Məhkəmə qərarları › İş №2-1(103)-276/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-276/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-276/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-807/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X8 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2017-ci il tarixdən, 57 (əlli yeddi) yaşdan təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixində Bakı şəhərində doğulmuşdur. 1981-ci ildə əmək fəaliyyətinə başlamışdır və müxtəlif peşələrdə çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaşa çatdığından cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmişdir. Lakin cavabdeh orqan 3-17-/2D-15258/2023 saylı xx.xx.2023-cü il tarixli imtina haqqında cavabla müraciətini müsbət cavablandırmamışdır. İmtinan qanunsuz və əsassızdır. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri yaşa və iş stajına malikdir. Belə ki, 1981-ci ildən başlayaraq indiyədək 42 (qırx iki) il əmək stajına malikdir. 2001-ci ildən başlayaraq iddiaçı quyuların əsaslı təmiri və yeraltı təmiri sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışmışdır. Qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına haqq verən islahatların, peşələrin, vəzifələrin və göstərişlərin Siyahısının 10.2-cü maddəsində nəzərdə tutulmuşdur. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların Pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N°li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 24 il 2 ay 1 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988-21.01,1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonrakı dövrlər üçün isə sığorta stajının 16 il 4 ay olduğu müəyyən edilmişdir. Həmçinin 1 yanvar 2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 22384,41 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 37723,67 manat olmaqla cəmi pensiya kapitalı 60108,08 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı “X10 Company S.A.” şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin ona dair 1 iyun 2022-ci il tarixli 517/AS nömrəli arayışında xx.xx.2001-ci il tarixdən bugünədək quyuların əsaslı və yeraltı təmiri sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışdığı sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’’nda nəzərdə tutulmadığı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçı X5 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, iddiaçı X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul etməyi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-807/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, İddiaçı “X10 Company S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ona dair 1 iyun 2022-ci il tarixli 517/AS nömrəli arayışında xx.xx.2001-ci il tarixdən bugünədək quyuların əsaslı və yeraltı təmiri sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışdığı sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı bildirilmişdir.' Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləlikl, məhkəmə İddiaçı güzəştli iş stajı olmadığı halda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı iddia tələbini rədd etməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırda qüvvədə olan sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə 60 yaşdan Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - tələb olunan yaş həddinə çatmalı, - azı 25 il sığorta stajı olmalı - stajının 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir.-fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması, ümumi iş stajının və tələb olunan pensiya kapitalının mövcud olması işin mübahisələndirilməyən halıdır. İş materiallarından məlum olur ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçının xx.xx.2020-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən X8 xx.xx.1979-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci ildə F.Dzerjinski adına maşınqayırma zavoduna 2-ci dərəcəli köməkçi işçi kimi işə qəbul edilib, xx.xx.1983-cü ildə işdən azad edilib, xx.xx.1983-ci ildə Lenin rayon Yeyinti Ticarət İdarəsində ambarda yükdaşıyan kimi işə qəbul olub, xx.xx.1988-ci ildə işdən azad edilib, xx.xx.1988-ci ildə “Zelenstroy” tikinti idarəsində 2-ci dərəcəli bağ işçisi kimi işə qəbul edilib, xx.xx.1991-ci ildə işdən azad edilib, xx.xx.1991-ci ildə “Azizbekovneft” Neft və Qazçıxarma İdarəsinə işə qəbul edilib, xx.xx.1984-cü ildə həmin sahəyə quyuların kimyəvi işlənməsi (emalı) üzrə 3cü dərəcəli operator kimi işə qəbul edilib, xx.xx.1991-ci ildə işdən azad edilib, xx.xx.1991ci ildə “Suraxanıneft” Neft və Qazçıxarma İdarəsinə işə qəbul edilib, xx.xx.2001-ci ildə quyuların əsaslı təmiri sexinə 5- ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə idarənin ləğv edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib və işdən azad edilib, xx.xx.2006-cı ildə X14 Kompani S.A. şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində quyuların əsaslı təmiri sexinə 5-ci dərəcəli elektrik avadanlarının təmiri və xidmət üzrə elektrik montyoru peşəsinə qəbul edilib, xx.xx.2008-ci ildə işdən azad edilib, hal-hazırda işləyir. Yuxarıda qeyd olunan hərbi bilet və əmək kitabçasına əsasən iddiaçının xx.xx.1979xx.xx.1981-ci ilədək hərbi xidmət dövrü, xx.xx.1981-xx.xx.1983, xx.xx.1983-ci xx.xx.1988, xx.xx.1988-xx.xx.1991, xx.xx.1991-xx.xx.2006-cı il tarixədək 26 il 02 ay 06 gün, xx.xx.2006-cı il tarixdən sonra xx.xx.2020-ci ilədək (60 yaşınadək) 14 il 10 ay 14 gün olmaqla işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənildiyi əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla ümumilikdə 40 ildən çox ümumi iş stajı toplamışdır. Məhkəmə kollegiyası həmçinin iddiaçının qanunvericiliyinə uyğun olaraq tələb olunan pensiya kapitalına münasibətdə qeyd edir ki, Əmək Pensiyaları haqqında Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırıldığıdan, iddiaçı üçün pensiya ödənişi müddəti aylarının sayı 205-ə (65 yaş (Qanunun 7-ci maddəsi ilə həmin dövrə (01 iyul 2020-ci ildən pensiya yaşı) çıxılsın 60 yaş (iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxma yaşı) =60 ay (05 il x12 ay)+144 ay = 204 ay) bərabərdir. xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək yaşa görə minimum pensiya məbləği 200 manat olduğundan pensiya təyinatı üçün tələb olunan minimum pensiya kapitalı 40800 (200 man x 204 ay) təşkil edir. İddiaçının 60 yaşdan pensiya təyinatı üçün tələb olunan kapital 40800 olduğu halda, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı və həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 22384,41 manat olmaqla, cəmi pensiya kapitalının 60108,08 manat təşkil etdiyini qeyd etmişdir. Beləliklə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı da əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Cavabdehin iddiaçının X14 Kompani S.A. şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işlədiyi dövrlərin güzəştli iş stajına daxil edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, “X10 Company S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin iddiaçıya dair 1 iyun 2022-ci il tarixli 517/AS nömrəli arayışında xx.xx.2001-ci il tarixdən bugünədək quyuların əsaslı və yeraltı təmiri sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışdığı sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq “X14 Kompani S.A.” Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 260/9A nömrəli məktubunda qeyd edilmişdir ki, “X14 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranan işçilərinə, onların müraciətləri əsasında, pensiya təyin olunmaq üçün sənədlər hazırlanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndakı“ 10.2. Neft, qaz və qaz kondensatının hasilatı” və həmin “Siyahı"nin“ 35.Ümumi peşələr” bölmələrindəki peşə və vəzifələrə istinad olunur. Nümayəndəliyin Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru, ünvan 1 ünvanda yaşayan, xx xxxxxx 1960-cı il təvəllüdlü İddiaçı çalışdığı sahə güzəştli pensiya hüququ vermir. Məhkəmənin sorğusuna cavab olaraq “X14 Kompani S.A.” Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 757/CLS nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “X14 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işlədiyi elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyoru vəzifəsinin peşə təlimatını, məzuniyyət əmrindən çıxarışı və maliyyə arayışını təqdim etmişdir. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: - “X14 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2023cü il tarixli 37 nömrəli arayışında qeyd edilmişdir ki, arayış verilir Verilir İddiaçı ondan ötəri ki, O, 02 İyun 2006-cı il tarixdən etibarən “X14 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləyir. Hal hazırda O, İdarənin Energetika xidmətində elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru vəzifəsində çalışır və işlədiyi müddət ərzində ona aylıq vəzifə maaşının 4%-i məbləğində zərərli işə görə əlavə ödəniş edilir. Arayış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 88-ci maddəsinə müvafiq olaraq Tələb olunan yerə təqdim etmək üçün tərtib edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “X14 Kompani S.A.” Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1062/CLS nömrəli məktubunda qeyd edilmişdir ki, Elektrik Təchizatı və X2 5- ci dərəcəli Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru X7 QƏYTS sahəsində əsaslı yeraltı təmir briqadalarının neftqaz çıxarma quyularında elektrik avadanlıqlarının işə buraxılması və tənzimlənməsində bilavasitə iştirak edir. Həmçinin quyularda perefarasiya avadanlıqlrına gərginliyin verilməsi, təmir işlərinin görülməsi, habelə yeraltı təmir briqadalarının təmir işlərinin aparılması üçün yağ açarlarının qoşulmasında və işə buraxılmasında da iştirak edir. Mədənin təmir briqadalarının mədəni məişət köşklərində işıqlanmanın təmir edilməsi, quyularda təmir aparan separatorun, elektrik quraşdırıcılarının elektrik avadanlıqlarına gərginliyin verilməsində və sökülməsində iştirak edir. İş materiallarında olan “X14 Kompani S.A.” Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 36/CLS nömrəli məktubunda qeyd edilmişdir ki, Elektrik Təchizatı və X2 5-ci dərəcəli Elektrik avadanlıqları-nın təmiri və xidməti üzrə elektrik montyoru X1 işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda, “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şiştin emalı” bölməsinin, “10.2 Neft, qaz və qaz kondensatının hasilatı” bəndinin, “a) fəhlələr” yarımbəndinin iyirmi beşinci abzasında nəzərdə tutulan “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsinə aiddir. Bu barədə İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi üçün arayış verilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı “X16 S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə sorğu ünvanlanaraq “X16 S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 17 mart 2023-cü il tarixli və 15 yanvar 2024-cü il tarixli məktubları arasındakı ziddiyyətlərin aradan qaldırılması, xx.xx.1960-cı il təvəllüdlü X4 güzəştli iş stajı barədə ətraflı məlumatın verilməsi, hansı vəzifələr, peşələr üzrə iş stajının güzəştli iş stajı hesab edilməsi barədə məlumatın, həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə qərarı ilə nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın, iddiaçının işlədiyi vəzifələr üzrə əmək funksiyalarına dair təlimatın, idiaçının güzəştli iş rejimində işləməsi ilə bağlı əlavə güzəştlərin (əlavə məzuniyyətin və s.) verilib-verilməməsi barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, məhkəmənin sorğusuna 11 fevral 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru X1 işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTnda, “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin, “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” bəndinin, “a) fəhlələr” yarımbəndinin iyirmi beşinci abzasında nəzərdə tutulan “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsinə aiddir. Bu barədə İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı İdarəsinə təqdim edilməsi üçün arayış verilmişdir. Sorğuya cavab məktubuna elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorunun peşə təlimatı əlavə edilmişdir. Beləliklə, məhkəmə sorğuları ilə əldə edilmiş iş yerindən güzəştli arayış, işlədiyi vəzifənin peşə təlimatı, əmək funksiyalarının təsviri ilə bağlı işəgötürəndən tələb edilmiş arayış, eləcə də işlədiyi peşə üzrə iddiaçıya tətbiq edilmiş əlavə və güzəştlər barədə məlumatlara əsasən müəyyən olunur ki, iddiaçı 02 iyun 2006-cı il tarixdən etibarən “X14 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləyir, Elektrik Təchizatı və X2 5-ci dərəcəli Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində iddiaçı əsaslı yeraltı təmir briqadalarının neftqaz çıxarma quyularında elektrik avadanlıqlarının işə buraxılması və tənzimlənməsi, quyularda perefarasiya avadanlıqlarına gərginliyin verilməsi, təmir işlərinin görülməsi, habelə yeraltı təmir briqadalarının təmir işlərinin aparılması üçün yağ açarlarının qoşulmasında və işə buraxılmasında, quyularda təmir aparan separatorun, elektrik quraşdırıcılarının elektrik avadanlıqlarına gərginliyin verilməsində və sökülməsində bilavasitə iştirak edir. Bundan əlavə işəgötürən tərəfindən iddiaçının işlədiyi müddət ərzində ona aylıq vəzifə maaşının 4%-i məbləğində zərərli işə görə əlavə ödəniş edildiyi qeyd edilməklə, işlədiyi Elektrik Təchizatı və X2 5-ci dərəcəli Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda, “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şiştin emalı” bölməsinin, “10.2 Neft, qaz və qaz kondensatının hasilatı” bəndinin, “a) fəhlələr” yarımbəndinin iyirmi beşinci abzasında nəzərdə tutulan “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsinə aid olduğu barədə güzəştli arayış təqdim etmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, müvafiq dövr üzrə iş stajı iddiaçı X6 məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın: -10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr: neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra 60 yaşının tamam olduğu xx.xx.2020-ci ilədək 14 il 05 ay 13 gün əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. Odur ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən güzəştli sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-807/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar