Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2761/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X3, üçüncü şəxs Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi X4 və nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Dövlət İqtisad Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla torpaq sahəsi üzrə hüquqların həyata keçirilməsinə maneənin qadağan olunması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2-1(112)-3286/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin müvəqqəti hasara almaq üzrə quraşdırılma işlərinin aparılmasına cavabdehin etirazının qanunsuz hesab edilməsi, həmçinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini dəmir, plastik və yaxud taxta materiallarından ibarət konstruksiya ilə müvəqqəti hasara almaq üzrə quraşdırma işlərinin aparılmasının qarşısını alan hər hansı müdaxilə və ya digər formada məhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi onun razılığı olmadan avtodayanacaq və ya digər məqsədlər üçün istifadə olunaraq hər dəfə açıq şəkildə zəbt olunur. Ona görə də bu kimi torpaq müdaxiləsinin qarşısını almaq məqsədilə mülkiyyətində olan həmin torpaq sahəsini müvəqqəti hasara almaq niyyəti ilə müvafiq material alıb, həmçinin usta və fəhlə ilə razılaşaraq quraşdırma işlərinə başlamışdır. Qanunvericiliyə görə bu növ işlərə icazə və ya məlumatlandırma icraatı, həmçinin tikinti layihələri tələb olunmasa da mülkiyyətində olan həmin torpaq sahəsini müvəqqəti hasara almaq üzrə quraşdırma işlərinə başlamazdan əvvəl, həmin işlərin görülməsi zamanı ehtimal olunan əsassız müdaxilələrin qarşısının alınması məqsədilə Bakı şəhəri Cavabdeh başçısı cənab Elşad Həsənova bir neçə dəfə müraciət edərək, hasarın quraşdırılması barədə ona məlumat vermişdir. Lakin buna baxmayaraq, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsini müvəqqəti hasara almaq quraşdırma işlərinə başlayarkən Cavabdeh əməkdaşı kimi özünü təqdim edən bir nəfər şəxs və Yasamal Rayon Polis İdarəsinin əməkdaşı kimi özünü təqdim edən polis nəfəri tərəfindən hər hansı bir işin aparılmasına etiraz edib qadağa qoyaraq, bu barədə onu xəbərdar etmiş və əraziyə gətirilmiş materialları yığıb aparmaqla ərazinin təmizlənməsini ondan tələb etmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2-1(112)-3286/2021 nömrəli qərardadı ilə Azərbaycan Dövlət İqtisad Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət və istifadə hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini hasara almaq üzrə inşa işlərinin aparılmasına Cavabdeh etirazının qanunsuz hesab edilməsi, həmçinin mülkiyyət və istifadə hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini mişar daşı və ya dəmir, plastik, taxta və s. materiallardan ibarət konstruksiya ilə hasara almaq (2.20 m. hündür olmamaq şərti ilə) üzrə inşa işlərinin aparılmasının qarşısını alan hər hansı müdaxilə və ya digər formada məhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdehə qadağan olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2-1(112)-3286/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin birinci bəndinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqları əsasında yerli İcra Hakimiyyətləri tərəfindən mütəmadi olaraq şəhər və rayonlarda abadlıq-quruculuq işləri həyata keçirilir və öz səlahiyyətləri daxilində rayon əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm işlər görülür. Yerli icra hakimiyyətləri haqqında əsasnamənin 1.4-cü maddəsinə əsasən Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.” 152.5. “Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.” Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli 28.02.2020-ci tarixli İddiaçı məxsus çıxarışın surətindən görünür ki, M.Muxtarov 190 ünvanında yerləşən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2-ci maddəsinə görə, tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 3 sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməli; istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və şairəyə) zəmin yaratmamalıdır; səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır; əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin tikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri). Belə ki, iddiaçı M.Muxtarov 190 ünvanında yerləşən torpaq sahəsinin əsaslı tikinti olmayan obyektinin, komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına rəy verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət etməmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 19 mart 2019cu il tarixli 597 saylı fərmanına əsasən Əsasnamənin 3.1.15-ci maddəsinə əsasən səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına rəy vermək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətindədir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 saylı Fərmanı ilə təsdiq edilmiş Ərazi Tikinti-X1 3.1.22-ci maddəsinə əsasən Bakı şəhərinin inzibati ərazisində səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına dair rəy hazırlamaq Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin səlahiyyətindədir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 6 iyun 2012-ci tarixli, 648 nömrəli fərmanına əsasən Yerli icra hakimiyyətləri haqqında əsasnamənin 4.11.14-cü maddəsinə əsasən müvafiq ərazidə sosial-məişət, mənzil, suvarma, meliorasiya və s. obyektlərin, həmçinin quraşdırılmış səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin istismara qəbul edilməsi üzrə komissiyalar yaratmaq və həmin obyektlərin istifadəyə verilməsi haqqında aktları qəbul etmək rayon İcra Hakimiyyətlərinin səlahiyyətindədir. Məhkəmə işə birtərəfli yanaşaraq cavabdeh orqanın məhkəməyə təqdim etdiyi təsdiqedici sübutları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qeyd olunan məsələ ilə bağlı 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Dövlət İqtisad Universitetinin etirazına əhəmiyyət verməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci bəndinə əsasən “Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.” Qeyd edilən qanunazidd qəbul edilmiş məhkəmə qərarı digər şəxslərin mülkiyyət hüquqlarını pozmuşdur. İstinad olunan normalar belə nəticəyə gəlməyə əsas verir ki, həmin ərazi İqtisad Universitetinin tədris korpusunun giriş hissəsi ilə üzbəüz çox yaxın məsafədə yerləşir. Həmin ərazidə layihə olmadan, müvafiq orqanlardan rəy alınmadan texniki təhlükəsizliyi baxımından hasarın quraşdırılması və gələcəkdə tikilə biləcək hər hansı bir ticarət obyektinin istifadəsi həmin ərazidə yerləşən təhsil alan tələbələrin hüquq və mənafelərinə zidd istifadə edilə bilməz Həmin ərazidə quraşdırılacaq hasar və gələcəkdə tikilə biləcək hər hansı bir ticarət obyektinin istifadəsi zamanı orada təhsil alan tələbələrin hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı üçüncü şəxs Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi X4 və nümayəndəsi-vəkili X6 birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı mülkiyyət və istifadə hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini hasara almaq üzrə inşa işlərinin aparılmasına Cavabdeh etirazının qanunsuz hesab edilməsi, həmçinin mülkiyyət və istifadə hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini mişar daşı və ya dəmir, plastik, taxta və s. materiallardan ibarət konstruksiya ilə hasara almaq (2.20 m. hündür olmamaq şərti ilə) üzrə inşa işlərinin aparılmasının qarşısını alan hər hansı müdaxilə və ya digər formada məhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdehə qadağan olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və müəyyən etmişdir ki, ünvan 3 ünvanda yerləşən 0,009 ha və 0,00816 ha. torpaq sahələri İddiaçı xüsusi mülkiyyətindəndir. Həmin torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və buna dair müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilməklə həmin torpaq sahələrinin səlahiyyətli orqan tərəfindən plan və ölçüsü tərtib edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahələrinin hasarlanmasına maneə yaradılmaması üçün cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu ona məxsus torpaq sahəsində hər hansı tikinti işlərinin aparılmasına dair şəhərsalma əsaslandırmasına uyğun olaraq tərtib edilmiş layihə sənədləri əsasında tikinti işlərinin başlanmasına icazə verildiyi təqdirdə ərazinin müvəqqəti hasara alınması məsələsinə baxıla biləcəyini bildirmişdir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hər hansı torpaq sahəsinin mülkiyyətçisi həmin daşınmaz əmlakı 2,20 metrdən hündür olmamaqla hasarlamağa qeyd-şərtsiz hüquqa malikdir. Hazırki işin hallarına görə iddiaçının niyyəti mülkiyyətində olan torpaq sahəsinə məhz həmin ölçüdə hasarın çəkilməsi olsa da bu məqsədlə görülən işlərin gedişatında cavabdeh inzibati orqanın maneələri ilə rastlaşmışdır. Odur ki, məhkəmənin qənaətinə görə qanunvericiliyə uyğun olaraq iddiaçının mülkiyyətinə ayrılmış torpaq sahələrində hər hansı bir hasarlama işlərinin aparılmasına qanunsuz müdaxilə edilməsi iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktları ilə qorunan hüquqlarının pozulması deməkdir ki, bu hal da yol verilməzdir. Bundan əlavə iddiaçının mülkiyyətində olan torpaq sahəsində hər hansı tikinti işlərinin aparılmasını deyil, həmin sahədə 2,20 metrdən artıq olmayan hasarlanma işlərinin aparılması ilə bağlı hərəkətləri etmək istəyir ki, bununla əlaqədar da Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun icazənin alınmalı olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,00816 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 18.01.2014-cü il tarixdən İddiaçı məxsusdur. İş materiallarında olan 16.01.2014-cü ildə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi 190 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan 0,00816 ha torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.009010 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 28.02.2020-ci il tarixdən İddiaçı məxsusdur. İş materiallarında olan 28.02.2020-ci ildə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi 190 ünvanda yeləşən, İddiaçı mülkiyyətində olan 0,009 ha torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departaməntinin Mülkiyyət hüququ haqqında 000067 №-li, 31.01.2003-cü il tarixli Şəhadətnamənin notarial qayda təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 190 ünvanında 90,8 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. İş materiallarında olan Əmlakın İnventarlaşdırılması Bürosunun müəssisə və obyektin 004312 №-li, 09.01.2003-cü il tarixli Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 190 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasportunun surətindən görünür ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 90,08 kvm., əsas sahəsi 67.2 kvm. və köməkçi sahəsi 23,6 kvm.-dən ibarətdir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi torpaq sahəsi 383 kvm., açıq torpaq sahəsi 158,6 kvm., ümumi tikinti altı sahəsi 149,5 kvm.dən ibarətdir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısı tərəfindən iddiaçıya ünvanlanmış M-150-113 №-li, 28.04.2020-ci il tarixli məktubdan görünür ki, qeyd etdiyi torpaq sahəsi şəhərsalma nöqteyi nəzərindən Bakı şəhəri üçün əhəmiyyətli olan ərazidə, Azərbaycan Dövlət İqtisad Universitetinə məxsus torpaq sahəsinin bilavasitə qarşısında yerləşir. Hazırda İqtisad Universitetinin tədris binaları yenidən inşa edilir. Layihələndirmə və tikinti işləri zamanı tarixi əhəmiyyət kəsb edən əvvəlki binanın fasad elementləri saxlanılmaqla müasir memarlıq kompleksi yaradılmışdır. Tədris binalarının tikintiquraşdırma işləri əsasən başa çatdırılmış, tamamlama işləri davam etdirilir və növbəti tədris ilinə qədər kompleksin istismara verilməsi, o cümlədən ətraf ərazinin abadlaşdırılması nəzərdə tutulur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ona məxsus torpaq sahəsində hər hansı tikinti işlərinin aparılmasına dair şəhərsalma əsaslandırmasına uyğun olaraq tərtib edilmiş layihə sənədləri əsasında tikinti işlərinin başlanmasına icazə verildiyi təqdirdə ərazinin müvəqqəti hasara alınması məsələsinə baxıla bilər. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24521 №-li, 12.12.2019-cu il tarixli ekspertin rəyinin surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən, İddiaçı məxsus torpaq sahəsinə tərəf Azərbaycan Dövlət İqtisad Universitetinin tədris binasının tikintisi itə əlaqədar cavabdeh təşkilatlar tərəfindən piyada və nəqliyyat üçün girişçıxış qapıları açıldığı, eləcə də qapının qarşısından küçəyə qədər olan sahədə (iddiaçıya məxsus torpaq sahəsinin üzərində) beton məhlulu ilə piyada keçidi düzəldilyi müəyyən olunmuşdur. İddiaçıya məxsus tədqiq olunan torpaq sahəsinin bır hissəsində qazıntı işlən aparılaraq plastik borular (su və ya kanalizasiya) çəkildiyi və digər hissədə inşaat materialları (qum, çınqıl) töküldüyü müəyyən olunmuşdur. ünvan 7 ünvanda yerləşən, iddiaçıya məxsus torpaq sahəsi istiqamətinə cavabdeh təşkilatlar tərəfindən piyada və nəqliyyat üçün giriş-çıxış qapıları açılması nəticəsində, iddiaçıya məxsus torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə olunduğu müəyyən edilir. Qeyd olunur ki, iddiaçının torpağından istifadə hüquqlarının pozulub-pozulmamısının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. İddiaçıya məxsus torpaq sahəsinin bır hissəsində qazıntı işlən aparılaraq çəkilmiş boruların (su və ya kanalizasiya xətti) planlı yerləşməsini nəzərə alaraq, həmin boruların mövcudluğu tədqiq olunan sahədə hər hansı bina inşa edilərkən, binanın təməlinin tikintisi zamanı tikinti quraşdırma işlərinin aparılmasına məneəçilik yarada bilər. Tədqiq olunan sahəyə baxış zamanı İddiaçı məxsus torpaq sahəsinə açılmış piyada və nəqliyyat üçün giriş-çıxış qapılarından başqa cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetınin ərazisinə M.Muxtarov küçəsi tərəfdən 2 giriş-çıxış qapısı (qapı-darvaza) olduğu müəyyən edilmişdir. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə 22.02.2021-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarından görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı 03.12.2020-ci il tarixdən 18.12.2020-ci il tarixə qədər olan müddət ərzində ünvan 3 ünvanda yerləşən fəaliyyət göstərməyən iki mərtəbəli obyektdə olmadıqlarını, 18.12.2020-ci il tarixdə obyektə gəldikdən sonra onun yan tərəfində ətrafı hasarlarla bağlanmış həyətə hasarı atlamaq yolu ilə içəri daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən dəmir pilləkənin altında yerləşən saxlanc yerindən 01 ədəd dəyəri 2125 manat olan elektrik tranfarmatorunun hissələrini gizli yolla talamaqla ümumilikdə zərərçəkmişə 4250 manat məbləğində maddi ziyan vurmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Bu müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 176.1-ci maddəsinin tələbinə görə hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Həmin Məcəllənin 176.2-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. İşin hallarında görünür ki, iddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,009 ha və 0,00816 ha. torpaq sahələrinin 2,20 metrdən artıq olmayan hasarlanmasına maneə yaradılmaması üçün cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu ona məxsus torpaq sahəsində hər hansı tikinti işlərinin aparılmasına dair şəhərsalma əsaslandırmasına uyğun olaraq tərtib edilmiş layihə sənədləri əsasında tikinti işlərinin başlanmasına icazə verildiyi təqdirdə ərazinin müvəqqəti hasara alınması məsələsinə baxıla biləcəyini bildirmişdir. Halbuki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa etmək istədiyi 2,20 metrədək olan hasarlama işləri birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi heç də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən tikintisinə icazə tələb olunmayan tikinti obyekti deyil. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1.3-cü maddəsinin tələblərinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur. İşin hallarında isə görünür ki, iddiaçı hər hansı tikinti işlərinin aparılmasını deyil, həmin sahədə 2,20 metrdən artıq olmayan hasarlanma işlərinin aparılması ilə bağlı hərəkətləri etmək istəyir və bununla bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə görə isə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hasara alınmasına müdaxilə edilməklə iddiaçının mülkiyyətçi kimi göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2-1(112)-3286/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2761/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2761/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver