Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-276/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi haqqında iddia tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2274/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 47 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən təhsil illərinin ümumi iş stajına əlavə edilməklə əmək pensiyasının təyin edilməsi və qanunverciliyə uyğun olaraq yaranmış qalığın hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, 1981-ci ildən 1983-cü ilədək hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1983-cü il tarixli əmrlə “Bakıtuneltikinti” (SMU-3) idarəsinə markşeyder 2-ci dərəcəli fəhlə kimi yeraltı işinə qəbul edilmiş, həmin vaxtdan da metrotikintidə yeraltı işlərdə fasiləsiz olaraq 2014-cü ilədək işləmişdir. xx.xx.2014-cü il tarixdə işdən azad edilmiş və xx.xx.2014-cü il tarixli əmrlə "xxxx" QSC-nin 1 saylı Tunel Tikinti Dəstəsinə yeraltı iş şəraiti ilə növbəli markşeyderi vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. SSRİ Ali Soveti tərəfindən 1989-cu ildə təsdiq edilmiş Nazirlər Sovetinin qərarına əsasən yeraltı işlərdə fasiləsiz olaraq 20-25 il müddətində çalışmış işçilərin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olması təsbit edilmişdir. Təqaüdə çıxan şəxsə orta aylıq əmək haqqının 85% miqdarında pensiya hesablanırdı. Yeraltı işlərdə 25 illik fasiləsiz əmək fəaliyyəti 2008-ci il tarixdə bitmişdir. 2008-ci ildə DSMF-nun Xətai rayon Şöbəsinə müraciət etmiş, lakin mümkün olmadığı bildirilmiş və iddiaçıya pensiya 2013-cü ildə təyin edilmişdir. 2013-cü ildə ona 209 manat pensiya hesablanmış, halbuki 2008-ci ildə təyin edilsəydi, 690 manata yaxın hesablanmalı idi. Göründüyü kimi ona pensiya 4 il sonra təyin edilmiş, həmçinin, təyin edilmiş pensiya düzgün hesablanmamış və bu günə kimi 12 il ərzində qanunla almalı olduğu pensiya miqdarı az hesablanmış, nəticədə hüquqları pozulmuşdur. İddiaçı ona güzəştli şərtlərlə təyin edilmiş pensiyanın 2008-ci ildən hal-hazırki dövrədək qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanması və aldığı pensiyaya əlavə edilərək ödənilməsi barədə cavabdeh tərəfə ərizə ilə müraciət etmiş, lakin ərizəyə cavab verilməmişdir. xx.xx.2020-ci il tarixdə yenidən ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmiş və cavab belə verilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Bu səbəbdən də, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 47 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2274/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 2006-cı ilin 1 yanvar tarixinədək onun ümumi iş stajı 25 ildən artıq olmuş, iddiaçı tamamilə yeraltı işlərdə çalışmış və həmin tarixədək onun pensiya almaq hüququ yaranmışdır. Həmçinin cavabdeh tərəfindən onun 1977-ci ildən 1981-ci ilədək təhsil aldığı müddət ümumi iş stajına hesablanmamışdr. İşə baxmış məhkəmə qanunvericiliyin normalarını sadalamaqla kifayətlənmiş, ətraflı araşdırma aparmamış, işin faktiki hallarını tam araşdırmamış, qanunun normaları düzgün tətbiq edilməmiş və nəticədə düzgün olmayan qərar çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-938/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1085/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı, İddiaçı təhsil illərinin ümumi iş stajına əlavə edilməklə əmək pensiyasının təyin olunmasının rədd olunması hissəsində, ləğv edilmiş və bu hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən T.Kərimov, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, Ali Məhkəmənin qərarından irəli gölən göstərişləri nəzərə almaqla iş materiallarını təkrar apellyasiya qaydasında araşıdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddiaçının təhsil illərinin ümumi iş stajına əlavə edilməklə pensiyasının hesablanması tələbinin rədd olunması hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin iddiaçının 47 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbini təmin etməməklə gəldiyi nəticə əsaslı olmuşdur. Bu hissədə iddiaçının şikayəti əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının digər tələbi texnikum təhsil illəri nəzərə alınmaqla pensiyanın yenidən hesablanması barədədir. İddiaçı apelyasiya şikayətində də təhsil aldığı dövrün pensiya təyini zamanı nəzərə alınmadığını bildirmiş, lakin apelyasiya məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək apelyasiya şikayətinin bu dəlilinə münasibət bildirməmişdir.” (b.b.34-35) İPM-in 96.11-ci maddəsinə əsasın mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İş materiallarına əlavə olunmuş, iddiaçıya məxsus 23 aprel 1981-ci il tarixli BT044697 saylı diplomun surətinə və surətinə müəyyən olunur ki, o, 1977-ci ildə Bakı Politexnikumuna daxil olmuş, 1981-ci ildə “Topoqrafiya” ixtisası üzrə tam kursu bitirmişdir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericiliklə orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilirdi. Lakin iş materiallarına (pensiya uçot vərəqinə və pensiya işinə dair digər sənədlərə) əsasən isə müəyyən olunur ki, ona pensiya xx.xx.2013-cü il tarixindən təyin olunarkən, onun 1977-1981-ci illərdə Bakı Politexnikumunda oxuduğu təhsil müddəti onun sığorta sıtajında nəzərə alınmamış və bu cavabdeh tərəfindən işin mübahisələndirilməyən halını təşkil edır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddia, təhsil müddətinin iş stajına əlavə edilməklə, yenidən hesablanması tələbinə dair hissəsində əsaslıdır. Belə olan halda, cavabdeh Qanunun qeyd olunan tələblərindən irəli gələn öhdəliyini yerinə yetirməməklə, iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 34.1-ci maddəsinin tələbindən də görünür ki, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbinın təhsil müddəti ilə bağlı hissəsində rədd olunması işdə olan sübutlara və maddi hüquq normalarına uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin hissədə qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2274/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı, iddiaçının təhsil illərinin ümumi iş stajına əlavə edilməklə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi” tələbinin rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin olunmalı və onun 1977-1981-ci illərdə Bakı Politexnikumunda oxuduğu təhsil müddəti sığorta stajına əlavə edilməklə, xx.xx.2013-cü il tarixdən ona təyin edilmiş pensiyasının yenidən hesablanaraq yaranmış fərqin ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2274/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı, “iddiaçının təhsil illərinin onun ümumi iş stajına əlavə edilməklə pensiyasının təyin olunması və yaranmış fərqin ona ödənilməsi” tələbinin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunsun. İddiaçı 1977-1981-ci illərdə Bakı Politexnikumunda oxuduğu təhsil müddəti onun sığorta stajına əlavə edilməklə, xx.xx.2013-cü il tarixdən ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-276/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-276/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver