Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2771/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) “torpaq sahəsinin ayrılması” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2- 1(112)-5980/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün torpaq sahəsinin ayrılmasının cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-906/2020 saylı 29.09.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-906/2020 saylı 28.10.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra hakimiyyətinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinin ayrılması barədə iddiası mümkün sayılmamışdır. İş üzrə İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-906/2020 saylı 28.10.2020-ci il tarixli qərardadından apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.02.2021-ci il tarixli 2-1(103)-407/2021 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2-1(112)-906/2020 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün torpaq sahəsinin ayrılmasının cavabdehə həvalə olunması” tələbinə dar inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd olunmuş göstərişlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5980/2021 №li 23 aprel 2021-ci il tarixli qərardadı ilə 16.03.2020-ci il tarixdə İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, ona 10 sot torpaq sahəsinin ayrılması barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. Həmçinin İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya 23 aprel 2021-ci il tarixli məktubla müraciət olunaraq, iddia tələbinin və iddia tələbinə cavab verməli olan inzibati orqanın dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı 03.06.2021-ci il tarixdə İPM-nin 54-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətini cavabdeh qismində göstərməklə ailə üzvlərilə birlikdə onun istifadəsinə 0,10 ha torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5980/2021 saylı 22.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətini cavabdeh qismində göstərməklə ailə üzvlərilə birlikdə onun istifadəsinə 0,10 ha torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə həvalə olunması barədə ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı yenidən məhkəməyə ərizə təqdim edərək, onun ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün ona torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdeh Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmiş və qeyd olunan ərizə də məhkəmə tərəfində icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2-1(112)-5980/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2-1(112)-5980/2021 saylı qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması və icraata qəbul edilib baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsinin ona icarəyə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2-1(112)-5980/2021 saylı qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması və icraata qəbul edilib baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2-1(112)-5980/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırki tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara uyğun deyil. İddiaçı iddia ərizəsində cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu təsdiq edən heç bir əsas göstərməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Мəhkəməsinin 2-1(82)-3113/18 saylı iş üzrə qəbul etdiyi 19 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qeyd olunan qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verimiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2707/18 saylı 28 noyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2- 1(82)-3113/18 saylı iş üzrə qəbul etdiyi 19 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2707/18 saylı 28 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)844/2019 №li 13 mart 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2707/18 saylı 28 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində iddiaçı torpaq sahəsinin ona icarəyə verilməsini xahiş etdiyini bildirsə də, iddia tələbində, eləcə də inzibati orqana müraciətində iddiaçı onun ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 4.16.4-cü bəndində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) səlahiyyəti müəyyən edilmişdir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə görə bu Əsasnamənin 4.16.4-cü bəndində nəzərdə tutulmuş səlahiyyət şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Qeyd edilən normanın məzmunundan görünür ki, şəhər icra hakimiyyəti başçısı dövlət mülkiyyətində olan torpaq sahələrini rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyini aldıqdan sonra fiziki və ya hüquqi şəxsin istifadəsinə və ya icarəsinə verir. Göründüyü kimi hazırki iddia tələbi üzrə torpaq sahəsinin istər mülkiyyətə, istərsə də istifadə və ya icarəyə verilməsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid deyildir. Belə olan halda şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2-1(112)-5980/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2771/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2771/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver