Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2769/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5394/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi və sonrada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və ona xx.xx.2019-cu il tarixdən təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçı Ağdam rayonu ərazisində 2002-ci ildə N saylı hərbi hissədə hərbi hissə komandirinin əmrini yerinə yetirərkən 09 aprel 2002-ci il tarixdə hərbi avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində qəlpə yarası almışdır. Bu fakt Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə də təsdiq olunmuşdur. Həkimlər tərəfindən ona “kəllə beyin travması, qapalı kəllə beyin travması” xəstəliyinin nəticəsi postravmatik ensofalopatiya tez-tez baş verən kloniki toniki qıcolmalarla müşahidə olunan tutmalar, astenevrotik sindrom diaqnozu qoyulmuş və Bakı Xocasən Sağlamlıq Mərkəzinin xx.xx.2019-cu il tarixli 2740003AAB7K saylı göndərişi əsasında onun əlillik vəziyyəti 25 sentyabr 2019-cu il tarixdə TSEK tərəfindən qiymətləndirilərək, 2-ci dərəcəli əlil kimi 5 il müddətinə, yəni 25 sentyabr 2024-cü il tarixədək pensiya təyin edilmiş və 2020-ci ilin avqust ayınadək müntəzəm olaraq almışdır. Lakin DSMF tərəfindən 2020-ci ilin avqust ayından ona verilən pensiya ödənişi dayandırılaraq əlillik vəziyyətini təkrar yoxlamaya yönəldilmişdir. Təxminən bir ay sonra onu Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəvət etdilər və yenidən sənədlərini və özünü yoxlamaq üçün təhqiqat apardılar. Həmin vaxt onu iki dəfə məhkəmə-tibb ekspertizasına göndərdilər və ekspert də 2 dəfə təsdiq etdi ki, o, həqiqətən də hərbi travma almış və sənədlərində heç bir saxtakarlıq və qanunsuzluq yoxdur. Akademik M.Ə.Qasımov adına xəstəxanada onu müayinə edərək “keçirilmiş kəllə-beyin travmasının qalıqları, posfiqmatik emefalopsiya kəllə daxili perfeniya, davamlı setololgin insotnin sindromu dağınıq mikronevroloji və stasionol effektiv pozulmalarla yanaşı gedən sağ baldırın yuxarı 1/3-nin odlu silah mərmi partlayışından sonrakı çapıq” diaqnozu qoydular. Eyni zamanda, AR Müdafiə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 14 may 2018-ci il tarixli rəyi və Mərkəzi Hərbi Həkim Komissiyasının 06 iyul 2018-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, “Mina partlayışı nəticəsində sol üst göz qapağında bir ədəd və sağ diz oynağının ön səthində bir ədəd köhnə çapıq toxumalar, hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır. Eləcə də, Respublika Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yazılı müraciət edilmişdir. Həmin İdarəsinin 07 sentyabr 2021-ci il tarixli cavabında göstərilir ki, İdarəyə daxil olmuş material üzrə araşdırma aparılmış və əlillik vəziyyətinin təyin olunması ilə bağlı hər hansı bir qəsdən törədilmiş saxtakarlıq və digər qanunsuzluq halı müəyyən edilməmişdir”. O, pensiyasının bərpa edilməsi ilə əlaqədar olaraq müraciət etdikdə, 05 yanvar 2022-ci il tarixli **********4 saylı məktubla cavab verilmişdir ki, onun “əlillik vəziyyətiniz Bakı Xocasən Sağlamlıq Mərkəzinin 2740003AAB7K nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və sizə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Aparılan əsassız əlillik təyinatlarının araşdırılması çərçivəsində müəyyən edilmişdir ki, 2740003AAB7K nömrəli göndərişdə qeyd olunmuş xəstəxanada stasionar müalicə müddətlərinə və xəstəlik vərəqələrinə dair məlumatlar təsdiqini tapmamışdır. Qeyd olunanlar əsas götürülməklə, 2740003AAB7K nömrəli göndəriş əsasında aparılmış əlillik təyinatı Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən onun əlilliyinin etibarsız hesab edilməsi əsassızdır...” Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Bakı Xocasən Sağlamlıq Mərkəzinin xx.xx.2019-cu il tarixli 2740003AAB7K saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək ona xx.xx.2019-cu il tarixdə “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar kəllə daxili travma (2002) qapalı kəllə beyin travması baş beyinin travmatik xəstəliyinin nəticəsi postravmatik ensefalopatiya tez-tez baş verən kloniki toniki qıcolmalarla müşahidə olunan tutmalar (ayda 10-12 dəfə) astenovrotik sindrom” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik verilmişdir. 2017- 2020-ci illər ərzində əlillik təyinatı aparılmış şəxslər üçün rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunmuş stasionar və ambulator müalicə müddətinə dair məlumatlar “Əlillik” siyasəti şöbəsi tərəfindən araşdırılmışdır. Həmin şəxslərə dair məlumatlar Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sığorta edənlər tərəfindən göndərilmiş haqqhesab cədvəllərin emalı” və “Sığorta” altsistemlərində olan məlumatlarla qarşılaşdırılmışdır. Müəyyən olunmuşdur ki, həmin şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətlərinə dair məlumatlarla, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar mövcuddur. Bundan savayı, stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmişdir ki, bu da vətəndaşa rəsmiləşdirilmiş göndərişdə qeyd olunan məlumatların saxtalaşdırılması və əlillik təyinatı üçün əsas götürülmüş stasionar müalicə faktının təhrif edilməsidir. Göstərilənlər nəzərə alınaraq 208 nəfərə aparılmış əlillik təyinatları etibarsız edilmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (122ci sıra), “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə xx.xx.2020-ci il tarixdən etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5394/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Kənan Loğman oğluna təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi barədə hərəkətləri qanunsuz hesab edilsmiş və İddiaçı xx.xx.2019-cu il tarixdən təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Agentliyin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə dair etirazında göstərilənlərə uyğun əsaslandırılmış, eyni zamanda, qeyd olunmuşdur ki, iddiaçıya əlilliyin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhduduluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayılova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş İddiaçı onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Konkret halda, iddiaçı öhdəliyin icrası haqında iddia vasitəsilə cavabdehin Bakı Xocasən Sağlamlıq Mərkəzinin xx.xx.2019-cu il tarixli 088 forma göndərişi əsasında ona xx.xx.2019-cu il tarixdə təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun həmin tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməsi qərarında iddianı təmin edərkən qeyd etmişdir ki, cavabdeh inzibati orqan iş üzrə sübutların toplanılması, iddiaçının iştirakının təmin edilməsi tələblərinə riayət etməyərək yekunda inzibati icraatın nəticəsi olaraq qərar formasında inzibati akt qəbul etməmiş, qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirməkdə hərəkətsizlik göstərmiş, prosessual tələblərə riayət etmədən iddiaçı barəsində təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir. Belə olan halda cavabdehin iddiaçının əlillik təyinatının əlillik alt sistemində etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab olunmaqla əlillik təyinatı bərpa edilməlidir (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya əlillik təyin olunarkən müayinəsi onun iştirakı ilə aparıldığı və həmin inzibati araşdırmanın nəticələri üzrə xx.xx.2019-cu il tarixdə TSEK tərəfindən müvafiq qiymətləndirmə aparılaraq qəbul etdiyi qərarı ilə onun 2-ci dərəcə əlillik dərəcəsi müəyyən olunduğu halda, cavabdeh sonradan, əvvəlki praktikasına zidd olaraq, rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətlərinə dair məlumatlarla, DSMF tərəfindən ödənişi aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar aşkar edilməsi əsası ilə xx.xx.2020-ci il tarixdən iddiaçının əlillyinin etibarsız hesab etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarı ilə təsdiq edilmiş, “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: 4.9-cu bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirliər Kabinettinin xx.xx.2020ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bənidinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbindən isə görünür ki, qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilləyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. İşdən isə görünür ki, qanunvericiliyin sözügedən tələblərinə cavabdeh inzibati orqan tərəfindən riayət olunmamış, qanuni mənafelərinə toxunduğu halda iddiaçını da cəlb etməmiş, onun iştirakı ilə barəsində inzibati icraat başlamağa borclu olduğu halda, qanunla üzərinə düşən bu öhdəlyini yerinə yetirməmiş, əlillik dərəcəsi təyin edildikdən xeyli müddət keçdikdən sonra onun etimad etdiyi barəsində olan qərarı ”Əlillik alt sistemi”nə daxil etməklə, faktiki hərəkətləri ilə etibarsız hesab etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Göründüyü kimi, iddiaçının qanunla qorunan hüquqları əsaslı şəkildə pozulmuşdur. Ümumiyyətlə, qeyd olunmalıdır ki, adıçəkilən “Əsasnamə”nin və “Qayda”nın müddəalarında TSEK tərəfindən qiymətləndirilmə yolu ilə təyin edilmiş əlillik dərəcəsinin etibarız hesab edilməsi nəzərdə tutulmur. Əgər cavabdeh hesab edirdisə, iddiaçıya təyin olunan əlillik dərəcəsi qanunsuz olmuşdur, belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbləri qaydasında həmin qərarını ləğv etmək imkanı mövcud olmuşdur. Bu halda da, maraqlarına toxunan iddiaçının cavabdehin həmin qərarını mübahisləndirmək hüququndan istifadə etmək imkanına malik olurdu. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin olunmasını işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5394/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5394/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2769/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2769/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver