Məhkəmə qərarları › İş №2-1(103)-2765/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2765/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2765/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X3 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun adından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın fərdi şəxsi hesaba daxil edilməsi” barədə iddia tələbi üzrə çıxarılmış məhkəmə qərarının ləğv edilməklə iş üzrə icraatın təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 24.09.2021-ci il tarixli 2-1(112)-441/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığortaedən tərəfindən onun fərdi şəxsi hesabına hesablanmış və 2018-ci il 07 fevral və 2018-ci il 06 mart tarixində ödənilmiş 720 manat və 270 manat məcburi dövlət sosial sığorta haqları barədə məlumatın fərdi şəxsi hesabına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-441/2020 saylı 03.03.2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, 07 fevral 2018-ci il və 06 mart 2018-ci il tarixlərində sığortaedən (2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi) tərəfindən ödənilmiş 720 (yeddi yüz iyirmi) manat və 270 (iki yüz yetmiş) manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Qərardan apelyasiya şikayəti verilməmişdir. 13.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məhkəməyə ərizə ilə müraciət edərək, inzibati iş üzrə icraatın təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 23.01.2018-ci il tarixdə DSMFnin Binəqədi rayon şöbəsinə (Binəqədi rayon xidmət nümayəndəliyi) yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı müraciət etmiş, ona 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyində 01.01.2006-cı il tarixdən 21.11.2010-cu il tarixədək işlədiyi dövrün əmək stajı kimi qəbul edilmədiyi, belə ki, adıçəkilən birlik tərəfindən 2006-2010-cu illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda” (Forma B3) onun sosial sığorta şəhadətnaməsinin nömrəsi qeyd olunmadığından fərdi şəxsi hesabında məlumatların aşkar edilmədiyi bildirilmişdir. “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın tərtib Qaydalarına əsasən, sığortaedənin məlumat ili üçün ödədiyi məcburi dövlət sosial sığorta haqqının məbləği hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğindən az olduğu zaman ödənilmiş məbləğ hesablanmış məbləğə bölünməklə proporsional nisbət tapılır və həmin nisbət hər bir sığortaolunan üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinə vurulmaqla sığortaolunanlar arasında bərabər şəkildə bölünür. İş materiallarından göründüyü kimi, 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin Fonda 1 oktyabr 2018-ci il tarixədək 830.713,46 manat məbləğində sosial sığorta haqqı üzrə debitor borcu yaranmışdır. Sığortaedən "2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi” tərəfindən 07.02.2018-ci il və 06.06.2018-ci il tarixlərdə ödənilmiş 720 (yeddi yüz iyirmi) manat və 270 (iki yüz yetmiş) manat məbləğlərində ödənilmiş məcburi dövlət sosial sığorta haqqı ödəniş ardıcıllığına uyğun olaraq (ilk öncə cari borc ödənildikdən sonra debitor borc ödənilir) sığortaedən tərəfindən təqdim edilmiş 2017-ci ilin İ rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”da adları qeyd olunan sığortaolunanlar üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nəzərən proporsional qaydada bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunmuşdur. İddiaçının sığortaedəni "2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi” tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lara (Forma B1) əsasən yaranmış məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borcu tam şəkildə sığortaedən tərəfindən Fondun hesablaşma-hesabına ödənilmədiyi üçün 2018-ci ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı ödəniş ardıcıllığına uyğun olaraq sığortaedən tərəfindən təqdim edilmiş 2018-ci ilin 1-ci rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”da adları qeyd olunan sığortaolunanlar üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nəzərə proporsional qaydada bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunmuşdur. İddiaçının həmin müəssisədə əmək müqaviləsinə 2010-cu ildə xitam verildiyi üçün 2018-ci il üzrə təqdim edilmiş hesabatda onun adı mövcud olmadığından, iddiaçının fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqqı əks edilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş 11.09.2021-ci il tarixli **********2 nömrəli məktuba əsasən, Fonda daxil olmuş 15.01.2021-ci il tarixli 17/72-211427/1-1258 nömrəli müraciətin araşdırılması zamanı Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 3 mart 2020-ci il tarixli 2-1(112)-441/2020 saylı qərarında qeyd olunan 07.02.2018-ci il və 06.03.2018-ci il tаriхlərində ödənilmiş 720 (yeddi yüz iyirmi) manat və 270 (iki yüz yetmiş) manat məbləğlərində məcburi dövlət sosial sığorta haqları sığortaedən "2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi" (SUN: **********0) tərəfindən 18 aprel 2018-ci il tarixində təqdim edilmiş 2018-ci ilin İ rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”a əlavə olunaraq 2017-ci ilin İ rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”da adları qeyd olunan sığortaolunanlar arasında hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun proporsional qaydada bölüşdürülmüşdür. Eyni zamanda fərdi şəxsi hesabına bölüşdürülmüş məcburi dövlət sosial sığorta haqları olan sığortaolunanlardan 57 nəfərin əmək pensiyaçısı olduğu məlum olmuşdur. Yəni, proporsional qaydada bölüşdürülmüş həmin məcburi dövlət sosial sığorta haqları əsasında 9 nəfərə pensiya təyin edilmişdir və həmin borc məbləğinin İddiaçı hesabında nəzərə alınması pensiya təyinatı aparılmış şəxslərin fərdi şəxsi hesabından məcburi dövlət sosial sığorta ödənişlərinin geri qaytarılmasına səbəb ola bilər. Bu hal isə pensiya təyinatı aparılmış həmin şəxslər dairəsinin hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Məhz həmin əsaslara görə ödənilmiş və sığortaolunanların fərdi şəxsi hesablarına bölüşdürülmüş məcburi dövlət sosial sığorta haqlarına düzəlişlərin edilməsi, formalaşmış pensiya kapitalı əsasında pensiya təyinatı aparılan şəxslərin pensiya məbləğlərində hər hansı dəyişikliklərin edilməsi və azaldılması, sığortaedən 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən 07.02.2018-ci il və 06.03.2018-ci il tarixlərdə cəmi ödənilmiş 990 (doqquz yüz doxsan) manat məcburi dövlət sosial sığorta haqqının sığortaolunan İddiaçı (SSN: **********665) fərdi şəxsi hesabına daxil edilməsi mümkün deyildir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Lakin qeyd etmək lazımdır ki, İnzibati-Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Bu səbəbdən, Bakı İnzibati Məhkəməsinin 03.03.2020-ci il tarixli 2- 1(112)-441/2020 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2-1(112)-441/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir.(hakim: N.Abıyev) Həmin qərardaddan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qərardadda göstərdiyi nəticələr işin hallarına uyqun gəlməmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 20.09.2021-ci il tarixli **********0 nömrəli “sıqortaedənin məcburi dövlət sosial sığorta haqları üzrə borcunun ödənilməsi haqqında” Dövlət Vergi Xidmətinə ünvanlanmış məktub məhkəmə tərəfindən iş materiallarına əlavə edilməsinə baxmayaraq heç bir münasibət bildirilməmiş, hüquqi qiymət verilməmişdir. Həmin məktubda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”ndə olan məlumatlara əsasən “2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi”nin 2018ci ilin 1 oktyabr tarixinə 0111 (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 830713 manat 46 qəpik və maliyyə sanksiyası (o cümlədən penya) üzrə 117847 manat 83 qəpik borcunun yarandığı, həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin Dövlət Vergi Xidmətinə həvalə olunduğunu nəzərə alaraq sığortaedən “2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi”ndə işləmiş və xeyirlərinə sosial sığorta ödənişləri həyata keçirilməyən şəxslərin pensiya və digər sosial müdafiə hüquqlarından istifadəsinin təmin edilməsi, həmçinin məhkəmə qərarının yerinə yetirilməsi məqsədilə sığortaedənin məcburi dövlət sosial sığortası üzrə debitor borcunun tam şəkildə ödənilməsi üçün müvafiq köməklik göstərilməsi xahiş edilmişdir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Lakin qeyd etmək lazımdır ki, İnzibati-Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun adından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi yeni açılmış hallarla bağlı ərizəni təmin etməmiş və qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş ərizədən də göründüyü kimi, ərizədə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olaraq heç bir yeni sübutların və ya halların aşkar olunduğu qeyd olunmamış və qanuni qüvvəyə minmiş məhkəmə qərarının qeyd olunan əsaslarla ləğv olunması xahiş edilməmişdir. Ərizədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv olunması üçün qeyd olunmuş əsaslara gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, həmin əsaslar cavabdeh inzibati orqan tərəfindən iddiaçıya verilmiş imtinada qeyd olunmuş və məhkəmə tərəfindən həmin dəlillərə artıq hüquqi qiymət verilmişdir. Ərizədə qeyd olunan əsaslarla bağlı məhkəmə əlavə olaraq, onu da qeyd etməyi zəruri hesab etmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) orqanın vəzifəsidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Göründüyü kimi, icraatın yeni açılmış hallar üzrə icraat qaydasında təzələnməsi üçün təzələnmə barədə ərizə ilə müraciət edən tərəf məhkəməyə yeni sübutlar və ya hallar barədə sənədlər təqdim etməlidir. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı mövcud olmuş, lakin ərizəçidən asılı olmayan səbəblərdən təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Hazırkı iş üzrə ərizəçi məhkəməyə ilkin icraat zamanı mövcud olmuş hər hansı yeni sübut və hallar barədə sənədlər təqdim etməmişdir. Cavabdeh ərizəsində istinad etdiyi sübutlar isə işə mahiyyəti üzrə baxılarkən tərəfindən həmin dəlillərə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, ərizəçinin yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2-1(112)-441/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar