiq edən epikrez, elektrokardioqramma, exokardioqrafiya sənədlərində təsdiqini tapdığı halda məhkəmə ekspertiza təyin etmiş və aparılmamış ekspertiza əsasında tərtib edilmiş rəyə əsasən qərar çıxartmışdır. Rəyin nəticə hissəsində olanlar ağ yalandır. O, 25.02.2020-ci il tarixdə nə də başqa tarixlərdə Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyində, nə də onların göstərişi ilə hər hansı xəstəxanada heç bir rəngli dopler müayinəsindən, nə də başqa elementar müayinədən keçirilməmişdir, adi fendoskopla ürək ritminə belə qulaq asan olmayıb. Madam ki, müayinədən keçiriblər, o zaman həmin dopler sənədini, digər müayinələri təqdim etsinlər. Ekspert rəyində ƏƏSMN-nin əməkdaşı, baş mütəxəssisi X3 adlı şəxsin imzası var. O belə bir adamı tanımır, onu görmədən bu şəxs rəyi necə imzalayıb. Bu saxta ekspert rəyini təhlil etmədən, rəyə heç bir münasibət bildirmədən, məhkəmə iclasına gələ bilmədiyini görüb məhkəmənin tələsik qərar çıxartması qanunsuzdur. İclasda iştirak edə bilməməyi səbəbindən hesab edir ki, ekspert rəyini imzalayan bu şəxslər mütləq qaydada apellyasiya icraatında iştiraka cəlb edilməl və dindirilməli, bütün yuxarıda qeyd etdiyi suallara cavab verilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-1313/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 18.11.2019-cu il tarixli Zəfəran Hospitalında tərtib olunmuş epikrizin surətindən görünür ki, İddiaçı “ÜİX (ürəyin işemi xəstəliyi): sol mədəciyin ön divarının kəskin miokard infarkt”ı diaqnozu ilə kardioligiya şöbəsinə daxil olmuşdur. Şikayətlər: sinədə yaranan, sol qola və kürəyə yayılan göynədici, yandırıcı xarakterli ağrılar, ürəkdöyünmə və halsızlıq. 16.11.2019-cu il tarixdə səhər saatlarında qəflətən şikayətlərinin yarandığını bildirir. Xəstə yaxınları klinikanın çağrı mərkəzinə müraciət etmiş və TTY-la klinikaya gətirilərkən xəstə orta ağır vəziyyətdə kardioreanimasiya şöbəsinə qəbul edilmişdir. Konsilium qərarı ilə LAD-yə primer angioplastika məsləhət görüldü. LADyə 3,5x18 mm stent implantə edildi. Koronar angioplastika sonrası iki gün dinamik müşahidə altında saxlanılaraq 18.11.2019-cu il tarixində xəstə orta-kafi vəziyyətdə müvafiq təyinat verilərək evə yazılmışdır. Azərbaycan Həmkarlaq İttifaqı Konfederasiyası Sanator-Kurort kitabçasından görünür ki, iddiaçı 20.10.2020-ci il tarixdə fizioterapiya müalicəsində olmuşdur. Diaqnoz: “ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz, gərginlik stenokardiyası İ faza, hipertoniya xəstəliyi”. 11 nömrəli şəhər poliklinikasının 07.03.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydaların ümumi maddələrin 1.5.1-ci bəndinə əsasən “şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətinə fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyat pozuntularının olması”na əsasən baxılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-in T25/2021 nömrəli ekspert rəyinə əsasən vətəndaş İddiaçı 16-18.11.2019-cu il tarixlərdə “Zəfəran Hospital”ın kardiologiya şöbəsində “ürəyin işemik xəstəliyi, sol mədəciyin ön divarının kəskin miokard infarktı” daqnozu ilə daxil olarkən aparılmış müvafiq müayinələrdən sonra stasionar müalicədə olmuş və stent implanta edilmişdir. 25.02.2020-ci il tarixdə məhkəmətibb ekspert komissiyası tərəfindən göndərişlə aparılan rəngli doppler axokardioaqrafiyası zamanı sol mədəciyin sistolo-diastolik ölçüləri və sistolik finksiyaları normal olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin qiymətləndirilməsi üçün qüvvədə olan “Əsasnamənin meyarlarına” uyğun ona əlillik dərəcəsinin verilməsindən imtina düzgün olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir). 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Kollegiya qeyd edir ki, iş üzrə cavabdehin göndəriş vermək hüququ olan tibb müəssisəsi olsa da, onun iddiaçı barəsində əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və “Tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5.1-ci bəndində göstərilən əsaslardan hər hansı birinin mövcud olmaması səbəbindən, müvafiq göndərişin verilməsi barədə öhdəlik daşıdığı müəyyən olunmur. Beləliklə, iddiaçı ona əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi də qeyd olunan əsasla iddianı rədd etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-1313/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-2759/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2759/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver