Məhkəmə qərarları › İş №2-1(103)-2765/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2765/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2765/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1620/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində ümumi torpaq icarə haqqının hesablanmasının azaldılması, İddiaçı MMC-nin faktiki istifadəsində olan torpaq sahələrini əsas götürməklə, real borc məbləği barədə şəxsi vərəqədə müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinə müraciət edərək İddiaçı MMC-nin faktiki istifadəsində olan torpaq sahələrini əsas götürməklə, real borc məbləği barədə şəxsi vərəqədə düzəliş edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Həmin müraciətə xx.xx.2022-ci ildə cavab verilmişdir ki, xx.xx.2022-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis”ə Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət arasında dövlət mülkiyyətində olan dövlət torpaq sahələrinin icarəsi üzrə bağlanmış müqavilələrə (hal-hazırda qüvvədə olan və ləğv edilmiş) dair məlumat verilməsi barədə müraciət olunmuş, Müdiriyyət “İnterservis” tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, 112 saylı məktubla Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2003-cü il tarixli 0221 nömrəli, xx.xx.2003-ci il tarixli 0225 nömrəli, xx.xx.2004-cü il tarixli 0367 nömrəli, xx.xx.2005-ci il tarixli 0472 nömrəli, xx.xx.2005-ci il tarixli 0618 nömrəli və xx.xx.2008-ci il tarixli (texniki səhvlik ilə məktubda xx.xx.2008-ci il göstərilib) 0855 nömrəli icarə müqavilələrinə dəyişiklik və ya ləğv edilməməsi bildirilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli məktubla iddiaçı tərəfindən bir daha Vergi Xidmətinə müraciət edilmiş və bildirilmişdir ki, iddiaçı (Vergi Xidməti) Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsaslanaraq, dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirlmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirtmək vəzifələrinə istinad edərək, İddiaçı MMC-yə qarşı istifadə üzrə yaranmış 879699.06 manat borcun tutularaq dövlət büdcəsinə ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamasi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər Baş idarəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Ona görə də İddiaçı MMC-nin faktiki istifadəsində olan torpaq sahələrini əsas götürməklə, real borc məbləği barədə şəxsi vərəqədə düzəlişlər edilməsi xahiş olunmuşdur. Həmin müraciətə xx.xx.2023-cü ildə cavab verilmişdir ki, eyni məzmunlu xx.xx.2022-ci il tarixli müraciətə xx.xx.2022-də cavab verilib. Bundan sonra iddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan məktubların və aparılan danışıqların intensivliyi artırılmış, nəhayət 13 aprel 2023-cü ildə bir müqavilə üzrə “ləğv etməyə dair bildiriş” əldə edilmişdir. Həmin bildirişdə göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 499 nömrəli, xx.xx.2003-cii il tarixli sərəncam ilə, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 476-492-ci məhəllələrdə yerləşən 56500 kv.m torpaq sahəsinə bağlanmış 0855 nömrəli, xx.xx.2008-ci il tarixli torpaq icarə müqaviləsi xx.xx.2008-ci il tarixindən ləğv edilir. Həmin bildirişi əldə etdikdən sonra 18 may 2023-cii il tarixdə təkrar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edilmiş və “ləğv etməyə dair bildiriş” məktuba əlavə edilməklə, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 476-492-ci məhəllələrdə yerləşən 56500 kv.m torpaq sahəsi üzrə bağlanmış 0855 saylı, xx.xx.2008-ci il tarixli müqavilənin həmin tarixdən ləğv olunduğunu nəzərə alaraq, şəxsi vərəqədə hesablanmış ümumi torpaq icarə haqqı üzrə borc məbləğinə müvafiq düzəlişin edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Həmin müraciətə cavabdeh xx.xx.2023-cü il tarixdə rəsmi cavab verərək bildirmişdir ki, eyni məzmunlu xx.xx.2023-cü il tarixli müraciətiniz xx.xx.2023-cii ildə cavablandırılmışdır. Halbuki, xx.xx.2023-cü il tarixli müraciəti əvvəlki müraciətləri ilə oxşar məzmunlu olsa da, eyni məzmunlu olmamış, xx.xx.2023-cü il tarixli müraciətdə konkret olaraq bir ünvan üzrə düzəliş edilməsi xahiş edilmiş, həmçinin Bakı şəhər İcra Hakimiyyətinin “ləğv etməyə dair bildiriş”i müraciətə əlavə edilmişdir. Lakin yenə də cavabeh iddiaçının əsaslı müraciətindən imtina etmiş, bununla da öz Əsasnaməsinə zidd olaraq hərəkətsizlik göstərmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-1620/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin üzərinə İddiaçı şəxsi hesab vərəqəsində ümumi torpaq icarə haqqının hesablanmasının azaldılması, İddiaçı faktiki istifadəsində olan torpaq sahələrini əsas götürməklə, real borc məbləği barədə şəxsi vərəqədə müvafiq düzəliş edilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək şəxsi hesab vərəqəsində ümumi torpaq icarə haqqının hesablamasının azaldılması, İddiaçı faktiki istifadəsində olan torpaq sahələrini əsas götürməklə, real borc məbləği barədə şəxsi vərəqədə müvafiq düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Baş İdarə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmır. İddiaçı cəmiyyətin təsisçilərinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı (VÖEN: **********) adı dəyişdirilərək "xxxx" (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. İddiaçı şəxsi hesab vərəqəsində dövlət torpaq sahələrinin icarəsi üzrə hesablamalar Bakı şəhəri İcra Hakimiyyəti ilə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 989-cu məhəllə ünvanında yerləşən 1000,00 kv.m sahənin illik icarə haqqı məbləği 1264,64 manat olmaqla 49 il müddətinə, xx.xx.2003-cü il tarixli 0221 saylı, ünvan 4 ünvanında yerləşən 1693,00 kv.m sahənin illik icarə haqqı məbləği 2218,51 manat olmaqla 49 il müddətinə, xx.xx.2003-cü il tarixli 0225 saylı, ünvan 5 ünvanında yerləşən 710,00 kv.m sahənin illik icarə haqqı məbləği 687,45 manat olmaqla 49 il müddətinə, xx.xx.2004-cü il tarixli 0367 saylı, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov, Leopold, Mistislav Rostropoviç və A.İldırım küçələrinin kəsişməsi, 119-cu məhəllə ünvanında yerləşən 1400,00 kv.m sahənin illik icarə haqqı məbləği 1555,18 manat olmaqla 49 il müddətinə, xx.xx.2005-ci il tarixli 0472 saylı, Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov, İ.İsmayılov, C.Məmmədquluzudə, Əbilov küçələri arasındakı A.Bakıxanov küçəsinə qədər olan ərazidə yerləşən 370, 371, 372, 373, 623, 624, 625, 626-cı məhəllə ünvanında olan 45138,00 kv.m sahənin illik icarə haqqı məbləği 27602,79 manat olmaqla 49 il müddətinə, xx.xx.2005-ci il tarixli 0618 saylı və ünvan 6 ünvanında yerləşən 56500,00 kv.m sahənin illik icarə haqqı məbləği 34550,88 manat olmaqla 49 il müddətinə, xx.xx.2008-ci il tarixli (başlanma tarixi: xx.xx.2008-ci il) 0855 saylı icarə müqavilələrinin bağlanılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis” tərəfindən təqdim edilmiş məlumatlar əsasında aparılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis” tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən İddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2008-ci il tarixli 0855 saylı icarə müqaviləsinə xx.xx.2008-ci il tarixdən xitam verilmiş və İddiaçı şəxsi hesab vərəqəsində xx.xx.2023-cü il tarixdə müvafiq düzəlişlərin aparılması təmin edilmişdir. İddiaçı tərəfindən cavabdeh vergi orqanına “şəxsi vərəqədə hesablanmış ümumi torpaq icarə haqqı üzrə borc məbləğinə müvafiq düzəlişin edilməsinə köməklik göstərilməsi barədə” xx.xx.2023-cü il tarixli məktubla müraciət edilmiş, vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər aparılaraq bu barədə xx.xx.2023-cü il tarixli məktubla vergi ödəyicisinə məlumat verilmişdir. Qeyd olunanlardan göründüyü kimi, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ümumi torpaq icarə haqqının hesablamasının azaldılması ilə bağlı vergi orqanı tərəfindən tədbirlər görülərək şəxsi vərəqədə müvafiq düzəlişlər edilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, “göründüyü kimi sərəncam və torpaq icarə müqaviləsi üzrə MMC-yə verilməsi nəzərdə tutulan torpaq sahələri ilə, faktiki təhvil verilən torpaq sahələri arasında kəskin fərq var. Ona görə də şəxsi vərəqədə torpağın icarəsi üzrə icarə haqqı məbləği süni şəkildə artıq görünür. Məktublarına verdiyi cavablardan görünür ki, icarə müqavilələri üzrə düzəlişlərin edilməsi, icarə müqavilələrinin imzalandığı subyektin iradəsindən asılıdır. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə olan çoxsaylı müraciətlərindən birinə müsbət cavab əldə edilmişdir və İddiaçı MMC-yə 499 saylı, xx.xx.2003-cü il tarixli sərəncamla ayrılan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 476-492-ci məhəllələrdə yerləşən 56500 kv.m torpaq sahəsi üzrə bağlanmış 0855 saylı, xx.xx.2008-ci il tarixli torpaq icarə müqaviləsi xx.xx.2008-ci il tarixdən ləğv edilmişdir. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 476-492-ci məhəllələrdə yerləşən 56500 kv.m torpaq sahəsi üzrə bağlanmış 0855 vərəqədə hesablanmış ümumi torpaq icarə haqqı üzrə borc məbləğinə müvafiq düzəlişin edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur”. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən yaranmış mübahisənin mahiyyətinə toxunmamış, torpaq sahəsinə dair bağlanmış 0855 nömrəli xx.xx.2008-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi əsasında vergi orqanı tərəfindən aparılmış azalmaya qiymət vermədən əsassız qərar qəbul etmişdir. Belə ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəsi ilə bağlı hesablamanın azaldılması haqqında İddiaçı MMC-nin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə **********943100 nömrəli xx.xx.2023-cü il tarixli məktubu daxil olmuşdur. Qeyd olunan məktubun icrası ilə əlaqədar aidiyyəti üzrə xx.xx.2023-cü il tarixli **********294900 nömrəli məktubla cavablandırılmışdır. Məktubda Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis” tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən İddiaçı MMC ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2008-ci il tarixli 0855 saylı icarə müqaviləsinə xx.xx.2008-ci il tarixdən xitam verildiyi və göstərilənlərə əsasən şəxsi hesab vərəqədə müvafiq düzəlişlərin edilməsinin təmin edilməsinə dair məlumat verilmişdir. Bununla da iddiaçının iddia tələbini təşkil edən İddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2008-ci il tarixli 0855 saylı icarə müqaviləsinin xx.xx.2008-ci il tarixdən xitam verilməsi ilə əlaqədar şəxsi hesab vərəqədə müvafiq azaldılmanın aparılması tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan torpaqların icarəyə verilməsinə münasibətdə Dövlət Vergi Xidməti tərəfindən nəzarət həyata keçirildiyini qeyd etmişdir. İcarə haqqı məbləğinin şəxsi hesab vərəqəsinə daxil edilməklə həyata keçirilməsi ilə bağlı isə məhkəmənin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Vergilər Nazirinin xx.xx.2018-ci il tarixli **********501600 nömrəli Əmri ilə “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları” təsdiq edilmişdir. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, işin faktiki hallarını, iş materiallarını, işin ədalətli həlli üçün mövcud olan sübutları, cavabdehin dəlillərini araşdırmamış və qiymətləndirməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəsi ilə bağlı hesablamanın azaldılması haqqında təkrar müraciətinizə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsində baxılmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis”ə Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında dövlət mülkiyyətində olan dövlət torpaq sahələrinin icarəsi üzrə bağlanmış müqavilələrə (hal-hazırda qüvvədə olan və ləğv edilmiş) dair məlumat verilməsi barədə müraciət olunmuşdur. Müdiriyyət “İnterservis” tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, 112 saylı məktubla Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2003-cü il tarixli 0221 nömrəli, xx.xx.2003-cü il tarixli 0225 nömrəli, xx.xx.2004-cü il tarixli 0367 nömrəli, xx.xx.2005-ci il tarixli 0472 nömrəli, xx.xx.2005-ci il tarixli 0618 nömrəli və xx.xx.2008-ci il tarixli 0855 nömrəli icarə müqavilələrinə dəyişiklik və ya ləğv edilməməsi bildirilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli ləğvetməyə dair bildirişdə qeyd edilir: Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamını əsas tutaraq və ayrılmış torpaq sahəsində Mərkəzi Parkın salındığını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında 499 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamı ilə, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 476-492-ci məhəllələrdə yerləşən 56500 kv.m torpaq sahəsinə bağlanmış 0855 nömrəli xx.xx.2008-ci il tarixli torpaq icarə müqaviləsi xx.xx.2008-ci il tarixindən ləğv edilir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəsi ilə bağlı hesablamanın azaldılması haqqında müraciətinizə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsində baxılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “lnterservis” tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən İddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2008-ci il tarixli 0855 saylı icarə müqaviləsinə xx.xx.2008-ci il tarixdən xitam verilmişdir. Göstərilənlərə əsasən şəxsi hesab vərəqənizdə müvafiq düzəlişlər edilmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin birinci abzasına əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 saylı Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dövlət mülkiyyətində olan digər torpaqlara münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi: 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.9. dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək. İşin faktiki halları ondan ibarətdir ki, İcarəyə verən Bakı Şəhər İcra Hakimiyyəti ilə İcarəçi "xxxx" MMC arasında bağlanmış 31 iyul 2003-cü il tarixli 0221 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İcarəyə verən sahəsi 1000 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 989-cu məhəllə ünvanında yerləşən torpaq sahəsini 49 il müddətinə; İcarəyə verən Bakı Şəhər İcra Hakimiyyəti ilə İcarəçi "xxxx" MMC arasında bağlanmış 04 avqust 2003-cü il tarixli 0225 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İcarəyə verən sahəsi 1693 kv.m olan ünvan 9 ünvanında yerləşən torpaq sahəsini 49 il müddətinə; İcarəyə verən Bakı Şəhər İcra Hakimiyyəti ilə İcarəçi "xxxx" MMC arasında bağlanmış 13 sentyabr 2004-cü il tarixli 0367 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İcarəyə verən sahəsi 710 kv.m olan ünvan 10 ünvanında yerləşən torpaq sahəsini 49 il müddətinə; İcarəyə verən Bakı Şəhər İcra Hakimiyyəti ilə İcarəçi "xxxx" MMC arasında bağlanmış 24 mart 2005-ci il tarixli 0472 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İcarəyə verən sahəsi 1400 kv.m olan Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov, Leopold və Mstislav Rostropoviçlər və A.İldırım küçələrinin kəsişdiyi ərazidə, 119-cu məhəllə ünvanında yerləşən torpaq sahəsini 49 il müddətinə; İcarəyə verən Bakı Şəhər İcra Hakimiyyəti ilə İcarəçi "xxxx" MMC arasında bağlanmış 11 oktyabr 2005-ci il tarixli 0618 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İcarəyə verən sahəsi 45138 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov, İ.İsmayılov, C.Məmmədquluzadə və Əbilov küçələrinin arasındakı A.Bakıxanov küçəsinə qədər olan ərazidə 370, 371, 372, 373, 623, 624, 625, 626 saylı məhəllələrdə yerləşən torpaq sahəsini 49 il müddətinə İcarəçinin istifadəsinə vermişdir. İddiaçının şəxsi hesab vərəqəsində dövlət torpaq sahələrinin icarəsi üzrə hesablamalar qeyd olunan icarə müqavilələrinin bağlanılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis” tərəfindən təqdim edilmiş məlumatlar əsasında aparılmışdır. İddiaçı hazırda şəxsi hesab vərəqəsində ümumi torpaq icarə haqqının hesablanmasının azaldılması, İddiaçı MMC-nin faktiki istifadəsində olan torpaq sahələrini əsas götürməklə, real borc məbləği barədə şəxsi vərəqədə müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, icarə müqavilələri İcarəyə verən Bakı Şəhər İcra Hakimiyyəti ilə İcarəçi "xxxx" MMC (iddiaçı) arasında imzalanmışdır və iddiaçının şəxsi hesab vərəqəsində dövlət torpaq sahələrinin icarəsi üzrə hesablamalar Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis” tərəfindən təqdim edilmiş məlumatlar əsasında aparılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “lnterservis” tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən İddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2008-ci il tarixli 0855 saylı icarə müqaviləsinə xx.xx.2008-ci il tarixdən xitam verilmiş və bununla əlaqədar iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Göründüyü kimi, şəxsi hesab vərəqəsində dövlət torpaq sahələrinin icarəsi üzrə hesablamalar cavabdeh tərəfindən ona təqdim edilmiş məlumatlar əsasında aparılır. İddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2008-ci il tarixli 0855 saylı icarə müqaviləsi ləğv edilmiş, bu barədə cavabhehə məlumat verilmiş və bununla əlaqədar iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Lakin digər müqavilələrin ləğv edilməsi və ya onlara dəyişikliklər edilməsi barədə məlumatlar cavabdehə təqdim olunmamışdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şəxsi hesab vərəqəsinə torpaq icarə haqqı üzrə hesablamalar aparılarkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1620/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar