Məhkəmə qərarları › İş №2-1(103)-2772/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2772/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2772/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndə-vəkili Vəkil, cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “nəqliyyat vasitələrinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3443/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 22-25 noyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Az Logistika” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə məxsus ** JK *** dövlət qeydiyyat nişanlı dartıcı və ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun iddiaçıya saz vəziyyətdə geri təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müraciəti əsasında "xxxx" MMC-yə məxsus 10 ədəd yük avtomobili Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sərəncamına verilmişdir. Sonradan buraxılış ili 2010-cu il olan ** JK *** dövlət qeydiyyat nişanlı dartıcı və buraxılış ili 2008-ci il olan ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinə, Müdafiə Nazirliyinin 286 saylı Hərbi Hissəsinə, daha sonra isə Dövlət Sərhəd Xidmətinin sərəncamına verilmişdir. Artıq 44 günlük vətən müharibəsi başa çatmışdır. Eyni zamanda 7 dekabr 2020-ci il tarixli Fərman ilə ölkə ərazisində elan edilmiş hərbi vəziyyət ləğv edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təşkilatlara məxsus nəqliyyat vasitələrinin dinc dövrdə dəyərinin ödənilərək dövlətin xeyrinə saxlanılması məsələsi nəzərdə tutulmamışdır. Dinc dövrdə təşkilatlara və ya vətəndaşlara məxsus nəqliyyat vasitələrinin onların iradəsinə zidd dövlətin xeyrinə saxlanılması Azərbaycan Respublikasının Konstitusiyasına və tərəfdar çıxdığı beynəlxalq konvensiyalara ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3443/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: S.Salahova) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh məhkəmədə etiraf etmişdir ki, nəqliyyat vasitələri sazdır və onlara heç bir zərər dəyməmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, maşına və sahibinə zərər dəyməmişdir, buna görə də qərardadda göstərilən normativ aktlar və prosedur bu hala şamil oluna bilməz. Həmçinin cəmi 10 maşını səfərbər edib 9-nu isə geri qaytarıblar. Digərləri kimi özlərində saxladıqları nəqliyyat vasitələri saz vəziyyətdədir və onu geri qaytarmamaq üçün qanuni əsas yoxdur. Digər tərəfdən onu da nəzərə çatdırmaq istəyirlər ki, qanunvericilikdə qeyri müharibə dövründə şəxslərin mülkiyyətində olan əmlakın məcburi qaydada dövlətin ehtiyacları üçün alınmasına yol verilmir və bu, Azərbaycan Respublikası Konstitusiyasına və İnsan Hüquqlarına dair Konvensiyaya ziddir. Səfərbərliklə alınmış nəqliyyat vasitəsinə zərər dəymədiyindən onun dəyəri deyil, özü geri qaytarılmalıdır. Bu hala Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2006-cı il tarixli, 25 nömrəli qərarı Qərarı ilə təsdiq edilmiş, “Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydaları”ı şamil edilə bilməz. Bu səbəbdən də bu iş üzrə cavabdeh iddiaçının əmlakını qanunsuz olaraq özündə saxlayan Dövlət Sərhəd Xidməti olmalıdır. Əvvəlki baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri apelyasiya şikayətinə yazılı etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı MMC-yə məxsus ** JK *** dövlət qeydiyyat nişanlı dartıcı və ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun iddiaçıya saz vəziyyətdə geri təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və hesab etmişdir ki, hər hansı mərkəzi icra hakimiyyəti orqanı, eləcə də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bilavasitə olaraq hazırkı iddiaya cavab verməli olan orqan deyildir. Başqa sözlə, iddiaçının qaldırdığı məsələ, cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin nəqliyyat vasitələri ilə təmin edilməsi məqsədilə hərbi-nəqliyyat vəzifəsi müəyyən edilir; 11.2-ci maddəsinə əsasən, hərbi-nəqliyyat vəzifəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına, təşkilatlara, o cümlədən gəmi dayanacaqlarına, dəniz və hava limanlarına, dəmiryol stansiyalarına, neft bazalarına, yanacaq doldurub-boşaltma bazalarına, yanacaqdoldurma məntəqələrinə, nəqliyyat vasitələrinin işini təmin (təmir və s.) edən təşkilatlara, habelə nəqliyyat vasitələrinin mülkiyyətçisi olan vətəndaşlara şamil edilir; 11.3-cü maddəsinə əsasən, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2006-cı il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın: 2-ci bəndinə əsasən, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələri və digər əmlak ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb oluna bilər; 3-cü bəndinə əsasən, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən təyin edilir; 4-cü bəndinə əsasən, mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar təqdim edilməsi nəticəsində təşkilatlara və vətəndaşlara vurulan zərərin əvəzinin ödənilməsi aşağıdakı mənbələr hesabına həyata keçirilə bilər: 4.1. Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına; 4.2. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş digər mənbələr hesabına. 5-ci bəndinə əsasən, mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar təqdim edilməsi nəticəsində təşkilatlara və vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi üçün növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilmiş vəsaitə olan tələbat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur və dövlət büdcəsinin layihəsində ayrıca sətirlə proqnozlaşdırılır; 6-cı bəndinə əsasən, mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar təqdim edilməsi nəticəsində vurulan zərərin əvəzinə təşkilatlara və vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin yaratdığı müvəqqəti xüsusi idarəetmə orqanı (mərkəzi idarəetmə orqanı) tərəfindən müəyyənləşdirilmiş maliyyə vəsaiti ödənilə bilər Qeyd olunan Qaydalardan görünür ki, təşkilatların və vətəndaşların mülkiyyətlərində olan nəqliyyat vasitələri yalnız dövlət təhlükəsizliyinin və ölkənin müdafiəsinin təmini məqsədilə təqdim edilir. Qeyd olunur ki, 44 günlük vətən müharibəsi ordumuzun qələbəsi ilə başa çatması ilə əlaqədar Prezidentin xx.xx.2020-ci il tarixli Fərmanı ilə ölkə ərazisində elan edilmiş hərbi vəziyyət ləğv edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təşkilatlara məxsus nəqliyyat vasitələrinin dinc dövrdə dəyərinin ödənilərək dövlətin xeyrinə saxlanılması məsələsi nəzərdə tutulmamışdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 9/842 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyinin 6-cı Ordu Korpusuna təhvil verilmiş nəqliyyat vasitələri təhvil-təslim zamanı Sərhəd Qoşunlarının “Qubadlı" əlahiddə sərhəd diviziyası tərəfindən təhvil alınmış və bunlardan bir qisminin Dövlət Sərhəd Xidmətində saxlanılması üçün Nazirlər Kabineti tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir. Əlavə olaraq, Dövlət Sərhəd Xidmətində saxlanılması planlaşdırılan nəqliyyat vasitələrindən 1 ədəd DAF markalı **-JK-*** dövlət qeydiyyat nömrə nişanlı yəhərli dartıcı və 1 ədəd **-ZX-*** dövlət qeydiyyat nömrə nişanlı qoşqunun İddiaçı MMC-yə məxsus aid olmasının nəzərə alınması xahiş olunmuşdur. İş materiallarından da göründüyü kimi iddiaçıya məxsus DAF (yəhərli dartıcı) ** JK *** və Krone (yarımqoşqu) markalı **-ZX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələri 44 günlük vətən müharibəsinin bitməsinə baxmayaraq hələ də Dövlət Sərhəd Xidmətinin sərəncamındadır. İddia tələbindən də göründüyü kimi iddiaçı qeyd olunan nəqliyyat vasitələrinin iddiaçıya saz vəziyyətdə geri təhvil verilməsini tələb edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmadan cavabdehin iddiaçının hazırki iddiaya cavab verməli olan orqan olmadığı əsas gətirilərək iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda və həmin Məcəllənin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə yenidən baxılarkən məhkəmə yuxarıda göstərilən çatışmazlıqları aradan qaldırmalı və mübahisənin düzgün həllini təmin etməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3443/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar