Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2769/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X3 (yetkinlik yaşına çatmayanlar Şamilli Zəka Arzu oğlu və Şamilli Selcan Arzu qızının qanuni nümayəndələri) cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2769/2023 (Açar sözlər: « fərdi yaşayış evinə qeydiyyata alınma») Bakı şəhəri 03 oktyabr 2023-cü il Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7887/2023 saylı, 08 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, dalan 2, ö/t 14 nömrəli evdə həyat yoldaşı X3, oğlu Şamilli Zəka Arzu oğlu və qızı Şamilli Selcan Arzu qızı ilə birlikdə qeydiyyatsız yaşayırlar.
2. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla özbaşına tikilidir. İddiaçı ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən mənzilinə daimi qeydiyyata alınması ilə bağlı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə müraciət etmişdir.
3. Cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsi xx.xx.2023-cü il tarixli məktubla ərizənin təmin edilməsindən imtina etmiş və məktubda bildirmişdir ki, “ ...şəxslərin həmin ünvana qeydiyyata alınmaları ilə əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız ünvana mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və ya icarə müqaviləsi, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri təqdim etməklə qeydiyyar həyata keçirilə bilər. Qeyd olunan sənədləri təqdim edə bilmdiyiniz halda məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir.”
4. İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək o və ailə üzvləri olan Şamilli Zəka Arzu oğlu, Şamilli Selcan Arzu qızı və arvadı X2 ünvan 3 ünvanında yerləşən mənzilinə daimi qeydiyyata alınmasını xahiş etmişdir.
5. İddiaçı, X3, Şamilli Zəka Arzu oğlu, Şamilli Selcan Arzu qızı birgə iddiaçılar qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ünvan 3 saylı mənzilə qeydiyyata salmaq vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeydiyyata alınmaq istədikləri ünvan İddiaçı mülkiyyətindədir. 20 ildir ki, həmin ünvanda yaşayırlar. Həmin mənzili 2000-ci ildə satın almışlar, lakin hələ də mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Onlar əvvəllər Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərində qeydiyyatda olmuşlar, lakin həmin ünvandan qeydiyyatdan çıxarılıblar. Qeydiyyata düşməyə başqa yerləri olmadığından hal-hazırda özlərinin yaşadıqları ünvana qeydiyyata alınmaq istəyirlər. Uzun illərdir ki, həmin ünvanda yaşayırlar, mənzilə dair bütün kommunal ödənişləri edirlər. Həmin mənzil 2012-ci ildə söküləcəkdi, lakin Səbail Rayon Məhkəməsinin 2012-ci il tarixli qərardadı ilə sökülməsi dayandırılmışdır. Məhkəməyə müraciət etməkdə məqsədi öz yaşadıqları mənzilə qeydiyyata düşməklə bağlıdır.
7. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7887/2023 saylı, 08 may 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Bu baxımdan, əgər iddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu döngə 5 ünvanında yerləşən və ünvanının olmaması, özbaşına tikili olması onların özü tərəfindən də mübahisə edilməyən daşınmaz əmlakda yaşadığını irəli sürərək, faktiki yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb edirsə, bu halda iddia tələbinin sahəvi qanunvericiliyin tələblərinə cavab verməsi mütləqdir.
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 14 saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
11. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıların qeydiyyata alınması tələbini irəli sürdüyü tikili vahid ünvan göstəricilərinə (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malik olsa da, tikili yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
12. Bu hal məhkəmə iclasında iştirak edən iddiaçıların izahatları ilə işin mübahisələndirilməyən halı olaraq öz təsdiqini tapmışdır.
13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikasının «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, 2-ci maddəsinə, 5ci maddəsinə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, 2.0.1-ci maddəsinə, 2.0.6-cı maddəsinə, 15.1-ci maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Qərardan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7887/2023 saylı, 08 may 2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil edir.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Proses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişlər.
18. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
20. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
21. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
22. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
23. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 28.1-ci maddəsinə əsasənm fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
29. Həmçinin, iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar (Şamilli Zəka Arzu oğlu, Şamilli Selcan Arzu qızı yetkinlik yaşına çatmadığından digər iddiaçılar onların qanuni nümayəndələridir) cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdurlar.
30. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.
31. Belə ki, iddiaçılar yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 14 saylı fərdi yaşayış evininə dair order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, habelə yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmədiyindən, cavabdeh Bakı şəhəri Səbail RPİ-nin iddiaçıların və onların yetkinlik yaşına çatmayan iki övladının həmin evə qeydiyyata alınması üzrə müraciəti ilə bağlı hərəkətləri və ya imtinası qanuna zidd sayıla bilməz.
32. Halbuki, bu halda vətəndaş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.(Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
33. Həmçinin, nəzərə alınmalıdır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
34. Apellyasiya şikayətinin yuxarıda qiymət verilən dəlillərindən başqa, digər dəlillər isə özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etməsi, (Mülki Məcəllənin 180ci maddəsi), “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və İnsan Hüquqları Avropa Məhkəməsinin presedentləri baxımından özbaşına tikilinin “mülkiyyət” anlamında qəbul edilməsi nəzərə alınaraq özbaşına tikiliyə qeydiyyata alınmalarına əsaslar mövcud olması barədə dəlillərdir.
35. Məhkmə Kollegiyası şikayətin göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı inzibati icraatda inşa etdikləri evə iddiaçıların mülki hüquqlarının yaranıb-yaranmamasına deyil, cavabdeh inzibati orqanın (cavabdeh Bakı şəhəri Səbail RPİ-nin) iddiaçıların və onların yetkinlik yaşına çatmayan iki övladının həmin evə qeydiyyata alınması müraciəti üzrə tətbiq olunmalı maddi hüquq normalarının pozuntusuna yol verilib-verilmədiyinə hüquqi qiymət verilməlidir.
36. Bu maddi hüquq norması isə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində təsbit edilmişdir.
37. Məhkəmə Kollegiyası vurğulayır ki, iddiaçılar yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 14 saylı fərdi yaşayış evininə dair Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə uyğun olaraq order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, habelə yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmədiyindən, cavabdeh Bakı şəhəri Səbail RPİ-nin iddiaçıların və yetkinlik yaşına çatmayan iki övladının həmin evə qeydiyyata alınması üzrə müraciəti ilə bağlı hərəkətləri və ya imtinası qanuna («Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə) zidd sayıla bilməz.
38. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7887/2023 saylı, 08 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7887/2023 saylı, 08 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.