Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2775/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ödənilməyən sosial yardımın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2-1(112)-5221/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ailəsinin büdcəsindən kəsilən 7192 manat pulun ona qaytarılması və gələcəkdə belə hallara yol verilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsinin könüllü iştirakçısı olmuşdur və veterandır. 2-ci dərəcəli iş qabiliyyətsiz əlildir. 2018-2019-cu illər ərzində 5 nəfərdən ibarət ailəsi ünvanlı dövlət sosial yardım almışdır. 2018-ci ildə bir nəfər üçün ehtiyac meyarı 130 manat olsa da, DSMF tərəfindən ailəyə cəmi 205 manat (41x5) sosial yardım ödənilmişdir. DSMF tərəfindən ona 130x5=650 manat ödəniş edilməmişdir. 2018-ci ilin son 3 ayı ərzində cəmi 61 manat əlillik üzrə müavinət almışdır. 2019-cu ildə ehtiyac meyarı 145 manat nəzərdə tutulsa da, ailə üzvlərinə cəmi 205 manat sosial yardım verilmişdir. 2019-cu ildə o, 80 manat veteranlar üçün verilən təqaüd, 130 manat əlilliyə görə müavinət almışdır. 2020-2021-ci illər ərzində 4 nəfərdən ibarət olan ailənin gəliri 80 manat veteranlığa görə təyin olunan təqaüd, 130 manat isə əlilliyə görə ödənilən müavinət olmuşdur. Ailəsi hazırda 270 manat sosial yardım alır. 2020-ci il üçün ehtiyac meyarı 160 manat, 2021-ci il üçün ehtiyac meyarı 170 manatdır. Göstərilənlərə əsasən DSMF tərəfindən 2018-2019-cu illər ərzində 4872 manat, 2020-2021-ci illər ərzində 2320 manat sosial yardım kəsilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehi dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin 07.06.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında və etiraza əlavədə göstərmişdir ki, iddiaçıya müraciəti əsasında 01.10.2017-ci il tarixdən 01.09.2019-cu il tarixədək VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada 205,88 AZN məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Belə ki, Ünvanlı dövlət sosial yardımı Alt sistemindən əldə olunmuş məlumata əsasən iddiaçının ailə üzvünün orta aylıq gəliri 31 manat, ailənin ümumi telefon xərci 44 AZN məbləğində olmuşdur. “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2017ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilmişdir. İddiaçıya 2017-2019-cu illər üzrə təyin olunmuş sosial yardımın məbləği haqlı olaraq 205,88 manat müəyyən edilmişdir. İddiaçıya müraciəti əsasında 01.02.2020-ci il tarixdən 01.02.2022-ci il tarixədək VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada 270,88 AZN məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Belə ki, Ünvanlı dövlət sosial yardımı Alt sistemindən əldə olunmuş məlumata əsasən iddiaçının ailə üzvünün orta aylıq gəliri 69,17 manat, ailənin ümumi telefon xərci 72 AZN məbləğində olmuşdur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. Şəxsə ödənilən ünvanlı dövlət sosial yardımın məbləği tamamilə qanuna uyğundur. Bakı İnzibati Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2-1(112)-5221/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2-1(112)-5221/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 30.06.2016-cı il tarixdə 30.06.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir, o, əmək qabiliyyətsizdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinin 24.02.2015-ci il tarixdən 20.06.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Həmin Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən ehtiyac meyarı - əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.3-cü maddəsinə əsasən ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4-cü maddəsinə əsasən ailənin orta aylıq gəliri ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin olunur. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanunun 1-ci maddəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində, “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanunun 1-ci maddəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən isə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri həmin bənddə göstərilən səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Qaydaların 5.22-ci bəndinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ dərəcə əlilliyi olan şəxs ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (30%+11.7%+6.1%)+R+RM Burada: YM – yaşayış minimumunun ölkə üzrə məbləği; R – ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM – mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; Sadalalan normalardan görünür ki, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Lakin əgər ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəlir Qaydalarda qeyd olunan düstur üzrə müəyyənləşdirilən məbləğdən azdırsa, ailənin adambaşına düşən orta aylıq gəliri həmin Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür (istisnadır: 1. ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr; 2. 2 və daha çox sağlamlıq imkanları məhdud şəxs ailə üzvü olan ailələr; 3. 2 və daha çox İ və İİ dərəcə əlilliyi olan şəxs ailə üzvü olan ailələr). 01.10.2017-01.09.2019-cu illər üzrə sosial yardımın məbləğinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının qeyd etdiyinə, habelə bəyan etdiyinə əsasən 01.10.2017-01.09.2019-cu illəri əhatə edən dövr üzrə onun ailəsinin yeganə gəlir mənbəyi ikinci dərəcə əlil kimi aldığı müavinət olmuşdur ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013cü il tarixli 973 saylı Fərmanına əsasən həmin vaxt ikinci dərəcə əlilliyi olanlara 50 manat müavinət ödənilirdi. Həmin dövrdə iddiaçının ailə tərkibi 5 nəfərdən ibarət olmuşdur (iddiaçının özü, arvadı 1985-ci il təvəllüdlü X2, oğlu 2003-cü il təvəllüdlü X5, qızı 2007-ci il təvəllüdlü X3, oğlu 2011-ci il təvəllüdlü X4). Belə olan halda həmin dövr üzrə onun ailəsinin adambaşına düşən orta aylıq gəliri 10 manat olmuşdur (50÷5=10 manat). Qaydalara əsasən hesablanan adambaşına düşən orta aylıq gəlir isə 74.82 manat edir (155×(30%+11.7%+6.1%)+(44÷12÷5)=155×47,8%+0.73 manat = 74.82 manat; burada 44 manat ailənin ev telefonu və mobil telefon üçün son 12 ay ərzində xərcinin cəmi məbləğidir ki, bu məbləğ Qaydaların 1.3-cü bəndində göstərilən dövlət oranların elekron formada əldə edilmişdir.) İddiaçının ailəsi istisnada göstərilən ailələrə aid edilmədiyindən və onun ailəsinin adambaşına düşən orta aylıq gəliri (10 manat) Qaydalara əsasən hesablanan adambaşına düşən orta aylıq gəlirdən (74, 82 manat) az olduğundan Qaydaların 5.22-ci bəndi əsas alınmalı, ailənin adambaşına düşən orta aylıq gəliri Qaydalarla müəyyən edilmiş məbləğdə götürülməlidir. Belə olan halda 01.10.2017-01.09.2019-cu illər üzrə iddiaçıya ödənilməli sosial yardımın məbləği 2017-ci ilin ehtiyac meyarının həddi ilə Qaydalara əsasən hesablanan adambaşına düşən orta aylıq gəlirin fərqinin ailə üzvlərinin sayına vurulmasında əldə edilən rəqəm, yəni 205,88 manatdır ((116-74,82)×5=205,88 manat). Qanunun 2017-ci ildə qüvvədə olan redaksiyasına əsasən sosial yardım iki illik təyin edildiyindən iddiaçıya 01.10.2017-01.09.2019-cu il üzrə 205,88 manat ödəniş etməkdə cavabdeh haqlı olmuşdur. 01.02.2020-01.02.2021-ci illəri əhatə edən dövr üzrə iddiaçı ilə X2 arasında olan nikah 27.11.2019-cu il tarixdə pozulmuş, iddiaçının 4 ailə üzvü olmuşdur. İddiaçıya 06.07.2018-ci il tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İddiaçının 01.02.2020-29.03.2021-ci illər arasında gəliri əlilliyə görə müavinət (130 manat) və 01.04.2019-cu il tarixdən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə ödənilmiş 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü olmaqla, cəmi 210 manat olmuşdur. İddiaçının 01.02.2020-01.02.2021-ci illəri əhatə edən dövr üzrə ailəsinin adambaşına düşən orta aylıq gəliri 52.5 manat olmuşdur ((130+80)÷4=52.5 manat). Qaydalara əsasən hesablanan adambaşına düşən orta aylıq gəlir isə 74.82 manat edir (190×(30%+11.7%+6.1%)+(72÷12÷4)=190×47,8%+1.5 manat=92.32 manat; burada 72 manat ailənin ev telefonu və mobil telefon üçün son 12 ay ərzində xərcinin cəmi məbləğidir ki, bu məbləğ Qaydaların 1.3-cü bəndində göstərilən dövlət oranların elektron formada əldə edilmişdir). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 01.02.2020-01.02.2021-ci illəri əhatə edən dövr üzrə də iddiaçının ailəsi istisnada göstərilən ailələrə aid edilmədiyindən və onun ailəsinin adambaşına düşən orta aylıq gəliri (52.5 manat) Qaydalara əsasən hesablanan adambaşına düşən orta aylıq gəlirdən (92.32 manat) az olduğundan Qaydaların 5.22-ci bəndi əsas alınmalı, ailənin adambaşına düşən orta aylıq gəliri Qaydalarla müəyyən edilmiş məbləğdə götürülməlidir. İddiaçıya ödənilməli sosial yardımın məbləği 2020-ci ilin ehtiyac meyarının həddi ilə Qaydalara əsasən hesablanan adambaşına düşən orta aylıq gəlirin fərqinin ailə üzvlərinin sayına vurulmasında əldə edilən rəqəm, yəni 270.72 manatdır ((160-92.32)×4= 270.72 manat). Qanunun 2020-ci ilin fevral ayında qüvvədə olan redaksiyasına əsasən sosial yardım iki illik təyin edildiyindən cavabdeh iddiaçıya 01.02.2020-29.01.2021-ci illər üzrə 270.72 manat ödəniş etməkdə də haqlı olmuşdur. İddiaçı iddia ərizəsində ehtiyac meyarının dəyişdiyini və buna uyğun olaraq sosial yardımın hər il üçün hesablanmalı olduğunu bildirsə də, Qanunun iddiaçının cavabdehə müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyasına əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin edilməsini nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona ödənilən ünvanlı dövlət sosial yardımın məbləğinin az olmasını, ödənilməyən məbləğin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2-1(112)-5221/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2775/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2775/2021
03.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver