Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2772/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25.08.2021-ci il tarixli, 2- 1(112)-7826/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.05.1982-ci il tarixdən 26.01.1988-ci il tarixədək işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməklə, 06.10.2012-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi, müraciətindən əvvəlki 3 il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1954-cü il tarixdə anadan olmuş, 1976-1980, 1993-1997-ci illərdə müxtəlif təşkilatlarda işləmiş, 2 uşaq anasıdır, 31.05.1982ci il və 26.01.1985-ci il tarixlərində övladları dünyaya gəlmişdir. İddiaçı yaşa görə sosial müavinət alır. İddiaçı 3 yaşadək körpə uşaqlarına qulluq etdiyi müddəti nəzərə almaqla, yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini 1 saylı “DOST” Mərkəzi vasitəsilə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına təqdim etmiş, lakin filial tərəfindən ünvanına göndərilmiş məktubla tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin olunmasından ona imtina olunmuşdur. Belə ki, 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası almaq hüququ vardır. Bu maddədə nəzərdə tutulan qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılır. Maddəyə istinadən iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 58 yaş 6 ayı tamam olduğu 06.10.2012-ci il tarixdə yaranmışdır. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin e) bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq onun iş stajına daxil edilir. Bu maddəyə əsasən uşaqlarına görə 31.05.1982-ci il tarixdən 26.01.1988-ci il tarixədək olan 5 il 7 ay 25 gün müddət işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddət kimi sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə istinadən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə ki, iddiaçının 31.05.1982-ci il və 26.01.1985-ci il tarixlərdə uşaqları doğulduğundan və həmin tarixdən etibarən körpə uşaqlarına qulluq etdiyindən həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Hazırkı mübahisədə cavabdeh inzibati orqanın iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək onun körpə uşaqlarına qulluq müddətinin sosial sığorta stajına daxil etməməsi iddiaçının Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. Cavabdeh tərəfindən ünvanına göndərilmiş məktubda iddiaçının əmək kitabçasına əsasən 7 il 9 ay iş stajının olduğu qeyd olunmuşdur. Lakin 5 il 7 ay 3 yaşadək uşaqlara qulluq müddəti nəzərə alınmaqla iddiaçının cəmi 13 il 4 ay sığorta stajı yaranır ki, bu staj da ona yaşa görə əmək pensiyası təyin olunması üçün yetərlidir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il tarixli 11 dekabr tarixli 17 №li qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3. bəndində deyilir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 06.10.2012-ci ildə tarixdə yaranmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25.08.2021-ci il tarixli, 2-1(112)-7826/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. 1976-1980, 1993-1997-ci illərdə müxtəlif təşkilatlarda işləmişdir. 2 uşaq anasıdır. 31.05.1982-ci il tarixdə Polad, 26.01.1985-ci il tarixdə isə Günay adlı övladları dünyaya gəlmişdir. Həmçinin yaşa görə sosial müavinət alır. Məhkəmə tərəfindən imtinanın əsas səbəbi 12.07.1993-cü il tarixdən 02.04.1997-ci il tarixədək işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməməsi olmuşdur. Məhkəmə bu illərdə onun işləməsi faktını natamam araşdırmış, nəticədə qeyri-qanuni qərar qəbul etmişdir. Belə ki, o, 12.07.1993-cü il tarixdə Azərbaycan Sənaye Tikinti Dövlət Komitəsinin 8 №-li trestinin 84 saylı İxtisaslaşdırılmış Tikinti idarəsinə İİ dərəcəli fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. 01.05.1995-i il tarixdə 8 №-li trestin 84 saylı İTİ ləğv edilmiş və Bakı Baş Tikinti İdarəsinin Sənaye Tikinti İdarəsi təşkil olunmuşdur. 01.02.1997-ci il tarixdə isə 84 saylı İxtisaslaşdırılmış Tikinti idarəsi müstəqil fəaliyyətə başlamış və dövlət qeydiyyatına alınmışdır. Lakin məhkəmə bu faktları nəzərə almamış, nəticədə antikonstitusion qərar qəbul etmişdir. Belə ki, məhkəmə ancaq 84 saylı İxtisaslaşdırılmış Tikinti idarəsinin fəaliyyətini araşdırmış, lakin həmin idarənin 01.02.1997-ci il tarixədək Azərbaycan Sənaye Tikinti Dövlət Komitəsinin 8 №-li trestinin və Bakı Baş Tikinti İdarəsinin Sənaye Tikinti İdarəsinin tərkibində olmasını nəzərə almamışdır. O, faktiki olaraq həmin illərdə işləmiş və əmək haqqı almışdır. Bu onun əmək kitabçasında da qeyd olunmuşdur. Lakin məhkəmə bunu nəzərə almamışdır. Nəticədə məhkəmə tərəfindən birtərəfli araşdırılma aparılmış, yuxarıda qeyd etdiyi faktlar nəzərə alınmamışdır. Onun pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə, yəni 1992-ci ildən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. O, 12.07.1993-02.04.1997-ci illərdə işləməyi barədə əmək kitabçası təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Bu Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Onun əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd - əmək kitabçası olmuşdur. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Hazırkı iş üzrə mübahisəli məsələ onun 1993-1997-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də həmin dövrlərdə işləməyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr onun əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün tam əsaslandırılmış bir səbəb müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. 31.05.1982 və 26.01.1985-ci il tarixlərdə onun uşaqları doğulmuşdur. 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin e) bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq onun iş stajına daxil edilir. Bu maddəyə əsasən Polad və Günay adlı uşaqlarına görə 31.05.1982-ci il tarixdən 26.01.1988-ci il tarixədək olan 5 il 7 ay 25 gün müddət işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddət kimi sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh tərəfindən ünvanına göndərilmiş məktubda onun əmək kitabçasına əsasən 7 il 9 ay iş stajının olduğu qeyd olunmuşdur. 5 il 7 ay 3 yaşadək uşaqlara qulluq müddəti nəzərə alınmaqla onun cəmi 13 il 4 ay sığorta stajı yaranır. Bu staj da ona yaşa görə əmək pensiyası təyin olunması üçün yetərlidir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 31.05.1982-ci il tarixdən 26.01.1988-ci il tarixədək işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməklə, 06.10.2012-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi, müraciətindən əvvəlki 3 il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçının pensiya hüququnun yarandığı 06.10.2012-ci il tarixdə, yəni 58 yaş 6 ayı tamam olduğu vaxt qüvvədə olan normalara əsasən onun 12 il sığorta stajı olmalıdır. İddiaçının isə həm iddia ərizəsində özünün də qeyd etdiyi kimi, həm də əmək kitabçasına əsasən 7 il 10 ay 14 gün sığorta stajı mövcuddur. Məhkəmə hesab etmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 12 il iş stajı toplanmadıgı üçün cavabdeh tərəfindən edilmiş imtina qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Azərbaycan Respublikası, Ağdam şəhərində doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, iddiaçının övladları - X3 31.05.1982-ci il tarixdə, X4 26.01.1985-ci il tarixdə Bakı şəhərində doğulmuşlar. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ ******* saylı 14.06.1976-ci il tarixdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, iddiaçının 8 saylı SMD daxil olana qədər iş stajı olmayıb. 05.06.1976-cı il tarixdən 25.07.1977-ci il tarixə qədər 8 saylı trestin 8 saylı SMD-də fəhlə işləmiş, 23.08.1977-ci il tarixdən 20.07.1980-ci il tarixə qədər Əli Bayramov adına BİTB-də dərzi, 12.07.1993-cü il tarixdən 02.04.1997-ci il tarixə qədər "xxxx" Dövlət Şirkətinin 8 saylı Trestinin 84 saylı İTİ-də 2 dərəcəli fəhlə işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 11.02.2021-ci il tarixli **********360600 saylı məktubundan görünür ki, Dövlət Reyestrində "84 Saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi”nin (VÖEN: **********) 01.02.1997-ci il tarixdə 34247 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması barədə məlumat mövcuddur. Dövlət reyestrində idarənin yenidən təşkil edilməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12.02.2021-ci il tarixli **********740000 saylı məktubundan görünür ki, dövlət reyestrində “84 Saylı İxtisaslaşdırılmış Tikinti ldarəsi”nin (VÖEN: **********) 01.02.1997-ci il tarixdə 34247 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması barədə məlumat mövcuddur. Dövlət reyestrində idarənin yenidən təşkil edilməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 05.03.2021-ci il tarixli **********490300 saylı məktubundan görünür ki, idarədə olan reyestrə əsasən “84 Saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi”nın hüquqi ünvanı AZ1040, ünvan 1ş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 26.01.2021-ci il tarixli **********94 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən, dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunmuş məlumatlar əsasında aparılır. “84 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi” haqqında məlumat təqdim edilmədiyi üçün dövlət əmlakının Registrində heç bir məlumat qeydiyyata alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 04.03.2021-ci il tarixli 4/484 saylı məktubundan görünür ki, 84 Saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan cavabdehin 23.11.2020-ci il tarixli **********2 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi sənədlərdən göründüyü kimi ümumi iş stajı 7 il 9 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (7 il 9 ay) sığorta kapitalı 5.745,08 manat olmaqla tələb olunan 28.800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, pensiya kapitalı məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə - 144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1.ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müavinətin təyin edilməsi üçün 1 saylı Bakı “DOST” mərkəzinə müraciət etməyi tövsiyə olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (23054,92 manat) ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2017-ci il iyul ayının 1-dək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Göründüyü kimi iddiaçının pensiya hüququnun yarandığı 06.10.2012-ci il tarixdə, yəni 58 yaş 6 ayı tamam olduğu vaxt qüvvədə olan normalara əsasən onun 12 il sığorta stajı olmalıdır. İddiaçının apelyasiya şikayətində 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin e bəndinə istinad edərək, “Polad və Günay adlı uşaqlarına görə 31.05.1982-ci il tarixdən 26.01.1988-ci il tarixədək olan 5 il 7 ay 25 gün müddət işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsini qeyd etmişdir. İddiaçının qeyd olunan dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 01.01.2010-cu il tarixdən qüvvəyə minmiş 8.1-ci maddəsinə əsasən qadının 5 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi və yaş həddinin hər uşağa görə 1 il azaldılmaqla pensiyaya çıxmaq hüququnun müəyyən edilməsi “nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının pensiya hüququnun yarandığı zaman, yəni 06.10.2012-ci il tarixdə artıq iddiaçının istinad etdiyi Qanun qüvvədən düşmüşdür. Birinci instansiya məhkəməsi qərarının əsaslandırıcı hissəsində qeyd etmişdir ki, iddiaçının əmək kitabçasından görünür ki, 05.06.1976-cı il tarixdən 25.07.1977-ci il tarixə qədər 8 saylı trestin 8 saylı SMD-də fəhlə işləmiş, 23.08.1977-ci il tarixdən 20.07.1980-ci il tarixə qədər Əli Bayramov adına BİTB-də dərzi, 12.07.1993-cü il tarixdən 02.04.1997-ci il tarixə qədər "xxxx" Dövlət Şirkətinin 8 saylı Trestinin 84 saylı İTİ-də 2 dərəcəli fəhlə, cəmi 7 il 10 ay 14 gün sığorta stajı mövcud olmuşdur. Qeyd olunduğu kimi, cavabdeh iddiaçının 12.07.1993-cü il tarixdən 02.04.1997-ci il tarixə qədər olan iş stajının mövcudluğunu şübhə altına alır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 12.07.1993-cü il tarixdən 02.04.1997-ci il tarixə qədər işlədiyi "xxxx" Dövlət Şirkətinin 8 saylı Trestinin 84 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin Dövlət Reyestrində ********** saylı VÖEN-lə 01.02.1997-ci il tarixdə 34247 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması barədə məlumat mövcuddur. Belə olan halda iddiaçının 12.07.1993-cü il tarixdən 01.04.1997-ci il tarixə qədər işləməsi barədə qeyd şübhə doğurur. İddiaçının iş stajını arxiv məlumatları və qarşılıqlı yoxlanılma ilə müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının həmin müəssisədə məhz 12.07.1993-cü il tarixdən işləməsini təsdiq edən başqa mötəbər sübut aşkar edilməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyini iddia etdiyi həmin dövr onun sosial sığorta stajına daxil edilməklə hesablana bilməz. İddiaçı qeyd olunan əsaslandırma ilə razılaşmayaraq apelyasiya şikayətində qeyd etmişdir ki, o, 12.07.1993-cü il tarixdə Azərbaycan Sənaye Tikinti Dövlət Komitəsinin 8 №-li trestinin 84 saylı İxtisaslaşdırılmış Tikinti idarəsinə İİ dərəcəli fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. 01.05.1995-i il tarixdə 8 №-li trestin 84 saylı İTİ ləğv edilmiş və Bakı Baş Tikinti İdarəsinin Sənaye Tikinti İdarəsi təşkil olunmuşdur. 01.02.1997-ci il tarixdə isə 84 saylı İxtisaslaşdırılmış Tikinti idarəsi müstəqil fəaliyyətə başlamış və dövlət qeydiyyatına alınmışdır. Lakin məhkəmə bu faktları nəzərə almamış, nəticədə antikonstitusion qərar qəbul etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının əmək kitabçasına əsasən cəmi 7 il 9 ay 7 gün iş stajı olmuşdur. Göründüyü kimi iddiaçının 12.07.1993-cü il tarixdən 02.04.1997-ci il tarixə qədər Azərbaycan Sənaye Tikinti Dövlət Komitəsinin 8 №-li trestinin 84 saylı İxtisaslaşdırılmış Tikinti idarəsində işlədiyi müddət sosial sığorta stajına daxil olunsa belə, ona əmək pensiyasının təyin olunması üçün tələb olunan 12 ildən artıq stajının qarşılığında cəmi 7 il 9 ay 7 gün iş stajı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı iddiaçının 58 yaş 6 ayı tamam olduğu vaxt qanunvericiliyin tələbinə əsasən 12 il sığorta stajının olması iş materialları ilə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan iş stajını toplamadığı üçün cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25.08.2021-ci il tarixli, 2-1(112)-7826/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2772/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2772/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver