Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2776/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “siyahıya alınmış əmlakın satılması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Cavabdeh (bundan sonra – cavabdeh) vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ********** saylı VÖEN almışdır.
2. Vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh əmlakının siyahıya alınmasına dair, xx.xx.2023-cü il tarixli qərarı ilə vergi borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarların bir icraatda birləşdirilməsi barədə qərar qəbul edilmişdir.
3. Vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən xx.xx.2022-ci il tarixə yaranmış borcun 5 gün müddətinə ödənilməsi tələb edilmiş, əks halda VM-in 89-cu maddəsindəki tədbirlər barədə xəbərdarlıq edilmişdir.
4. Əmlakın siyahıya alınmasına dair xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakların 2 (iki) vərəqdən ibarət siyahısı əlavə edilmişdir.
5. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Cavabdeh əmlakının siyahıya alınmasına dair xx.xx.2023-cü il tarixli Qərara əsasən Cavabdeh Mercedes Benz CLK 220 markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı və Mercedes Benz C 320 markalı, **-GG-*** nömrəli avtomaşınları siyahıya alınmışdır. Protokolda siyahıya alınmış əmlakın məsul saxlamaya verilməsi barədə qeyd aparılmamışdır.
6. BDYPİ-nin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu ilə siyahıya alınmış avtonəqliyyat vasitələri barədə BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışdan görünür ki, 2007-ci il buraxılışlı “Mercedes Benz G320“ markalı (qarametallik rəngli, WDB4633411X170578 kuzov nömrəli) **-GG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. 2010-ci il buraxılış olan “Mercedes Benz CLK220” markalı (ağ rəngli, WDC2049841F595350 kuzov nömrəli) **- MF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə X1 adına qeydiyyatdan keçmiş və həmin avtomobilə **-DP-*** dövlət qeydiyyat nişanı təhkim edilmişdir.
7. Vergi orqanının xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 14.676,84 manat borcu mövcuddur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi (bundan sonra – iddiaçı) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə olan borc məbləğindən dövlət büdcəsinə 14676,84 manat məbləğində borcuna görə qiyməti 10000 manat məbləğində 2007-ci il buraxılış olan “Mercedes Benz G320“markalı (qara-metallik rəngli, WDB4633411X170578 kuzov nömrəli) **-GG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və qiyməti 10000 manat məbləğində 2010-ci il buraxılış olan “Mercedes Benz CLK220” markalı (ağ rəngli, WDC2049841F595350 kuzov nömrəli) **- MF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 20000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə ona bildirişlər verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınmasi barədə xx.xx.2023-cü il tarixli qərar çıxarılmış, həmin qərar əsasında vergi ödəyicisinin əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********9 saylı protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə AR Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2023-ci il tarixli, **********9 nömrəli qərarı əsasında siyahıya alınmış cavabdehə məxsus 2007-ci il buraxılışlı, “Mercedes Benz G320“ markalı (qara-metallik rəngli, WDB4633411X170578 kuzov nömrəli) **-GG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müəyyən etdiyi orqan (qurum) tərəfindən satılması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilən şəxsi hesab vərəqəsindən və məhkəmənin sorğusuna iddiaçı tərəfindən verilmiş cavab məktubundan görünür ki, vergi ödəyicisi olan cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcu mövcuddur. Cavabdehin ona hesablanmış vergi borcunun məbləğini mübahisələndirməməsi, nəticə etibarı ilə hazırkı mərhələdə həmin borcun cavabdehin əmlakına yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, vergi ödəyicisi vergi orqanı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq qanunla müəyyən edilmiş müddətdə borcunu ödəmək vəzifəsini yerinə yetirmədiyindən iddiaçı həmin borcların cavabdehin siyahıya alınmış əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır.
12. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2023-ci il tarixə yaranmış dövlət büdcəsinə olan ödənilməmiş borcu həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə AR Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2023-ci il tarixli, **********9 nömrəli qərarı əsasında siyahıya alınmış Cavabdeh məxsus 2007-ci il buraxılışlı “Mercedes Benz G320“ markalı (qara-metallik rəngli, WDB4633411X170578 kuzov nömrəli) **-GG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yönəldilməlidir.
13. Qeyd olunan qərar əsasında siyahıya alınmış digər “Mercedes Benz CLK220” markalı (ağ rəngli, WDC2049841F595350 kuzov nömrəli) **-MF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi səlahiyyətli qurumdan alınmış məlumata əsasən hazırda cavabdehin mülkiyyətində olmadığından və iddiaçı tərəfindən də bu halın əksini sübut edən hər hansı dəlil təqdim edilmədiyindən iddianın həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur.
14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2789/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.6-cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5- ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Qeyd olunan müdəalara əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Göstərilən müddəalara əsasən vergi orqanı yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün “zəruri və kifayət olan həcmdə” əmlakın satılması barədə məhkəməyə müraciət edə bilər. Lakin 14676,84 manat borcun qarşılıığında iddiaçının tələb etdiyi və məhkəmənin satılması qərara alındığı “Mercedes Benz G320“ markalı (qara-metallik rəngli, WDB4633411X170578 kuzov nömrəli) **-GG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin real bazar dəyəri araşdırılsa, onların hər birinin qiymətinin təxminən 80000 manat olduğu aydın olacaqdır. Yəni satılması tələb olunana əmlakın qiyməti borc məbləğindən 5-6 dəfə çoxdur. İş materiallarına əlavə olunmuş əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********9 saylı protokolda cavabdehin iştirak etdiyi qeyd olunmuşdur. Halbuki cavabdeh əmlakın siyahıya alınmasında iştirak etməmiş, ümumiyyyətlə sözügedən protokoldan məlumatı olmamış, onu imzalamamışdır. Bundan başqa siyahıya alınmış əmlakın məsul saxlamaya verilməsi haqqında akt tərtib olunmuş və onun imzalanmasından da imtina etdiyi qeyd edilmişdir. Yuxarıda qeyd olunan protokollar kimi həmin akt da cavabdehin iştirakı olmadan tərtib edilmiş və cavabdeh aktdan məlumatsız olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:
Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri: 16.1 Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1 qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; Maddə 23. Vergi orqanlarının hüquqları 23.1 Vergi orqanlarının aşağıdakı hüquqları vardır: 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 78.2. Vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir. 78.3. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyriistehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.8-1. Dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı mövcud olan borclu vergi ödəyicisinin həmin əmlakının siyahıya alınmaya təqdim edilməsi məqsədilə, vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında çıxarılmış qərarla birlikdə vergi ödəyicisinə müvafiq yazılı xəbərdarlıq da göndərilir. Vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı vergi orqanı tərəfindən müvafiq yazılı xəbərdarlıq edildikdən sonra da həmin xəbərdarlıqda müəyyən edilmiş müddətdə və yerdə siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlak reyestr məlumatlarına əsasən vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınır. Əmlakın siyahıya alınmasının vaxtı və yeri barədə yazılı qaydada xəbərdar edilmiş vergi ödəyicisi (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsi) əmlakın siyahıya alınması prosesində iştirak etmədiyi halda, əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri 1 iş günü müddətində vergi ödəyicisinə (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinə) əmlakın siyahıya alınması haqqında protokolun surətini əlavələri ilə birlikdə göndərir. Vergi orqanı dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın bu Məcəlləyə uyğun olaraq siyahıya alınmasını apardıqdan sonra 1 iş günü müddətində həmin əmlakın yüklü edilməsi barədə məlumatı bu əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət orqanına (qurumuna) elektron və ya kağız daşıyıcıda verir. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 89.12. Əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı cavabdehin dövlət büdcəsinə olan borcunun ödənilməsi məqsədilə siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair qərar qəbul edilməsidir.
27. İş materiallarından göründüyü kimi, cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 14676.84 manat məbləğində borcu yaranmışdır. Cavabdeh vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün **********9 nömrəli, xx.xx.2023-cü il tarixli protokol ilə onun əmlakı siyahıya alınmış və xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. Vergi ödəyicisi əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
28. Vergi qanunvericiliyi ilə vergiləri ödəmək vergi ödəyicisinin üzərinə vəzifə kimi qoyulmuşdur və vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Hazırkı halda cavabdeh öhdəliklərini yerinə yetirməmiş, vergi borcu üzrə yaranmış borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməmişdir.
29. İşin faktiki hallarından görünür ki, vergi ödəyicisi olan cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcu mövcuddur. Cavabdehin ona hesablanmış vergi borcunun məbləğini mübahisələndirməməsi, nəticə etibarı ilə hazırkı mərhələdə həmin borcun cavabdehin əmlakına yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, vergi ödəyicisi vergi orqanı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq qanunla müəyyən edilmiş müddətdə borcunu ödəmək vəzifəsini yerinə yetirmədiyindən iddiaçı həmin borcların cavabdehin siyahıya alınmış əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır.
30. İşin mübahisəli halı və apellyasiya şikayətinin dəlilləri isə ondan ibarətdir ki, vergi orqanı 14676,84 manat borcun qarşılığında iddiaçının tələb etdiyi və məhkəmənin satılması qərara alındığı “Mercedes Benz G320“ markalı (qara-metallik rəngli, WDB4633411X170578 kuzov nömrəli) **-GG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin real bazar dəyəri araşdırılsa, onların hər birinin qiymətinin təxminən 80000 manat olduğu aydın olacaqdır.
31. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90.3-cü maddəsində qeyd olunmuşdur ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 (on) gün müddətində qiymətləndirici vergi orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur. Vergi orqanı qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Qiymətləndiricinin xidmətinin dəyəri vergi ödəyicisi tərəfindən ödənilir.
32. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, satılması üçün siyahıya alınmış əmlakın bazar dəyəri müvafiq vergi borcundan çox olsa belə, həmin əmlakın satışından əldə edilən gəlir vergi borcu ödənildikdən sonra qalan hissəsi cavabdehə qaytarılır.
33. Həmçinin, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********9 saylı protokolda cavabdehin iştirak etdiyi qeyd olunmuşdur. Halbuki, cavabdeh əmlakın siyahıya alınmasında iştirak etməmiş, ümumiyyətlə sözügedən protokoldan məlumatı olmamış, onu imzalamamışdır. Bundan başqa siyahıya alınmış əmlakın məsul saxlamaya verilməsi haqqında akt tərtib olunmuş və onun imzalanmasından da imtina etdiyi qeyd edilmişdir. Yuxarıda qeyd olunan protokollar kimi həmin akt da cavabdehin iştirakı olmadan tərtib edilmiş və cavabdeh aktdan məlumatsız olmuşdur.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.8-1-ci maddəsinə əsasən Dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı mövcud olan borclu vergi ödəyicisinin həmin əmlakının siyahıya alınmaya təqdim edilməsi məqsədilə, vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında çıxarılmış qərarla birlikdə vergi ödəyicisinə müvafiq yazılı xəbərdarlıq da göndərilir. Vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı vergi orqanı tərəfindən müvafiq yazılı xəbərdarlıq edildikdən sonra da həmin xəbərdarlıqda müəyyən edilmiş müddətdə və yerdə siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlak reyestr məlumatlarına əsasən vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınır. Əmlakın siyahıya alınmasının vaxtı və yeri barədə yazılı qaydada xəbərdar edilmiş vergi ödəyicisi (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsi) əmlakın siyahıya alınması prosesində iştirak etmədiyi halda, əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri 1 iş günü müddətində vergi ödəyicisinə (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinə) əmlakın siyahıya alınması haqqında protokolun surətini əlavələri ilə birlikdə göndərir. Vergi orqanı dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın bu Məcəlləyə uyğun olaraq siyahıya alınmasını apardıqdan sonra 1 iş günü müddətində həmin əmlakın yüklü edilməsi barədə məlumatı bu əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət orqanına (qurumuna) elektron və ya kağız daşıyıcıda verir.
35. Belə ki, əmlak dövlət reyestri aparılan daşınar və daşınmaz əmlaklara aid olarsa, vergi ödəyiciləri əmlakın siyahıya alınmasında bilərəkdən iştirak etmədiyi halda, vergi orqanı həmin əmlakı reyestr məlumatları əsasında vergi ödəyicisinin və müşahidəçilərin iştirakı olmadan siyahıya ala bilər. Həmçinin kollegiya qeyd edir ki, cavabdeh əmlakın siyahıya alınmasında iştirak etmədiyinə dair, yəni apellyasiya şikayətinin dəlillərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra — Konstitusiya) 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Bu konstitusiya vəzifəsi Konstitusiyanın 7, 12 və 16-cı maddələrinin mənasına görə dövlət və dövlət hakimiyyətinin ictimai-hüquqi təbiəti ilə şərtləndirilən xüsusi hüquqi (mülki hüquqi) deyil, məhz ictimai-hüquqi xarakterə malikdir. Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir.
37. Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin — vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin — vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir.Konstitusiyanın müddəalarına əsaslanan VM vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini tənzimləyir.
38. Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir.
39. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri).
40. Bu hüquqların həyata keçirilməsi qaydaları isə VM-in 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Belə ki, VM-in 90.1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisinin öhdəliklərinin icra edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin qeyd olunan hüququn təmin edilməsi üçün vergi ödəyicisinin əmlakı VM-in 89.1-ci maddəsinin tələblərinə görə siyahıya alınmalıdır.
41. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2023-ci il tarixə yaranmış dövlət büdcəsinə olan ödənilməmiş borcu həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə AR Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2023-ci il tarixli, **********9 nömrəli qərarı əsasında siyahıya alınmış Cavabdeh məxsus 2007-ci il buraxılışlı “Mercedes Benz G320“ markalı (qara-metallik rəngli, WDB4633411X170578 kuzov nömrəli) **-GG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yönəldilməlidir.
42. Qeyd olunan qərar əsasında siyahıya alınmış digər “Mercedes Benz CLK220” markalı (ağ rəngli, WDC2049841F595350 kuzov nömrəli) **-MF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsindən alınmış məlumata əsasən hazırda cavabdehin mülkiyyətində olmadığından və iddiaçı tərəfindən də bu halın əksini sübut edən hər hansı dəlil təqdim edilmədiyindən iddianın həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur.
43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.