Məhkəmə qərarları › İş №2-1(103)-2776/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2776/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2776/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “elmi dərəcəyə görə aylıq təqaüdün təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(112)-1754/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə təyin olunmuş Prezidentin fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə görə 120 manat aylıq təqaüdün bərpa olunması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması və bərpa olunmanın "xxxx" MTK-dan işdən çıxdığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən etibarən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. 1971- 1976-cı illərdə D.Bünyadzadə adına Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alaraq, həmin institutu fərqlənmə (qırmızı) diplom ilə bitirmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərittifaqın Bakı Kooperativ Texnikumunda (Bakı Biznes və Kooperasiya Kolleci) müəllim vəzifəsində işləmişdir. Eyni zamanda 1979-cu ildə D.Bünyadzadə adına Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun aspiranturasının qiyabi şöbəsinə daxil olmuş və 1985-ci ildə aspiranturanı bitirdikdən sonra elmi işini Azərbaycan SSR X1 İnstitutunun nəzdində olan elmi sovetdə müdafiə edərək iqtisad elmləri üzrə xx.xx.1985-ci il tarixli, 020123 nömrəli diplomla iqtisad elmlər namizədi adına layiq görülmüşdür. xx.xx.2003-cü il tarixdə Dağıstan Dövlət Universitetinin Bakı filialına baş müəllim vəzifəsinə təyin olunmuş, xx.xx.2007-ci il tarixdə universitetin bağlanması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.2011-xx.xx.2014-cü illərdə Azərbaycan Kooperasiya Universitetində baş müəllim vəzifəsində işləmişdir. 2016cı ildə 63 yaşı tamam olduğu üçün əmək pensiyası hüququ yaranmış, təyin olunmuş əmək pensiyasından əlavə olaraq təhsil müəssisələrində 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən şəxslər üçün nəzərdə tutulan 120 manat məbləğində təqaüd də ona təyin olunmuşdur. 2016-cı ildən xx.xx.2020-ci il tarixədək əmək pensiyasından əlavə olaraq elmi dərəcəsi olan şəxslər üçün nəzərdə tutulan 120 manat məbləğində pensiya əlavəsini almışdır. Zərurətlə əlaqədar xx.xx.2020-ci il tarixdə "xxxx" MTK-da işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixə qədər orada çalışmışdır. "xxxx" MTKda işə qəbul olunan vaxtdan elmi dərəcəsi olan şəxslər üçün nəzərdə tutulan 120 manat məbləğində pensiya əlavəsi kəsilmişdir. xx.xx.2021-ci tarixdə MTK-dan işdən çıxdıqdan sonra isə pensiya əlavəsi bərpa olunmalı olduğu halda bərpa olunmamışdır. Bununla bağlı tərəfindən cavabdeh inzibati orqana müvafiq ərizə ilə müraciət olunaraq təhsil müəssisələrində 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən şəxslər üçün nəzərdə tutulan, 2016-cı ildən xx.xx.2020-ci il tarixə qədər ona ödənilmiş pensiya əlavəsinin bərpa olunması xahiş olunmuşdur. Müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialında baxılmış, cavabdeh inzibati orqan tərəfindən ona **********1 nömrəli, xx.xx.2021ci il tarixli məktub göndərilmişdir ki, təqdim etdiyiniz xx.xx.1976-cı il tarixli əmək kitabçasına əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajınız qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün sizə həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh orqanın təyin olunmuş təqaüdün ödənişini bərpa etməməsi hüquqlarını pozduğundan, hüquqlarının bərpa olunması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona xx.xx.2021-ci il tarixdən əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində 2016-cı il tarixdən pensiya aldığını və pensiyaya çıxan zaman pedoqoji elmləri üzrə fəlsəfə doktoru olduğundan onun əmək pensiyasının sığorta hissəsinə 120 manat əlavə edilərək ödənildiyini qeyd etmişdir. Lakin iddiaçı pensiya aldığı müddətdə "xxxx" MTK-da işlədiyindən onun əmək pensiyasının sığorta hissəsinə edilən 120 manat əlavə cavabdeh inzibati orqan tərəfindən dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci ildən həmin müəssisədən işdən ayrıldığı üçün pensiyaya əlavəsinin bərpa olunmasını xahiş etmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı Kazımov Davud oğlunun iddia tələbi aşağıda qeyd olunan əsaslara əsasən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Qanunun müddəasının məzmunundan göründüyü kimi əmək pensiyasının sığorta hissəsinə Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan qaydada əlavənin ödənilməsi üçün aşağıdakı tələblər məcmu halında qiymətləndirilməlidir: 1) Əmək pensiyaçısı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində əsas iş yer üzrə (əmək kitabçasında qeyd olunmaqla) 25 il xüsusi staja (pedoqoji fəaliyyət) malik olmalı; 2) Elmi dərəcəsi olmalı (fəlsəfə doktoru və ya elmlər doktoru); 3) Əmək pensiyaçısı pensiya aldığı müddətdə işləməyən statusda olmalıdır. Bu üç şərtlərdən ən azı birinin mövcud olmaması halında əmək pensiyasının sığorta hissəsinə əlavənin ödənilməsi istisna olunur. Burada Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna edilir və həmin şəxslərə əlavələrin edilməsi Qanunun 37.3.4-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən bu Qanunun 20.1.1- 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.4-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.2-ci maddəsinə əsasən əmək pensiyasıına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının 25 il elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı olduğu təqdirdə pensiyasına 120 manat əlavə müəyyən edilə bilərdi. Lakin iddiaçının əmək kitabçasından da göründüyü kimi iddiaçı 25 il elmi müəssisə və təşkilatlarda və ya təhsil müəsissələrində ümumi stajı qeydə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(112)-1754/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1976-cı ildə “Myasomolprom” AİSXKB-nun Qafqaz şöbəsində OASU istehsal sektoruna mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci ildə maşın daşıyıcılarda informasiya hazırlanması texnologiyası qrupunun baş mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.1979-cu ildə əməyin yeni ödəniş şərtlərinə keçidlə OASU istehsal sektoruna mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1980-ci ildə həmin sektorun baş mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildə operativ informasiya emalı texnologiyası qrupuna həmin vəzifəyə keçirilmiş, xx.xx.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1982-ci ildə Bakkopitexnikumda texnikumun qiyabi şöbəsinə metodist təyin olunmuş, xx.xx.1989-cu ildə “Markisizm-leninizmin əsası” fənni üzrə müəllim keçirilmiş, xx.xx.1990-cı ildə “Molodoy kooperator” Bakuçitorq birliyinin metod kabinetinin müəllimi keçirilmiş, xx.xx.1990-cı ildə planlı uçot şöbəsinin müvəqqəti müdiri vəzifəsinə keçirilmiş, xx.xx.1992- ci ildə menecerlər məktəbinin tədris işi üzrə baş direktor müavini vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci ildə pedaqoq vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə işdən azad edilmişdir. xx.xx.2003-cü ildə Dağıstan Dövlət Universitetinə (Bakı filialına) baş müəllim vəzifəsinə təyin olunmuş, xx.xx.2007-ci ildə Dağıstan Dövlət Universitetinin bağlanması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.2007-ci ildə "xxxx" MTK-da icraçı direktor vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmişdir. xx.xx.2011-ci ildə Azərbaycan Kooperasiya Universitetində İqtisadi nəzəriyyə kafedrasına baş müəllim vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 1971-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, xx.xx.1976-cı ildə orada iqtisadi məlumatların mexaniki üsulla işlənməsinin təşkili ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı xx.xx.1985-ci ildə iqtisadi elmlər namizədi elmi dərəcəsi verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2020-ci ildə əmək müqaviləsi bağlanmış və xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubu ilə təqdim edilmiş İddiaçı pensiya işinə aid sənədlərdən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli, 1915 nömrəli qərarına əsasən pensiya xx.xx.2016-cı ildə Nərimanov DSMF tərəfindən təyin olunmuşdur. Hazırkı pensiya məbləği 401 manat 33 qəpik, yenidən hesablanmış pensiya məbləği 257 manat 22 qəpikdir. Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli, 486 nömrəli qərar ilə İddiaçı xx.xx.2016-cı il tarixdən elmlər namizədi elmi dərəcəsinə görə əlavə ilə birlikdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Kooperasiya Universitetinin xx.xx.2021-ci il tarixli, 01/165 nömrəli məktubu ilə Azərbaycan Kooperasiya Universitetinin sabiq müəllimi İddiaçı 2011-2014-cü illərə dair əmək fəaliyyəti barədə göndərilmiş məlumatlardan görünür ki, Azərbaycan Kooperasiya Universitetinin 01 sentyabr 2011-ci il tarixli 77-K №-li əmrindən çıxarışa əsasən İddiaçı i.e.n., xx.xx.2011-ci il tarixdən “İqtisadi nəzəriyyə” kafedrasına 0,5 ştat baş müəllim vəzifəsinə təyin edilməsi, əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi əmr edilmiş, Azərbaycan Kooperasiya Universitetinin 15 sentyabr 2014-cü il tarixli 160 №-li əmrindən çıxarışa əsasən İddiaçı “İqtisadi nəzəriyyə” kafedrasının 0,5 ştat vahidi ilə müəllimi AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq onunla bağlanılmış əmək müqaviləsinə 15 sentyabr 2014-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Kooperasiya Universitetinin xx.xx.2021-ci il tarixli, 181 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, Azərbaycan Kooperasiya Universitetində 2011-2014-cü il arası 0.5 ştat vahidi baş müəllim vəzifəsində işləməklə əmək haqqısı göstərilən tarixdə aşağıdakı kimi olmuşdur: 2011-ci il üzrə sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 240 manat, cəmi 960 manat; 2012-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün 240 manat, iyul ayı üçün 488,26 manat, sentyabr ayı üçün 124,80 manat, oktyabr, noyabr, dekabr ayları üçün 240 manat, cəmi 2773,06 manat; 2013-cü il üzrə yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün 240 manat, iyul ayı üçün 479,02 manat, sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 240 manat, cəmi 2639,02 manat; 2014-cü il üzrə yanvar, fevral, mart ayları üçün 240 manat, aprel, may, iyun ayları üçün 249 manat, iyul ayı üçün 507,75 manat, cəmi 1974,75 manat. Cəmi 8346,83 manat. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı Biznes və Kooperasiya Kollecinin xx.xx.2021-ci il tarixli, K-661 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.2003-cü il tarixədək Bakı Kooperativ Texnikumu və onun hüquqi varisi olan Bakı Biznes və Kooperasiya Kollecində fasiləsiz olaraq müxtəlif vəzifələrdə işləmişdir. Həmin illərdə İddiaçı vəzifə yerdəyişmələri - xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilədək qiyabi şöbədə metodist (əmr N128. xx.xx.1982), xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək “Marksizm-leninizm” fənni üzrə müəllim (əmr N103. xx.xx.1989), xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək metodist (əmr N08. xx.xx.1990), xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək plan uçot şöbəsinin müdiri (əmr N118. xx.xx.1990), xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək “Menecer” məktəbinin tədris işləri üzrə baş direktor müavini (əmr N48. xx.xx.1992), xx.xx.1995-ci ildən xx.xx.2003-cü ilədək müəllim (əmr N59. xx.xx.1995) kimi olmuşdur. Həmin vəzifələrdə işləyərkən İddiaçı elmi dərəcəsinə uyğun ixtisas fənlərinin tədrisini aparmış və dərs yükünə görə ən yüksək tarif dərəcəsi ilə (15-ci dərəcə) əmək haqqı almışdır. Həmin məktubla göndərilmiş işə qəbul və işdən çıxma əmrlərindən görünür ki, Bakı Kooperativ Texnikumunun xx.xx.1982-ci il tarixli 128 N-li əmrindən çıxarışa əsasən İddiaçı qiyabi şöbədə metodist vəzifəsinə təyin edilmiş, Bakı Biznes və Kooperasiya Kollecinin xx.xx.2003-cü il tarixli 21 N-li əmrindən çıxarışa əsasən İddiaçı Kollecin müəllimi kimi ərizəsinə əsasən öz arzusu ilə AR ƏM-in 68-ci maddəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixində əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində işlədiyi xx.xx.1982-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək, xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrlər (ümumi 24 il 14 gün) nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bildirilir ki, İ.D.X3 Universitetində işlədiyi xx.xx.2003-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövr sosial sığorta stajı hesablanarkən nəzərə alınmamışdır. Eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2009-cu il tarixindən etibarən pensiya sığorta kapitalı qeydə alınmağa başlanmışdır. Nəticədə nəzərə alınmayan dövr üzrə pensiya sığorta kapitalının 2006-cı il tarixindən sonra qeydə alınmaması əsas verir ki, əvvəlki illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin məktuba əlavə edilmiş ümumi sığorta stajı və pensiya məbləğinin hesablanması cədvəlindən görünür ki, İddiaçı xx.xx.1992-ci ilədək 9 il 04 ay 01 gün, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək 11 il 07 ay 29 gün olmaqla ümumilikdə xx.xx.2006cı il tarixədək 24 il 14 gün sığorta stajı hesablanmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə 4 saylı Bakı DOST Mərkəzinə müraciət edərək elmlər namizədi adına görə prezident təqaüdünün təyin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********1 nömrəli pensiya təqaüdünün təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. Həmin Fərmana əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. Təqdim etdiyiniz xx.xx.1976-cı il tarixli əmək kitabçanıza əsasən sizin elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajınız qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün sizə həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən vətəndaş müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə görə əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. 2021-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 29 dekabr 2020-ci il № 240-VİQD Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi ləğv edilmişdir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmana əsasən:

1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunması;

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. 20 dekabr 2021-ci il tarixli 1494 nömrəli Fərmanla edilmiş dəyişikliyə görə 2022-ci il yanvarın 1-dən elmlər doktoru elmi dərəcəsinə görə təqaüdün məbləği 300 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manat müəyyən olunmuşdur. Sadalanan normalardan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə əmək pensiyalarının sığorta hissəsinə hesablanaraq aylıq əmək pensiyası ilə birlikdə ödənilirdisə, xx.xx.2021-ci il tarixdən elmi dərəcəyə görə ödənilən 120 manat məbləğ əmək pensiyasına əlavə statuslu ödəniş olmaqdan çıxarılmış, artıq Prezident təqaüdü statuslu ödənişə keçirilmişdir ki, bu ödənişin ödənilmə qaydası 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanla tənzimlənir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı xx.xx.2021-ci il tarixdən təyin edilmiş elmi dərəcəyə görə təqaüdün təyin edilməsini mübahisələndirir və bu halda iddia tələbinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun ləğv edilmiş 19-cu müddəsi deyil, adıçəkilən 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərman çıxış edir. Qeyd edilən Fərmanın tələblərinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüd aşağıdakı şəxslərə ödənilir: - əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış olmalı, - elmi dərəcəsi olmalı, - işləməyən olmalı, əmək pensiyası hüququ olmalıdır. xx.xx.1953-cü il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq 63 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçı hal-hazıradək yaşa görə əmək pensiyası alır. İddiaçıya xx.xx.1985-ci ildə iqtisadi elmlər namizədi elmi dərəcəsi verilmişdir. İddiaçının axırıncı iş yeri "xxxx" MTK olmuş, həmin MTK-da xx.xx.2021-ci il tarixdən işdən azad olunmuşdur, hazırda iddiaçı işləməyən əmək pensiyaçısı statusundadır. Qeyd edilən şərtlər hazırkı iddiaçıya münasibətdə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, xx.xx.2006-cı il tarixdən sonra sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. xx.xx.2006-cı il tarixədək sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Cavabdeh iddiaçının elmi müəssisə idarə və təşkilatlarda ümumi iş stajının 24 il 14 gün olduğunu qəbul edir. Cavabdeh orqan iddiaçının qeyd edilən iş stajı dövrlərindən Dağıstan Dövlət Universitetində işlədiyi xx.xx.2003-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrü sosial sığorta stajı kimi nəzərə almır. Cavabdehin nümayəndəsinin izahatından, eləcə də sorğuya cavab məktubundan müəyyən olunur ki, qeyd edilən dövrün sığorta stajına hesablanmasının əsası Dağıstan Dövlət Universitetinin Bakı filialının qanunsuz fəaliyyət göstərməsi və həmin müəssisədə işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsidir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajı sığorta ödəmələrinin ödənildiyi dövrə görə deyil, vətəndaşın ümumi iş stajına daxil edilən təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrlərinin məcmusu ilə müəyyən edildiyini, eləcə də Qanunla xx.xx.2006-cı il tarixədək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silindiyini nəzərə alaraq hesab edir ki, iddiaçının Dağıstan Dövlət Universitetində fəaliyyəti dövrünün məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyinə istinad edərək həmin dövrü ümumi iş stajına hesablamaması əsaslı hesab edilə bilməz. Bununla əlaqədar məhkəmə yuxarıda da qeyd edildiyi kimi yalnız xx.xx.2006-cı ildən sonra məcburi dövlət sığorta haqları ödənildiyi dövrün ümumi sığorta stajına hesablanmalı olması, xx.xx.2006-cı il tarixədək olan dövrün isə sığorta ödəmələrindən asılı olmayaraq ümumi staja daxil edilməsi barədə qanunun tələbini nəzərə alaraq iddiaçının Dağıstan Dövlət Universitetində işlədiyi dövrdən (xx.xx.2003-xx.xx.2007-ci il) xx.xx.2003-cü ildən xx.xx.2006-cı il tarixədək olan dövrü 02 il 04 ay 01 gün olmaqla iş stajına daxil edir. Bununla yanaşı, qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. Lakin 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən həmçinin görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia tələbi “Filial fəaliyyətə başladığı gündən hal- hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir. Qətnaməyə görə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmışdır, çünki, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar. Həmçinin xüsusilə qeyd edilməlidir ki, nazirliyin Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir. Dağısan Dövlət Universitetinin Bakı filialının dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyət göstərməsi səbəbindən fəaliyyətinin dayandırılması qərara alınsa da həmin universitetdə təhsil almış tələbələrə verilmiş diplomlar etibarsız hesab edilmədiyi, təhsilini başa vurmayan tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni hesab edilərək müvafiq təhsil müəssisələrində yerləşdirilməsi qət edildiyindən həmin tələbələrə həmin universitetdə təhsil vermiş müəllim kimi İddiaçı pedaqoji fəaliyyəti də qanuni hesab olunmalıdır. Başqa sözlə, Dağısan Dövlət Universitetinin Bakı filialının lisenziya almadan qanunsuz fəaliyyət göstərməsinin məsuliyyəti həmin universitetdə təhsil almış tələbələrə aid edilmədiyi kimi həmin universitetdə tədris edən müəllimin də üzərinə qoyula bilməz və bu hal hazırkı iddiaçının ziyanına təfsir oluna bilməz. İddiaçının Dağısan Dövlət Universitetinin Bakı filialında pedoqoji fəaliyyətinin xx.xx.2003-cü ildən xx.xx.2006-cı il tarixədək olan dövrü onun ümumi iş stajına hesabladıqda iddiaçının təhsil müəssisələrində ümumi iş stajının 26 il 04 ay 22 gün olduğu müəyyən olunur. İddiaçıya əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün bütün şərtlər ödənilir, cavabdehin qeyd edilən təqaüdün ödənilməsindən imtinası əsassız olmaqla onun qanunla qorunan hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(112)-1754/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar