Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-277/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4695/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********039500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********039500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən İddiaçı kameral vergi yoxlaması ilə 2022-ci il üzrə 119.894,04 manat gəlir vergisi hesablanmışdır. Hesablamanın əsası vergi ödəyicisindən flaş kart vasitəsilə götürülmüş Excel formatında olan cədvəllər, “qara mühasibatlıq” məlumatları olmuşdur. Bundan başqa həmin məlumatlar əsasında (eyni dövriyyə, eyni vergitutma obyekti) “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********30000 nömrəli qərar ilə iddiaçıya 2022-ci ilin avqust ayı üzrə 131.051,16 manat əlavə dəyər vergisi hesablanmışdır. Qeyd olunan qərarın ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə həmin məlumatlar, yəni qara mühasibatlıq sənədləri əsasında vergilərin hesablanmasını qanunsuz hesab etmişdir. Hazırki iddia ərizəsi ilə mübahisələndirilən qərarla hesablanmış vergilərin əsasını da həmin qara mühasibatlıq məlumatları təşkil edir. Buna görə də xx.xx.2023-cü il tarixli **********039500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar da eyni əsasla ləğv edilməlidir. Belə ki, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-4695/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 noyabr 2023-cü il tarixli **********039500 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il **********039500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh qərarla razılaşmır. 2022ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəlirlər 926039,9 manat göstərilmiş, lakin qeyd olunan dövr üzrə təqdim edilmiş ƏDV bəyannanmələri üzrə ƏDV dövriyyə məbləği 1560239,9 manat olmuşdur ki, nəticədə dövriyyə üzrə kənarlaşma yaranmışdır. Eyni zamanda təqdim edilmiş gəlir vergisi bəyənnamənin xərclər bölməsində icarəyə götürülmüş əsas vəsaitlərin təmir xərcləri sətrində ******* manat qeyd edilməsinə baxmayaraq, qeyd edilənlər uçot baza ilə təsdiqini tapmamış, yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********011200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2022-ci ilin gəlir vergisi üzrə təmir xərcləri çıxıldıqdan sonra ümumi xərcin 2 faiz qədər olaraq 19894,7 manat bank xidməti xərci qüvvədə saxlanılmaqla qalan xərclər silinməklə, eyni zamanda gəlirlər üzrə kənarlaşma aradan qaldırılmaqla 119894,04 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il **********039500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə iddia tələbinin təmin olunma əsasları kimi göstərmişdir ki, cavabdehin vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi sual doğuran elektron daşıyıcı məlumatlardan “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir, lakin vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Məhkəməyə təqdim edilmiş cədvəllərdən müəyyən olunur ki, mallar ştrix kodlar üzrə çeşidlənmiş və müvafiq hesablamalar məhz həmin mallara, dövriyyəyə və iddiaçının özünün də qəbul etdiyi cədvəllərə uyğun aparılmışdır. Göründüyü kimi, məhkəmə öz qərarında bu məqamlara toxunmadan istinad etmişdir. Məhkəmə həmin diskdə göstərilən hesablamaların qara mühasibatlıq əsasında əldə edildiyini müvafiq sübutedici istinadlarla göstərməmiş, sadəcə iddiaçının göstərdiklərini təkrarlamışdır. Vergi Məcəlləsində “qara mühasibatlıq” anlayışı yoxdur. Həmçinin hazırkı məqamda da həmin elektron fayllarda əldə olunmuş cədvəllərin (iddiaçı öz əl yazması ilə həmin dövriyyənin ona aid olmasını bildirir) “qara mühasibatlıq” sənədləri kimi nəzərə alınması əsassızdır. Belə ki, istər məhkəmə prosesində də, istərsə də operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı həmin cədvəllərin ona aid olduğunu bildirdiyi halda, məhkəmə əsassız olaraq, həmin sübutları mötəbər sübut kimi qəbul etmir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə həvalə edilmişdir. Həmçinin, eyni Məcəllənin 16.1.3-1-ci maddəsinə əsasən, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Məhz göstərilən vəzifələr vergi ödəyicisi tərəfindən yerinə yetirilmədiyindən və ya lazımınca yerinə yetirilmədiyindən, vergi orqanı vəzifəsinə uyğun olaraq, operativ vergi nəzarəti tədbiri həyata keçirmiş və müvafiq dövriyyəyə uyğun olaraq, müvafiq vergilər hesablamışdır. Bunlara baxmayaraq, məhkəmə həmin mötəbər sübutları əsassız olaraq, ilkin sənədlər olmadığını bildirmiş və “qara mühasibatlıq” sənədlərinə aid etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********039500 nömrəli qərarının surətindən görünür ki, İddiaçı (VÖEN: **********) barəsində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2022-ci il üçün gəlir vergisi üzrə 119.894,04 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə … borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1.6. Mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. 2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. 2.1.11. İlkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********039500 nömrəli qərarına əsasən iddiaçı barəsində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2022-ci il üçün gəlir vergisi üzrə 119.894,04 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin gəlir vergisi elektron yaddaş qurğusunda olan məlumatlara əsasən müəyyən edilmişdir. Vergi orqanı tərəfindən həmin elektron yaddaş qurğusundan əldə edilmiş məlumatlara əsasən eyni dövriyyə, eyni vergitutma obyekti üzrə iddiaçıya həm əlavə dəyər vergisi, həm də gəlir vergisi hesablanmışdır. İddiaçı tərəfindən əlavə dəyər vergisi üzrə qəbul edilmiş qərar digər məhkəmə icraatında mübahisələndirilmiş və iddiaçının tələbi təmin edilmişdir. İddiaçı hazırda “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********039500 nömrəli qərarı mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində hesablanan vergilərin əsasını “qara mühasibatlıq” sənədləri təşkil edir. Cavabdeh qurum mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi elektron yaddaş qurğusunda olan məlumatların mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun. Belə ki, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahatlar almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi. Bundan başqa, iddiaçının fəaliyyəti üzrə vergi orqanı tərəfindən əlavə hesablanmış vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında alış və satışa dair elektron qaimə fakturalar, VHF, ödəniş sənədləri, mədaxil məxaric orderləri, xərc sənədləri, bank reyesterləri və s. öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən vergi məbləğinin hesablanması zamanı nəzərə alınmış fləşkarta yüklənərək götürülmüş excel fayllarında olan cədvəl məlumatları ciddi uçot sənədi sayılmır və həmin məlumatlara əsasən vergilərin hesablanması mühasibat uçotunun tələbləri baxımından düzgün deyildir. Beləliklə, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından istifadə edilmişdir. Halbuki, “Mühasibat uçotu haqqında” Qanunun tələblərinə əsasən qanuni yolla əldə edilmiş elektron fayllar - cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan məlumatlarda təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq əlavə araşdırma aparmadan mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin həmin elektron yaddaş qurğusunda olan məlumatların iddiaçıya aid olan sübut kimi istinad etməsi mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin elektron yaddaş qurğusu iddiaçıya məxsus rəsmi mühasibatlıq sənədi kimi qiymətləndirilə bilməz. Belə ki, elektron yaddaş qurğusunda olan məlumatların iddiaçının fəaliyyəti ilə səbəbli əlaqəsini cavabdeh sübuta yetirməmiş, oradakı yazıların məhz iddiaçının fəaliyyətinə aid olması və onun fəaliyyəti ilə bağlı guya reallığı əks etdirməsi müəyyən edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin cavabdeh inzibati orqan bunu etməyərək, əlavə araşdırma aparmadan, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Beləliklə, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatlarları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi - alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı, növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırki iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. Vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Cavabdeh inzibati orqan yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmalı (məsələn, alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4695/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-277/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-277/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver