Məhkəmə qərarları › İş №2-1(103)-2759/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2759/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2759/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması” dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2-1(112)- 7118/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Firidun Ramazanov küçəsi (6-Dairəvi), ev 8 və Bakı şəhəri, Xətai rayonu, Firidun Ramazanov küçəsi, ev 8/1 mənzillərin fərdi yaşayış evi kimi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, reyestrdən çıxarışın və daşınmaz əmlakların altında olan torpaq sahələrinin texniki pasportda göstərilməklə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”lara əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat və **********83-05101-093001 reyestr nömrəsi ilə sahəsi 35.90 kvadrat metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən mənzilin və Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat və **********59-05101-093002 reyestr nömrəsi ilə sahəsi 26.30 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, Firidun Ramazanov küçəsi, ev 8/1 ünvanında yerləşən mənzilin fərdi yaşayış evi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi, həmin mənzillərin altında olan torpaq sahələrinin isə texniki pasportda əks etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, F.Ramazanov küçəsi, ev 8 ünvanında yerləşən 35.90 kv. metr olan mənzilə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** nömrəli, xx.xx.2023-cü il çıxarışa və ünvan 2 ünvanında yerləşən 26.30 kv. metr olan mənzilə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** nömrəli, xx.xx.2023-cü il çıxarışa əsasən iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzillər çıxarışa əsasən mənzil olsalar da, faktiki olaraq fərdi yaşayış evləridir. Odur ki, mənzillərin fərdi yaşayış evi kimi mülkiyyət hüquqlarının tanınması və iddiaçının adına çıxarışın verilməsi üçün cavabdehə müraciət edilmişdir, lakin müraciətindən artıq uzun müddət keçməsinə baxmayaraq, ona cavab verilməmişdir. İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərilmişdir ki, sərəncamın icrası ilə əlaqədar tərəflərindən aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, sözügedən məsələ ilə əlaqədar İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə sərəncamının tarixindən görünür ki, iddiaçı idarədən cavab məktubu almadan əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı inzibati icraat haqqında qanunun tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar bunlardır- 28.1.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər; 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-nin 39.1ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2-1(112)-7118/2023 saylı qərarı ilə (hakim N.Abıyev) iddia tələbinin təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”lara əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat və **********83-05101-093001 reyestr nömrəsi ilə sahəsi 35.90 kvadrat metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, F.Ramazanov küçəsi (6-cı Dairəvi) ev 8 ünvanında yerləşən mənzilin və Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat və **********59-05101-093002 reyestr nömrəsi ilə sahəsi 26.30 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, F.Ramazanov küçəsi, ev 8/1 ünvanında yerləşən mənzilin fərdi yaşayış evi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi, həmin mənzillərin altında olan torpaq sahələrinin isə texniki pasportda əks etdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, sözügedən məsələ ilə əlaqədar İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə sərəncamının tarixindən görünür ki, iddiaçı idarədən cavab məktubu almadan əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, qeyd olunan fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına uyğun sənədlər təqdim edilməmişdir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzilin sökülmədiyi və hər iki mənzilin ayrı tikili yox, ümumi binanın bir hissəsi olduğu aşkar edilmişdir. Qeyd olunanlarla yanaşı texniki inventarlaşdırma işlərinin aparılmasına idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2- 1(112)-7118/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********79 №li xx.xx.2023-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş: Daşınmaz əmlaka dair bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı (“Alıcı”) ünvan 3 ünvanında yerləşən, xüsusi mülkiyyət hüququ ilə X2 (“Satıcı”) məxsus ümumi sahəsi 35,9 kv. metr olan 1 otaqlı mənzilin dəyərini ödəməklə satın almışdır. Daşınmaz əmlaka dair bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı (“Alıcı”) ünvan 4 ünvanında yerləşən, xüsusi mülkiyyət hüququ ilə X1 (“Satıcı”) məxsus ümumi sahəsi 26,3 kv.m olan mənzilin dəyərini ödəməklə satın almışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 367763 saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 35,9 kv. metr olan mənzil xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (reyestr № **********83-05101-093001) Daşınmaz əmlakın dövlət reyestrində 4269 nömrəli reyestr kitabının 398187 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 296295 saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 26,3 kv. metr olan mənzil xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (reyestr № **********59-05101-093002) Daşınmaz əmlakın dövlət reyestrində 4100 nömrəli reyestr kitabının 382735 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İddiaçı sifarişi əsasında “X5” tərəfindən tərtib olunmuş 61 №-li, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, aparılmış tədqiqat nəticəsində İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, F.Ramazanov küçəsində yerləşən (6-cı Dairəvi) ev 8 və ev 8/1 nömrəli mənzillər təyinatı üzrə ayrıca giriş-çıxış qapısından, həyətyanı sahədən, yaşayış və köməkçi tikililərdən, ibarət olmaqla fərdi müəyyən edilmiş ev kimi istifadə olunur. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, F.Ramazanov küçəsində (6-cı Dairəvi) ev 8 və ev 8/1 nömrəli mənzillər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əssasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olub fərdi müəyyən edilmiş yaşayış evi hesab edilir. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş: - **********79 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzilin sökülmədiyi aşkar edilmişdir. - **********80 №li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzilin sökülmədiyi aşkar edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən Qanunun 10.2.1 -ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. İş materiallarından görünür ki, iddiaçı mənzillər üzərində mövcud mülkiyyət hüququnu təsdiq edən sənədləri “fərdi yaşayış evi” kimi qeydiyyata alınması məqsədilə cavabdehə təqdim etmişdir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evlərinin altında olan torpaq sahəsi isə iddiaçının qanuni istifadəsindədir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının sözügedən daşınmaz əmlaklar üzərində hüququnun qeydi ilə bağlı ona reyestrdən cavabdeh inzibati orqanın verdiyi çıxarışlar qüvvədədir, qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin çıxarışlar hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 10 mart tarixli Qərarında qeyd edilmişdir ki, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 22 dekabr tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası alqı-satqı müqaviləsini deyil, dövlət reyestrindən çıxarışı ehtiva edir. İddiaçı adına qeydiyyatı aparılmış daşınmaz əmlakın əslində “mənzil” deyil, “fərdi yaşayış evi” olduğunu bildirir və hüquqlarının qeydinin məhz fərdi yaşayış evi üzərində aparılmasını tələb edir. Cavabdeh isə bunun üçün mənzilin fərdi yaşayış evinə keçirilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim olunmadığına istinad edərək tələbin təmin olunmasından imtina edır. İddiaçının adına “mənzil”lə bağlı olsa da mülkiyyət hüququnun mövcud olduğu müəyyən olunur. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Belə olan halda iddiaçının reyestrdə adına qeydi aparılmış mənzillərin fərdi yaşayış evi kimi qeydiyyata alınması tələbinin təmin olunma imkanının yoxlanılması üçün sözügedən “mənzil”lərin “fərdi yaşayış evi” anlayışına cavab verib-verməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir; yaşayış evi, yaşayış evinin hissəsi (13.1.1); mənzil, mənzilin hissəsi (13.1.2); otaq (13.1.3); bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri (13.1.4). Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsidir, aralarındakı fərq ondan ibarətdir ki, fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir. “X5” tərəfindən tərtib olunmuş 61 №-li, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunu ki, aparılmış tədqiqat nəticəsində, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Firidun Ramazanov küçəsində yerləşən (6-Dairəvi) ev 8 və ev 8/1 nömrəli mənzillər təyinatı üzrə ayrıca giriş-çıxış qapısından, həyətyanı sahədən, yaşayış və köməkçi tikililərdən, ibarət olmaqla fərdi müəyyən edilmiş ev kimi istifadə olunur. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Firidun Ramazanov küçəsində (6-Dairəvi) ev 8 və ev 8/1 nömrəli mənzillər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.2 maddəsinə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olub fərdi müəyyən edilmiş yaşayış evi hesab edilir. Belə olan halda iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış “mənzil” məlumatlara əsasən və qanunla yuxarıda göstərilən “fərdi yaşayış evi” şərtlərinə cavab verdiyinə görə onların “fərdi yaşayış evi” kimi qeydiyyata alınması təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər (çıxarışlar və s.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən fərdi yaşayış evləri və həmin evlərin yerləşdiyi torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, cavabdehin apelyasiya şikayətinin mənzillərin fərdi yaşayış evinə keçirilməsi və yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim olunmaması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla mənzilin fərdi yaşayış evinə keçirilməsi ilə bağlı hansı sənədlərin cavabdeh inzibati orqana təqdim edilməli olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh inzibati orqanın iş üzrə iddiaçının müraciəti ilə bağlı əlavə hüquqmüəyyənedici sənəd tələb etməsi ilə bağlı hərəkətləri qanuni sayıla bilməz. Digər tərəfdən, inzibati orqan iddiaçının hansı sənədləri təqdim etməli olub və təqdim etmədiyini qeyd etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: - dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə ( 15.1.3); 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4); - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətlərində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2-1(112)-7118/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar