Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2759/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1014/2015 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon şöbəsinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ona xx.xx.2007-ci il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1014/2015 saylı 20 fevral 2015- ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2007-ci il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin AR DSMF-nin Suraxanı rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
3. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “xx.xx.2007-ci il tarixindən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmənin qərardadı ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi əsl ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/2-65857/2024 №-li ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən açılmış ********* nömrəli cinayət işi üzrə həbs edilmiş və sonuncu iş yeri olan Fondun keçmiş Suraxanı rayon şöbəsinin sabiq əməkdaşı X6 ofisindən və mənzilindən əməliyyat-axtarış tədbirləri zamanı xeyli vətəndaşa aid sənədlər maddi sübut kimi götürülərək istintaq materiallarına əlavə edilmişdir. Həmin sənədlər arasında İddiaçı kağız daşıyıcıda şəxsiyyət vəsiqəsinin surəti, Bakı Neft Energetika Kollecinin arxiv arayışının surəti, “X12 Kəşfiyyat Qazma İdarəsi”nin güzəştli arayışı, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin məktubu, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı, hərbi biletin əsli və surəti, həmçinin V.Əliyevə məxsus kompüterdə İddiaçı aid fayllar, o cümlədən Fondun keçmiş Suraxanı rayon şöbəsinin vətəndaşa məktubu, vətəndaşın 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi, digər bir faylda isə İddiaçı ödənilmiş pensiya məbləğləri barədə qeydlər aşkar edilmişdir. Aşkar olunan materialların araşdırılması, İddiaçıla Vüsal Əliyev arasında sövdələşmənin olması və pensiya təyinatına şübhələr yarandığından xx.xx.2020-ci ildən pensiya ödənişi dayandırılmış, araşdırma zərurəti ilə bağlı vətəndaşın pensiya sənədləri Fondun tabeli Bakı İnzibati Məhkəməsinin qurumlarından tələb olunmuş, bütün axtarışlara baxmayaraq pensiya işi ümumiyyətlə tapılmamış, yalnız vətəndaşın adına açılmış uçot vərəqi tapılaraq araşdırmaya təqdim edilmişdir. Saxtalaşdırıldığı ehtimal edilən sənədlərə V.Əliyevə məxsus kompüterdə mövcud olan “baza” adlı faylın içindəki cədvəldə İddiaçı adı və onun plastik kart hesabına 2015-ci ilin yanvar ayından 2016-cı ilin fevral ayınadək köçürülmüş aylıq pensiya və birdəfəlik ödənilmiş yüksək məbləğlər göstərilmişdir. Qeyd edilən dövr ərzində cədvəldə 2015-ci ilin yanvar ayında 166,97+12792,14, fevral ayında 647,34+38402,41, mart-dekabr və 2016-cı ilin yanvar aylarında 647,34 manat olmaqla cəmi 59.129,60 manatın ödənildiyi qeyd edilmişdir. Ehtimal edilir ki, sonuncu qeyd edilən külli miqdarda pul vəsaiti bilavasitə Vüsal Əliyev tərəfindən mənimsənilmişdir. Qeyd olunmalıdır ki, X8 2006-2013-cü illərdə Fondun Səbail, 2013-2015-ci illərdə isə Fondun Suraxanı rayon şöbələrinin Pensiya təyinatı sektorunda işləmiş, xidməti vəzifələrinin icrası zamanı yol verdiyi ciddi nöqsanlara görə xx.xx.2015-ci il tarixindən dövlət qulluğundan azad edilmiş, işlədiyi dövrdə və işdən azad olunduqdan sonrakı dövrlərdə törətdiyi çoxsaylı ağır cinayətlərinə görə həbs olunmuş, hazırda digər cinayət faktları ilə bağlı müvafiq istintaq hərəkətləri də aparılmaqdadır. Araşdırma ilə müəyyən edilmişdir ki, vətəndaşa Fondun keçmiş Suraxanı rayon şöbəsinin (bundan sonra - şöbə) əməkdaşlarının köməyi ilə saxtalaşdırılmış sənədlərdən istifadə edilməklə və lehinə İ instansiya məhkəməsinin qərarının alınması ilə 52 yaşından xx.xx.2007-ci il tarixindən 1 №-li siyahıya uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılmasına və qısa müddətdə ödənilməsinə nail olunmuşdur. Pensiya işi tapılmadığından və həmin işə tikilmiş sənədlərin saxtalaşdırıldığını təsdiq etmək mümkün olmasa da, itirilmiş və ya məhv edilmiş pensiya işi üzrə açılmış uçot vərəqinin üzərinə yazılan, eyni zamanda əvvəlki pensiya proqramına daxil edilən məlumatlarda İddiaçı şəxsiyyət vəsiqəsinin seriyası və №si “AZE 08115334”, ünvanı “Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 48, mənzil 19”, yəni Suraxanı rayon ərazisi göstərilmişdir. İddiaçı şəxsiyyət vəsiqəsi üzrə İAMAS-də mövcud olan məlumatların qarşılıqlı üzləşdirilməsi zamanı onun daimi və dəyişməz yaşayış yerinin “Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15” qeyd edildiyi halda, itirilmiş pensiya işinə tikilmiş AZE seriyalı 08115334 Ns-li şəxsiyyət vəsiqəsinin surətində saxtalaşdırılma aparılmaqla yaşayış yeri “Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 48, mənzil 19” göstərilmişdir. Göründüyü kimi, Qanunun 30-cu maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə uyğun olması üçün bu işdə maraqlı olmuş şəxslər və ya vətəndaş tərəfindən şəxsiyyət vəsiqəsinin surəti saxtalaşdırılmışdır. İddiaçı verilmiş şəxsiyyət vəsiqələri üzrə mövcud məlumatların İAMAS-də araşdırılması nəticəsində müəyyən edilmişdir ki, onun adına 2004, 2011 və 2023-cü illərdə müvafiq səbəblərə görə 01799818, 08115334 və AA******* №-li cəmi 3 şəxsiyyət vəsiqəsi verilmiş, həmin vəsiqələr üzrə yaşayış yeri “Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15” qeyd edilmişdir. Aşkar olunanlara əsasən o, heç vaxt Suraxanı rayonu ərazisində pasport qeydiyyatında olmamış və ya yaşamamış, daimi yaşayış yeri Yasamal rayonunun ərazisi olmuşdur. Həmçinin ehtimal edilir ki, saxtalaşdırılmış şəxsiyyət vəsiqəsi ilə yanaşı İddiaçı adından pensiya təyinatı və yenidən hesablanması ilə bağlı yazılmış ərizələr, məhkəməyə təqdim edilmiş iddia ərizəsi və digər sənədlər də saxtalaşdırılmışdır. xx.xx.2007-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı halda, məhkəmə qərarı əsas götürülməklə İddiaçı şöbə tərəfindən qanunazidd olaraq həmin növə görə yüksək məbləğdə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunmasında yuxarıda sadalananlardan əlavə əmək kitabçasının və hansısa idarə müəssisənin möhürü ilə təsdiq edilmiş 2004-2005-ci illərin əməkhaqqı arayışının da saxtalaşdırıldığı ehtimal edilir. Bunu yuxarıda qeyd olunduğu kimi, X6 ofisindən və mənzilindən götürülmüş bir sıra sənədlərlə, o cümlədən əmək kitabçasının əsli və surəti ilə əsaslandırmaq olar. Araşdırmanın gedişində Nazirliyə dəvət edilmiş vətəndaşdan araşdırma ilə bağlı ilk növbədə əmək kitabçasının və hərbi biletin əsilləri tələb olunmuş, lakin o, həmin sənədləri təqdim edə bilməmiş və səbəblərini gizlətmişdir. Bununla belə, vətəndaş Nazirliyə təqdim etdiyi qısa izahatında “Mən, İddiaçı S. 2013-cü ildə güzəştli pensiya almaq hüququ əldə etmişdim. Mənim sənədlərimə baxdıqdan sonra dedilər ki, sənə güzəştli pensiya düşür. Ancaq mənim nağd pul olmadığım üçün iki il bank kartım onlarda qaldı. 2015-ci ildə mənə kartımı verdilər” ifadəsini qeyd etmiş, icraçı şəxslər barədə konkret məlumatlar göstərməmişdir. Aşkar edilənlərlə ehtimal olunur ki, İddiaçı təxminən 8 il geridən güzəştli şərtlərlə yaşa görə (52 yaşdan) əmək pensiyasının təyin edilməsi və ödənilməsi bu işdə maraqlı olmuş şəxslər tərəfindən əvvəlcədən planlaşdırılmış və sözügedən vətəndaşla qabaqcadan razılaşdırılmaqla sövdələşmə aparılmış, habelə ötən dövrlərdən yüksək məbləğə pensiya təyin edilməsindən, ötən dövrlərə görə hesablanmış fərq məbləğinin və aylıq pensiyanın uzun müddət ərzində pensiya plastik kartına köçürülməsindən vətəndaş məlumatlı olmuş, izahatında qeyd edildiyi kimi bankdan alınmış pensiya plastik kartı müəyyən müddətdə İddiaçı təhvil verilməmiş, həmin plastik kart hesabına köçürülmüş külli miqdarda - 59,129,60 manat pul vəsaiti bilavasitə Vüsal Əliyev tərəfindən mənimsənilmişdir. Şöbə tərəfindən İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin olunmuş 116706 №- li pensiya işi üzrə açılmış “Pensiyaçının uçot vərəqi” və ona əlavə edilmiş sənədlərdən, əvvəlki pensiya proqramına işlənmiş göstəricilərdən məlum olmuşdur ki, əvvəlcə bu şəxsə şöbənin xx.xx.2014-cü il tarixli 2044 №-li qərarı ilə əmək kitabçasında olan 31 iş stajı nəzərə alınmaqla xx.xx.2007-ci ildən 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı aparılmış, həmin tarixindən pensiyanın aylıq məbləği 89,64 manat, xx.xx.2008-ci il tarixindən 106,26 manat, 01,09.2008-ci il tarixindən 121,26 manat, xx.xx.2009-cu il tarixindən 130,88 manat, xx.xx.2010-cu il tarixindən 131,72manat, xx.xx.2010-cu il tarixindən 141,72 manat, xx.xx.2011-ci il tarixindən 144,95 manat, xx.xx.2012-ci il tarixindən 149,69 manat, xx.xx.2013-cü il tarixindən 150,40 manat, xx.xx.2013-cü il tarixindən 165,40 manat, xx.xx.2014-cü il tarixindən 166,97 manat müəyyən edilmiş və xx.xx.2015-ci il tarixindən ödənişə başlanılmışdır. Şöbə tərəfindən ötən dövrlərə görə hesablanmış cəmi 12.792,14 manat fərq məbləği cari ayın pensiyası ilə birlikdə birdəfəlik vətəndaşın plastik kartına köçürülmüşdür. Eyni zamanda, çox qısa müddət ərzində şöbənin təyinat qərarından 1 ay sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim - Rüstəm Kərimli) vətəndaşın xeyrinə xx.xx.2015-ci il tarixli 2-1(82)-1014/2015 №-li qərarının alınmasına nail olunmuş, həmin məhkəmə qərarı və hansısa saxtalaşdırılmış idarə-müəssisənin möhürü ilə təsdiq edilmiş 2004-2005-ci illərin əməkhaqqı arayışı əsas götürülməklə şöbənin tarixsiz sərəncamı ilə xx.xx.2007-ci il tarixindən 52 yaşından 369,49 manat olmaqla yenidən hesablanmış, pensiya məbləği müvafiq dövrlər üzrə baza hissəsinin artırılması ilə və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə xx.xx.2015-ci il tarixindən 166,97 manatdan 647,34 manata çatdırılmış və ödənişə göndərilmişdir. Həmin sərəncamla yenidən hesablama nəticəsində ötən dövrlərə görə əlavə olaraq 38.402,41 manat fərq məbləği 2015-ci ilin fevral ayının pensiyası ilə birlikdə birdəfəlik vətəndaşın plastik kartına köçürülmüşdür. Araşdırma ilə müəyyən edilmişdir ki, pensiya işi üzrə açılmış “Pensiyaçının uçot vərəqi”nin iç səhifələrində pensiya məbləğləri və digər məlumatlar, şöbənin tarixsiz sərəncamında, həmin sərəncamın ardınca tikilmiş vərəqdə qeyd edilən əlyazmalar və riyazi hesablamalar bilavasitə X7 məxsusdur və onun tərəfindən yazılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin vətəndaşın xeyrinə xx.xx.2015-ci il tarixli 2-1 (82)- 1014/2015 №-li qərarı qəbul edilərkən bir sıra nöqsanlara yol verildiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə orqanının qərarı ilə “İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2007-ci il tarixindən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablansın və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi AR DSMF-nin Suraxanı rayon şöbəsinə həvalə edilsin.”- vətəndaşın iddiası təmin edilmişdir. Lakin vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətinin saxtalaşdırılması faktından bilərəkdən yan keçilmiş, qərarda 08115334 №-li şəxsiyyət vəsiqəsinə istinad edilsə də, onun harada yaşaması və qeydiyyatda olması barədə hər hansı bir məlumat verilməmiş, yalnız harada doğulması bildirilmişdir. Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, məhkəmə tərəfindən həmin məcəllənin tələbi pozulmuşdur. Bundan əlavə, məhkəmə vətəndaşın pensiyasının 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması barədə qərar qəbul etsə də, vətəndaşın həmin illərdə harada işləməsi və ya pensiyanın hansı müəssisənin əməkhaqqına əsasən yenidən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, doldurulma tarixi “xx.xx.1974-cü il” olan əmək kitabçasının surətinə istinad edilməklə onun stajının 30 ildən olması, lakin 1975-1995-ci illərdə bir sıra idarə-müəssisələrdə işləməsi sadalanmış, təqdim olunmuş arayışla İddiaçı güzəştli şərtlərlə 12 il 7 ay 18 gün əmək stajının olması qeyd edilmiş, məhkəmə orqanı yalnız vətəndaşın iddiasında qeyd olunanlara istinad etməklə iddia tələbini təmin etmişdir. Məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən hesablanmaqla vətəndaşın əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Şöbə tərəfindən apellyasiya şikayəti verilməmişdir. Ümumilikdə, saxtalaşdırılmış sənədlərə, əvvəlki pensiya proqramı və hazırki “Pensiya” altsistemində mövcud olan məlumatlara və məhkəmə qərarına əsasən ödənişə başlanıldığı tarixindən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində plastik karta köçürülmüş və nağdlaşdırılmış cəmi məbləğ 101590,18 manat təşkil etmişdir. Araşdırma dövründə vətəndaş məhkəmə qərarında qeyd edilmiş, doldurulma tarixi “xx.xx.1974-cü il” olan və çətinliklə oxunan əmək kitabçasının surətini təqdim etmişdir. Həmin surətdə vətəndaşın xx.xx.1974-xx.xx.1975-ci illərdə Bakı Ayaqqabı İstehsalat Birliyində kuryer çalışması, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olması, xx.xx.1977-xx.xx.1977-ci illərdə Bakı Ayaqqabı İstehsalat Birliyində şagird, xx.xx.1978- xx.xx.1979-cu illərdə Xəzər gəmiçiliyinin dəniz ticarət idarəsinin mağazasında fəhlə və satıcı, xx.xx.1978-xx.xx.1978-ci illərdə Bakı şəhəri Təcili yardım xəstəxanasında qarderobçu işləməsi, xx.xx.1979-cu ildən qazanxana avadanlığı sexinə qazanxanası peşəsi üzrə işə daxil olduğu qeydi aşkarlanmışdır. Digər əmək fəaliyyəti barədə əmək kitabçasında hər hansı bir yazı aşkar edilməmişdir. Sadalanan əmək stajları vətəndaşa güzəştli şərtlərlə pensiya hüququ vermədiyi müəyyən edilmiş, vətəndaşa bu barədə məlumat verilmiş, işlədiyi idarə-müəssisələrdən lazımi sənədlərin alınaraq təqdim olunması zərurəti bildirilmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri Trestinin təsdiq etdiyi iş stajı və əməkhaqqı barədə arxiv arayışlarında İddiaçı həqiqətən xx.xx.1981-xx.xx.1995-ci ilədək “Xəzərqazmaneftqazsənaye” İB-nin “XüsusiləşdirilmişTexniki Vasitələrlə” DKQİ-də işlədiyi qeyd edilmiş, həmçinin 1982-1992-ci illər üzrə vətəndaşın aldığı əməkhaqları barədə məlumatları təqdim etmiş, həmin dövrdə onun üzən qurğularda qazmaçı köməkçisi peşəsində işləməsi, bu müddətdə onun ümumi iş stajının 14 il 05 ay olduğu göstərilmişdir. Araşdırma zamanı Nazirliyin “Əmək və məşğulluq” altsistemində İddiaçı adına əmək müqaviləsi, həmçinin “Pensiya” altsistemində pensiya kapitalı aşkar edilməmişdir. Araşdırma nəticəsində İddiaçı əmək kitabçasının surətində, təqdim edilmiş arayışlarda və hərbi xidmətdə olmasını təsdiq edən arayışda qeyd edilənlərə əsasən 20 il ümumi və ən azı 12 il 6 ay xüsusi (güzəştli) iş stajını topladığı, Qanunun vaxtilə qüvvədə olmuş redaksiyasına əsasən onun 52 yaşından xx.xx.2007-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olduğu müəyyən edilmişdir. Lakin vətəndaşın 2004-2005-ci illərdə işləməsini müəyyən etmək mümkün olmamış, İddiaçı özü də bu illərdə işləməsi barədə mötəbər sənəd təqdim edə bilməmişdir. Əvvəlki qanunvericiliyin tələblərinə əsasən son 24 ayın əməkhaqqısını təqdim edə bilmədiyinə görə, təqdim edilmiş sənədlərdə qeyd edilmiş 1983-1987-ci illərin əməkhaqqısı nəzərə alınmaqla vətəndaşın pensiyasının məbləği yenidən hesablanmışdır. Həmin hesablamalar nəticəsində İddiaçı pensiyasının aylıq məbləğinin xx.xx.2007-ci ildən 43,39, xx.xx.2008-ci ildən 63,96, xx.xx.2008-ci idən 78,96, 01.01,2009-cu ildən 79,78, xx.xx.2010-cu ildən 79,85, xx.xx.2010-cu ildən 89,85, xx.xx.2011 –ci ildən 90,13, xx.xx.2011-ci ildən 123,80, 01.01,2012-ci ildən 126,87, xx.xx.2013-cü ildən 127,33, xx.xx.2013-cü ildən 142,33, xx.xx.2014-cü ildən 143,35, xx.xx.2015-ci ildən 143,96, xx.xx.2016-cı ildən 145,72, xx.xx.2016-cı ildən 155,72, 01.01,2017-ci ildən 161,39, xx.xx.2018-ci ildən 170,59, xx.xx.2019-cu ildən 175,71, 01,10.2019-cu ildən 200,0, xx.xx.2020-ci ildən 233,20 manat təşkil etdiyi müəyyən olunmuşdur. Həmin hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla hüququ olduğu xx.xx.2007-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr üzrə İddiaçı qanunvericiliklə hesablanıb ödənilməli olan cəmi pensiya məbləği 20794,18 manat təşkil edəcəkdir. Göründüyü kimi, xx.xx.2020ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 233,20 manata qarşı 951,84 manata (718,64 manat artıq fərqlə) çatdırılmasına və ödənilməsinə nail olunmuşdur. Beləliklə, məhkəmə qərarı və saxtalaşdırıldığı ehtimal edilən sənədlər əsas götürülməklə və orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsinin müvafiq qərar və sərəncamı ilə İddiaçı xx.xx.2007-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatına və yüksək məbləğə çatdırılmasına, habelə xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 80.796,0 manat (101590,18 - 20794,18) təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı Nazirliyə təqdim etdiyi ərizəsi ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası hüququnu nəzərə alaraq pensiyasının qanunvericiliyin tələblərinə uyğun hesablanmasını, eyni zamanda qanunvericiliyin tələblərinə zidd olaraq təyin olunmuş pensiyasının ona ödənilməsi nəticəsində artıq ödənilmiş məbləğin qanunvericiliklə təyin olunacaq pensiyanın məbləğindən tutulmaqla ödənişin dayandırıldığı tarixindən bərpa edilməsi barədə müraciət etmişdir. Qeyd olunanlar və İddiaçı ərizəsi nəzərə alınaraq əsassız ödənildiyi müəyyən edilmiş 80796,0 manat məbləğin qanunvericiliyə tələblərinə müvafiq qaydada pensiyanın yeni aylıq məbləğindən tutulmaqla pensiya ödənişinin bərpa edilməsi üçün Fonda müvafiq məktub göndərilmişdir. Vətəndaşın qanunauyğun hesablanmış aylıq pensiyası 2021-ci ilin iyul ayından bərpa edilmişdir. İddiaçı xx.xx.2020-ci ildən 233,20 manat miqdarında hesablanmış pensiyanın aylıq məbləği müvafiq illər üzrə indeksləşdirmələrə uyğun artırılmaqla, habelə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli 3135 nömrəli Sərəncamına əsasən 2022-ci il üzrə verilməli olan 200 manat məbləğində maddi yardım nəzərə alınmaqla xx.xx.2023-cü ildən 327,21 manata çatdırılmış, hazırda ondan ayda 26,86 manat məbləğində tutulma aparılaraq əsassız ödənilmiş məbləğin bərpası təmin edilir. Hazırki iş üzrə ərizəçi olan Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(82)-1014/2015 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon şöbəsinə qarşı “təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” barədə iddia tələbi üzrə çıxarılmış xx.xx.2015-ci il tarixli məhkəmə qərarının ləğv edilməklə iş üzrə icraatın təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ərizənin mümkün sayılmaması qərara alınmışdır.
7. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu hal hazırkı işdə mövcud deyil. Bu isə ərizəçinin qanunvericilikdə nəzərdə tutulmuş digər vasitələrdən istifadə etməsini istisna etməsə də, hazırkı hüquq müdafiə vasitəsini istisna edir. Eyni zamanda həmin müddətin buraxıldığı halda, müddətin bərpasına yol verilmir.
8. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1014/2015 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin olunaraq icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayətinin dəlilləri yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün ərizəçi İnzibati Prosessual Məcəlləsinin 100 və 103.1-ci maddələrinə istinad etmişdir.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
11. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun dəlilərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki halları tam hərtərəfli araşdırılmamış, bununla da prosessual normaların tələbləri pozulmuş, nəticədə qanunsuz qərardad qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(82)-1014/2015 saylı qərardadının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə
Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
14. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
15. Qərardad bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmənin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.
18. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.
19. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
20. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir.
21. Yuxarıda istinad edilən normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
22. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1014/2015 saylı 20 fevral 2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmişdir.
23. Cavabdeh isə xx.xx.2024-cü il tarixdə yəni, 3 illik müddəti ötürməklə (təxminən 9 il) sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
24. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün yuxarıda qeyd olunan müəyyən müddət məhdudiyyəti hazırkı mübahisəyə münasibətdə ödənilməmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apellyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir.
26. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır.
27. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.
28. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür.
29. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər.
30. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir.
31. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır.
32. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır.
33. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94, 100, 103, 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1014/2015 saylı, 19 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov