Məhkəmə qərarları › İş №2-1(103)-276/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-276/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-276/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 11 saylı Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2- 1(112)1556/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC 31.08.2020-ci il tarixdə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-də (VÖEN **********) keçirilmiş səyyar vergi yoxlaması nəticələrinə görə tərtib edilmiş 17.06.2020-ci il tarixli **********192818 nömrəli "Səyyar vergi yoxlaması aktı" əsasında qəbul edilmiş 29 iyul 2020-ci il tarixli **********138430 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, inzibati hüquq münasibətlərindən yaranan mübahisə cavabdeh inzibati orqan tərəfindən qanunsuz qəbul edilən inzibati aktın ləğv edilməsi ilə bağlıdır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18.10.2019-cu il tarixli **********191784 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən "xxxx" MMC-də (VOEN **********) 01.08.2017-ci il tarixdən 31.08.2019-cu il tarixədək olan vergi dövrü üzrə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələri 17.06.2020-ci il tarixli **********192818 nömrəli "Səyyar vergi yoxlaması aktı" ilə rəsmiləşdirilmişdir. Yoxlama nəticələrinə görə tərtib edilmiş aktda cəmiyyətin 2017-ci il üzrə 117492.10 manat, 2018-ci il üzrə 396291.56 manat gəlir vergisinin azaldılması (cəmiyyət tərəfindən təqdim edilmiş bəyannamələrdə hesablanmış vergi məbləğlərindən əlavə hesablanmışdır) göstərilmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış gəlir vergisi məbləğinin 50% miqdarında və ya 256891.83 manat məbləğində ((117492,1 + 396291,56) x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa yoxlama nəticələrinə görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 1483075,87 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) hesabatlarını əsas olmadan təqdim etmədiyinə görə 600.00 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama materiallarında əlavə verginin hesablanması və maliyyə sanksiyalarının tətbiqi aşağıdakılarla izah edilmişdir: Gəlir vergisinin hesablanması üzrə Cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində (bəyannamədə gəlirin və xərclərin müəyyən edilməsində kassa metodunun tətbiqi göstərilmişdir) 2017-ci il üzrə ümumi gəlir 3873366.1 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 3815265.6 manat, vergiyə cəlb edilən gəlir 58100.5 manat bəyan edilməklə 11620.1 manat məbləğində gəlir vergisi hesablanmışdır. Cəmiyyət tərəfindən 2018-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində (bəyannamədə gəlirin və xərclərin müəyyən edilməsində kassa metodunun tətbiqi göstərilmişdir) 2018-ci il üzrə ümumi gəlir 12965655,87 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 12786171,03 manat, vergiyə cəlb edilən gəlir 179484,84 manat bəyan edilməklə 35896,97 manat məbləğində gəlir vergisi hesablanmışdır. Yoxlama 2017 və 2018-ci illərin gəlir vergisi bəyannamələrində gəlir məbləğində kənarlaşma aşkar etməmişdir, lakin yoxlama aktında göstərildiyi kimi, gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmadığından 2017 və 2018-ci illər üzrə gəlir vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinad edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Yoxlama ilə gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən etmək mümkünsüzlüyünü aşağıdakı kimi izah edilmişdir. Belə ki, yoxlanılan dövrdə cəmiyyət kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuş və ixrac edilmiş mallar kənd təsərrüfatı istehsalçılarından alınmışdır. Malların alışı "alış aktları" ilə rəsmiləşdirilmiş, həmin sənədlərdə mal satan şəxslərin şəxsiyyətini təsdiq edən sənədin rekvizitləri, onlardan alınan malın adı, miqdarı və dəyəri əks etdirilmiş, malı alan və satan şəxslərin imzaları ilə təsdiq edilmişdir. Həmçinin həmin şəxslərin kənd təsərrüfatı istehsalçısı olduğunu təsdiq edən sənəd kimi onlardan sərəmcanlarında olan kənd təsərrüfatı təyinatlı torpaqların olması barədə müvafiq dövlət orqanları tərəfindən təsdiq edilmiş sənədlərin sürəti alınmışdır. Lakin yoxlama aktında göstərildiyi kimi, yoxlama gedişatında aparılmış araşdırılmalar nəticəsində (cəmiyyətə mal satan bir sıra şəxslərdən izahatlar alınmış, onların istifadəsində və sərəncamında olan torpaq sahələrinin olub-olmaması və onların təyinatı barədə müvafiq dövlət orqanlarından arayışlar (aktlar) alınmışdır. Yoxlama aktında göstərildiyi kimi, araşdırılma nəticəsində müəyyən edilmişdir ki, meyvə-tərəvəz təqdim edən şəxslərdən bir neçəsindən bir sıra növ məhsulların alınmasının rəsmiləşdirilməsinə baxmayaraq həmin şəxslər tərəfindən yoxlamaya verilmiş izahatlarında başqa növ kənd təsərrüfatı məhsullarının satdığıni bildiriblər. Bundan başqa yoxlama aktında meyvətərəvəz təqdim edən şəxslərdən bir neçəsindən bir sıra növ məhsulların alınmasının rəsmiləşdirilməsinə baxmayaraq, həmin şəxslərin istifadələrində olan kənd təsərrüfatı torpaqlarının dövlət qeydiyyatı sənədlərində "ənənəvi alma bağı" kimi qeydə alınması müəyyən edilməsi göstərilmiş və bu halların mövcudluğu cəmiyyət tərəfindən ixrac etdiyi malların alışı ilə bağlı yoxlamaya təqdim etdiyi sənədlər (alış aktları) xərclərin formalaşdırılmasında əsas kimi qəbul edilməmişdir. Bildirirlər ki, cəmiyyət kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olur. İxracı planlaşdırılan məhsulların əldə edilməsi ilə bağlı araşdırılmalar aparılarkən tələb olunan məhsulların istehsalçıları öyrənilir, onlarla görüşlər və danışıqlar aparılır. Danışıqlar aparıldığı şəxslərdən həqiqətən kənd təsərrüfatı məhsullarının istehsalçısı olduğu dəqiqləşdirilir və subut kimi, onlardan istifadələrində və ya mülkiyyətlərində kənd təsərrüfatı təyinatlı torpaqların mövcudluğunu bu barədə müvafiq dövlət orqanları tərəfindən təsdiqedici sənədlərinin təqdim edilməsi tələb olunur. Bundan sonra malların alınması "alış aktları" ilə rəsmiləşdirilir. Malların alınması ilə bağlı hər əməliyyat "alış aktı" ilə rəsmiləşdirilir və ona kənd təsərrüfatı təyinatlı torpaqların mövcudluğunu ilə bağlı müvafiq sənəd əlavə olunur. Bir şəxslə malların alınması ilə bağlı bir əməliyyatdan çox əməliyyat aparıldıqda, ikinci əməliyyatdan başlayaraq onun mülkiyyətində və ya istifadəsində kənd təsərrüfatı təyinatlı torpaqların olması barədə sənəd tələb edilmir. Malların alışı zamanı malların dəyəri nağd qaydada satıcılara ödənilir. İxrac olunmuş malların dəyəri xarici mal alan şəxslər tərəfindən cəmiyyətin bank hesablarına ödənilir. 2017 və 2018-ci illər üzrə illik gəlir vergisi bəyannamələrində iddiaçı tərəfindən ixrac edilmiş malların dəyəri gəlir kimi, ixrac edilmiş həmin malların alış dəyəri digər xərclərlə birlikdə gəlirin əldə edilməsi ilə bağlı xərclər hissəsində əks etdirilmişdir. Bəyannamələrdə bəyan edilmiş göstəricilər aparılmış əməliyyatların reallığını əks etdirən göstəricilərdir. Cəmiyyət üçün malların alınmasının təsdiq edən əsas sənəd alış aktıdır. Alış aktları həm malı satan, həm malı alan şəxs tərəfindən imzaları ilə təsdiqlənir. Yoxlama zamanı müəssisəyə mal satan şəxslərin izahatlarının nəzərə alınması, lakin müəssisə tərəfindən təqdim edilmiş təsdiqedici sənədlərin nəzərə alınmaması tamamilə əsassız hesab edirlər. Belə ki, səyyar vergi yoxlamasından əvvəl, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin keçirtdiyi kameral vergi yoxlaması nəticəsində çıxarılmış 09.04.2019-cu il tarixli **********545400 nömrəli "Vergilərin hesablanması barədə" Qərarına əsasən cəmiyyətə 2018-ci ilin gəlir vergisi üzrə əlavə olaraq 396291,56 manat vergi hesablanmış və buna səbəb kimi, Lokal Gəlirlər Departamenti tərəfindən xərcləri təsdiq edən sənədlərin qəbul edilməməsi və 2018-ci il üzrə gəlir vergisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarına əsasən hesablanması göstərilmişdir. İddiaçı tərəfindən qeyd edilən qərar inzibati qaydada mübahisələndirilmiş və Vergilər Nazirliyinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" 14.08.2019-cu il tarixli **********377500 nömrəli Qərarı ilə şikayət təmin edilməmişdir. Bu məsələ ilə bağlı son müraciət Vergilər Nazirliyinin Apellasiya Şurasında baxılmışdır. Şurada araşdırılmanın aparıldığı zaman müəssisə tərəfindən sonradan səyyar vergi yoxlamasına təqdim etdikləri sənədlər təqdim edilmiş, müvafiq izahatlar verilmişdir. Müraciətə baxılması nəticəsində Vergilər Nazirliyinin Apellyasiya Şurası tərəfindən qəbul edilmiş 27.09.2019-cu il tarixli **********369000 nömrəli Qərarı ilə Vergilər Nazirliyinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" 14.08.2019-cu il tarixli **********377500 nömrəli Qərarı və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20.02.2019-cu il tarixli **********193700 nömrəli və 09.04.2019-cu il tarixli **********545400 nömrəli "Vergilərin hesablanması barədə" Qərarları ləğv edilmişdir. Yəni, səyyar vergi yoxlaması tərəfindən yuxarı vergi orqanının qəbul edildiyi bu Qərar nəzərə alınmamış və təkrar olaraq eyni məsələ ilə bağlı əlavə vergi hesablanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq 2017 və 2018-ci illər üzrə gəlir vergisi üzrə əlavə verginin hesablanmasını əsassız hesab edirlər. Yuxarıda qeyd edildiyi kimi, yoxlama ilə cəmiyyətə Vergi Məcəlləsinin 58.7- aparılan araşdırılmaların nəticəsində alma istisna olmaqla alınmış digər meyvə-tərəvəz 1-ci maddəsinə əsasən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 1483575,54 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Buna səbəb kimi də, yoxlama zamanı müraciətin "Gəlir vergisinin hesablanması üzrə" hissəsində göstərilən, vergi orqanı tərəfindən birbaşa kənd təsərrüfatı istehsalçılarından alınmaması göstərilmişdir. Belə ki, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.5.1-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçısı olan vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsulların nağd qaydada satın alına bilər. İddiaçı tərəfindən ixrac edilən kənd təsərrüfatı məhsulları Respublika daxilində alınarkən, həmin məhsulların satıcılarından onların kənd təsərrüfatı məhsulların istehsalçısı olduğu öyrənildikdən, onlardan, mülkiyyətində və ya istifadələrində kənd təsərrüfatı təyinatlı torpaqların olması barədə müvafiq dövlət strukturlarından lazımı təsdiqedici sənədlərin alındıqdan sonra alqı-satqı əməliyyatları aparılmışdır.İddiaçı həmin şəxsləri kənd təsərrüfatı məhsullarının istehsalçısı kimi tanıyır və onlardan malların alınmasını təsdiq edən "alış aktlarında" digər şəxslərin yox, həmin şəxslərin imzalarıdır. Göstərilənləri və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.5.1-ci maddəsinə əsaslanaraq, həmin şəxslərdən malların alındığı zaman onlarla hesablaşmalar nağd qaydada aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatının və ya Vergi Məcəlləsinin 16.1-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi orqanı tərəfindən "xxxx" MMC-yə 600 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bildirirlər ki, müəssisənin fəaliyyəti iddia ərizəsinə əlavə edilən arayışdan göründüyü kimi, 02.11.2018-ci il tarixdən 02.11.2019-cu il tarixədək vergi orqanının qərarına əsasən dayandırılmışdır. Eyni zamanda iddia ərizəsinə əlavə edilən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "fəaliyyətin bərpa edilməsi barədə" məktubunda da qeyd edildiyi kimi, fəaliyyətin bərpa ediləcəyi tarixdən etibarən Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə müvafiq bəyannamələrin vergi orqanına təqdim edilməsi, hesablanmış vergilərin vaxtında dövlət büdcəsinə ödənilməsi göstərilmişdir. Fəaliyyəti dayandırılmış müəssisədən hesabatın verilməməsinə görə sanksiya tətbiq etmək hesab edirlər ki, əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 29 iyul 2020-ci il tarixli **********138430 nömrəli qərarı Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, həmin qərarda nə vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, nə həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, nə vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, nə vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməmiş və həmçinin vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi ona izah olunmamışdır. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Göstərilənə əsasən iddiaçı "xxxx" MMC-də (VÖEN **********) keçirilmiş səyyar vergi yoxlaması nəticələrinə görə tərtib edilmiş 17.06.2020-ci il tarixli **********192818 nömrəli "Səyyar vergi yoxlaması aktı" əsasında qəbul edilmiş 29 iyul 2020-ci il tarixli **********138430 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(112)1556/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. 08.10.2021-ci il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayətinə dair etiraz məhkəməyə göndərilmişdir. Etirazda birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda əvvəlki məhkəmə iclasında mal satan şəxslərin izahatlarında olan ziddiyyətlərin aydınlaşdırılması üçün onların şahid qismində dinlənilməsi məqsədilə məhkəmədən vaxt verilməsini xahiş etmiş və məhkəmə iclası təxirə salınmışdır. Lakin növbəti məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şahidlərin hazırda Respublika ərazisində kənarda olduğunu, bu səbəbdən məhkəmə iclasına gələ bilmədiklərini bildirmişdir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili şifahi vəsatətlə iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən müvafiq vəsatətin təmin edilməsinə kifayət qədər əsaslar olmadığından vəsatət təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş 22.08.2019-cu il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergu uçotu qeydiyatına alınmışdır, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir, hüquqi ünvanı AZ 1073, ünvan 1ıdır, dövlət qeydiyyatına alındığı tarix 31.08.2017-ci ildir. Qanuni təmsilçisi X3r. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 18.10.2019-cu il tarixli **********191784 nömrəli qərarından görünür ki, 01.08.2017-ci ildən 31.08.2019-cu ilədək olan dövr üzrə "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. - Qanunun tələbi baxımından Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 23.10.2019-cu il tarixli **********192023 saylı Tələbnamədən görünür ki, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə təqdim edilmiş və bu tələbnaməyə əsasən 01.08.2017-ci il tarixdən 01.09.2019-cu il tarixədək olan dövrdə vergilərin hesablanması üçün bütün ilkin mühasibat sənədləri tələb edilmişdir. - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən 14 noyabr 2019-cu il tarixli **********19329 saylı sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərardan görünür ki, İddiaçı MMC-dən yoxlama predmetinə aid olan və 01.08.2017-ci il tarixdən 01.08.2017-ci il tarixdən 01.09.2019-cu il tarixədək vergilərin hesablanması üçün bütün ilkin mühasibat sənədləri (e-qaimə-fakturalar, e-vergi hesab-fakturalar, bank sənədləri, kassa sənədləri, işlərin (xidmətrlərin) təhvil-təslim aktları, gəlirləri və xərcləri təsdiq edən sənədlər və.s) kompüterlər, prosessorlar və digər elektron informasiya daşıyıcılarının götürülməsinin həyata keçirilməsi qərara alınmış və 25 noyabr 2019-cu il tarixli **********197875 saylı Protokol əsasında qərarda sadalanan sənədlər götürülmüşdür. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsi tərəfindən 18.10.2019-cu il tarixli **********191784 saylı Qərarına əsasən keçirilən yoxlama 17.06.2020-ci il tarixli **********192818 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Sözügedən aktda müəyyən edilənlərdən görünür ki, müəssisə tərəfindən 2017-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir ******* manat, gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 3815265.60 manat, vergiyə cəlb edilən mənfəət 58100,50 manat göstərilməklə 11620,10 manat mənfəət vergisi hesablanmışdır. Mənfəət vergisi bəyannaməsinin düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Vergi Məcəlləsinin 130.2-cı maddəsinə əsasən vergi ödəyicısi öz fəaliyyəti ilə bağlı bütün əməliyyatların başlanğıcını, gedişini, və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin xərclərin) və vergitutma obyektlərinin uçotunun aparılması vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Belə ki, mənfəət vergisi yoxlanılan zaman gəlirin müəyyən olunması sənədlərlə, eyni zamanda aparılmış uçot qaydalarına əməl edilərək, həmin gəlir kassa metodu nəzərə alınmaqla, gəlirin bank və kassa ödəniş sənədləri əsasında aparılaraq, 2017-ci il üzrə 3873366.10 manat təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, gəlirin əldə edilməsi ilə bağlı xərcləri müəyyən etmək mümkün olmamışdır. Belə kı, malların alış aktlarında qeyd olunan şəxslərin qeydiyyatda olduğu ərazi üzrə vergi orqanının araşdırmasının nəticəsi üzrə tərtib edilmiş akta əsasən həmin şəxslərin izahatı ilə vergi ödəyicisinin təqdim etdiyi sənədlər arasında alınmış malların tərkibi arasında ziddiyyətlər yaranmışdır. Bundan başqa müəyyən olunmuşdur ki, vergi ödəyicisinə meyvə-tərəvəz təqdim edən şəxslərdən X1 xurma, nar, mandarin və alma məhsullarının almasına baxmayaraq, R. Məmmədzadənin araşdırmaya təqdim etdiyi izahatda vergi ödəyicisinə alma, armud və alça məhsullarını satdığını, alış aktlarına əsasən vergi ödəyicisi X4 xurma almasına baxmayaraq, N.Bağırovun araşdırmaya təqdim etdiyi izahatda vergi ödəyicisinə alma, armud və alça məhsullarını satdığını bildirmişdir.... – - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1. maddəsinə əsasən 2017-ci ilin sentyabr, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar-avqust aylarının əlavə dəyər vergisi, 2019-cu ilin torpaq vergisi, 2019-cu ilin 1-ci və 2-ci rüblərinin MDSS - işəgötürənlər- muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) və 2019-cu ilin 1-ci və 2-ci rüblərinin İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) hesabatlarını əsas olmadan təqdim etmədiyinə görə, 600,00 manat miqdarında maliyyə sanksiyası tətbiq edilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 29 iyul 2020-ci il tarixli **********138430 №li Qərar qəbul edilmişdir. İşin hallarından müəyyən edilir ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18.10.2019-cu il tarixli **********191784 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərara əsasən "xxxx" MMC-də (VOEN **********) 01.08.2017-ci il tarixdən 31.08.2019-cu il tarixədək olan vergi dövrü üzrə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələri 17.06.2020-ci il tarixli **********192818 nömrəli "Səyyar vergi yoxlaması aktı" ilə rəsmiləşdirilmişdir. Yoxlama nəticələrinə görə tərtib edilmiş aktda cəmiyyətin 2017-ci il üzrə 117492.10 manat, 2018-ci il üzrə 396291.56 manat gəlir vergisinin azaldılması (cəmiyyət tərəfindən təqdim edilmiş bəyannamələrdə hesablanmış vergi məbləğlərindən əlavə hesablanmışdır) göstərilmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış gəlir vergisi məbləğinin 50% miqdarında və ya 256891.83 manat məbləğində ((117492,1 + 396291,56) x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticələrinə əsasən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 1483075,87 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) hesabatlarını əsas olmadan təqdim etmədiyinə görə 600.00 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarıdır. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən 57.1. Bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən keçirilmiş səyyar vergi yoxlaması nəticələrinə görə tərtib edilmiş 17.06.2020-ci il tarixli **********192818 nömrəli "Səyyar vergi yoxlaması aktı" əsasında qəbul edilmiş 29 iyul 2020-ci il tarixli **********138430 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarın ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı meyvə və tərəvəzlərin topdan satışı (ixracı) ilə məşğul olmuşdur. Vergi orqanı tərəfindən aparılan yoxlama nəticəsində iddiaçı tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, (qaimə-fakturalar, vergi hesab-fakturalar, bank sənədləri, kassa sənədləri, gəlirləri və xərcləri təsdiq edən sənədlər, dövriyyə cədvəlləri, kassa kitabı, müqavilələr, ixrac əməliyyatlarına dair bütün sənədlər (müqavilələr, invoyslar, gömrük bəyannamələri, ödəniş sənədləri), hüquqi şəxsin vergi orqanında qeydiyyata alınmasına, banklarda və digər kredit təşkilatlarında hesabların açılmasına dair sənədlər, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş şəxslərlə bağlanmış əmək müqavilələri, memorial-orderlər, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər araşdırılaraq, mənfəət vergisi yoxlanılan zaman gəlirin 2017-ci il üzrə 3873366,10 manat təşkil etdiyi müəyyən olunmuşdur. Araşdırma zamanı iddiaçı tərəfindən alınmış malların tərkibi arasında ziddiyyətlərin mövcud olduğu müəyyən edilmişdir. Belə ki, vergi orqanı tərəfindən iddiaçı ilə meyvə-tərəvəz məhsullarının satışı ilə məşqul olan şəxslər barəsində Quba rayonu Barlı Bələdiyyəsinə sorğu edilmiş, sorğuya cavab olaraq aparılan araşdırmalar nəticəsində məhsulu satan sahibkarların ənənəvi alma bağlarının olduğu müəyyən edilmişdir . Halbuki, iş materiallarına əlavə edilən alış aktlarından müəssisə tərəfindən xurma, nar, narıngi, alça, limon, alma feyxoa, heyva, nar, pomidor, quru xurma, xiyar kimi müxtəlif çeşiddə meyvə-tərəvəz məhsullarının alındığı göstərilmişdir. Lakin iddiaçı tərəfindən satın alınan məhsulların becərildiyi torpaq sahələrinin hüquqmüəyyənedici sənədləri, həmçinin icarə müqavilələri, məhsulların becərildiyini təsdiq edən yerli icra hakimiyyəti və ya bələdiyyə orqanından alınan arayışlar yoxlamaya təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin vergi orqanı tərəfindən aparılan araşdırma zamanı iddiaçı ilə alqı-satqı aparan şəxslərdən bir qismi heç bir əməliyyat aparmadıqlarını bildirmişlər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının gəlirinin əldə edilməsi ilə bağlı çəkilən xərcləri təsdiq edən sənədlər - alış aktlarının dürüstlüyünə şübhə etməsində vergi orqanı haqlı olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017- ci il tarixli Q-08 nömrəli Qərarına əsasən “Mallarin alış aktı” ciddi hesabat blankı hesab edilir. Lakin iddiaçı tərəfindən təqdim edilən malların alış aktları ciddi hesabat blankı olaraq alınmamış və təsdiq olunmuş formaya uyğun tərtib edilmədiyi iş materialları ilə sübut edilməkdədir. Odur ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinadən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmadığından 2017 və 2018-ci illər üzrə gəlir vergisi şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Eyni zamanda müəssisə yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Yoxlamaya təqdim olunmuş hesabat göstəriciləri ilə faktiki göstəricilər üzləşdirildikdə cəmiyyət tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 15,68 manat azaldılması müəyyən edilmiş, verginin azaldılmasına səbəbi işçilərə hesablanmış əmək haqqının vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin bəyannaməsində göstərilməməsi olmuşdur. Yoxlanılan dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannamələrində göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğinə nisbətən 15,68 manat azaldılmasına görə, vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50% miqdarında 7,84 manat maliyyə sanksiyası tətbiq edilmişdir "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanunun tələbləri pozulduğuna görə Vergi Məcəlləsinin 58.7-1-cı maddəsinə əsasən müəsissəyə 1483075.87 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. (nağd qaydada ödənilmiş məbləğ 16554364,00 - 270000,00 manat 9 (doqquz) aylıq limit - 1453605.26 manat alınmış alma məhsulu = 14830758,74 x 10 faiz ). Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1. maddəsinə əsasən 2017-ci ilin sentyabr, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar-avqust aylarının əlavə dəyər vergisi, 2019-cu ilin torpaq vergisi, 2019-cu ilin 1-ci və 2-ci rüblərinin MDSS işəgötürənlər- muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) və 2019-cu ilin 1-ci və 2-ci rüblərinin İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) hesabatlarını əsas olmadan təqdim etmədiyinə görə, cəmi 600,00 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin əsasını təşkil edən hallar iş materialları ilə öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən mal satan şəxslərin izahatlarında olan ziddiyyətlərin aradan qaldırılması məqsədilə həmin şəxslərin şahid qismində dinlənilməsi üçün məhkəmə iclasına iştirakının təmin edilməsi iddiaçı tərəfin üzərinə qoyulsa da, məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili həmin şəxslərin hazırda Respublika ərazisində kənarda olduqlarını, bu səbəbdən məhkəmə iclasına gələ bilmədiklərini bildirərək, onların iştiraklarını təmin etməmiş və məhkəməyə onların notarial qayadada təsdiq edilmiş izahatları təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(112)1556/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar