Məhkəmə qərarları › İş №2-1(103)-2768/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2768/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2768/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2873/2025 saylı 31 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı məktubda ümumi iş stajının hesablanması zamanı hansı illəri götürülmədiyi və səbəbləri haqqında yazılı məlumat verməyi tələb etsə də, xx.xx.2024-cü il tarixdə ərizəsinə izah verilmədən xx.xx.2024-cü il tarixli məktubla eyni məzmunlu cavab verilmişdir. İ imtina tamamilə əsassızdır. Belə ki, H3 № ******* hərbi biletinə əsasən xx.xx.1983-cü ildən xx.xx.1985- ci il tarixədək orduda xidmət etmiş və zərgərlik fəaliyyəti ilə bağlı zərərli əmək stajı 15 il 02 ay 09 gündür (xx.xx.1985-xx.xx.2000-ci il) və bu barədə arayış verilmişdir. Bundan sonra "xxxx" Firmasında xəzinədar vəzifəsində 05 il 05 ay 26 gün (xx.xx.2000-xx.xx.2005- ci il) gün, "xxxx" MMC-də müxtəlif vəzifələrdə 02 il 03 ay (xx.xx.2009-xx.xx.2012-ci il) və xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də logistika üzrə mütəxəssis vəzifəsində işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yarandığı günədək yəni, xx.xx.2024-cü il tarixə ümumi iş stajı 25 il 16 gün təşkil edir. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-2873/2025 saylı 31 yanvar 2025-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (19 il 7 ay 7 gün (xx.xx.1983- xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər və 2009-2011-ci illər üzrə 2 il 5 ay)) təşkil edir.Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21134,09 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr ərzində "xxxx" firmasında xəzinədar vəzifəsində işlədiyini iddia etdiyi dövrün sənədləri arxivə təhvil verilməmişdir. Həmçinin müvafiq məhkəmə qərarının əsaslandırma hissəsindən görünür ki, məhkəmə iddiaçının iddia tələbini təmin edərkən mübahisəli əmək fəaliyyətinin təsdiqi kimi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna istinad edir. Məhkəmənin qeyd olunan araşdırması ilə razılaşmayaraq bildiririk ki, "xxxx" MMC-nin sözügedən arayışından görünür ki, arxiv sənədləri müəssisədə saxlanılmır. Qeyd olunanlardan görünür ki, məhkəmə tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlərin mötəbərliyinin yoxlanılması üçün "xxxx" MMC-yə sorğu verilsə də, həmin sorğu elə həmin əmək kitabçası əsas götürülməklə tərtib edilmiş, bu zaman müəssisənin əlində yazılanları təsdiq edəcək əmrlər olmamışdır. Formalaşmış məhkəmə təcrübəsinə görə 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırda qüvvədə olan sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə 60 yaşdan Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - tələb olunan yaş həddinə çatmalı, - azı 25 il sığorta stajı olmalı - stajının 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və 12 il 6 aydan artıq güzəştli staja malik olması işin mübahisəsiz hallarıdır. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2024cü il tarixdə tamam olmuşdur. Həmçinin, güzəştli stajla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Metal emalı” adlanan XİV bölmədə “Qaynar üsulla metalın üzlənməsi” 7-ci yarımbənddə 2150700a-19553 kodu ilə zərgər və bədii məmulatları qaralayanlar peşəsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda da 11.9. Qaynar üsulla metalın üzlənməsi bölməsində zərgər və bədii məmulatları qaralayanlar vəzifəsində işləyənlərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ təsbit edilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 40 nömrəli arayışından görünür ki, İddiaçı əmək kitabçasına əsasən xx.xx.1985-ci il tarixdən 60/k N-li xx.xx.1985-ci il tarixli əmrlə “Dəqiq Mexanizmlər Təmiri” zavoduna zərgər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdən zavodun yenidən qurulması ilə əlaqədar xx.xx.1989-cu il tarixli 22/k N-li əmrlə 4-cü dərəcəli quraşdırıcı zərgər ixtisası ilə "xxxx" müəssisəsinə köçürülmüşdür. 1997-ci ildən “Zərgər" müəssisəsi "xxxx" ASC-yə çevrilmişdir. xx.xx.2000ci il tarixdən "xxxx" ASC-nin ləğvi ilə əlaqədar 02/k xx.xx.2000- ci il tarixli əmrlə işdən azad edilmişdir. İddiaçı bu müəssisələr üzrə zərgər fəaliyyəti ilə bağlı zərərli əmək stajı 15 il 02 ay 09 gündür. "xxxx" ASC “Dəqiq Mexanizmlər Təmiri” zavodunun və "xxxx" müəssisəsinin hüquqi varisidir. xx.xx.2000-ci il tarixdən hazırki vaxtadək fəaliyyət göstərir. Zərgər peşəsində işləmiş İddiaçı quraşdırma işlərini yerinə yetirərkən “zərgər və bədii məmulatları qaralamaqla” məşğul olmuşdur. Orqanizmə zərərli təsir edən kristal və maye halda olan kimyəvi turşulardan uzun müddət istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun 320 saylı qərarı ilə təsdiq olunmuş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li Siyahısında “Metal emalı” adlanan 14-cü bölmədə “Qaynar üsulla metalın üzlənməsi” 7-ci yarımbənddə 2150700a-19553 kodu ilə zərgər və bədii məmulatları qaralayanlar peşəsi göstərilmişdir. 2№-li Siyahı Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı qərarı ilə yenidən təsdiqlənmişdir. İddiaçı metal emalı sahəsində zərgər işləmiş və işlədiyi zərgər peşəsi 2№li Siyahıda nəzərdə tutulmuş həmin sahənin peşə və vəzifələrinə uyğundur. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 15 nömrəli məktubundan görünür ki, ƏMXN-nin "xxxx" müəssisəsində zərgər peşəsində işləmiş İddiaçı təqdim etdiyi əmək kitabçası əsasında əmək şəraiti zərərli olan zərgər peşəsindəki stajına görə güzəştli şərtlə pensiya təyinatı üçün ona arayış verilmişdir. "xxxx" ASC "Zərgər” müəssisəsinin hüquqi varisi olduğuna görə həmin işçiyə arayış təqdim edilmişdir. ƏMXN-nin tabeliyində olmuş "Zərgər” müəssisəsi xx.xx.2000-ci il tarixdən özəlləşdirilməsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırmış və ləğv olunmuşdur. Bu səbəbdən həmin müəssisənin həm kadr, həm də mühasibatlıqla bağlı arxiv sənədləri saxlanılmamışdır. İddiaçı işlədiyi zərgər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun 320 saylı qərarı ilə təsdiq olunmuş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li Siyahısında "Metal emalı“ adlanan 14-cü bölmədə "Qaynar üsulla metalın üzlənməsi“ 7-ci yarımbənddə 2150700a-19553 kodu ilə zərgər və bədii məmulatları qaralayanlar peşəsi göstərilmişdir. Qeyd etdiyimiz 2№-li Siyahı Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı qərarı ilə yenidən təsdiqlənmişdir. İddiaçı metal emalı sahəsində zərgər işləmiş və işlədiyi zərgər peşəsi 2№-li Siyahıda nəzərdə tutulmuş həmin sahənin peşə və vəzifələrinə uyğundur. İşin mübahisələndirilən halı iddiaçının kifayət qədər ( azı 25 il) ümumi staja malik olmaması ilə bağlıdır. İşdən görünür ki, cavabdeh iddiaçının stajının 25 ildən az olduğunu iddia etmiş (19 il 5 ay 7 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər və 2009-2011-ci illər üzrə 2 il 3 ay), bu zaman onun xx.xx.2000-xx.xx.2005-ci il tarixlərdə "xxxx" firmasında xəzinədar işlədiyi dövrü stajına daxil etməmiş, lakin bununla bağlı hər hansı bir əsaslandırma aparmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya aid H3 №4693100 nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1983-cü ildən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Bakı şəhər İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti göstərilməsi İdarəsi Dəqiq mexanizmlərin təmiri zavodunun 1 nömrəli emalatxanasına quraşdırıcı zərgər köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə quraşdırıcı zərgərə 3-cü dərəcə verilmiş, xx.xx.1986-cı il tarixdə 1 nömrəli zərgərlik emalatxanasının adı dəyişdirilərək zərgərlik sexi adlandırılmış, xx.xx.1986-cı il tarixdə quraşdırıcı zərgərə 4cü dərəcə verilmiş, xx.xx.2000-ci ildə işdən azad olunmuşdur. xx.xx.2000-ci il tarixdə "xxxx" firmasında xəzinədar vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2009-cu il tarixdə "xxxx" MMC-yə nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə tarixdə "xxxx" MMC-də nəzarətçi vəzifəsindən direktor vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixdə "xxxx" MMC-də direktor vəzifəsindən direktor müavini vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə logistika üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı ilə bağlı qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Cavabdeh tərəfindən mübahisələndirilən dövr iddiaçının xx.xx.2000-xx.xx.2005-ci il tarixlərdə "xxxx" firmasında xəzinədar işlədiyi dövrdür. İddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı ilə bağlı qeyd edilməlidir ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan normaların tələblərini və yuxarıda adı çəkilən sənədləri nəzərə aldıqda, məlum olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 22 il 8 ay 6 gün ümumi iş stajı olmuşdur. Məhkəmə araşdırması zamanı mübahisələndirilən dövrlə bağlı müvafiq soğru verilmiş, "xxxx" MMC xx.xx.2024-cü il tarixli məktubunda göstərmişdir ki, İddiaçı xx.xx.2000-ci il (Əmr № 24 - xx.xx.2000 il) tarixindən xx.xx.2005-ci il (Əmr № 45 xx.xx.2005 il) tarixədək həqiqətən "xxxx" firmasında xəzinədar vəzifəsində işləmişdir. Göründüyü kimi, əmək kitabçasından əlavə, işəgötürənin arayışı da iddiaçının 2000- 2005-ci il tarixlərindəki əmək fəaliyyətini təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xəzinədar vəzifəsində işlədiyi dövrdəki arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Bundan başqa, cavabdeh əmək kitabçasında qeyd edilən həmin dövrlərin mötəbər olmaması ilə bağlı hər hansı bir sübutu təqdim etməmişdir Halbuki, “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Lakin işdən görünür ki, cavabdeh heç bir əsaslı şübhə olmadan iddiaçının 2000- 2005-ci illərə aid sığorta stajını qəbul etməmiş, bununla iddiaçının hüquqlarını pozmuşdur. xx.xx.2006-cı il tarixdən sonrakı dövrə aid staja gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İşdə olan iddiaçının sığortaolunan hesabından çıxarışdan görünür ki, onun xx.xx.2009-xx.xx.2012-ci illərdə "xxxx" MMC-də 2 il 3 ay və xx.xx.2024- xx.xx.2024-cü il tarixlərdə isə "xxxx" MMC-də 1 ay 11 gün sığorta stajı vardır. Qeyd edilən dövrlər inzibati orqan tərəfindən mübahisələndirilməyib. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixə cəmi 25 il 17 gün ümumi iş stajı mövcud olmuşdur ki, bu da qanunvericiliklə tələb olunan müddətdən artıqdır. Odur ki, iddiaçı xx.xx.2024-cü il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli əmək stajına malik olduğundan ona 60 yaşının tamam olduğu tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2873/2025 saylı 31 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar