Məhkəmə qərarları › İş №2-1(103)-2762/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2762/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2762/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş Açar söz: qərarın ləğv edilməsi Giriş hissə: X1 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3778/2022 saylı, 13 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı (VÖEN **********) fərdi sahibkardır.

2. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021- ci il tarixli №**********46700 qərara əsasən (hesabat növü: gəlir vergisi, hesabat dövrü 2020-ci il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 5.449,24 manat vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, bu dövr üzrə təqdim olunan sonuncu bəyannamə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarla xx.xx.2021-ci il tarixli **********022500 nömrəli qərar ləğv edilmişdir.

3. . Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021- ci il tarixli №**********839100 qərara əsasən (hesabat növü: gəlir vergisi, hesabat dövrü 2020-ci il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 5.449,24 manat vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020ci il üzrə təqdim edilən gəlir vergisi bəyannaməsində xammal və materialların, malların dəyərinin ümumi gəlirlərdə xüsusi çəkisi 90 faizdən çox əks etdirilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Həmin qərarla xx.xx.2021-ci il tarixli **********46700 nömrəli qərar ləğv edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı vergi orqanına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəqiqləşdirərək xx.xx.2021-ci il tarixdə təqdim edilən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin nəzərə alınaraq təsdiq edilməsi və xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********839100 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınıb. Vergi ödəyicisi kimi əsas fəaliyyəti növü “poçt və ya internet ilə sifarişləri yerinə yetirən firmalar vasitəsilə pərakəndə satış” fəaliyyətidir. xx.xx.2021-ci il tarixdən fəaiyyətini dayandırıb. xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün gəlir vergisi üzrə təqdim etdiyim dəqiqləşmiş bəyannaməyə xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən **********920900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla kameral vergi yoxlaması ilə 4614,62 manat vergi məbləği hesablanmışdır. Əlavə faizlərin hesablanmaması və kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması üçün tərəfindən xx.xx.2021ci il tarixdə 2020-ci il üçün Gəlir vergisi üzrə dəqiqləşmiş bəyannamə təqdim edilmiş, eyni zamanda həmin tarixdə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə **********635100 nömrəli inzibati şikayət məktubu ilə müraciət etmişdir. İnzibati şikayəti araşdırılan dövrdə, yəni xx.xx.2021-ci il tarixdə **********022500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla kameral vergi yoxlaması aparılaraq 3528,72 manat gəlir vergisi hesablanmışdır. İnzibati şikayətlərə baxılması baş idarəsinin əməkdaşları tərəfindən şikayətinin araşdırılması üçün xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin inzibati binasında qəbul olunub. Qəbul vaxtı bankda olan hesablaşma hesabından çıxarışı və araşdırılan dövrü əhatə edən nəzarət kassa aparatından alınmış dövrü hesabat məlumatlarını da şikayətini araşdıran əməkdaşa təqdim edib. Lakin İnzibati şikayətlərə baxılması baş idarəsi xx.xx.2021-ci il tarixdə **********963600 nömrəli qərarala İnzibati şikayətinin təmin edilməməsi haqqında ədalətsiz qərar çıxarmışdır. Belə ki, mübahisə mövzusu olan 77.755,9 manatı onun gəliri kimi qəbul etsələr də, xərclərini qəbul etmək istəmirlər. xx.xx.2021-ci il tarixdə yenidən dəqiqləşmiş bəyannamə təqdim etsə də, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə ona yenidən 2020-ci il üçün Gəlir vergisi üzrə kameral vergi yoxlaması ilə 3 493,75 manat vergi məbləği hesablanmışdır. Ən maraqlısı isə eyni dövr üzrə müxtəlif kameral məbləğləri hesablayır. Bu fakt bır daha sübut edir ki, onlar da hesabladıqları kameral məbləğlərə əmin deyillər. Kameral vergi yoxlaması ilə hesablanmış vergi ədalətsiz olduğu üçün xx.xx.2021-ci il tarixdə dəqiqləşmiş bəyannamə təqdim etmiş və həmin tarixdə göndərdiyi **********542200 nömrəli məktubla dəqiqləşmiş bəyannamə təqdim etməsinin səbəblərini izah etmişdir. Təqdim etdiyi dəqiqləşmiş bəyannaməyə xx.xx.2021-ci il tarixdə **********560200 nömrəli kameral uyğunsuzluq məktubu gəlmişdir. Vergi orqanı uyğunsuzluq məktubunda 2020-ci il üzrə təqdim olunmuş Gəlir vergisi bəyannaməsinin və 2019-cu ilin 4-cü rübü üzrə təqdim olunmuş Sadələşdirilmiş verginin bəyannaməsinin 1 №-li Əlavələrində uyğunsuzluq aşkarlandığını bildirmişdir. 1№-li Əlavədə qeyd edilən uyğunsuzluqları aradan qaldıraraq, 2209,41 manat vergi məbləği hesablayaraq dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsini xx.xx.2021-ci il tarixdə təqdim edib. Bununla əlaqədar, həmin tarixdə **********956300 nömrəli məktubla həm uyğunsuzluq məktubuna cavab vermiş, həm də dəqiqləşmiş bəyannaməyə izahat verib. Bildiririr ki, Vergi Məcəlləsinin 3-cü maddəsinin tələblərinə əsasən vegitutma ədalətli olmalıdır. Belə ki, vergi orqanı tərəfindən ədalətsiz olaraq, 77.755,9 manat gəliri kimi tanınsa da, xərcləri kimi tanınmır. 2020-ci il üzrə 114.347,0 manat dəyərində elektron qaimə faktura əsasında mal təqdim edərək gəlir əldə edib. 2019-cu ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim olunarkən bəyannamənin 1 №li Əlavəsinin mallar sətrinin hesabat dövrünün sonuna bəyan etdiyi 77.755,9 manat mal qalığı, qeyd etdiyi 114.347 manat gəlirinin tərkib hissəsini formalaşdırır. 77.755,9 manat dəyərində malları 2019-cu ildə daxili bazardan (Sədərək ticarət mərkəzindən) nağd şəkildə aldığı üçün malların alınması ilə bağlı təsdiqedici sənədlər yoxdur. 2020-ci il üçün təqdim etdiyi dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində bəyan etdiyi 64 796,58 manat malların maya dəyəri ilə bağlı xərc məbləğlərini hesablayarkən Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 saylı Qərarına istinad edib. Hansı ki, bunu inzibati şikayəti araşdırılan zaman İnzibatı şikayətlərə baxılması baş idarəsi nəzərə almalı idi, amma çox təəsüf ki, inzibati orqan tərəfindən bütün bunlar nəzərə alınmamışdır. Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmçinin, Vergi Məcəlləsinin 83.9 -cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Vergi Məcəlləsinin qeyd edilən maddəsi birbaşa göstərir ki, əgər yoxlama zamanı xərc sənədləri təqdim edilməmişdirsə, ödəyici tərəfindən Vergi Məcəlləsinin 67.14-cü maddəsinə istinad edilərək şərti rentabellik, yəni Nazirlər Kabinetinin 55 saylı Qərarı tətbiq edilməklə hesablana bilər. Həmin qərara əsasən də 64.796,58 manat xərc hesablanmışdır (Əldə edilən mənfəət = 77 755,9 /6 = 12 959,32; Gəlirdən çıxılməlı xərc = 77 755,9 - 12 959,32 = 64 796,58)

6. Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-3778/2022 saylı qərarı ilə (hakim Günel Sevdimalıyeva) iddia tələbi təmin edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının 2020-ci il üzrə (hesabat dövrü üzrə) təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 114.347,00 manat gəliri olmuşdur.

8. Mübahisənin yaranmasının səbəbi 2020-ci il üzrə gəlir vergisi bəyannaməsində sənədlərlə təsdiqini tapmayan xərclərin qeyd olunmasıdır ki, vergi orqanı bu halı kənarlaşma kimi qəbul etmişdir..

9. Vergi orqanı tərəfindən mübahisələndirilən qərarla kameral vergi yoxlaması ilə 5449,24 manat (o cümlədən əlavə hesablanmış 3239,83 manat) aşağıdakı kimi hesablanmışdır: 114.347,00 manat (bəyan edilmiş gəlir) – 5362,24 manat (sənədlərlə təsdiq edilən xərc) = 108984,76 manat (vergiyə cəlb edilməli dövriyyə); 108984,76 manat (vergiyə cəlb edilməli dövriyyə) – 75% (mikro sahibkar kimi vergi güzəşti) = 27246,19 manat (vergiyə cəlb edilməli dövriyyə); 27246,19 manat (vergiyə cəlb edilməli dövriyyə) x 20% (vergi dərəcəsi) = 5449,24 manat (kameral vergi yoxlaması ilə hesablanmış məbləğ) 5449,24 manat (kameral vergi yoxlaması ilə hesablanmış məbləğ) – 2209,41 (vergi ödəyicisi tərəfindən bəyan edilmiş vergi) = 3239,83 (əlavə hesablanmış (yayındırılmış) vergi məbləği).

10. Məhkəmə qeyd etmişdir ki, vergi ödəyicisi təqdim etdiyi bəyannamədə 77.775,90 manat mal qalığının olduğunu göstərmiş, vergi orqanının uyğunsuzluq hesab etdiyi halı vergi ödəyicisinin xeyrinə olaraq müəyyən etmək və aradan qaldırmaq üçün operativ vergi nəzarəti tədbirləri həyata keçirmək imkanı qanunvericiliyə əsasən mümkün olsa da və göstərilmiş halda operativ vergi nəzarəti həyata keçirilməli olsa da, həmin tədbirləri tətbiq etmədən ödəyici tərəfindən göstərilən mal qalığını (xərci) nəzərə almamaqla vergi ödəyicisinin mənafeyinə uyğun gəlməyən qərar qəbul etmişdir.

11. Halbuki Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək Vergi orqanının hüququdur. Həmin Məcəllənin 50.2.2-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsas kimi çıxış edir. İnzibati şikayətin araşdırılması haqqında qərarda yuxarı inzibati orqan tərəfindən (Dövlət Vergi Xidməti) cavabdeh quruma bununla bağlı göstəriş verilmiş olsa da (operativ vergi nəzarətinin aparılması ilə bağlı), həmin göstərişin icra olunması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir.

12. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki işin hallarına uyğun olaraq iddiaçının bəyannamədə göstərdiyi mal qalığını müəyyən etmək üçün operativ vergi nəzarəti tədbirini həyata keçirmədən hesablanmış kameral vergi yoxlaması qanuni hesab oluna bilməz. Həmin halı qeyd edərkən məhkəmə həm də nəzərə alır ki, kameral vergi yoxlaması ilə hesablanmış 5.449,24 manat vergi cavabdeh tərəfindən bir neçə dəfə (xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli qərarlarla) təsdiq olunmuş, həmin müddətdə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün kifayət qədər imkan mövcud olmuşdu.

13. Vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmədən cavabdeh qurum hesab edir ki, vergi ödəyicisinin əldə etdiyi gəliri (mənfəəti) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (mənfəətin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 14.Məhkəmə hesab etmişdir ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. 15.Həmin Qaydaların 6.1.1-ci yarımbəndinə əsasən M1 = G1 : ( 100 + R) x R (burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır.) Qaydaların 6.1.3-cü yarımbəndinə əsasən, vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

16. İddiaçının vergiyə cəlb edilən gəlirləri 19057,83 manat olmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli qanunu qüvvəyə minənə qədər olan redaksiyada 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad olunmalı (19057,83 manat – 75% = 4764,45 manat); həmin məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi tutulmalı idi (4764,45 x 20% = 952,89 manat).

17. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021- ci il tarixli **********839100 nömrəli qərara əsasən iddiaçının 2020-ci il ərzində müəyyən edilmiş 114347,00 manat gəlirinə münasibətdə kameral vergi yoxlaması ilə 5.449,24 manat vergi hesablanmışdır (iddiaçının 2209,41 manat vergi hesabladığını nəzərə alaraq, vergi orqanı tərəfindən əlavə hesablanmış (yayındırılmış) vergi məbləğinin 3239,83 manat olduğu müəyyən edilmişdir). Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, qərar ləğv olunmalıdır.

Apellyasiya şikayətinin dəlilləri: 18.Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-3778/2022 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə gəlir vergi bəyannaməsində 64.796,58 manat dəyərində sənədlərlə təsdiqini tapmayan xərclərin qeyd olunması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında “xx.xx.2021-ci il tarixli **********560200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2020-ci il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2020-ci ilin gəlir vergisi üzrə 3239,83 manat (64795,58x5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********839100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının, hesablanması barədə” Qərarı göndərilmişdir. İddiaçının ərizəsində də qeyd etdiyi kimi daha əvvəl xx.xx.2022-ci il tarixində vergi orqanına inzibati şikayət olmuş və həmin şikayətin araşdırması zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə 114.347,00 manat dəyərində elektron qaimə-faktura əasasında mal təqdim etdiyi, 2260,11 manat dəyərində icarə xidməti aldığı, mal almadığı, idxal əməliyyatlarının olmadığı müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü hesabat məlumatlarında 7764,05 nağd əməliyyatlar aparıldığı, malların təqdim edilməsinə görə “Kapital Bank”da olan hesablaşma hesabına 111.824,00 manat vəsaitin daxil olduğu müəyyən edilmişdir. İnzibati araşdırma xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün təqdim olunmuş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablama aparıldıqdan sonra vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim olunmuş və bəyannamənin 1 saylı əlavəsinin 1.3.2-ci (Mallar) sətrinin dövr ərzində daxil olmuşdur sütununda cari bəyannamədə qeyd olunmuş 66.609.7 manat məbləğ artılıraraq 144.365,6 qeyd olunmuş və hesabat dövrünün sonunda 77.755,9 manat dəyərində mal qalığının qaldığı bəyan edilmişdir. Daha sonra fərdi sahibkar tərəfindən 2020-ci il üçün təqdim olunmuş gəlir vergisi bəyannamələrinə dəqiqləşmələr edilərək malın dəyəri sətrində 77.755,9 manat xərc məbləği qeyd edilmişdir. Lakib inzibati araşdırma zamanı uçot-baza məlumatlarına əsasən fərdi sahibkar 2019-cu il ərzində elektron qaimə-faktura əsasında mallar almadığı, idxal etmədiyi müəyyən edilmişdir. Fərdi sahibkar xx.xx.2021-ci il tarixdə araşdırmada iştirakı təmin olunmuşdur. İddiaçı araşdırmaya təqdim etdiyi izahatında 77.755,9 manat dəyərində malları 2019-cu ildə daxili bazardan nağd şəkildə aldığını, malların alınması ilə bağlı təsdiqedici sənədlərin olmadığını qeyd edərək hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Fərdi sahibkar tərəfindən 2020-ci il üçün təqdim olunmuş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində bəyan edilmiş xərc məbləğləri, malların maya dəyəri ilə bağlı təsdiqedici sənədlər təqdim edilməmiş, araşdırmaya təqdim edilmiş izahatda təsdiqedici sənədlərin olmadığı qeyd etmiş, kameral vergi yoxlaması ilə hesablama aparıldıqdan sonra vergi üstünlüyü əldə etmək məqsədi ilə 2019-cu ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim olunaraq bəyannamənin 1 saylı əlavəsinin mallar sətrinin hesabat dövrünün sonuna 77.755,9 manat mal qalığı bəyan edilməklə vergidən yayınma sxemi hazırlanmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

20. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir.

21. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi J.Bağıroca apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

22. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

23.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi; 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçininvergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 108- gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 139.2- əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. 162.1- vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. 16.1.3- qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1- bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 37.1- əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 58.13- bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 71.2-ci maddə-vergi ödəyiciləri bu Məcəllənin 71.1- ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Apellyasiya Məhkəməsinin hüquqi mövqeyi:

24. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

25. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. İşə apellyasiya qaydasında baxan məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

27. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2019-cu ildə daxili bazardan (Sədərək ticarət mərkəzindən) nağd şəkildə ödəniş edilməklə alınmış 77.755,9 manat dəyərində malların alış aktları olmasa da, həmin malların 2020-ci ildə satışı ilə bağlı elektron qaimələr mövcuddur. İddiaçının vergiyə təqdim etdiyi 2020-ci il üçün gəlir vergisi bəyannaməsindən görünür ki, hesabat dövründə iddiaçının 77755,90 manat malı qalığı olmuş, 36591,10 manat malı almış və 114347 manat dəyərində mal təqdim edilmiş, yəni satılmışdır.

28. Cavabdehin nümayəndəsi hakimin sualına cavab olaraq göstərmişdir ki, alış sənədi olmayan 77.755,9 manat dəyərində malların 2020-ci ildə satılması ilə bağlı sənədlərin mötəbərliyi vergi orqanı tərəfindən mübahisələndirilmir və satış sənədləri qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, satılması barədə sənədlər mövcud olduğundan alış sənədlərinin olmaması əsası ilə iddiaçının əldə etdiyi 77.755,9 manat dəyərində malın dəyərinin xərclərə aid edilməməsi və əlavə vergi hesablanması əsassızdır. 29.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticə hissəsi: 30.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3778/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar