Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2764/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6254/2025 nömrəli, 03 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3-17-1/3-3-8759/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçının əmək pensiyasının əvvəlki miqdarında ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildən 57 yaşı tamam olduğu üçün iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2024-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində yığılmış sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası yenidən hesablanaraq 363,86 manatdan 452,31 manata artırılmışdır. Artırılmış əmək peniyası bir neçə ay ona ödənilmişdir. Müəyyən müddət keçdikdən sonra cavabdeh yenidən Qanunun 37.3.1-ci və 45-ci maddələrinə əsaslanaraq əmək pensiyasını 437,02 manata endirmişdir və hazırda da həmin azaldılmış məbləğ ona ödənilir. Bu barədə ona uzun müddət keçdikdən sonra yazılı məktub göndərilmışdir. Məktubda bildirilmişdir ki, guya ona bu barədə məlumat vermişlər və onun razılığını almaq üçün cavabdeh quruma dəvət etmişlər, dəvət məktubu vaxtında çatdırılmadığına görə orada iştirak etməmiş və razılıq olmadan əmək pensiyasının miqdarı aşağı salınmışdır. “Əmək pensiyaları haqqinda” Qanunun 39.1-ci maddəsi kobudcasına pozulmuşdur: “Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur”. Göründüyü kimi, onların istinad etdiyi Qanunun maddələri eynidir, amma hesablamalar fərqlidir və buna görə də hesablamaların doğru olduğuna şübhə yaranır. xx.xx.2019-cu ildə onun güzəştli pensiya hüququ yarandığında həmin qurumdan onun müraciətinə imtina cavabı vermişlər və o, hüququnu məhkəmə vasitəsilə bərpa etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-6254/2025 nömrəli, 03 mart 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3-3-8759/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı əmək pensiyasının (xx.xx.2024-cü il tarixdən) əvvəlki miqdarında ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus əmək kitabçasına və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumatlara əsasən, iddiaçı ona xx.xx.2019-cu il tarixdə pensiya təyin olunduqdan sonra da əmək fəaliyyətini davam etdirmiş və qeyd edilən dövrdə ona münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər aşağıdakı kimi qeyd edilmişdir: 1. Məhkəmə qərarında qeyd edilmişdir ki, “təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır.” Məhkəmənin bu mövqeyinə münasibətdə bildirilir ki, iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi iddiaçının cavabdeh tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli məktubda mülahizələrinin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixədək cavabdeh quruma yaxınlaşması xahiş olunmuşdur. İddiaçının Mərkəzi Filiala gəlməyi xahiş olunsa da, iddiaçı Mərkəzi Filiala gəlməmişdir. Əlavə olaraq, inzibati icraatın təzələnməsi, artıq ödəmənin yaranması, pensiyanın yenidən hesablanması, eləcə də iddiaçının mülahizələrinin dinlənilməsinin səbəbləri barədə ətraflı məlumatı özündə əks etdirən məktub iddiaçıya göndərilmişdir. Bu da o deməkdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında qeyd etdiyi kimi “təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati aktın qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmaması” halı mövcud olmamış və şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını aydın görmək imkanına malik olmuşdur. İddiaçıya göndərilən məktubda cavabdeh inzibati icraatın təzələnməsi, artıqödəmənin yaranması, pensiyanın yenidən hesablanması, eləcə də iddiaçının mülahizələrinin dinlənilməsinin səbəbləri barədə ətraflı məlumatı qeyd etmişdir, deməli, iddiaçı onun barəsində qəbul ediləcək qərarın əsasları barədə tam məlumatlı olmuş və buna münasibət bildirmək imkanına malik olmuşdur. Hazırkı iş üzrə mübahisə predmeti inzibati orqan tərəfindən bir çox pensiyaçılara münasibətdə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktların aparılan yoxlamalar zamanı aşkar edilməsi və bu səbəbdən həmin aktların ləğv edilməsi məqsədilə inzibati icraatın təzələnməsi ilə əlaqədardır. Həmin yoxlamalar nəticəsində inzibati icraatın təzələnməsi barədə məktublar bütün pensiyaçılara, o cümlədən hazırkı iş üzrə iddiaçıya göndərildiyindən inzibati orqanın mövqeyi əvvəlcədən bəlli və aşkar idi. Həmçinin akt tərtib edilməsində iştirak etməklə və ya etməməklə mülahizələrini bildirən və daha sonra barələrində yenidən hesablanma barədə qərarlar qəbul edilən pensiyaçıların da mövqeyi bəlli və aşkar idi. Həmçinin müvafiq yoxlamalar üzrə pensiyaçıların hər hansı birində onların mülahizələrinin öyrənilməsi məqsədilə yenidən hesablama barədə qərarların qəbul edilməsinin təxirə salınmasına səbəb ola biləcək xüsusi və (və ya) fərqli faktiki hallar da mövcud olmamışdır. Deməli, inzibati orqan tərəfindən eyni məzmunlu məktubların çoxlu sayda pensiyaçıya göndərilməsi və onların lazımi qaydada məlumatlandırılması da dinlənilmə hüququnun təmin edilməsi deməkdir. Başqa sözlə, inzibati icraatın təzələnməsinin çoxlu sayda pensiyaçını əhatə etdiyi aşkar görünür. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında mübahisə predmeti olan qərarın ləğv edilməsi yalnız “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları baxımından əsaslandırılmışdır. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı barəsində inzibati icraat başlanmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdur. Bu isə o mənaya gəlir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması; həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi; həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir.” Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə asılı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilikdə aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanması” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Qanunun 45-ci maddəsi adından da göründüyü kimi “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, əmək pensiyasının məbləğinin hesablanması zamanı nəzərə alınan göstəricilərdən biridir. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Sizə xx.xx.2020-ci il tarixdə Mərkəzi Filial tərəfindən 14 fevral 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 306,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən hesablanır. Qanunun 45-ci maddəsinə əsasən göziənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci ii tarixinədək qüvvədə oimuş redaksiyasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixinə kişilər 64 il) arasındakı ayların sayı qədər artırılır. Pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 26 il 3 ay 16 gün təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək iş stajınıza uyğun olaraq Qanunun 27-ci maddəsinə görə və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 35,29 manat (26,29 il x 306 manat : 226 ay (64 il - 57 il = 84 ay +144 ay)) hesablanaraq xx.xx.2019-cu il tarixinə indeksiəşdirilib 83,30 manat müəyyən edilərək üzərinə, xx.xx.2006-xx.xx.2019-cu il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 8579,64 manat sığorta kapitalınıza uyğun 37,63 manat (8579,64 : 228 ay) əlavə edilərək xx.xx.2019-cu il tarixinə əmək pensiyanızın məbləği 120,93 manat (83,30 + 37,63) (indeksləşdirilməklə xx.xx.2024-cü il tarixinə 363,86 manat) müəyyən edilib. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Bununla əlaqədar, xx.xx.2024-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün işləyən əmək pensiyaçısı olduğunuz dövrdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 10525,55 manat sığorta kapitalınıza əsasən əmək pensiyanız Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (10525,55: 119 ay (144 ay-25 ay (əmək pensiyaçısı kimi işlədiyiniz ayların sayı)=88,45 manat) həmin tarixdən yenidən hesablanaraq 363,86 manatdan 452,31 manata (363,86+88,45) artırılıb. Qeyd olunanları nəzərə alaraq, keçmiş müddət üçün Sizə ödənilməli olan 57,06 manat pul vəsaiti hesablanıb. Həmin 57,06 manat pul vəsaiti cari ayda əmək pensiyanızın üzərinə əlavə olunaraq müvafiq kart hesabınıza köçürülməsi nəzərdə tutulub. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Sizə 14 fevral 2019-cıı il tarixindən X2 tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işiədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2024-cü il tarixinə kişilər 65 il) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixindən qüvvəvə minmiş 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Bundan başqa, araşdırma zamanı, Sizə xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyinizlə əlaqədar pensiyanız yenidən hesablanarkən, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 157 aya (65 il - 61 il 10 ay = 38 ay + (144 ay - 25 ay)) bölünməli olduğu halda, səhvən 72 aya bölündüyü müəyyən edilib. Belə ki, 11486,12 manat pensiya sığorta kapitalınız 157 aya bölünməklə əmək pensiyanızın (363,86 manat) üzərinə 73,16 manat (11486.12:157) əlavə edilərək xx.xx.2024-cü il tarixindən pensiya məbləğiniz 437,02 manata (73,16+363,86) artırılmalı olduğu halda, səhvən 452,31 manata artırılmaqla Sizə ödənilib. Bununla əlaqədar, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən vaxtilə Sizə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnuza yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələriniz dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün Sizə 11 iyun 2024-cü il tarixində məktub göndərilməklə 25 iyun 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Lakin mülahizələrinizin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmisiniz. Əmək pensiyanızın yenidən hesablanma qaydası barədə Sizə tərəfimizdən 16 iyul 2024-cü il tarixli məktubla qanunvericiliyin tələbləri ətraflı bildirilib. Sizə ötən dövr üzrə 71,02 manat məbləğində artıq ödənilmiş pul vəsaiti müəyyən edilib. Həmin 71,02 manat vəsaitin əmək pensiyanızdan hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığınızı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. İş materiallarında olan cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1911/2024 nömrəli qərarına əsasən iddiaçının əmək pensiyası işdən çıxma ilə əlaqədar yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 452,31 manat təşkil etmişdir. İş materiallarında olan cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8759/2024 nömrəli qərarına əsasən iddiaçının əmək pensiyası 37.3.1-ci maddəsinə əsasən (işdən çıxma) yenidən hesablanmış (45-ci maddə tətbiq edilməklə xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-1618/2024, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-19111/2024 sərəncamların etibarsız hesab edilməsi göstərilmişdir), yenidən hesablanmış pensiya məbləği 437,02 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. İddiaçıya xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Lakin sonradan cavabdeh həmin qərarla iddiaçının pensiyasının düzgün hesablanmadığını hesab edərək xx.xx.2024-cü il tarixli qərarla iddiaçının əmək pensiyasını yenidən hesablamışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, şəxsə əmək pensiyası təyin edildikdən sonra o, işləməyə davam edərsə, onun əmək pensiyası 72 aydan sonra yenidən hesablana bilər. Bu halda onun toplanmış pensiya kapitalı 72 aya bölünərək təyin edilmiş əmək pensiyasının üzərinə hesablanır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikən sonra da işləməyə davam etmişdir. Cavabdeh orqan ilk əvvəl iddiaçının əmək pensiyasını yenidən hesablayarkən qanunvericiliyin tələbinə uyğun olaraq pensiya kapitalını 72 aya bölərək hesablama aparmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsaslanmaqla xx.xx.2024-cü il tarixli qərarla iddiaçının əmək pensiyasını yenidən hesablamışdır. Bu zaman iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 157 aya bölünmüşdür (11486,12:157 ay (65 il - 61 il 10 ay = 38 ay + (144 ay - 25 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)). Bu isə iddiaçının pensiya məbləğinin azalmasına səbəb olmuşdur. Cavabdeh öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 157 aya (65 il - 61 il 10 ay = 38 ay + (144 ay - 25 ay)) böiünməli olduğu halda, səhvən 72 aya bölünmüşdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543- VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - xx.xx.2017-ci il tarixədək 144; - xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əmək pensiyası yenidən hesablanarkən artıq “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasındakı ikinci cümləsi Qanundan çıxarılmışdır. Bu səbəbdən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilə bilməz. İddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır. Keçid müddəaya gəldikdə isə iddiaçının əmək pensiyası yenidən hesablanarkən qüvvədə olmayan Qanunun 45-ci maddəsinin ikinci cümləsi tətbiq edilərək pensiyası yenidən hesablanmışdır. Başqa sözlə, nə qədər ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ xx.xx.2022-ci ilə qədər deyil, həmin tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Mövcud qanunvericliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6254/2025 nömrəli, 03 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2764/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2764/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver