Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2760/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5412/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçı barəsində qəbul edilmiş 3-21-2-3/2-285686/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Buta Construction” MMC vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2008-ci ildə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. MMC-də 2008-ci ildən halhazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibatlıq sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətlərin aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində vergilərin azaldılması faktı aşkarlanmamışdır. "Buta Construction” MMC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024- cü il tarixli, 3-21-2-3/2- 285686/2024 nömrəli qərarla 2024-cü ilin sentyabr ayı üçün 70,847,64 manat ƏDV hesablanmışdır. Müəssisə tərəfindən xx.xx.2022-ci il, xx.xx.2023- cü il tarixlərdə “Orbis Group" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) ilə müqavilələr bağlanılmış və müvafiq olaraq müqaviləyə aid Neftçala şəhərinə qədər 2-ci magistral su xəttinin çəkilməsi işləri görülərək və “Aqlay" üzlük daşları alınaraq müvafiq qaydada təhvil verilmişdir.Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibatlıq sənədlərinə tam riayət edilərək həyata keçirilmişdir. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən MMC-lər əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü və xx.xx.2024cü il tarixlərdə riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçıda həmin MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-lərin riskli vergi ödəyicisi olması barədə məlumat olmamışdır, həmçinin həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. İddiaçı həmin MMC-İər ilə əməliyyat apararkən onlar riskli vergi ödəyicisi siyahısında olmamışlar. 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair yazılı mülahizəsində (etirazında) göstərilmişdir ki, "xxxx" MMC və "xxxx" MMC-nin fəaliyyəti üzrə aparılan ilkin müşahidələrlə ödəyicinin riskli və ya əmtəəsiz əməliyyatlar aparması şübhəsi yarandığından vergi ödəyicisinə məxsus təsərrüfat subyektində vergi nəzarəti keçirilməsi ilə bağlı xidməti məktubla Operativ Vergi və Uçota Nəzarət Baş İdarəsinə müraciət olunmuş,vergi nəzarəti tədbirinin nəticəsi "Obyekt faktiki olaraq bağlı olduğu üçün müşahidə baxış keçirilməsi mümkün olmamış" olduğundan vergi ödəyicisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndinə əsasən riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi məqsədəmüvafiq hesab olunmuşdur.”Buta Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2024-cü ilin sentyabr ayı üçün xx.xx.2024-cü il tarixdə təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV bəyannaməsində ( 06.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDİ seriyalı, 452002 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 18216.0 manat ƏDV məbləği əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324- cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 18216.0 manat kənarlaşma yaranmışdır", ƏDV bəyannaməsində (11.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCK seriyalı, 131977 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 43151.4 manat ƏDV məbləği əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 43151.4 manat kənarlaşma yaranmışdır və " ƏDV bəyannaməsində (07.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı, 375305 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 9480.24 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 9480.24 manat kənarlaşma yaranmışdır" məzmunlu uyğunsuzluqlar yaranmışdır. Bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********760600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir.Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahatı, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri və dəqiqləşdirilmiş bəyannaməni təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37- ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 70 847.64 manat məbləğində vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5412/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərarı (hakim M.Hacıbəyova) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, Məhkəmə qeyd edir ki, iddiaçının qarışılıqlı əməliyyat apardığı vergi ödəyiciləri "xxxx" MMC və "xxxx" MMC 2024-cü ildən riskli vergi ödəyicisi hesab edilmişlər, qarşılıqlı əməliyyatların aparıldığı 2022 və 2023-cü illərdə riskli vergi ödəyicisi olmamışlar. Bu dəlil formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, yuxarıda adı qeyd olunan vergi ödəyicisi məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyicisi siyasına daxil edilmişdir və bu barədə müvafiq qeyd olunan qərarlar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli qərar xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırılmaqla mübahisələndirilmişdir. İddiaçı müddət ötürməmiş, mübahisələndirmə üçün sonuncu gün qeyri-iş gününə təsadüf etdiyindən iddiaçı növbəti ilk iş günündə iddianı təqdim etmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: ...12.1.2. vergitutma bazası;... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. (yoxlamanın aparıldığı anda qüvvədə olan redaksiya) Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışlabağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: ...83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; ... 83.7 vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;. ... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin Meyarların 1.3-cü bəndində qeyd edilmişdir ki, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə görə VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” n xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-285686/2024 nömrəli qərardan görünür ki 2024-cü ilin sentyabr ayı üçün ƏDV üzrə 70847,64 manat vergi məbləği hesablanmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-285686/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarına əsasən : - ƏDV bəyannaməsində ( 06.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDİ seriyalı, 452002 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi, qeyd edilən elektron qaimə-faktura üzrə 18216.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324- cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 18216.0 manat kənarlaşma yaranması göstərilmişdir. - ƏDV bəyannaməsində ( 11.2022 ) əvəzləşmə üçün təqdim edilmiş EBCK seriyalı 131977 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi, qeyd edilən elektron qaimə-faktura üzrə 43151.4 manat ƏDV məbləğinin əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətirində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 43151.4 manat kənarlaşmanın yaranması göstərilmişdir. - ƏDV bəyannaməsində ( 07.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı, 375305 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi, qeyd edilən elektron qaimə-faktura üzrə 9480.24 manat ƏDV məbləğinin əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 9480.24 manat kənarlaşmanın yaranması göstərilmişdir. İddiaçı hazırki tələbində cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 285686/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarını mübahisələndirir. Cavabdeh inzibati orqan tərəfindən qeyd edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar əsasında əlavə vergi məbləğləri hesablanmasına əsas iddiaçının qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC və "xxxx" MMCnin riskli vergli ödəyicisi hesab olunması ilə bağlıdır. Kollegiya iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki : - 220922/01 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı ilə "xxxx" MMC arasında “Neftçala şəhərinə qədər 2-ci magistral su xəttinin çəkilməsi işlərinin həyata keçirilməsi barədə” müqavilə bağlanmış, iddiaçı Sifarişçi qismində həmin işin icrasını tapşırmış, "xxxx" MMC isə Podratçı qismində qeyd edilən işi icra etməyi öz öhdəsinə götürmüşdür. - “Yerinə yetirilən podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında” arayışa əsasən 220922/01 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə çərçivəsində tikintiquraşdırma işlərinin dəyəri 239730,0 manat, ƏDV 43151,40 manat, ümumilikdə 282881,40 manat təşkil etmişdir. - “Yerinə yetirilən işlərin qəbulu haqqında” xx.xx.2022-ci il tarixli akta əsasən 220922/01 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə çərçivəsində dəyəri 239730,0 manat, ƏDV 43151,40 manat, ümumilikdə 282881,40 manat təşkil edən DN450 PN10PE boru xəndəyinin hər cür ərazidə açılması, yana atılması, artıq materialın daşınması, xəndəyin qrunt sularının kənara vurulması, xəndək dibinin materialla kipləşdirilməsi, borunun sahədə endirilməsi, PO borunun və boru üçlükləri, dirsək və s.parçalarının quraşdırılması, lazımi yerdə DN720, DN 530, polad boruların qaynaqlanması, yerinə quraşdırılması, DN450HDPE boruların polad boru içərisində yerinə quraşdırılması və əks doldurulması və kipləşdirilməsi, kommunikasiya xətlərinin keçilməsi, boruların üzərinə xəbərdarlıq lentinin çəkilməsi, magistral xəttin üzərində xətt nişanlarının quraşdırılması işləri görülmüşdür. - Ödəniş tapşırığına əsasən iddiaçı 220922/01 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-yə xx.xx.2022-ci ildə 89730 manat, xx.xx.2022-ci ildə 150000 manat ödəmişdir - Köçürmənin aparılması haqqında bildirişə əsasən EBCK 131977 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında 16151,40 manat, 220922/01 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə əsasında 27000 manat iddiaçının ƏDV sub hesabından "xxxx" MMC-yə köçürülmüşdür. - 150623RC nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır, qiymətlərin razılaşdırılması sənədinə əsasən müqavilə ilə cəmi 101200 manat, o cümlədən 18216 manat ƏDV, ümumilikdə 119416 manat dəyərində 4600 ədəd aqlay üzlük daşının alqısatqısı razılaşdırılmışdır. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 4600 kvadrat metr aqlay üzlük daşı, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 2394 kv metr aqlay üzlük daşı "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilmişdir. - Ödəniş tapşırıqlarına əsasən iddiaçı xx.xx.2023-cü ildə 101200 manat məbləğini, xx.xx.2023-cü ildə 79 manat məbləğini "xxxx"” MMC-yə ödəmişdir. - Köçürmənin aparılması haqqında bildirişə əsasən EBDİ 452002 nömrəli elektron qaimə əsasında 18216 manat, EBDJ 375305 nömrəli elektron qaimə əsasında 9480 manat iddiaçının ƏDV sub hesabından "xxxx" MMC-yə köçürülmüşdür. - “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” EBDİ 452002 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə fakturaya əsasən 101200 manat məbləğində aqlay üzlük daşı , EBDJ 375305 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə fakturaya əsasən 52668 manat məbləğində aqlay üzlük daşı "xxxx" MMC tərəfindən iddiaçıya verilmişdir, EBCK nömrəli, 131977 nömrəli elektron qaimə fakturaya əsasən 239730 manat məbləğində görülmüş iş "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilmişdir. - İnternet vergi idarəsindən “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” sənədinə əsasən "xxxx" MMC xx.xx.2024-cü ildə, "xxxx" MMC xx.xx.2024-cü ildə riskli vergi ödəyicisi hesab edilmişdir. - Bundan əlavə cavabdeh tərəfindən VÖEN dəyişmə sxemindən istifadə edən riskli vergi ödəyiciləri barədə Forma 1, "xxxx" MMC-nin qanuni nümayəndəsinin vergi orqanına ünvanlanmış izahatı, hüquqi şəxs haqqında məlumat, xx.xx.2024-cü il tarixli akt ("xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən obyektdə fəaliyyət göstərməməsi barədə), xx.xx.2024-cü il tarixli akt (Orbis Group” MMC-nin qanuni nümayəndəsinin DVX-yə gəlməməsi barədə), fotoşəkillər “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub təqdim edilmişdir. Yuxarıda sadalanan normaların təhlilindən aydın olur ki, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatların həyata keçirildiyi vergi orqanı tərəfindən sübuta yetirildikdə, həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab edilir və qeyd olunan əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən, vergi ödəyicisinin xərcləri Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən edilir. Riskli əməliyyatlarla bağlı isə aşağıdakılar qeyd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta mülki əqdlər qüvvədə olduğu zaman həmin şəxslər riskli vergi ödəyiciləri olsaydılar belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməzdir. Belə ki, iddiaçı həmin şəxslər ilə müqavilə bağlayarkən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımış, bu müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən digər tərəfə vurduğu zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşımışdır. Həmin müəssisələrin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi isə iddiaçıya yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ına əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edildikdən məlum ola bilərdi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə həmin şəxslər arasında müqavilə münasibətləri yarandığından, iddiaçı həm müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər, həmçinin də Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə cavabdehlik daşımışdır ki, bu da onun müqavilələr üzrə öhdəliklərin icra etməməsi, əməliyyatların aparılmaması zamanı əlavə məsuliyyətə cəlb edə bilərdi. Normaların tələbindən göründüyü kimi, vergi orqanı ilk öncə vergi nəzarəti tədbiri zamanı vergi ödəyiciləri arasında baş tutmuş əməliyyatın əmtəəsiz əməliyyat olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini müəyyən etməli, daha sonra vergi ödəyicisinin malların alışı ilə bağlı xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməlidir. Hazırkı işin hallarından görünür ki, cavabdeh vergi orqanı İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş əməliyyatların faktiki olaraq baş tutub tutmadığını və işlərin faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilibkeçirilmədiyini müəyyən etmədən, sadəcə işləri təqdim edən hüquqi şəxsdə həmin malların alışına dair təsdiqedici sənədin olmadığını və həmin hüquqi şəxsin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsində bəyan edilmiş işlərə dair xərci qəbul etməkdən imtina etmişdir. Halbuki, iş materiallarından görünür ki, "xxxx" MMC və "xxxx" MMC-nin İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyəti ilə müvafiq əməliyyatlarını həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir ki, iddiaçı həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olduğunu bilə bilməzdi. Həmçinin sözügedən əməliyyatlar aparıldığı dövrdə vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdi. Cavabdeh inzibati orqanın apellyasiya araşdırması zamanı gətirdiyi digər bir dəlili "xxxx" MMC rəhbərinin bağlanmış müqavilələrdən, aparılmış əməliyyatlardan xəbərdar olmaması ilə bağlı verdiyi izahatdır. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, iş materiallarında bağlanmış müqavilələr, həmin müqaviələrin icrası nəticəsində təhvil təslim, ödənişlər məhz iddiaçı ilə bağlanmış real əqdin və onun icrası nəticələrini sübuta yetirir. Rəhbərin izahatı isə qeyd edilən sübutların mötəbərliyini şübhə altına almağa əsas verə bilməz. Kollegiya onu da qeyd edir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın (xidmətin) alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın (iş, xidmətin) alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların (iş, xidmətin) faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları (iş, xidməti) satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Bundan başqa qeyd edilməlidir ki, vergi qanunvericiliyinə görə riskli vergi ödəyiciləri olan şəxslər barəsində digər vergi ödəyicilərini rəsmi qaydada xəbərdar etmək vergi orqanının vəzifəsidir. Lakin, iddiaçının adı qeyd olunan şəxsdən işləri qəbul etdiyi dövrlərdə həmin MMC-lərin "Riskli vergi ödəyicilərinin siyahısı"na daxil edilməsi barədə digər vergi ödəyicilərinə heç bir məlumat verilməmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, hətta hər hansı sahibkarlıq subyektinin riskli vergi ödəyicisi hesab edilməsi belə, həmin sahibkarlıq subyektləri ilə əməliyyatların aparılmasını qadağan etmir. Qanunvericilikdə belə bir qadağanedici norma mövcud deyildir. Buna görə də iddiaçının riskli vergi ödəyicisi ilə əməliyyatlar apardığını əsas götürməklə qeyd olunan əməliyyatların hətta məhz bu səbəbdən əmtəəsiz əməliyyat hesab edilməsi yol verilməzdir. Məhkəmə kollegiyası həmçinin, diqqət yetirir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli, 12 may 2023-cü il tarixli 2-1(102)-1058/2023 nömrəli və 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1234/2023 nömrəli Qərarları). Beləliklə, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərarlar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri hesablandığı müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarla əlavə vergilərin hesablanmasının əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5412/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova