Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2766/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(112)-8435/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi və iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması» tələbi irəli sürülməklə iddia ərizəsi daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 1 yanvar 1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı artıq 30 ildən çoxdur ki, Bakı şəhərində yaşayır. İddiaçıya ilk dəfə 5 dekabr 2003-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE 01477331 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər saxlanma müddəti (5 il) bitməsi ilə bağlı məhv edildiyindən, həmin sənədlərə baxış keçirilməsi mümkün olmamışdır. Bununla yanaşı AZE 01477331 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə dair fərdi uçot kartoçkasına əsasən qeyd olunan vəsiqənin Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhər VVAQ şöbəsi tərəfindən ona verilmiş 9 oktyabr 2003-cü il tarixli l-BD 719140 nömrəli doğum haqqında şəhadatnamə əsasında verildiyi və vəsiqədəki anket məlumatlarının həmin şəhadətnaməyə uyğun qeyd olunduğu müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi Qaydası»nın tələblərinə uyğun olaraq Daxili İşlər Nazirliyi BCAİ-nin 26 avqust 2019-cu il tarixli sorğusu əsasında RF Dağıstan Respublikası Dərbənd Şəhər Polis Şöbəsi tərəfindən dövlətlərarası axtarışa elan edilmiş İddiaçı vətəndaşlıq mənsubiyyəti AR Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılmış və onun Azərbaycan Respublikasının vətəndaşı olduğu bildirilmişdir. Bundan başqa, İddiaçı məhkəməyə “hüquqi faktın müəyyən olunması barədə” ərizə ilə müraciət etmiş və onun 1 yanvar 1968-ci il tarixdə doğum yerinin Bakı şəhəri olması faktının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 24 may 2016-cı il tarixli qətnaməsi ilə onun ərizəsi təmin edilmişdir. Belə ki, İddiaçı Azərbaycan Respubliikasının vətəndaşlığını almasının qanuniliyinin yoxlanılması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmişdir. Müraciətlə əlaqədar Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 16 oktyabr 2020-ci il tarixli arayışında bildirilir ki. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 719 nömrəli Fərmanına əsasən «Azərbaycan Respublikası vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq vətəndaşlıqla bağlı məsələlər AR Dövlət Miqrasiya Xidmətinin səlahiyyəti çərçivəsindədir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi Qaydası»nın tələblərinə uyğun olaraq İddiaçı vətəndaşlıq mənsubiyyəti AR Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılmış və 30 avqust 2019-cu il tarixli arayışa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olduğu bildirilmişdir. Lakin AR Dövlət Miqrasiya Xidmətinin 29 iyun 2021-ci il tarixli arayışından görünür ki, 1 yanvar 1968-ci il tarixdə doğulmuş İddiaçı 105767/m nömrəli 29 iyun 2021-ci il tarixli müraciətinə baxılaraq, onun «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsəsən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilməsi barədə əsassız qərar verilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, 1 yanvar 1968-ci il tarixdə doğulmuş İddiaçı 105767/m nömrəli 29 iyun 2021-ci il tarixdə müraciəti olmamışdır. Sözügedən müraciətin kim tərəfindən verilməsinin müəyyən edilməsi üçün vəkil tərəfindən həmin İdarəyə sorğu göndərilmişdir. Hesab edilir ki, AR Dövlət Miqrasiya Xidmətinin 29 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 28, 52, 53-cü maddələrinə, «Azərbaycan Respublikası vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5, 6.1, 11-ci maddələrinə, «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 2.2.1, 4.1.1-ci yarımbəndlərinə əsaslanaraq, AR Dövlət Miqrasiya Xidmətinin 29 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(112)-8435/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(112)-8435/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(112)-8435/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallaarında olan Dərbəd rayon Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin 5 iyul 1968-ci il tarixli 37 nömrəli akt qeydinin surətindən görünür ki, həmn sənəddə 1 yanvar 1968-ci il tarixdə doğulmuş İddiaçı doğum yeri “Padar kəndi” göstərilmişdir. İş materiallarında olan Dağıstan Respublikası Dərbənd RDİŞ-ə təqdim olunmuş “Pasport alınması üçün ərizə”nin surətindən görünür ki, həmin ərizədə İddiaçı doğum yeri “Padar kəndi” göstərilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (Vətəndaşlıq Məsələləri Baş İdarəsinin) “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticələrinə dair” ******* nömrəli 29 iyun 2021-ci il tarixli arayışda aşğıdakılar bildirilir: - xx xxxxxx 1968-ci il təvəllüdlü İddiaçı 105767/m nömrəli 29 iyun 2021-ci il tarixli müraciətinə baxılaraq, onun «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 30 sentyabr 1968-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (Vətəndaşlıq Məsələləri Baş İdarəsinin) 30 avqust 2021-ci il tarixli “29 iyun 2021-ci il tarixli ******* nömrəli arayışa düzəliş edilməsinə dair” arayışında aşağıdakılar göstərilmişdir: - xx xxxxxx 1968-ci il təvəllüdlü İddiaçı barədə tərtib edilmiş 29 iyun 2021-ci il tarixli ******* nömrəli arayışda “105767/m nömrəli 29 iyun 2021-ci il tarixli müraciətinə” sözləri “barədə daxil olmuş 21.06.2021-ci il tarixli 14/1-88Ş-21 nömrəli müraciətə” sözləri ilə əvəz edilsin. İş materiallarında olan RF Dağıstan Respublikası Ədliyyə Nazirliyi VVAQ İdarəsinin Dərbənd rayonunda Cənub-ərazi dairəsi üzrə VVAQ şöbəsinin 162 nömrəli “Doğum haqqında arayış”ının surətindən görünür ki, sənəddə İddiaçı barədə aşağıdakılar əks olunmuşdur: - Doğulduğu tarix: xx xxxxxx 1968-ci il, doğulduğu yer: Azərbycan SSR, Bakı şəhəri, valideynləri: atası X3, anası İdrisova Sitarə, doğum haqqında akt qeydi: 37 nömrəli, 5 iyul 1968-ci il tarixli (Tərtib etdi: DSSR, Dərbənd rayonu Padarski k/s). İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)4030/2016 saylı iş üzrə 24 may 2016-cı il tarixli qətnaməsi ilə 1 yanvar 1968-ci il təvəllüdlü İddiaçı doğum yerinin Bakı şəhəri olması hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi qət edilmişdir. İş materiallarından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5186/2021 saylı iş üzrə 9 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)4030/2016 saylı iş üzrə 24 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və ərizəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası qərardadda vurğulamışdır ki, ərizəçinin (İddiaçı) doğumu ilə bağlı məlumatlar Dərbənd rayonu Padar kənd sovetliyi tərəfindən aparıldığı, ərizəçinin qeydiyyatın düzgün aparılmaması ilə bağlı həmin orqana müraciət etmək hüququ olduğu halda, o, məhkəmə qaydasında baxılmalı olmayan hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli 527-İQ nömrəli Qanununun 5-ci maddəsini, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 1.1, 2.1, 2.2, 3.1, 3.11, 4.1, 4.3, 5.1-ci maddələrini, AR Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 2.2-ci bəndini tətbiq etməklə belə qərara gəlmişdir ki, cavabdeh inzibati orqan AR Dövlət Miqrasiya Xidmətinin İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 29 iyun 2021-ci il tarixli ******* nömrəli qərarı (arayışı) qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. Ona görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işin materiallarında olan 05.07.1968-ci il tarixdə Dərbənd Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsində 37 nömrəli doğum haqqında akt qeydinə əsasən iddiaçının doğum yerinin Rusiya Federasiyasının Dərbənd rayonunun Padar kəndi olduğu müəyyən edilmişdir. İddiaçı hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Eyni zamanda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabr ayının 7-dək) iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası’’nın (qaydaların 3.4.3-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (-“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək -1998-ci il oktyabrın 7dək- Azərbaycan Respublikasının - və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(112)-8435/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2766/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2766/2021
10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver