Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2774/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 49991,26 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 84100 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-1(112)-5271/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 49991,26 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 84100 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbəğinin 5 gün ərzində dövlət bübdcəsinə ödənilməsi məqsədilə ona bildiriş verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də, ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə yaranan 270464.13 manat borcuna görə 84100 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2024-cü il tarixli, **********9 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-1(112)-5271/2025 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 49991.26 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 84100 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdehnə qaytarılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-1(112)-5271/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının təsviri hissəsində göstərilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə şəxsi hesab vərəqəsi, qərar, protokol, akt və s. təqdim edilmişdir. Cavabdeh qeyd edilən sənədlərin surətlərini almamış və məhkəmə qərarının təsviri hissəsində qeyd edilən sənədlərin məzmunu barədə məlumatı yoxdur. Məhkəmə qərarında qeyd edilən sənədlərin tarixi və məzmunu açıqlanmır, mübahisəli 34610,03 manat məbləğində borc hansı tarixlərdə yarandığı bəlli deyil. Bundan əlavə, siyahıya alınmış əmlakların demək olar ki, hamısı ipoteka ilə əldə edilmiş əmlaklardır. İpoteka ilə yüklü edilmiş əmlakların isə ticarət şəbəkələrində satılması mümkün deyildir. Məhkəmə qərarında qeyd edilir ki, “İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakın siyahıya alınması qərara alınmış, cavabdehə məxsus əmlak siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol, həmin protokola 14 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakın məsul saxlamaya verilməsi haqqında akt tərtib edilmişdir”. Sadalanan heç bir sənəd məhkəmə qərarında öz əksini tapmamışdır. Belə ki, əmlakın siyahıya alınması qərarı, əmlakın siyahıya alınması haqqında protokol, həmin protokola 14 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakın məsul saxlamaya verilməsi haqqında akt kim tərəfindən, hansı tarixdə və harda tərtib edildiyi, həmin sənədlərin məzmunu və kim tərəfindən imzalandığı bəlli deyildir. Bundan əlavə məhkəmənin qərarı cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirməsində ona ciddi maneələr yaradacaqdır. Cavabdeh həmin əmlaklarla sahibkarlıq fəaliyyətini dayandırması ilə nəticələnəcəkdir. Onsuz da maddi durumu ağır olan Cəmiyyətin durumunu daha da ağır vəziyyətə gətirib çıxaracaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar görünür: - Cavabdeh vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ********** saylı VÖEN almışdır. Vergi orqanı tərəfindən vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsi üçün cavabdehə 30 aprel 2024-cü il tarixli, **********6 saylı “Vergi borcunun ödənilməsinə dair” bildiriş göndərilmişdir. - Cavabdeh bildiriş məktubunu aldıqdan sonra borc məbləği üzrə ödəniş etmədiyindən vergi orqanının xx.xx.2024-cü il tarixli, **********9 saylı qərarı ilə cavabdehin ümumilikdə 84100 manat məbləğində əmlakı siyahıya alınmışdır - Əmlakın siyahıya alınmasına dair xx.xx.2024-cü il tarixli, **********9 saylı protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. - Məhkəmənin sorğusuna əsasən iddiaçı tərəfindən 26 fevral 2025-ci il tarixli, 3-21- 2-3/2-235321/2025 saylı məktubla bildirilmişdir ki, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh büdcəyə yaranmış vergi borcunun alınması məqsədilə xx.xx.2024-cü il tarixli, ********** saylı protokol əsasında vergi ödəyicisinin 84100,00 manat məbləğində əmlakı siyahıya alınmışdır. Hazırda xx.xx.2025-ci il tarixə həmin icraat vərəqəsinə əsasən vergi ödəyicisinin 49113, 40 manat borcu qalmışdır, 49991,26 manat borc məbləğindən 82,00 manat məbləğ vergi ödəyicisinin bank hesablarına qoyulmuş sərəncamlar əsasında silinərək ödənilmiş, 795,86 manat məbləğə azalma verilmişdir. Siyahıya alınmış əmlak qeyd edilən ünvanlarda müəssisənin rəhbərliyi tərəfindən təqdim edilmiş və onun iştirakı ilə siyahıya alınmışdır, tərtib edilən protokol vergi ödəyicisinin direktoru tərəfindən imzalanıb möhürlənmişdir. Həmin əmlakların qiymətləndirilməsi internet portallarının məlumatları əsasında mövcud bazar qiymətlərinə əsasən müəyyən edilmişdir. Siyahıya alınmış əmlakların fotoşəkilləri məktuba əlavə edilərək təqdim edilir. Satılmalı olan əmlaklar Cavabdeh balansında olan əsas vəsaitlərdən ibarətdir. Siyahıya alınmış əmlaklardan başqa vergi ödəyicisinin digər əmlakları aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 89.2-ci maddəsinə müvafiq olaraq, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi Məcəlləsinin 89.3-cü maddəsinə görə, vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. Vergi Məcəlləsinin 89.4-cü maddəsinə əsasən, vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 89.5-ci maddəsinə görə, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Vergi Məcəlləsinin 89.6-cı maddəsinə əsasən, əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə müvafiq olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun. Belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. İş materiallarında olan Cavabdeh (VÖEN: **********) Şəxsi hesab vərəqəsindən aşağıdakılar müəyyən edilir: “ ... çap olunma tarixi – xx.xx.2025 Əhatə etdiyi dövr – xx.xx.2025-xx.xx.2025 Saldo – 0,00 Hesablanmışdır – 14.884,62 Ödənilmişdir – 136.672,95 ... Çap tarixinə faiz borcu – 0,00 ... Cəmi ödənilməli borc – 0,00 Vaxtı ötmüş borc – 0,00 ...”. Göründüyü kimi, cavabdehin xx.xx.2025-ci il tarixə icra edilməmiş vergi öhdəliyi mövcud olmamışdır. Analoji məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1617/2024 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 21. Qeyd edilən tənzimləmələrin mənasına görə, yekun məqsədə xidmət edən, birbiri ilə əlaqəli, lakin iki müstəqil təmin etmə üsulu mövcuddur - əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması. ... 35. Kollegiya xüsusilə qeyd edir ki, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. ... 36. Beləliklə, məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olub-olmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalıdır. İlk növbədə, aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin olunmalıdır: - borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə onun vicdanlı hesab edilməsinin mümkünlüyü; - satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; - əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; - ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s.
37. Qeyd edilən halların araşdırılması və qiymətləndirilməsi məhkəmənin xidməti vəzifəsinə görə müstəqil qaydada toplayacağı sübutlarla yanaşı, həm də sübutetmə yükünün bölüşdürülməsi qaydasında tərəflərin hər birinin təqdim etməli olduğu sübutlardan da asılıdır. Ona görə də, məhkəmə sübutetmə yükünün bölüşdürülməsi qaydasından çıxış etməklə məsələni tərəflərlə müzakirə etməli, onlara müvafiq sübutları təqdim etmək hüququnu və təqdim etməmənin doğuracağı hüquqi nəticələri də izah etməlidir”. Hazırkı işin materiallarından görünür ki, Cavabdeh (VÖEN: **********) Şəxsi hesab vərəqəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçı hər hansı kontrarqument irəli sürməmiş, apellyasiya şikayətinə mövqeyini məhkəməyə bildirməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək və cavabdehin hazırkı tələbin irəli sürülməsinə əsas olmuş vergi öhdəliyinin icra edilməməsini təsdiq edən sübutların iş materiallarında mövcud olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-1(112)-5271/2025 saylı qərarı ləğv edilməli, iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2-1(112)-5271/2025 saylı qərarı ləğv edilsin. İddia ərizəsi rədd edilsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov