Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2769/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X24) qarşı iş üzrə (Açar sözlər: plan-ölçünün verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və üçüncü şəxs S.Nəcəfovanın nümayəndəsi X16 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X24) “plan-ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(112)-431/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi əsasında ona məxsus Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi ünvanında yerləşən 0.0250 ha torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 iyul 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 Bakı şəhəri Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 9618 nömrəli arayışa üzrə Zığ qəsəbəsinin şimal hissəsində 81№-li sahədə yerləşmiş 600 kv.m torpaq sahəsindən 250 kv.m torpaq sahəsini onun mülkiyyətinə vermişdir. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi əsasında Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi ünvanında yerləşən 0.0250 ha torpaq sahəsi ona məxsusdur. Dövlət reyestrindən çıxarış ona təqdim edilərkən texniki sənədlərin (pasport və plan ölçü) də təqdim edilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubunda sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğundan texniki pasportun tərtib edilməsinin mümkün olmaması qeyd edilmişdir. Belə ki, 70 kv.m ərazi hazırki iş üzrə üçüncü şəxs X24 tərəfindən zəbt edilmişdir. Üçüncü şəxs X17 çıxarış əsasında özünə məxsus torpaq sahəsində texniki sənədlər və çıxarış təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ona məxsus Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan ölçü) tərtib edilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq, bildirilmişdir ki, sənəd üzrə göstərilən 250 kv.m sahənin 70 kv.m hissəsi cənub istiqamətində yerləşən qonşu hasar daxilində, 30 kv.m hissəsi isə şərq istiqamətində yerləşən qonşu hasar daxilindədir. Həmçinin, faktiki göstərilən sahənin 79 kv.m hissəsi sənəd üzrə sahədən kənar olmaqla ümumi istifadədə olan yol sahəsidir. Torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin 39.6 kv.m hissəsi həmin əlavə sahə üzərində yerləşir. Yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi ünvanında yerləşən 0.0250 ha torpaq sahəsi ona məxsusdur və bu barədə dövlət reyestrindən çıxarış da mövcuddur. Lakin hazırkı vaxtadək ona məxsus torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan ölçü) tərtib edilməsi mümkün olmamışdır. Buna görə də Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi ünvanında yerləşən 0.0250 ha torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan ölçü) tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması zəruridir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12513/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X24 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
4. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixli ********* qeydiyyat nömrəsi əsasında iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ünvanında yerləşən 0.0250 ha torpaq sahəsinə dair texniki sənədlərin (plan-ölçü) verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə qarşı yazılı etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, faktiki göstərilən sahə ilə İdarədə mövcud arxiv sənədləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, sənəd üzrə göstərilən 250,0 kv.m sahənin 70,0 kv.m hissəsi cənub istiqamətində yerləşən qonşu hasar daxilində, 30,0 kv.m hissəsi isə şərq istiqamətdə yerləşən qonşu hasar daxilindədir. Həmçinin faktiki göstərilən sahənin 79,0 kv.m hissəsi sənəd üzrə sahədən kənar olmaqla ümumi istifadədə olan yol sahəsidir. Eyni zamanda bildiririk ki, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin 39,6 kv.m hissəsi həmin əlavə sahə üzərində yerləşmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********85 nömrəli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-431/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
7. Qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisə etdiyi göstərilən 250 kv.m sahənin 73 kv.m hissəsi cənub istiqamətində yerləşən hasarının daxilindədir. Həmçinin faktiki göstərilən sahənin 79 kv.m hissəsi sənəd üzrə sahədən kənarda olmaqla ümumi istifadədə olan yol sahəsidir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən belə bir səhv nəticəyə gəlmişdir ki, mübahisə edilən torpaq sahəsi 600 kv.m faktiki sahəsi isə 894.5 kv.m təşkil edir. Lakin hasarlama işləri bölgü sxeminə uyğun aparılmayıb. Belə ki, X11 məxsus torpaq sahəsinin 73 kv.m-i X14 istifadəsində qalır. Məhkəmənin gəldiyi bu qənaət isə əsassızdır.
9. İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq bildirmişdir ki, üçüncü şəxs şikayət ərizəsinin ikinci paraqrafında təsdiq edir ki, ona məxsus 250 kv.m sahənin 73 kv.m hissəsi onun hasarının daxilindədir. Bu fakt birinci instansiya məhkəməsində gedən icraat dövründə də məhkəmənin sorğularına cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktublarında təsdiqini tapmışdır. Bütün bu faktlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və onlara hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin qərarı onun (iddiaçının) pozulmuş mülkiyyət hüquqlarının bərpasına yönəlmişdir və onun xüsusi mükiyyətində olan torpağa “plan-ölçü” sənədlərinin verilməsi, üçüncü tərəfin heç bir qanunvericiliyə uyğun halda hüquqlarına və mənafelərinə toxunmur. Əksinə, iddiaçıya məxsus 73 kv.m torpaq sahəsinin 3-cü şəxsin hasarı daxilində olmasına və hasarlanma işlərinin düzgün aparılmamasına baxmayaraq ona cavabdeh tərəfindən öz mülkiyyətində olan torpağına bölgü sxeminə uyğun texniki plan və ölçü təqdim edilmişdir. Bu da öz növbəsində iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bölgü sxemində üçüncü şəxs bölgüyə etirazının və əlavələrinin olmadığını bildirmiş və imzası ilə təsdiq etmişdir. İddiaçının birinci instansiya məhkəməsindən tələbi yalnız sənəd üzrə mövcud bölgü sxeminə uyğun olaraq onun xüsusi mülkiyyətində olan 250 kv.m torpaq sahəsinə uyğun plan və ölçünün təqdim edilməsidir. Bu da öz növbəsində üçüncü şəxsin heç bir maraq və mənafelərinə qəti şəkildə toxuna bilməz.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi T.Əzimova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz etdi və təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
14. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********37 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1461 nömrəli sərəncamı ilə vət. X8 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin şimal hissəsində 81 №li sahədə 600.0 kv.m torpaq sahəsi ayrılması, vət. X8 ayrılmış sahədə 185-000-İİİC-№li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi, kürsülük 2 mm müəyyən edilməsi barədə sərəncam verilmişdir. -JN–661H KOД ******* nömrəli, xx.xx.2001-ci il tarixli şəhadətnamədə qeyd edilmişdir ki, şəhadətnamə X9 və ailə üzvləri X25, X18, X13 verilir ona görə ki, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 24 iyul 1995-ci il tarixli 1461 saylı Sərəncamı ilə verilmiş 0.06 hektar fərdi yaşayış evi tikintisi üçün mülkiyyətinə verilib. -Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 1016 nömrəli Sərəncamı ilə vət. X6 2000-ci ildə tikmiş 600.0 kv.m. torpaq sahəsində yerləşmiş, sahəsi 59.20 kv.m. olan 4 yaşayış otaqlarından, sahəsi 22.50 kv.m. olan köməkçi otaqlardan, sahəsi 19.00 kv.m. olan açıq eyvan həyətyanı təsərrüfat tikililərindən ibarət olan Zığ qəsəbəsi, Sabir küçəsi 105 №li yaşayış evinin mülkiyyətçisi müəyyən edilməsinə sərəncam verilmişdir. –xx.xx.2001-ci ildə X6 adına tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunda torpaq sahəsi üzrə ekspliksiyadan görünür ki, torpaq sahəsi sənədlə 600 kv.m., həqiqi 723.8 kv.m., tikinti altında 142.4 kv.m., torpaq 581.4 kv.m..Sahələrin xarakteristikasından görünür ki, mənzillərin sayı 1, yaşayış otaqlarının sayı 4, ümumi sahəsi 100.7 kv.m., yaşayış 59.2 kv.m., köməkçi 22.5 kv.m., açıq qalan 19.0 kv.m. -xx.xx.2002-ci il tarixli 150146 nömrəli müqavilədən görünür ki, X12 ünvan 2, ümumi sahəsi 100,7 kv.m, yaşayış sahəsi 59,2 kv.m, olan 4 otaqlı mənzili X3. -AN – İ ******* nömrəli xx.xx.2005-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, satıcı X9 Bakı səhəri Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 9618 nömrəli arayışa əsasən Zığ qəsəbəsinin şimal hissəsində 81 №-li sahədə yerləşmiş 600 kv.m, torpaq sahəsindən 250 kv.m. torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir. -AN – İ ******* nömrəli xx.xx.2005-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, satıcı X9 Bakı səhəri Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 9618 nömrəli arayışa əsasən Zığ qəsəbəsinin şimal hissəsində 81 №-li sahədə yerləşmiş 600 kv.m, torpaq sahəsindən 350 kv.m. torpaq sahəsini alıcı X26 mülkiyyətinə verir.
12. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin FM seriyalı 015844 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsindəki 4 otaq 59.2 kv.m. yaşayış sahəsi, 100.7 kv.m. ümumi sahəsi olan ev 105 X14 adına qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən sahəsi 80.4 kv.m olan fərdi yaşayış evi X14, 0.035 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X26 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə hədiyyə verən X31 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0350 ha. olan torpaq sahəsini tam mülkiyyət hüququ ilə ona məxsus hissəsini X17 bağışlamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən sahəsi 80.4 kv.m olan fərdi yaşayış evi 0.035 ha torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyət hüququ ilə X14 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin Vahid əmlakının Bölgü Sxemindən görünür ki, 1. X6 adına torpaq sahəsi S=250.0 kv.m., 2. X14 adına “A” tikilisi – Ümumi sahə - S=80.4 kv.m., X31 S=350.0 kv.m.. Adları çəkilən şəxslər bölgüyə etirazlarının və əlavələrinin olmadığını bildirmiş və imzaları ilə təsdiq etmişlər. -X31 və başqalarının adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportuna əsasən sənəd üzrə torpaq sahəsi 0.035 ha, faktiki sahə 0.035 ha, tikintialtı sahə 0.01266 ha, digər sahələr 0.02234 ha. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0.0250 hektar sahə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Zığ qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 105-dən ayrılmış torpaq sahəsi hüquqmüyyənedici sənəd üzrə 250,0 kv.m, 150,0 + 79,0 = 229,0 kv.m = 0,0229 ha., 4 otaq = 70 kv.m, 27,9 kv.m, 98,9 kv.m. Ərizəçiyə məxsus 250,0 kv.m-lik torpaq sahəsi xx.xx.2005 tarixli alqı-satqı müqaviləsinə əsasən onun istifadəsinə keçirilmişdir. X1 məxsus olmuş Zığ qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 105 ünvanlı, 4 otaqlı “A” tikintisindən 59,2 kv.m yaşayış sahəsi, 41,5 kv.m k/s, 100,7 kv.m ümumi sahədən ibarət yaşayış evi və istifadəsində 723,0 kv.m. torpaq sahəsindən ibarət evin sənəd üzrə torpaq sahəsindən 600.0 kv.m-lik hissəsinə JN-661H şəhadətnaməsi əsasında 350.0 kv.m torpaq sahəsi X28 və üzərindəki “A” tikilisi onun bacısı X4, 250.0 kv.m-lik torpaq sahəsi isə İddiaçı satılmışdır. Torpaq sahəsinin natural bölgüsü bölgü sxemində bir qədər fərqli aparıldığından ərizəçiyə satılan torpağın 70.0 kv.m hissəsi həmin şəxslərin həyətində qalmışdır və mülkiyyətlərində sənəddə 250 kv.m olmasına baxmayaraq 30.0 kv.m-lik hissəsində daha bir başqa şəxsin evinə və həyətinə qatıldığından 150.0 kv.m-lik mülkiyyət olan torpaq sahəsi qalmışdır. Bu torpağa bitişik şimal hissəsində daha 190 kv.m-lik torpaq sahəsi əlavə olaraq küçə yolu tərəfə artırıldığından cəmi 229,0 kv.m torpaq sahəsində 1 mərtəbəli yaşayış evi tikilmişdir. Ərizəçi həmin evdə yaşayır. -xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 105-dən ayrılmış 0.025 ha torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.025 ha., faktiki 0.015+79.0=0.0229 ha. 2 otaq = 38.9 kv.m., 14.3 kv.m., 53.2 kv.m.. Ərizəçiyə verilmiş çıxarışda 0.025 ha torpaq sahəsinin mülkiyyətçisi göstərilməsinə baxmayaraq, faktiki istifadəsində olan torpaq sahəsi 0.0229 ha-dır. Qərb tərəfdən qonşu evi və torpaq sahəsi ilə Cənubdan ayrılmış olduğu və 70.0 kv.m-lik torpaq sahəsinin həmin hissədə qaldığı digər qonşu evi və torpağı ilə, şərq tərəfdən bölgü sxemi üzrə özünə düşən torpaq sahəsinin 30.0 kv.m. hissəsinin yerləşdiyi üçüncü qonşu evi və torpaqı ilə əhatələnir. Torpaq sahəsində 120.0 kv.m. tikinti altı sahəsi olan əlavə yaşayış evi tikilmişdir. Bölgü sxemində göstərilən 250.0 kv.m.-lik torpaq sahəsindən özünə qalmış 150.0 kv.m. sənədlə olan torpaq sahəsi ilə birlikdə şimal tərəfdən əlavə 79.0 kv.m-lik yol sahəsindən birlikdə 229.0 kv.m-lik torpaq sahəsindən ibarət daş hasar daxilində qapalı torpaq sahəsidir.
13. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********77 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 600.0 kv.m, faktiki sahəsi isə 894.5 kv.m təşkil edir. Bundan əlavə qeyd olunur ki, xx.xx.2020-ci il tarixində tərtib edilən texniki pasport xx.xx.2020-ci il tarixində tərtib edilən bölgü sxeminə uyğundur. Lakin hasarlanma işləri bölgü sxeminə uyğun aparılmayıb. Belə ki, İddiaçı məxsus torpaq sahəsinin 73.0 kv.m-i X15 istifadəsində qalır.
14. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********81 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 600.0 kv.m (250.0 kv.m+350,0 kv.m) olsa da, faktiki olaraq 894.5 kv.m təşkil edir. Bundan əlavə qeyd edilir ki, xx.xx.2020-ci il tarixində tərtib edilən texniki pasport xx.xx.2020-ci il tarixində tərtib edilən bölgü sxeminə uyğundur. Lakin hasarlanma işləri bölgü sxeminə uyğun aparılmayıb. Bölgü sxemində qeydiyyatdan keçmiş yaşayış evinin yerləşmə mövqeyi və torpaq sahəsinin eninə olan ölçülər ilə, faktiki yerləşmə və ölçülər arasında, həmçinin arxiv qovluğunda olan xx.xx.2001-ci il tarixli texniki pasportda göstərilən yerləşmə mövqeyi və ölçülər arasında fərq mövcuddur. Belə ki, bölgü sxeminə əsasən mülkiyyətçilərə sənəd üzrə 350.0 kv.m və 250.0 kv.m torpaq sahəsi qalmalı halda faktiki vəziyyətə əsasən 373.0 kv.m və 227.0 kv.m qalır. Faktiki vəziyyət xx.xx.2001-ci il tarixli texniki pasporta uyğundur. Bu səbəbdən bölgü sxeminə əsasən tərtib edilən xx.xx.2020-ci il tarixli texniki pasportda da evin yerləşmə mövqeyi və torpaq sahəsinin eninə ölçüləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Sorğuda qeyd olunan suallarla əlaqədar olaraq bildirik ki, bölgü sxeminə əsasən X14 xüsusi mülkiyyətində 350,0 kv.m qalmalı halda yuxarıda qeyd olunan fərqlər səbəbindən naturada faktiki öçülərə əsasən 545.0 kv.m təşkil edir (373.0 kv.m, əlavə 99.0 kv.m torpaq sahəsi, 73.0 kv.m mübahisəli sahə). Həmçinin bölgü sxeminə əsasən İddiaçı xüsusi mülkiyyətində 250,0 kv.m qalmalı halda qeyd olunan fərqlər səbəbindən faktiki ölçülərə əsasən 349.5 kv.m təşkil edir (154.0 kv.m və 195.5 kv.m əlavə torpaq sahəsi). Qeyd olunan sənəd üzrə 600.0 kv.m torpaq sahəsindən İddiaçı 250.0 kv.m satıldıqdan sonra həmin torpaq sahəsi dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi **********39) əsasən İddiaçı xüsusi mülkiyyətində olsa da, hasarlanma işlərinin düzgün aparılmaması səbəbindən torpaq sahəsinin bir hissəsi (73.0 kv.m) X14 faktiki istifadəsindədir (73.0 kv.m torpaq sahəsinin üzərində heç bir tikili inşa edilməyib).
15. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********19 nömrəli imtina məktubunda bildirilmişdir ki, sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğundan texniki pasportun tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
16. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********85 nömrəli imtina məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, sənəd üzrə göstərilən 250,0 kv.m sahənin 70,0 kv.m hissəsi cənub istiqamətində yerləşən qonşu hasar daxilində, 30,0 m2 hissəsi isə şərq istiqamətdə yerləşən qonşu hasar daxilindədir. Həmçinin, faktiki göstərilən sahənin 79,0 kv.m hissəsi sənəd üzrə sahədən kənar olmaqla ümumi istifadədə olan yol sahəsidir. Eyni zamanda bildiririk ki, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin 39,6 kv.m hissəsi həmin əlavə sahə üzərində yerləşir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
20. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir.
21. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
22. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
23. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
24. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
25. Məhkəmə kollegiyası iddiaçı və 3-cü şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən, reyestr nömrəsi **********39 olan 0.0250 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh torpaq sahəsinin faktiki və hüquqi vəziyyəti ilə bağlı uyğunsuzluğun mövcudluğunu əsas gətirərək müraciətin təminindən imtina etmişdir.
27. İddiaçı hazırkı iddiasında cavabdehin qeyd edilən imtinasının əsassız olduğunu və ona 250 kv.m torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsini mübahisələndirir.
28. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nin: -3-cü bəndinə görə plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. -4-cü bəndinə əsasən plan və ölçüdə aşağıdakılar göstərilir: 4.5. torpaq sahəsinin mülkiyyət növü; 4.6. torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü; 4.7. torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi; -5-ci bəndinə görə bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur.
29. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddiasında mübahisələndirdiyi hal-onun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.0250 ha torpaq sahəsinin plan-ölçü sənədinin verilməsidir.
30. Cavabdeh plan-ölçü sənədinin verilməsini istisna edən şərti onunla əsaslandırır ki:
1. İddiaçının sənəd üzrə mülkiyyətində olan 250,0 kv.m sahənin 70,0 kv.m hissəsi cənub istiqamətində yerləşən qonşunun hasarı daxilində, 30,0 kv.m hissəsi isə şərq istiqamətdə yerləşən digər qonşunun hasarı daxilindədir.
2. İddiaçının faktiki sahibliyində 79 kv.m torpaq sahəsi vardır ki, həmin sahə sənəd üzrə iddiaçıya aid olmamaqla ümumi istifadədə olan sahədir və eyni zamada ona məxsus fərdi yaşayış evinin 39,6 kv.m hissəsi həmin ümumi istifadədə olan əlavə sahədə yerləşir.
31. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina əsasları ilə razılaşmır.
32. Belə ki, işin hallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 1461 nömrəli sərəncamı ilə X8 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin şimal hissəsində 81 №li sahədə 600.0 kv.m torpaq sahəsi ayrılmış, həmin sərəncam əsasında ayrılmış torpaq sahəsinə dair sonuncunun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN – 661H KOД ******* nömrəli, xx.xx.2001-ci il tarixli şəhadətnamə tərtib edilmiş, eyni zamanda X6 həmin torpaq sahəsi üzərinə 2000-ci ildə inşa olunmuş sahəsi 59.20 kv.m. olan 4 yaşayış otaqlarından, sahəsi 22.50 kv.m. olan köməkçi otaqlardan, sahəsi 19.00 kv.m. olan açıq eyvan həyətyanı təsərrüfat tikililərindən ibarət olan 105 №li yaşayış evinin mülkiyyətçisi hesab edilməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 1016 nömrəli Sərəncamı qəbul edilmişdir.
33. Daha sonra X2 fərdi yaşayış evini xx.xx.2002-ci il tarixli 150146 nömrəli müqavilə əsasında X5 və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2002-ci ildə X14 adına qeydiyyatdan keçmişdir.
34. AN – İ ******* nömrəli xx.xx.2005-ci il tarixli və AN – İ ******* nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqailələri əsasında X10 bəhs edilən ünvanda 600 kv.m, torpaq sahəsinin 250 kv.m. torpaq sahəsini alıcı İddiaçı, 350 kv.m. torpaq sahəsini isə alıcı X7.
35. Sözügedən 350 kv.m torpaq sahəsi ilkin olaraq X26 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2021- ci il tarixli bağışlanma müqaviləsi ilə X31 həmin ölçüdə torpaq sahəsini X17 bağışlamış və bundan sonra sahəsi 80.4 kv.m olan 105 nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi 0.035 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X14 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
36. Beləliklə, hüquqmüəyyənedici sənəd üzrə ilkin olaraq 600 kv.m ölçüdə olan torpaq sahəsinin 250 kv.m hissəsi iddiaçının, 350 kv.m ölçüdə olan hissəsi X14 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdadır. İddiaçıdan fərqli olaraq üçüncü şəxs X14 adına vahid çıxarışla qeydiyyata alınmış fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin də əks olunduğu texniki pasportu mövcuddur. Cavabdeh iddiaçıya mülkiyyət hüququnu qeydiyyata aldığı torpaq sahəsi ilə bağlı iddiaçının adına plan-ölçü sənədini təqdim etmir.
37. Cavabdehin imtina əsasları ilə bağlı məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı faktiki sahibliyində olan torpaq sahəsi, o cümlədən cavabdehin qeyd etdiyi-istifadə etdiyi (zəbt etdiyi) əlavə torpaq sahəsinə və həmin əlavə sahədə yerləşən fərdi yaşayış evinə dair texniki sənədin deyil, ona X9 tərəfindən satılmış və hazırda da adına elektron kadastr baza məlumatlarına əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 250 kv.m torpaq sahəsinə plan-ölçü sənədinin verilməsini mübahisələndirir.
38. Məhkəmə hesab edir ki, plan-ölçü sənədi texniki sənəd olsa da mahiyyət etibarı ilə torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın tərkib hissəsi hesab olunur. Qeyd edilməlidir ki, reyestrdən çıxarışda torpaq sahəsinin yerləşdiyi koordinatlar göstərilmir. Lakin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinin yerləşdiyi və elektron bazaya daxil edilmiş coğrafi koordinatları plan-ölçü sənədində öz əksini tapdığından cavabdeh mülkiyyət hüququnun qeydiyyatına dair reyestrdən çıxarış verildiyi zaman onunla bərabər əmlakın yerləşdiyi koordinatların naturada müəyyənləşdirilərək plan-ölçü sənədinin tərtibini də həyata keçirməlidir.
39. Odur ki, işin bu halında məhkəmə cavabdehin imtinasında əsas gətirdiyi əlavə istifadə olunan torpaq sahəsi ilə bağlı hər hansı dəyərləndirmə aparmır və yalnız iddiaçının mülkiyyətində olan 250 kv.m torpaq sahəsi ilə bağlı qiymətləndirmənin aparılmasını məqbul hesab edir.
40. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin vahid əmlakının Bölgü Sxemindən görünür ki, bölgü sxem X9, X24 və X31 arasında tərtib edilmiş və həmin bölgü sxemdə 350 kv.m torpaq sahəsi X31, üzərində yerləşən 80.4 kv.m ölçüdə fərdi yaşayış evi X19 və 250.0 kv.m torpaq sahəsi isə X8 aid torpaq sahəsi kimi göstərilmiş və hər üç şəxs arasında onların hər birinə aid olan sahə sxemdə göstərilməklə bölgüsü tərəflərin imzaları və daşınmaz əmlakın texniki inventarlaşdırma şöbəsi tərəfindən tərtib edilməklə təsdiq edilmişdir. Halbuki, qeyd olunduğu kimi sözügedən 600 kv.m torpaq sahəsindən 250 kv.m sahəsi 2005-ci ildə X9 tərəfindən İddiaçı satılmış, lakin həmin bölgü sxemin tərtibində İddiaçı iştirak etməmişdir.
41. Qeyd olunan bölgü sxemdə X8 aid (əslində İddiaçı satılmış hissə) 250 kv.m torpaq sahəsinin şimal hissəsində yol, cənub hissəsində X24 və X28 aid fərdi yaşayış evi və 350 kv.m torpaq sahəsinin yerləşdiyi, eyni zamanda 250 kv.m hissənin X17 aid fərdi yaşayış evinin tikinti altına düşməyən və bir hissəsi evin yan divarından keçməklə, evin ön hissəsindən cənuba doğru meyilli olmaqla qırıq xətlə ayrıldığı əks olunmuşdur.
42. Həmçinin, qeyd edilən bölgü sxemdən sonra tərtib edilmiş X26 adına olan xx.xx.2020-ci il tarixli texniki pasportda X17 aid fərdi yaşayış evinin 350 kv.m torpaq sahəsində yerləşdiyi, tikilinin tikintialtı sahəsi 0.01266 ha, həyətyanı sahəsi isə 0.02234 ha ölçüdə qeyd edilmiş, torpaq sahəsinin planında fərdi yaşayış evinin 350 kv.m sahədə yerləşdiyi, şimaldan qonşu sahənin olduğu, şimalda qonşuya aid torpaq sahəsinin X17 məxsus fərdi yaşayış evinin yan divarından uzanmaqla, evin ön hissəsindən cənuba doğru meyilli olduğu və həmin sahənin bütöv xətlə X17 aid hissədən ayrılmış şəkildə yerləşdiyi göstərimişdir.
43. Beləliklə, hüquqmüəyyənedici sənədlərdə üçüncü şəxs X17 aid fərdi yaşayış evi iddiaçıya aid torpaq sahəsindən cənubda, evin özünə aid 350 kv.m hissədə yerləşdiyi və iddiaçıya aid 250 kv.m hissədən bilavasitə ayrıldığı aydın şəkildə əks olunmuş, bu baxımdan torpaq sahəsinin bölgü sxemi və texniki pasportu torpaq sahəsinin sənəd üzrə yerləşməli olduğu vəziyyətə uyğun tərtib edilmişdir. Bu halı eyni zamanda cavabdehin mütəxəssisləri baxış zamanı soğruya cavab olaraq göndərdikləri xx.xx.2023-cü il tarixli məktublarında da təsdiq etmişlər.
44. Lakin, iddiaçının müraciəti ilə bağlı cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinələr zamanı, eləcə də məhkəmə icraatı gedişində cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya və üçüncü şəxsə aid torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərə, o cümlədən adları çəkilən bölgü sxem və texniki pasporta uyğun hasarlanma işləri aparılmamış və nəticədə iddiaçının mülkiyyətində olan 250 kv.m torpaq sahəsindən 73 kv.m hissə üçüncü şəxs X14 hasarı daxilində olmaqla faktiki istifadəsində yerləşdiyi müəyyən olunmuşdur.
45. Belə ki, mütəxəssis tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə təqdim edilmiş sənədlərdə iddia olunan ərazinin yerləşmə sxemi və koordinatları iddiaçının mülkiyyətində qalmalı olan 250 kv.m torpaq sahəsi, iddiaçının hüquqmüəyyənedici sənəd olmadan istifadə etdiyi ayrıca giriş-çıxışı olan əlavə torpaq sahəsi, bölgü sxemə əsasən X14 xüsusi mülkiyyətində qalmalı olan 350 kv.m torpaq sahəsi, eləcə də sonuncunun hüquqmüəyyənedici sənədi olmadan istifadə etdiyi ayrıca giriş-çıxışı olan əlavə torpaq sahəsinin yerləşdiyi istiqamət, ölçü və koordinatlar aydın şəkildə əks olunmuşdur.
46. Təqdim edilmiş məlumat, koordinat və sxemdən müəyyən olunur ki, 600 kv.m torpaq sahəsindən 250 kv.m hissəsi İddiaçı satıldıqdan sonra iddiaçının mülkiyyətində qalmalı olan 250 kv.m torpaq sahəsinin 154 kv.m hissəsi həm sənəd üzrə, həm də faktiki cəhətdən iddiaçının sahiblik və istifadəsindədir. Lakin eyni zamanda hasarlanma işlərinin bölgü sxemə uyğun aparılmaması səbəbindən iddiaçının mülkiyyətində qalmalı olan 250 kv.m sahədən 73.0 hissə X14 faktiki istifadəsindədir.
47. Qeyd edilməlidir ki, ərazinin faktiki vəziyyətindəki yerləşmə sxemi ilə bölgü sxem və texniki pasportda torpaq sahəsinin planının müqayisəli təhlil etdikdə də mübahisəli 73.0 kv.m sahənin bölgü sxem və texniki pasportda bir hissəsinin fərdi yaşayış evinin yan tərəfindən uzanmaqla evin ön hissəsinə cənuba tərəf meyilli olmaqla qonşu sahənin (250 kv.m hissənin) tərkibində olduğu və ondan bütöv xətlə ayrıldığı əks olunsa da, lakin faktiki vəziyyətdə həmin 73.0 kv.m hissənin X14 faktiki hasarı daxilində olmaqla sonuncunun istifadəsində olduğu müəyyən olunur. Hər iki vəziyyətdə, istər texniki pasport, bölgü sxem, istərsə də faktiki vəziyyətdə mübahisəli 73 kv.m hissənin üzərində hər hansı tikili inşa edilməmişdir.
48. Beləliklə, cavabdehin iddiaçının mülkiyyət hüququ üzrə qeydiyyata aldığı 250 kv.m sahənin yerləşdiyi coğrafi koordinatları elektron kadastr baza məlumatlarına işləndiyi, kadastr baza məlumatlarına əsasən iddiaçının mülkiyyətində olan 250 kv.m sahənin yerləşdiyi coğrafi koordinatlarının cavabdehə məlum olduğu halda yalnız həmin sahədən üzərində tikili olmayan 73.0 kv.m boş torpaq sahəsinin üçüncü şəxsə aid torpaq sahəsinə bitişik vəziyyətdə qonşunun faktiki daş hasarı daxilində yerləşməsi əsası ilə iddiaçının mülkiyyətində olan 250 kv.m torpaq sahəsinin dövlət reyestr məlumatlarını əks etdirən plan-ölçü sənədinin verilməsindən imtinası qanuni və əsaslı hesab edilə bilməz.
49. Məhkəmə bu nəticəyə gələrkən həm də o halı nəzərə alır ki, mübahisəli 73 kv.m hissə üzərində üçüncü şəxsin mülkiyyət hüququ qeydiyyata alınmamışdır. İddiaçının 250 kv.m torpaq sahəsinə olan mülkiyyət hüququnun üçüncü şəxslərdən müdafiəsi üçün tələb olunan hüquqi sənədlər sırasında təkcə dövlət reyestrindən çıxarış deyil, həm də həmin sahənin kadastr bazasına işlənmiş koordinatlarını əks etdirən plan-ölçü sənədinə də zərurət vardır. Qeyd edilən plan-ölçü sənədinin təqdim edilməsi isə cavabdehin öhdəliyi olmaqla onun verilməsini istisna edən hüquqi və faktiki şərtlər hazırkı məhkəmə icraatında müəyyən olunmamışdır.
50. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
51. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı yarımbənində əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir.
52. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın 13-cü bəndinə əsasən daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin verilməsi fiziki və hüquqi şəxslərin ərizələri əsasında həyata keçirilir (bənd 13.1). Texniki sənədlər, o cümlədən texniki pasport dövlət və ya bələdiyyə orqanlarının sorğusu, daşınmaz əmlak obyektlərinin mülkiyyətçilərinin və ya onların səlahiyyətli nümayəndələrinin isə ərizəsi əsasında verilə bilər (13.2).
53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir (bənd 4.1). Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur (bənd 4.2).
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
55. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı).
56. Beləliklə, cavabdeh iddiaçının Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi ünvanında yerləşən 0.0250 ha torpaq sahəsinə mülkiyyət hüququnu qeydə alsa da həmin əmlakla bağlı plan-ölçü tərtib etməkdən imtina etməklə yuxarıda istinad olunan qanunvericiliyin tələblərini və iddiaçının hüquqlarını pozmuşdur.
57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
58. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
59. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
60. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(112)-431/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov