Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2762/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Açar sözlər: (əmək pensiyasının təyin olunması barədə qərarın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı inzibati icraatın aparılması; qərarın dəyişdirilməsi və ya ləğv olunması üçün əsas olan halın inzibati orqana məlum olma vaxtı; etimad hüququ; hüquqi müəyyənlik) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 070923 nömrəli qərarın ləğv edilməsi, pensiya ödənilməsinin bərpa edilməsi və hesablanmış borc məbləğinin silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(112)- 6277/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı 03 oktyabr 2009-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında 12 sentyabr 2024-cü il tarixli qərarı ilə iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır. Həmin qərarın qeyd hissəsində qeyd edilmişdir ki, ilkin təyinat zamanı pensiya hüququ verən iş stajı 5 nömrəli Üzüm malı zavodunun X2 saxlanılan sənədləri əsasında qarşılıqlı yoxlanılaraq öz təsdiqini tapmadı. Pensiya hüququ ləğv edilir. Nəticədə xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 30264,65 manat artıq vəsait ödənilmişdir. Müavinət hüququna baxılsın. Birinci instansiya məhkəməsində icraat İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının əmək pensiyası ödənişinin xx.xx.2024-cü il tarixindən dayandırılması haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 070923 nömrəli qərarın ləğv edilməsi, pensiya ödənilməsinin bərpa edilməsi və hesablanmış borc məbləğinin silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 07 mart 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının nümayəndəsinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialının iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-8-317943/2024 nömrəli məktubunda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olmuş tələblərinə əsasən, iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti yoxlama zamanı yaşa görə əmək pensiyası təyin edilərkən sığorta stajının hesablanmasında nəzərə alınan xx.xx.1994-cü il tarixdən xx.xx.1999-ci il tarixinədək Naxçıvan 5 nömrəli üzüm emal zavodunda olan əmək fəaliyyəti dövründə araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın müvafiq araşdırılmasına əsasən Naxçıvan 5 nömrəli üzüm emal zavodunda olan əmək fəaliyyəti dövrü təsdiqini tapmadığından yaşa görə əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajı olmadığı müəyyən edilmişdir.” İddiaçı 1994-cü ilin sentyabr ayından 1999-cu ilin dekabr ayınadək Naxçıvan 5 nömrəli üzüm emalı zavodunda əmək fəaliyyətində olmuşdur. 1999-cu ildə biləndə ki, həmin zavod özəlləşdiriləcək, öz ərizə ilə işdən azad edilmişdir. İddiaçı işdən çıxdıqdan müəyyən müddət sonra isə həmin zavod qanunvericiliyin tələblərinə uyğun olaraq özəlləşdirilmiş, bir neçə ildən sonra isə başqa adama satılmışdır. İddiaçıda olan məlumata əsasən artıq uzun müddətdir ki, Naxçıvan 5 nömrəli üzüm emalı zavodu mövcud deyil, zavod abadlıq işləri adı altında sökülmüş və bu məlumat Naxçıvan şəhərində hal-hazırda fəaliyyət göstərən müvafiq sturuktur bölmələrdən və digər alternativ mənbələrdən də dəqiqləşdirilə bilər. Eyni zamanda məhkəmənin nəzərinə çatdırıram ki, 1994-cü ilin sentyabr ayından 1999-cu ilin dekabr ayınadək Naxçıvan 5 nömrəli Üzum emalı zavodunda işləməyi haqqında əmək kitabçasında müvafiq qeydlər mövcuddur və həmin qeydlərə əsasən təsdiq edilir ki, iddiaçı həqiqətən qeyd olunan dövrdə həmin müəssisədə işləmişdir. Cavabdehin məktubda daha sonra qeyd edilmişdir ki, “xx.xx.2024-cü il tarixində ona dəvət məktubu göndərilmiş (3-17- 1/2-S-237230/2024 nömrəli məktub) və xx.xx.2024-cü i i tarixində saat 10:30-da Bakı şəhəri, H.ünvan 1 ünvanında yerləşən Nazirliyin tabeliyində Fondun İnzibati binasında (qəbul şöbəsinə) gəlməyi və ya yazılı qaydada öz mülahizlərini təqdim etməyi xahiş olunmuşdur. Yuxarıda qeyd olunan tarixdə iddiaçı və ya nümayəndəsi qəbula gəlməmişdir. İddiaçı şəkərli diabet xəstəsidir, eyni zamanda sağ ayağı diz qapağında, topuğunda 1 il əvvəl keçirdiyi cərrahi əməliyyat nəticəsində şiş və ağrılar və digər sağlamlıq problemləri var, ona görə də normal yeriməkdə çətinlik çəkir. Bu səbəbdən məsələ ilə bağlı öz mülahizəni təqdim etmiş və xx.xx.2024-cü il tarixində onun mülahizəsi Fondun nümayəndəsi tərəfindən imza olunaraq qəbul edilmişdir. Cavabdehin məktubda daha sonra qeyd edilmişdir ki, “Mərkəzi Filialın müvafiq qərarı əsasında təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və xx.xx.2009- cu il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait olunmuşdur.” Mərkəzi Filial tərəfindən iddiaçıya hər hansı qərar təqdim edilməmişdir. Bununla əlaqədar cavabdehə müraciət edilmiş, lakin qərarın təqdim edilməsindən imtina olunmuş və ona yalnız məktubun sürəti təqdim edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1- ci maddəsinin xx.xx.2009-cu il tarixdə qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti yoxlama zamanı iddiaçıya yaşa görə əmək pensiyası təyin olunarkən sığorta stajının hesablanmasında nəzərə alınan xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Naxçıvan 5 nömrəli Üzüm emalı zavodunda olan əmək fəaliyyəti dövrünün təsdiqini tapmadığından yaşa görə əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 070923 nömrəli qərarı əsasında iddiaçının yaşa görə əmək pensiyası yenidən hesablanaraq ilkin pensiya hüququ verən iş stajı 5 nömrəli üzüm emalı zavodunun X2 saxlanılan sənədləri əsasında qarşılıqlı yoxlama aparılmış və öz təsdiqini tapmadığı üçün pensiyası dayandırılmışdır. Nəticədə xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 30264,65 manat artıq vəsait ödənildiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən 31,12.2021-ci il tarixədək 130 manat, 01.01,2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 180 manat, 01,01.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(112)-6277/2025 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilərək, İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 070923 nömrəli qərarının ləğv edilməsi, İddiaçı pensiya ödənilməsinin bərpa edilməsi və hesablanmış borc məbləğinin silinməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(112)- 6277/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarın əsaslandırma hissəsinin 12-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın bəndlərini sadəcə sadalamışdır. Qərarda da qeyd edildiyi kimi, həmin qaydaların 6.1.4-cü bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. Göründüyü kimi, cavabdeh inzibati orqan yuxarıda qeyd edilən qaydaların müddəalarına zidd hərəkət etməmişdir. Məhkəmə həmçinin qərarın əsaslandırma hissəsinin 13 və 14-cü bəndlərində “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun maddələrini sadalayaraq inzibati icraatın inzibati orqanın öz təşəbbüsü ilə aparıla biliəcəyini qeyd etmiş, lakin inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verilməli olduğunu qeyd edərək cavabdeh tərəfindən inzibati icraatın düzgün aparılmadığı nəticəsini çıxarmışdır. Məhkəmənin inzibati orqan tərəfindən inzibati icraatın düzgün aparılmaması qənaətinə necə gəldiyi aydın deyildir. Əgər iş materialları düzgün araşdırılsa, iddiaçıya inzibati icraat barədə məlumat verildiyi, iddiaçının cavab məktubu ilə öz mülahizəsini bildirdiyi və daha sonra inzibati aktın qəbul edilməsi haqqında məktub göndərilərək məlumatlandırıldığı aydın olar. Məhkəmə qərarının əsaslandırma hissəsinin 16-17-ci bəndlərində pensiyadan tutma, geri qaytarma kimi ifadələrə yer verilmişdir. Lakin xx.xx.2024-cü il tarixli 070923 nömrəli yenidən hesablama qərarında artıq ödəmə müəyyən olunsa da, iddiaçıya təyin olunan müavinətdən tutulma, və ya artıq ödənilmiş məbləğin geri qaytarılması barədə hər hansı tədbir görülməsi barədə qeyd öz əksini tapmamışdır. Məhkəmənin hansı səbəbdən qərara yenidən hesablama qərarı kimi deyil, artıq ödənilmiş məbləğin tutulması barədə qərar kimi yanaşması müəyyən deyildir. Digər tərəfdən məhkəmə pensiyanın bərpa edilməsi öhdəliyini cavabdehə həvalə etmiş, lakin yenidən hesablama qərarınının qəbul edilməsi üçün əsas olmuş, ilkin təyinat zamanı nəzərə alınan iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Naxçıvan 5 nömrəli Üzüm emalı zavodunda olan əmək fəaliyyəti dövrünün mübahisələndirilməsi məsələləsinə ümumiyyətlə toxunmamış, həmin müəssisənin əmək haqqı və əmr kitablarında iddiaçının adına hansı səbəbdən rast gəlinməməsini araşdırmağa zərurət belə görməmişdir. Məhkəmə qərarda qeyd edilən normaların məzmununa zidd olaraq qeyd edir ki, əmək pensiyası səhv təyin edilsə belə, inzibati orqan tərəfindən səhvin “iddiaçının hesabına” aradan qaldırılması yolverilməzdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi qərar qəbul edərkən qərarda qeyd edilən normalardan irəli gələn müddəalara deyil, sadəcə daxili inama əsaslanaraq qərar qəbul etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(112)- 6277/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(112)-6277/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: … 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 67-ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi, pensiya ödənilməsinin bərpa edilməsi və hesablanmış borc məbləğinin silinməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə, əslində isə iddiaçıya borc hesablanması, iddiaçıdan həmin hesablanmış borcun tələb edilməsi, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Məhkəmə həmçinin qeyd etmişdir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın 15 ildən sonra qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Əmək pensiyasının yenidən hesablanması, daha doğrusu isə qeyd hissəsində borc hesablanaraq, yaşa görə əmək pensiyasından məhrum etməklə, pensiya əvəzinə sosial müavinət təyin edilməsi, sosial müavinət məbləğindən isə borcun tutulması barədə iddiaçını əlverişsiz vəziyyətə gətirən cavabdeh inzibati orqanın qərarı “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmənin inzibati orqan tərəfindən inzibati icraatın düzgün aparılmaması qənaətinə necə gəldiyi aydın deyildir. Əgər iş materialları düzgün araşdırılsa, iddiaçıya inzibati icraat barədə məlumat verildiyi, iddiaçının cavab məktubu ilə öz mülahizəsini bildirdiyi və daha sonra inzibati aktın qəbul edilməsi haqqında məktub göndərilərək məlumatlandırıldığı aydın olar. Bundan başqa məhkəmə yenidən hesablama qərarınının qəbul edilməsi üçün əsas olmuş, ilkin təyinat zamanı nəzərə alınan iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Naxçıvan 5 nömrəli Üzüm emalı zavodunda olan əmək fəaliyyəti dövrünün mübahisələndirilməsi məsələsinə ümumiyyətlə, toxunmamış, həmin müəssisənin əmək haqqı və əmr kitablarında iddiaçının adına hansı səbəbdən rast gəlinməməsini araşdırmağa zərurət belə görməmişdir. Məhkəmə qərarda qeyd edilən normaların məzmununa zidd olaraq qeyd edir ki, əmək pensiyası səhv təyin edilsə belə, inzibati orqan tərəfindən səhvin “iddiaçının hesabına” aradan qaldırılması yolverilməzdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun normalarına əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Yuxarıda sadalanmış normaların məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar və Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur, habelə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludurlar. İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan 25 dekabr 2024-cü il tarixli məktubda (i.v.6) qeyd olunmuşdur ki, “sizə vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixində dəvət məktubu göndərilmiş (3-17-1/2-S-237230/2024 nömrəli məktub) və xx.xx.2024-cü il tarixində saat 10:30-da Bakı şəhəri, H.ünvan 1 ünvanında yerləşən Nazirliyin tabeliyində X3 (Qəbul şöbəsinə) gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrinizi təqdim etməyiniz xahiş olunmuşdur.” İddiaçıya təyin edilmiş pensiyanın dayandırılmasına əsas olan və onun tərəfindən mübahisələndirilən 070923 nömrəli yenidən hesablama qərarı isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Başqa sözlə, mübahisələndirilən qərar qəbul edilməmişdən öncə iddiaçı dəvət edilməli olduğu halda, inzibati akt qəbul edildikdən sonra iddiaçı inzibati orqana dəvət olunmuş və bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutdur. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Naxçıvan 5 nömrəli üzüm zavoduna operator vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu ildə işdən azad edilmişdir. Eyni zamanda, iş materiallarında olan əmrlərdən müəyyən olunur ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Naxçıvan 5 nömrəli üzüm zavoduna operator vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu ildə işdən azad edilmişdir (iş vərəqi 31). Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərkibi tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə tərkibi nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə tərkibinin qənaətinə görə, həmin müəssisənin əmək haqqı və əmr kitablarında iddiaçının adına rast gəlinməməsi əsas ilə «iddiaçının işləməsi təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir. Nəzərə almaq lazımdır ki, iş materialların iddiaçının işə girmə və işdən çıxma əmrləri mövcuddur. Ümumiyyətlə, iddiaçının işlədiyi müddət üzrə əmək haqqı kitablarında iddiaçının adının olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar yalnız ehtimallara əsaslandığından bu, sübutun (əmək kitabçasının) qeyri-mötəbərliyi (saxtalığı), eyni zamanda iddianın əsassızlığı barədə nəticəyə gəlməyə əsas vermir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iddiaçıya 03 oktyabr 2009-cu il tarixdən pensiya təyin edilmişdir. Daha sonra, yəni xx.xx.2024-cü il tarixli qərarda onun pensiya hüqunun ləğv edildiyi qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh təxminən 15 il sonra iddiaçının pensiya hüququnun olmaması qənaətinə gəlmişdir. Nəzərə almaq lazımdır ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlıdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın iddiaçının əmək pensiyası hüququnun olmaması barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş hədlərdə qorunur Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2-1(112)-6277/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2762/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2762/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver