Məhkəmə qərarları › İş №2-1(103)-2765/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2765/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2765/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-954/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı (**********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə məhkəməyə müraciət edərək xx.xx.2022 tarixli **********066900 saylı Qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı МММ (**********) sair plastik məmulatların istehsalı, əsasən polipropilen və polietilen dənəciklərin (xammalın) idxalı, emalı, satışı (o cümlədən ixracı), emal xidməti ilə məşğul olur. Bu müddət ərzində qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindəni5.04.2021-ci il tarixdə **********231200 saylı 2020-ci il üçün təqdim edilmiş əmlak vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə bildiriş göndərilmişdir. Bundan əlavə xx.xx.2021-ci il tarixli № **********142200 (vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə: bəyannamə və hesabat dövrü: 2020- ci il) Əlavə Vergilərin hesablanması barədə Qərar qəbul edilmişdir. Elə həmin gün, yəni xx.xx.2021-ci il tarixdə də "xxxx" MMM- nin şəxsi hesab vərəqəsindən artıq ödəmədən 95.260.77 manat silinmişdir. Bu işlə bağlı xx.xx.2021-ci il tarixli **********758100 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati şikayətə baxılır (icraçı: Baş dövlət vergi müfəttişi Şəkərov Xalid) tərəfindən baxılır. "xxxx" МММ-nə əlavə hesablanmış 95.260.77 manat əmlak vergisi ilə razılaşmır. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, hesablanmış vergi qanunsuz və əsassızdır. Bundan əlavə bildirir ki, inzibati orqanın bildirdiyinə görə “sığortalanan əmlakın bazar dəyəri 12 130 000,00 manat olduğu müəyyən edilib”. Alınan məlumat sığorta şirkəti tərəfindən vergi orqanına verilib. Lakin bu rəqəmin əmlakın həqiq bazar dəyərinin olubolmamsı vergi orqanı tərəfindən aydınlaşdırılmamışdır. Vergi ödəyicisi kimi, qeyd edirik ki, sığorta müqaviləsində sığorta məbləği 12 130 000,00 manat təşkil etsə belə bu sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir, əmlakın real və ya bazar dəyəri deyildir. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edilməmişdir. Mülki Məcəllənin 904.1-ci maddəsinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 12-ci maddəsinə əsasən, sığorta məbləği Qanuna və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta olunana ödənilməli pul məbləğinin həddidir. Sığorta haqqının və ödənişinin məbləğləri ondan asılıdır. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir. xx.xx.2019-cu il tarixli Girov qoyulan əmlakın sığortasına dair Ərizə- anketdə əşya və avadanlıqların real dəyəri müəyyən edilməmiş və qrafa boşdur. Odur ki, Vergi Məcəlləsinin 201.1.1-ci maddəsi tətbiq edilməsi düzgün yanaşma deyildir. Vergi Məcəlləsinin 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir. 201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir. 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda. Azərbaycan Respubliksaının Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən, Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1. maddəsinə əsasən, aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.3-ci müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri; 201.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 202.0.l.-ci maddəsinə əsasən Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır. Azərbaycan Respubliksaının Vergi Məcəlləsinin 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. «İnzibati İcraat haqqında» Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yuxarıda qeyd edilən müddəalara istinad edilərək tərəfimizdən vergi hesablanıb və ödənilib. Odur ki, əlavə hesablanmış 95.260.77 manat vergi hesabatına uyğun deyil və məsələyə yenidən baxılması məqsədəmüvafiq olardı. "xxxx" MMM-nin rəhbərliyi bu müraciəti yazmaqla xahiş edir ki, əlavə hesablanmış və düzgün tutulmamış, şəxsi vərəqədə artıq ödəmədən silinmiş 95.260.77 manat verginin şəxsi vərəqəyə geri qaytarılması üçün müvafiq tədbirlər görəsiniz. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021- ci il tarixli **********142200 nömrəli qərarın və onun hüquqi nəticələrinin ləğvi kimi dəyişdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-954/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-954/2023 saylı, xx.xx.2023-cü il nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021ci il tarixli **********142200 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində əlavə 95.260,77 manat vergi məbləği hesablanmış, hesablamanın əsası kimi sığorta şirkəti tərəfindən təqdim edilmiş **********618600 nömrəli sənədə əsasən 12.130.000,00 manat məbləğində əmlak sığorta olunmuş və əmlak vergisi üzrə kənarlaşma yaranmışdır. Ödənilmiş əmlak vergisi 26.039,23 manat olduğundan (12.130.000x1%=121.130,00; 121.130,00 – 26.039,23=95.260,77) 95.260,77 manat məbləğində kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşma ilə bağlı vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilməmişdir - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli **********066900 nömrəli qərarına əsasən İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********142200 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsindən: 23.1.1. vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya məhkəməsı plenumunun xx.xx.2012-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsasən bazar qiymətinin tətbiqinin vergi ödəyicisinin əmlak hüquqlarına təsir edən tədbir olduğunu nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu analoji məsələyə aid xarici konstitusiya mühakiməsi təcrübəsində olan mövqeyi diqqətəlayıq hesab edir ki, “… hüququn ümumi prinsiplərindən irəli gələrək qanunla əmlaka aid sahiblik, istifadə və sərəncam hüquqlarının, eləcə də sahibkarlıq fəaliyyəti azadlığının və müqavilə azadlığının məhdudlaşdırılması ədalətlilik tələblərinə cavab verməli, adekvat, mütənasib, müvafiq və konstitusiya əhəmiyyətli dəyərlərin, o cümlədən başqa şəxslərin fərdi və ümumi hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün zəruri olmalı, ümumi və abstrakt xarakter daşımalı, geriyə şamil edilməməli və konstitusiya hüququnun əsas mahiyyətinə zərər vurmamalı, yəni müvafiq konstitusiya normalarının əsas məzmununun həddini və tətbiqini məhdudlaşdırmamalıdır” (Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin Plenumunun 01 aprel 2003-cü il tarixli qərarının əsaslandırıcı hissəsinin 2-ci bəndinin beşinci abzası və 6-cı bəndi). Qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyə əsasən bazar qiymətinin verginin hesablanması məqsədilə tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsindən: 201.1. Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir. 201.1.1. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14-cü maddəsinə əsasən sığortalanma tarixinə əmlakın bazar dəyərinə uyğun olaraq müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda bu Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir. 202.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri götürülür. Göründüyü kimi iddiaçının əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalanması, iddiaçı əmlak sığortası şəhadətnaməsində müəyyən edilmiş 12.130.000 manat sığorta məbləğinin bazar qiyməti ilə eynilik təşkil etmədiyi iş materialları ilə müəyyən edilir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən 1. Sığorta məbləği Qanuna və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta olunana ödənilməli pul məbləğinin həddidir. Sığorta haqqının və ödənişinin məbləğləri ondan asılıdır. 2. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir. Maddə 13. Şəxsi sığorta, əmlak sığortası və mülki məsuliyyət sığortası 2. Əmlak sığortası fiziki və ya hüquqi şəxslərin əmlakının, yaxud sahibkarlıq, bank və başqa kommersiya fəaliyyəti üçün risqlə bağlı əmlak-mənafelərinin sığortasıdır. Sığorta məbləği müqavilənin bağlandığı anda əmlakın həqiqi dəyərindən (sığorta dəyərindən) çox ola bilməz. Sığortaçının sığorta olunan tərəfindən qəsdən yanıldığını sübut etdiyi hallar istisna olmaqla tərəflər əmlakın sığorta dəyərinə etiraz edə bilməzlər. Əgər sığorta müqaviləsində müəyyənləşdirilmiş sığorta məbləği əmlakın sığorta dəyərindən çoxdursa, onda bu dəyərdən çox olan sığorta məbləği hissəsində müqavilə etibarsız sayılır. Sığorta ödənişləri sığorta hadisəsi zamanı dəymiş birbaşa zərərin məbləğindən çox ola bilməz, bu şərtlə ki, sığorta müqaviləsində müəyyən məbləğdə sığorta ödənişi nəzərdə tutulmuş olmasın. Sığorta məbləği əmlakın sığorta dəyərindən az olduğu halda, müqavilə şərtlərində başqa qayda nəzərdə tutulmamışdırsa, sığorta ödənişlərinin məbləği sığorta məbləğinin əmlakın sığorta dəyərilə nisbətinə mütənasib surətdə azaldılır. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi sığorta məbləği əmlakın həqiqi dəyərindən çox ola bilməz. Məhkəmə hesab edir ki, əmlakın həqiqi dəyəri vergi məqsədləri baxımından özlüyündə əmlakın likvid qiymətini və ya real bazar qiymətini müəyyən edir. Məhkəmə araşdırması zamanı iddiaçı sığortaçı ("xxxx" ASC) tərəfindən verilmiş sığorta şəhadətnaməsinin və ya sığorta məbləğinin mübahisələndirilməsi və ya etibarsız olmasına dair hər hansı sübut təqdim etməmiş, həmin sığorta məbləğinin mötəbər olmadığını və ya sığorta şəhadətnaməsinin qüvvədə olmadığını bildirməmişdir. Əksinə, iddiaçı həmin əsas vəsaitlərin bazar qiymətinin müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın aparılması üçün zəruri şərait yaratmamış, bununla əlaqədar məhkəmə tərəfindən sübutetmə vəzifəsinin dönüşü edilmiş, mübahisələndirilən inzibati akt üzrə sübut etmə vəzifəsi iddiaçının üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin, yəni yayındırılmış dövriyyənin mövcudluğunu sübut edildiyindən hazırkı iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 954/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-954/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar