Məhkəmə qərarları › İş №2-1(103)-2768/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2768/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2768/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1 iştirakı ilə cavabdehin əmrinin ləğv edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-151/2022 nömrəli iş üzrə 24 may 2022-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin işdən çıxarılma barədə xx.xx.2019-cu il tarixli 1000/1291Ş nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdehin mübahisəli inzibati aktının qanuniliyi birinci instansiya məhkməsi tərəfindən yoxlanılarkən məhkəmə cavabdehdən xx.xx.2019-cu il tarixli əmrin əsasları ilə bağlı heç bir konkret sübut tələb etməmiş, özü bu sübutları əldə etməmiş, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir. Halbuki, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçısının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəfindən əlavə məlumatlar və sübutlar tələb edə bilər. Məhkəmənin qərarında istinad etdiyi diskresionluğun nədən ibarət olması mötəbər sübutlarla təsdiq edilməli idi. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, iddiaçıya məxsus İT-İ ******* nömrəli xx.xx.1987-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətinə görə, iddiaçı xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı baş gömrük idarəsinin Qaçaqmalçılıqla mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu il tarixdə Bakı Aksiz Gömrük Postunun Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdə həmin şöbənin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə Bakı baş gömrük idarəsi “Bərə keçid” gömrük postunun inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə həmin İdarənin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə Komitənin sərəncamına götürülmüş, elə həmin tarixdə Enerji resursları və dəniz nəqliyyatında baş gömrük idarəsi “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun böyük inspektoru təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Komitənin sərəncamına götürülmüş, xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xidmətinə xitam verilmişdir. Cavabdehin mübahisələndirilən xx.xx.2019-cu il tarixli 1000/1291Ş nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının (Enerji resursları və dəniz nəqliyyatında baş gömrük idarəsi / Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postu, böyük inspektor) xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən “Təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə” səbəbi ilə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunan xx.xx.2020-ci il tarixli 1000/666Ş nömrəli əmrindən məlum olur ki, xx.xx.2019-cu il tarixli 1000/1291Ş nömrəli əmrin 2-ci hissəsindən “və ya həmin vəzifədən imtina etdikdə” sözləri çıxarılmışdır. Bununla da, işin mübahisəsiz hallarına görə, iddiaçı xx.xx.1995-ci il tarixdə cavabdehdə böyük inspektor vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Komitənin sərəncamına götürülmüş, xx.xx.2019-cu il tarixli əmrlə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda əsası ilə xidmətinə xitam verilmişdir. Cavabdehin apellyasiya şikayətinə yazılı etirazında göstərilmişdir ki, “Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. Dövlət Gömrük Komitəsi üzrə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar Komitə tərəfindən hər hansı bir əmr (sərəncam, qərar) qəbul edilməmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu İlə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında1’ Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirləri Komitə sədrinin diskresion səlahiyyətlərinə aiddir. Komitənin 2019-cu il 24 iyul tarixli 1000/804Ş nömrəli əmri ilə Komitənin sərəncamında olan İddiaçı sərəncamda olduğu müddət ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası’’nın 1.3-cü bəndinə əsasən gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin internet informasiya ehtiyatında və digər kütləvi informasiya vasitələrində elan verilir. Qeyd edilən dövr ərzində gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olmamış, bu səbəbdən də gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar Komitənin informasiya ehtiyatında, eyni zamanda digər kütləvi informasiya vasitələrində elan verilməmişdir. Bakı İnzibati Məhkəməsinin iş üzrə qərarında nəzərə aldığı əsas, yəni iddiaçının xidmətdən azad edilməsinin əsası kimi həmin dövrdə vakant ştat vahidlərinin olmamasının yoxlanılması ilə yanaşı, həm də müvafiq vakant vəzifənin ola biləcəyi təqdirdə işçinin vakant vəzifəyə təyin edilməsi ilə bağlı inzibati orqanın diskresion səlahiyyəti baxımından da qiymətləndirməsi xüsusilə vurğulanmalıdır.” Etiraza əlavə olunmuş cavabdehin İnsan resursları idarəsinin Xidməti qeydində bildirilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aparatının, strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər qurumlarının ştat cədvəli məxfi qaydada təsdiqlənmiş və yalnız xidməti istifadə üçün nəzərdə tutulmuşdur.” Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “... sərəncamda saxlama səlahiyyəti inzibati orqanın diskresion səlahiyyəti olmaqla inzibati orqana öz mülahizəsinə görə qiymətləndirmə aparmaqla işdən azad etdiyi işçini qanunla müəyyən edilmiş müddət daxilində onda olan mümkün vəzifələrdən birinə yerləşdirmə imkanını nəzərdə tutur. Yəni bu müddət ərzində inzibati orqan iddiaçını konkret olaraq əmək funksiyalarının icrasına buraxmır, lakin eyni zamanda onun başqa bir vəzifəyə təyin edilmə imkanlarının olub-olmaması (mövcud vakant vəzifə üçün tələb olunan şərtlər, işçinin ixtisası, təcrübəsi, digər işçi keyfiyyətləri və s.) baxımından özlüyündə qiymətləndirmə aparır. Sərəncama götürülmə diskresion səlahiyyət olmaqla yanaşı sərəncamda olma müddəti bitdikdən sonra müvafiq vakant vəzifə üzrə işçinin yerləşdirilməsində qiymətləndirmə də diskresion səlahiyyət kimi qiymətləndirilməlidir. ... ... işin hüquqi və faktiki halları nəzərə alındıqda hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir.” “Dövlət qulluğu haqqında” AR Qanunu: Maddə 2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə: Maddə 1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür; Maddə 2. ... Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir; Maddə 50. Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır; Maddə 120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür;

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları

2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər;

2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir; Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. “İnzibati icraat haqqında” AR Qanunu: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir; Maddə 14. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz; Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. İPM: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir; Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur; Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər; Maddə 74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticənin əsasları ilə razılaşmır və bu mənada apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. İlk olaraq, cavabdehin əmrinin ləğvi tələbinə dair hissədə iddia, həmin əmr 1) inzibati orqan (DGK) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni (gömrük orqanlarında xidmətə xitam verilməsini) həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanlandığı şəxs (gömrük orqanının vəzifəli şəxsi olmuş iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (gömrük orqanlarında iddiaçının xidmətinə xitam verən) əmr formasında tərtib edilən hakimiyyət tədbiri olduğu və bu baxımdan “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzubati akt sayıldığından, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır:

1. formal-hüquqi baxımdan; 2. maddi-hüquqi baxımdan. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:

1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);

2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Cavabdehin mübahisəli inzibati aktının qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda “İnzibati icraat haqqında” AR Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamışdır. Belə ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən həmin Qanunun: Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; Maddə 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; Maddə 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir; Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır; Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabddehin mübahisəli inzibati aktından görünür ki, həmin aktda mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməmiş, işin faktiki və hüquqi hallarını təsdiq və ya rədd edən sübutlar qeyd olunmamışdır. Əmrdən anlaşılan yalnız odur ki, iddiaçının xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmaması səbəbindən xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Cavabdehin mübahisəli əmri maddi-hüquqi baxımdan da qanuni olmamışdır. Belə ki, iddia tələbinin maddi-hüquqi əsasını “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar” adlı 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndi təşkil edir. Həmin normanın hüquqi təhlili göstərir ki, yalnız bu maddədə təsbit olunan 13 halda xitam verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: 1) vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; 2) bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; 3) digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Sözügedən normanın dispozisiya şərtlərindən üçüncüsünə iş üzrə əməl olunmaması, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmaması işin mübahisəsiz halıdır ki, cavabdeh də sonradan əmrinə bununla bağlı müvafiq dəyişiklik etmişdir. Nə qədər ki, işin bu halı mübahisəsizdir, o halda, birinci instansiya məhkəməsinin araşdırması təşkilati-ştat tədbirlərinin həqiqətən həyata keçirilib-keçirilməsinin, keçirilmişdirsə iddiaçının gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyrimümkün olmasının qanuniliyinin yoxlanılması ilə bağlı olmalı idi. Lakin, işdən görünür ki, əmrin bu yöndən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılarkən məhkəmə, buna birbaşa zərurət olduğu halda, cavabdehdən həmin əmrin əsaslarına dair konkret sübutların tələb edilməsi ilə bağlı, xx.xx.2022-ci il tarixli sorğu istisna olmaqla, təsirli tədbirlər görməmiş, özü bu sübutları sair qaydada əldə etməmiş, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir. Halbuki, İPMin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Eyni Məcəllənin 48.1-ci maddəsinə görə, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu kontekstdə, əgər birinci instansiya məhkəməsi “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinin hüquqi nəticələri ilə cavabdehin mübahisəli əmrinin yaratdığı nəticələrin üst-üstə düşdüyü qənaətinə gəlmişdisə, bu qənaətini mötəbər dəlillərlə sübut etməli, bu dəlillər ilk növbədə mübahisəli təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar halların sənədləşdirilməsindən ibarət olmalı idi. Lakin, qeyd olunduğu kimi, məhkəmə İPM-in 12-ci maddəsi ilə onun üzərinə qoyulan vəzifəni yerinə yetirməmiş, mübahisənin qanuni və əsaslı həllinə bilavasitə aidiyyəti olan zəruri sübutların cavabdeh tərəfindən təqdim olunması yaxud özü tərəfindən toplanması ilə bağlı lazımi prosessual hərəkətləri etməmişdir. Birinci instansiya məhkəməsinin qərarında istinad etdiyi diskresionluq da iş üzrə sübuta yetmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunda diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi açıqlanmışdır. Başqa ifadə ilə, diskresion səlahiyyət inzibati orqanın qanunun ona səlahiyyət verdiyi, amma dəqiq göstərmədiyi halda öz mülahizəsinə uyğun olaraq, həmçinin qanunun və konstitusiyada elan edilmiş dəyərləri rəhbər tutmaqla hərəkət növünü seçməsi deməkdir. Bu baxımdan, inzibati orqanın diskresion səlahiyyətlərindən bəhs edə bilmək üçün onun mövcud mübahisə üzrə digər hansı qərarları da qəbul etmək səlahiyyətində olduğu və bu alternativ imkanlar dəyərləndirildikdən sonra qəbul etdiyi yekun qərarın həmin situasiyada məhz ən düzgün qərar olduğu hüquqi baxımından normalarla, faktiki baxımdan isə mötəbər dəlillərlə sübuta yetirilməlidir. Cavabdeh də nə əmrin əsasları (təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi və digər vakant vəzifəyə keçirilmənin mümkün olmaması halları), nə də mübahisəli əmrlə yanaşı digər hansı qərarları da qəbul etmək səlahiyyətində olması və bu seçimdən sonra qəbul etdiyi mübahisəli əmrin həmin vəziyyətdə iddiaçıya münasibətdə ən optimal qanuni qərar olması ilə bağlı heç bir konkret sübut təqdim etməmiş, iş üzrə xüsusi əhəmiyyət kəsb edən bu faktiki halları şifahi qaydada “qeyd edilən dövr ərzində gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olmamış, bu səbəbdən də gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar Komitənin informasiya ehtiyatında, eyni zamanda digər kütləvi informasiya vasitələrində elan verilməmişdir” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aparatının, strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər qurumlarının ştat cədvəli məxfi qaydada təsdiqlənmiş və yalnız xidməti istifadə üçün nəzərdə tutulmuşdur” məzmunda mülahizələrlə əsaslandırmış, ştat cədvəllərinin məxfiliyi, yalnız xidməti istifadə üçün nəzərdə tutulması və bu səbəbdən Məhkəməyə təqdim oluna bilməməsinin qanuni əsaslarını göstərməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia xx.xx.2019cu il tarixli əmrin ləğv edilməsi hissədə əsaslı olduğundan, təmin edilməlidir. İddia xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi hissədə əsaslı olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbləri də İPM-in 70.3-cü maddəsinin iddiaçıya tanıdığı əlavə imkanlar çərçivəsində təmin edilməlidir. Belə ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 2-ci maddəsindən göndərişlə Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa edilməsi barədə qətnamə çıxarmalıdır. Məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi vəzifəsinə bərpa edildikdə isə həmin müddət, qanunvericiliklə müəyyən edilən müvafiq tutulmalar (vergi, sosial ödəmələr və sair) aparılmaqla, onun iş stajına hesablanmalıdır.

Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin mübahisələndirilən əmrinin qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehin əmri qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə zidd olmuş və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin əmri mövcud inzibati praktikaya zidd olmaqla, onun inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə qanunsuz və əsassızdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmalı, şikayət təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-151/2022 nömrəli iş üzrə 24 may 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 23 oktyabr 2019cu il tarixli 1000/1291Ş nömrəli əmri ləğv edisin. İddiaçı əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi və həmin müddətin iş stajına hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. İddiaçının apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar