Məhkəmə qərarları › İş №2-1(103)-2760/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2760/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2760/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2644/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22-25 noyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviç-Saqaydaçnıy adına X9 İnstitutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 № 188391 saylı bakalavr diplomu üzrə ali təhsil sahəsində onun aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviç-Saqaydaçnıy adına X9 İnstitutunun “Dəniz və Çay Nəqliyyatı" fakültəsinə daxil olmuş, qeyd olunan ixtisas üzrə qiyabi təhsil formasında təhsil almışdır. Proqramın rəsmi müddəti 4 il və 240 kreditdir. 2019-cu ildə təhsilini başa vurmuşdur. Universitet tərəfindən ona xx.xx.2019-cu il tarixli, B19 № 188391 saylı bakalavr diplomu və həmin diploma eyni tarixli A3-59/15 saylı əlavə verilmişdir. O, qeyd olunan ixtisas üzrə ona verilmiş xx.xx.2019-cu il tarixli, Bİ9 № 188391 saylı bakalavr diplomunun tanınması üçün Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət etmişdir. Qeyd olunan Agentlik tərəfindən onun müraciətinə xx.xx.2021-ci il tarixli, NA00002519 nömrəli məktubla imtina cavabı verilmişdir. İmtina əsası kimi onun təhsil aldığı ölkədə olduğu müddətin müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət hesab olunmadığı göstərilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda bildirmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Agentliyə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə xx.xx.2021-ci il tarixində onun elektron kabinetində inzibati akt yerləşdirilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (2015/2016-cı tədris ili üzrə -14 gün, 2016/2017-ci tədris ili üzrə -16 gün, 2017/2018-ci tədris ili üzrə - 16 gün, 2018/2019-cu tədris ili üzrə - 25 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Sonradan İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş-Saqaydaçnıy adına X9 İnstitutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 № 188391 saylı ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2644/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh tərəfin "iddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olması" ilə bağlı etirazı əsassızdır. Belə ki, cavabdeh tərəf bu halı qeyd edərkən heç bir normativ hüquqi akta əsaslanmamışdır. Çünki nə Lissabon Konvensiyasında, nə də yerli qanunvericilikdə şəxsin təhsil aldığı ölkədə minimum qalma müddəti qeyd olunmamışdır. Belə ki, 4 illik qiyabi tədris müddətində hər semestr təhsil aldığı ölkədə olmuş, lazımı kreditlərini mənimsəmiş və imtahanlarını müvəffəqiyyətlə verərək Universitet qarşısında heç bir akademik borcu qalmamışdır. Bu faktlar qeyd olunan Universitet tərəfindən məhkəməyə ünvanladığı arayışda öz əksini tapmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, iddiaçı dil ilə və ixtisasla bağlı Agentliyin ekspert qrupunun müsbət rəyini almışdır. Bu halda sual yaranır ki, ixtisas imtahanından müsbət rəy alan tələbənin diplomda qeyd olunan tədris yükünün mənimsəmədiyi bildirilməsi nə dərəcədə doğrudur? Cavabdeh tərəf etiraza əlavə olaraq müvəkkili ilə eyni ixtisasa sahib olan X2 diplomunun tanınması ilə bağlı ekspert rəyini göndərmişdir. Ekspert rəyinə diqqət yetirsəniz həmin şəxsin təhsil aldığı ölkədə 4 il yox 3 il və 2-ci il 18 gün olduğu qeyd olunmuşdur. Sual yaranır ki, qeyd olunan şəxs 3 il müddətində 240 saatlıq tədris yükünü mənimsəyə bilir, ancaq iddiaçı 4 il müddətinə lazım olan 240 saat tədris yükünün mənimsəyə bilmir?. Bu haldan məlum olur ki, inzibati orqan qərar qəbul edərkən hər hansı bir normaya yox şəxsi mülahizəyə əsaslanır. İddiaçı tərəfindən onunla eyni ixtisasa sahib olan və eyni müddətdə təhsil aldığı ölkədə olan və diplomun tanınması ilə bağlı şəhadətnamə alan Həşimov Azərin sənədləri araşdırılması üçün Elektron kabinetə yüklənmiş, lakin məhkəmə tərəfindən Qərarda heç bir qiymət verilməmişdir. Yekunda qeyd etmək istəyir ki, məhkəmə öz Qərarında iddiaçı tərəfindən nə təqdim etdiyi sübutları, nə də etiraza mülahizəsinə əsaslanmış, yalnız cavabdehin etirazına əsaslanaraq Qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş- Saqaydaçnıy adına X9 İnstitutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 № 188391 saylı bakalavr diplomunun surətindən müəyyən olunur ki, İddiaçı “Gəmi sürücüsü” ixtisası üzrə bakalavr dərəcəsini almışdır. İş materiallarında olan X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş- Saqaydaçnıy adına X9 İnstitutu tərəfindən verilmiş xx.xx.2020-ci ildə № A-53818-20 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İş materiallarında olan Ukrayna Təhsil və Elm Nazirliyi Dövlət İnfrastruktura və Texnologiyalar Universiteti tərəfindən verilmiş 02/01-8 saylı xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Dövlət İnfrastruktura və Texnologiyalar Universitetinin gəmi sürücülüyü fakültəsinin qiyabi şöbəsində təhsil almış və onu bitirdikdən sonra xx.xx.2019-cu il tarixli A3-59/15 nömrəli Avropa nümunəli əlavə ilə birlikdə B19 № 188391 bakalavr diplomunu almışdır. Tələbə təhsil aldığı 4 il ərzində 240 kredit həcmində tədris planını tam yerinə yetirmişdir. Tələbənin istehsalat zərurəti ilə əlaqədar olaraq və “Tələbələrin fərdi planlar-qrafıklər üzrə təhsilə köçürməsi haqqında” Müddəaya əsasən İddiaçı aşağıdakı müddətlərdə fərdi qrafik üzrə sessiyalar vermişdir: 1-ci kurs xx.xx.2016-ci il tarixdən xx.xx.2016-cı il tarixədək; 2-ci kurs xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək; 3-cü kurs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək; 4-cü kurs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək. Beləliklə İddiaçı gəmi sürücülüyü peşə istiqamətinin 6.070104 “Dəniz və çay nəqliyyatı” hazırlıq istiqamətinin tədris planını tam həcmdə yerinə yetirmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2021-ci il tarixli NA00002519 saylı qərarından görünür ki, iddiaçı sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. İş materiallarında olan cavabdeh tərəfindən təqdim olunmuş X3 və Texnologiyalar Universitetinin H.P.Konaşeviç-Saqaydaçnıy adına X9 İnstitutunda “Dəniz və çay nəqliyyatı” ixtisası üzrə bakalavr dərəcəsi almış İddiaçı tədris yükünün yerinə yetirilməsi haqqında xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə İddiaçı təqdim etdiyi ali təhsil haqqında sənədə və onun əlavəsinə baxış keçirilmiş, İddiaçı təhsil aldığı ölkədə olması müddətləri nəzərdən keçirilmişdir. Belə ki, ərizəçiyə X3 və Texnologiyalar Universitetinin H.P.Konaşeviç-Saqaydaçnıy adına X9 institutu tərəfindən xx.xx.2019-cu il tarixində təqdim olunmuş B 19 188391 nömrəli diplom əlavəsinin 4.1-ci bəndinə əsasən müəyyən olunur ki, ərizəçi qiyabi formada təhsil almışdır. Sözügedən sənədin 6.1-ci bəndinə əsasən ərizəçinin təhsil müddətinin 4 il olmaqla 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019-cu tədris illərini əhatə etməsi müəyyən edilir. İddiaçı təhsil aldığı ölkədə olması müddətləri aşağıdakı kimi müəyyən edilmişdir: 1 il-14 gün , İİ il- 16 gün, İİİ il -16 gün, İV il-25 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci yarımbəndinə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı təhsil aldığı ölkədə olduğu müddətlər ərzində ona təqdim olunmuş ali təhsil haqqında sənədin əlavəsində göstərilmiş tədris yükünü (51 fənnin tədrisi və istehsalat təcrübəsi) yerinə yetirməsi mümkün deyildir və ali təhsil sahəsində dövlət standartlarının tələbləri ilə uyğunsuzluq təşkil edir. İşdən görünür ki, iddiaçı X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviç-Saqaydaçnıy adına X9 İnstitutu tərəfindən verilən diplomunun tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları), Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğunun rəhbər tutaraq, iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 00-05- 344/TKTA №li xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, qərardadın icrası məqsədilə İddiaçı X3 və Texnologiyalar Universitetinin H.P.Konaşeviç-Saqaydaçnıy adına X9 İnstitutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 seriyalı 188391 nömrəli diplom üzrə alınan ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi məsələsinə yenidən baxılmışdır. Yenidən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olması səbəbilə dövlət standartı ilə müəyyən edilmiş tədris normativi üzrə diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramİ”nın 8.7.5-ci yarımbəndinə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. İddiaçı təhsil aldığı ölkədə tələb olunan müddətin qarşılığında qısa müddət ərzində olmuşdur (2015/2016-cı tədris ili üzrə - 14 gün, 2016/2017-ci tədris ili üzrə - 16 gün, 2017/2018-ci tədris ili üzrə -16 gün, 2018/2019-cu tədris ili üzrə - 25 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünün (240 AKTTS) yerinə yetirilməsi qeyri- mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Beləliklə, tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin imtina dəlili ilə razılaşaraq iddia tələbinin əsassız olması qənaətinə gələrkən işin araşdırılması prinsipini pozmuşdur. «Təhsil haqqında» AR Qanununun 6-cı maddəsinə görə təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). Həmin Qanununun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Həmin Qanununun 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; Həmin Qanununun 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; Həmin Qanununun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçıya X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş-Saqaydaçnıy adına X9 İnstitutu tərəfindən bakalavriat proqramını bitirdiyindən ona xx.xx.2019-cu il tarixli, B19 № 188391 saylı bakalavr diplomu verilmiş, həmin diplom səlahiyyətli orqan tərəfindən xx.xx.2020-ci ildə № A-53818-20 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət edərək, aldığı diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən məsələnin həllindən imtina edilmişdir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının diplomunun tanınmasından və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsindən imtinasının əsas və yeganə dəlili ondan ibarətdir ki, X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş- Saqaydaçnıy adına X9 İnstitutunun tədris normativi üzrə tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğu üçün diploma əlavədə qeyd edilmiş tədris yükünün onun tərəfindən yerinə yetirilməsi qeyri-mümkündür. Başqa sözlə, cavabdehin mübahisələndirdiyi yeganə məqam X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş-Saqaydaçnıy adına X9 İnstitutunun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması və bu baxımdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin mümkünlüyü ilə bağlıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, yuxarıda istinad olunan normada nəzərdə tutulmuş qaydaya görə, xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduğu hallarda mənfi rəy verilə bilər. Bu qaydanın cavabdeh tərəfindən onun imtinasında istinad etdiyi tədris yükünün mənimsənilməsinə dair qısa müddət anlamında təfsir olunması da yanlış sayılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 33/3309 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı 2015-2019-cu illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2015-cı ildə çıxış-Gürcüstan; xx.xx.2015-ci ildə giriş-Ukrayna; xx.xx.2016-cı ildə çıxış Ukrayna; xx.xx.2016-cı ildə giriş Ukrayna; xx.xx.2017-ci ildə çıxış Ukrayna; xx.xx.2017-ci ildə giriş Ukrayna; xx.xx.2018-ci ildə çıxış Ukrayna; xx.xx.2018-ci ildə giriş Ukrayna; xx.xx.2019-cu ildə çıxış Gürcüstan; xx.xx.2019-cu ildə giriş Gürcüstan; xx.xx.2019-cu ildə çıxış Gürcüstan; xx.xx.2019-cu ildə giriş Gürcüstan. İddiaçıya aid sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 2015/2016-cı tədris ili üzrə -14 gün, 2016/2017-ci tədris ili üzrə -16 gün, 2017/2018-ci tədris ili üzrə - 16 gün, 2018/2019-cu tədris ili üzrə - 25 gün Ukrayna ərazisində olmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. İş üzrə materiallara əlavə edilmiş X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş-Saqaydaçnıy adına X9 İnstitutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 № 188391 saylı diploma A3-59/15 saylı əlavəyə əsasən, iddiaçı həmin İnstitutda təhsil aldığı ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş 240 kreditləri toplamış, tədris təcrübəsini keçmiş, 4 kurs işi yazmış, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir. “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 2.17-ci bəndində qeyd edilmişdir ki, ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali) tibb təhsilində “həkim”)” ali peşə-ixtisas dərəcəsi verilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş-Saqaydaçnıy adına X9 İnstitutunun “Dəniz və Çay Nəqliyyatı" fakültəsində qeyd olunan ixtisas üzrə 4 il təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti"nin 1.5-ci maddəsinə görə, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Nəzərə almaq lazımdır ki, cavabdehin imtinasında və apellyasiya instansiyası məhkəməsinin qərarında iddia olunanların əksinə olaraq, iddiaçının qiyabi formada təhsil aldığı, təhsil müddətinin, ona aid diplomun verdiyi hüquqların Azərbaycan Respublikasında verilən təhsilin meyarlarına uyğun olduğu müəyyən edilmişdir. İş üzrə materiallarla həmçinin iddiaçının təhsil müddətinin, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin ali təhsil pilləsinin dövlət standartlarına uyğun olduğu müəyyən edilmişdir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil formasına Azərbaycan Respublikasında yol verilməməsi barədə cavabdeh mübahisə açmamışdır. Həmçinin iddiaçıya məxsus diplomla verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması da mübahisə doğurmamışdır. Cavabdeh diplomun tanınmasından imtina olunması barədə məktubunda iddiaçının diplomunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olmadığına istinad etməsinə rəğmən, həmin uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamış və bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, konkret halda bununla bağlı sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Eyni zamanda iddiaçının qiyabi təhsil aldığının müəyyən edildiyi nəzərə alındıqda, əyani təhsil normativlərinin iddiaçıya şamil edilməsi də əsassız sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlarla (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq haqqında 05 mart 2004-cü il tarixli, 595-İİQ saylı Qanunla Azərbaycan Respublikası 05 oktyabrın 1961-ci il tarixli həmin Haaqa Konvensiyasına qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə, bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən, razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. İş üzrə materiallardan görünür ki, Ukrayna Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuşdur və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, həmin diplomun qanuniliyi Ukrayna Respublikası tərəfindən tanınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra Qaydalar) 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. Qaydaların 1.7-ci bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması, ekvivalentliyin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə görə ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizə) aşağıdakılar əlavə edilir: ali təhsil haqqında sənəd; tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə. Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Qaydaların 2.4 və 2.5-ci bəndlərinə görə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətləri (ixtisaslar) üzrə təhsil qiyabi və ya əyani-qiyabi formada olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli, 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının diplomunun tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan və iş üzrə müəyyən edilmiş hallara əsaslanmadığından iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göründüyü kimi, apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddiaçının hazırkı iddiası təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2644/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. “X5 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş-Saqaydaçnıy adına X9 İnstitutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 № 188391 saylı ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar