Məhkəmə qərarları › İş №2-1(103)-2776/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2776/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2776/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması” barədə 02 iyul 2024-cü il tarixli, 3-17-1/3-3-9005/2024 saylı qərarın ləğv edilməsi, əmək pensiyasının xx.xx.2024-cü il tarixinə olan səviyyəsində bərpa edilməsi və həmin tarixdən etibarən ödənilməli olan pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2-1(112)-4597/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması” barədə 02 iyul 2024-cü il tarixli, 3-17-1/3-3-9005/2024 saylı qərarın ləğv edilməsi, əmək pensiyasının xx.xx.2024-cü il tarixinə olan səviyyəsində bərpa edilməsi və həmin tarixdən etibarən ödənilməli olan pul vəsaitinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1966-cı il tarixdə doğulmuşdur. O, 1983-cü ildən 1986-cı ilədək Buquruslan Mülki Aviasiya Uçuş Məktəbində təhsil almış, 30 iyul 1986-cı il tarixindən 09 iyun 1993-cü il tarixinədək Azərbaycan Mülki Aviasiyasının Yevlax uçuş dəstəsində (aviaotryad) AN-2 təyyarəsinin 2-ci pilotu, 18 iyun 1993-cü il tarixdən 01 aprel 1997-ci il tarixinədək Bakı “AZALAVİA” nəqliyyat aviakompaniyasında TU-134 təyyarəsinin 2-ci pilotu, 01 aprel 1997-ci il tarixdən 16 fevral 1999-cu iul tarixinədək həmin aviakompaniyada TU-154 təyyarəsinin 2-ci pilotu, 16 fevral 1999-cu il tarixdən 14 iyun 2004-cü il tarixinədək həmin kompaniyanın TU-134 hava gəmisinin kapitanı, 16 iyun 2004-cü il tarixdən 13 sentyabr 2006-cı il tarixinədək ‘‘Azərbaycan Hava Yolları” X1 Aviasiya Şirkətində “İL-76 H6” hava gəmisinin 2-ci pilotu, 14 sentyabr 2006-cı il tarixdən 16 oktyabr 2017-ci il tarixinədək "xxxx" MMC Aviaşirkətinin uçuş dəstəsində İL-76 tipli hava gəmisinin kapitanı vəzifələrində işləmiş, 18 oktyabr 2017ci il tarixindən bu günə kimi “X3 Aviaşirkəti” MMC-nin uçuş dəstəsində Boeinq 747-400 tipli hava gəmisinin 2-ci pilotu vəzifəsində işləyir. 16 oktyabr 2005-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan əmək fəaliyyətinə davam etdiyinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq 16 oktyabr 2011-ci il və 16 oktyabr 2017-ci il tarixlərində aylıq pensiya haqqı məbləği yenidən hesablanaraq artırılmışdır. İddiaçıya təyin edilmiş pensiya haqqının, qanunvericiliyin tələblərinə uyğun olaraq, 16 oktyabr 2023-cü il tarixdən etibarən yenidən hesablanmaqla artırılması barədə cavabdehə 05 mart 2024-cü il tarixli müraciətinə 05 aprel 2024-cü il tarixli, 3-17-1/2-A- 78871/2024 saylı məktubda bildirilmişdir ki, pensiya yenidən hesablanmış və aylıq pensiya haqqı məbləği artırılaraq 10224,87 manata çatdırılmışdır. Həmin məbləğ iddiaçıya yalnız bir dəfə, cari ilin aprel ayında ödənmiliş, may ayından etibarən isə pensiyanın aylıq məbləği kəskin azaldılaraq 5400 manat olmaqla ödənilir. Bu barədə iddiaçıya SMS göndərilərək bildirilmişdir ki, keçmiş dövr üçün aylıq pensiya haqqı məbləği düzgün hesablanmadığı üçün may ayından etibarən pensiyanın aylıq məbləği 5400 manat təşkil edəcəkdir. Lakin, bu barədə iddiaçıya heç bir açıqlama verilməmiş, pensiyanın azaldılmasının səbəbləri barədə məlumatlandırılmamışdır. İddiaçı hesab edir ki, pensiyanın kəskin azaldılması qanunsuz və əsassızdır, ona görə də aylıq pensiya haqqı məbləği yenidən, obyektiv, dəqiq hesablama aparılmaqla müəyyən edilməli, yəni əvvəlki səviyyəsinə çatdırılmaqla ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yazılı etirazını məhkəməyə təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının xx.xx.2023-cü il tarixdə yenidən hesablanaraq 4636,42 manat (indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 5155,70 manat) məbləğində müəyyən edilməli olduğu halda, 6403,62 manat məbləğində müəyyən edildiyi aşkar olunub. Bununla bağlı iddiaçıya məlumat verilərək, “İnzibati icraat haqqında" Qanunun 21ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar mülahizələrinin dinlənilməsi üçün 25 iyun 2024-cü il tarixədək mülahizələrinin və eyni zamanda xx.xx.2023-cü il tarixdən - xx.xx.2024-ci il tarixədək olan dövr ərzində artıq ödənilmiş 5697,45 manat vəsaitin əmək pensiyasından tutulmasına dair yazılı razılığının alınmasının zərurəti barədə bildirilmişdir. İddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3696/2024 saylı qərarla yenidən hesablanaraq 10224,87 manat təşkil etmiş, həmin qərar isə ləğv edilmişdir. Belə ki, iddiaçının xx.xx.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsilə əlaqədar fərdi hesabının sığorta hissəsində qeydə alınmış 299640,18 manat sığorta kapitalına görə (299640,18:219 ay (63 il 6 ay-51 il 3 ay= 147 ay+(144 ay-72 ay)=1368,22 manat) əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 2247,22 manatdan 3615,44 manata (2247,22+1368,22) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 6082,85 manat) artırılıb. Əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işləməyilə əlaqədar fərdi hesabının sığorta hissəsində qeydə alınmış 224076,96 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (224076,96:72 ay (144 ay - 72 ay) = 3112,18 manat) əmək pensiyası xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq 6082,85 manatdan 9195,03 manata (6082,85+3112,18) artırılıb. İddiaçının əmək pensiyası Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-3696/2024 saylı qərar ilə xx.xx.2024-cü il tarixdən 10224,87 manat hesablanmışdır. xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-5212/2024 saylı qərarla xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-3696/2024 saylı qərar etibarsız hesab edilərək ləğv edilmiş, əmək pensiyası yenidən hesablanmış 7120,83 manata azaldılmışdır. Daha sonra isə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-9005/2024 saylı qərarında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3696/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-5212/2024 saylı qərarlar etibarsız hesab edilərək ləğv edilmişdir. İddiaçının müraciəti əsasında əmək pensiyasının xx.xx.2023-cü il tarixdə yenidən hesablanan zaman əmək pensiyası xx.xx.2022-ci il tarixədək təyin edildiyindən pensiyasının yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyasının yenidən hesablanması tarixə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaması nəticəsində əmək pensiyasının məbləği 4636,42 manat olmalı olduğu halda, (hansı ki, xx.xx.2024-cü il tarixdən indeksləşdirilərək 5155,70 manat olmuşdur) 6403,62 manat müəyyən edilmişdir. İddiaçıya xx.xx.2007-ci il tarixdən pensiya təyin olunmasına baxmayaraq, yuxarıda qeyd edildiyi qaydada, yəni, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 165 aya (225319,05:165(65 il - 57 il 3 ay + 93 ay + (144 ay - 72 ay)) bölünməli olduğu halda, 72 aya bölünmüşdür. Bununla da, iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində ödənilmiş pensiya məbləği qanunvericiliyə uyğun qaydada hesablanmadığından dövlət büdcəsinə vurulmuş zərər kimi qiymətləndirilərək, həmin 5155,70 manat vəsait artıq ödənilmiş məbləğ kimi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2-1(112)-4597/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” barədə 02 iyul 2024-cü il tarixli, 3-17-1/3-3-9005/2024 saylı qərarının ləğv edilməsi, İddiaçı əmək pensiyasının xx.xx.2024-cü il tarixinə olan səviyyəsində bərpa edilməsi və həmin tarixdən etibarən iddiaçıya ödənilməli olan pul vəsaitinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2-1(112)-4597/2025 saylı qərarından cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, Mərkəzi Filalın iddiaçıya münasibətdə əmək pensiyasının yenidən hesablanmasına dair qərarı ilə əmək pensiyasının məbləği yenidən hesablanmışdır. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanan məktub ilə ona məlumat verilmişdir. Lakin göstərilmiş müddət ərzində iddiaçı Mərkəzi Fialiala gəlməmişdir. Bununla bağlı iddiaçının qəbul edilən qərarla razı olduğunu hesab etmişlər. İddiaçının düzgün hesablanmamış pensiya məbləğinin ödənişin həmin məbləğdə davam etdirilməsi dövlət maraqlarına uyğun deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, təyyarəçidir, 1986-cı ilədən etibarən əmək fəaliyyətinə başlamışdır. 2006-cı il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyaları şəxslərin iştirakı olmadan avtomatik olaraq hesablanır. 2023-cü ilin oktyabr ayında avtomatik olaraq əmək pensiyası hesablanılmalı idi. 4-5 ay gözləməyimə baxmayaraq bu barədə xəbər ala bilmədi. “DOST” Xidmətinə müraciət edərkən, ona əmək pensiyasının yenidən hesablanacağı barədə məlumat verildi. Nəhayət, mart ayında əmək pensiyası yenidən hesablanmışdır. Öz müraciətlərində dövlət orqanı tərəfindən müraciətinin yazılı şəkildə cavablandırılmasını xahiş etməyinə baxmayaraq, bir dəfə belə olsun ona yazılı şəkildə cavab verilməmişdir. Daha sonra cavabdeh tərəfindən pensiya haqqınının yenidən hesablanmaqla artırılması barədə məktubda bildirilmişdir ki, pensiya yenidən hesablanmış və aylıq pensiya haqqı məbləği artırılaraq 10224,87 manata çatdırılmışdır. 2024-cü ilin mart ayında təyin edilən pensiya məbləği ödənildi. Təqribən 20 gün sonra SMS bildirişi vasitəsilə cavabdeh tərəfindən pensiya məbləğinin yenidən hesablanaraq 7120,83 manata azaldılması barədə məlumat verilmişdir. Bir ay sonra isə, ümumiyyətlə, ona pensiya məbləği ödənilməmişdir. Bununla bağlı yenidən “DOST” Xidmətinə müraciət edərək ona yazılı şəkildə cavab verilməsini xahiş etdi. Ona əmək pensiyasının düzgün hesablanılmadığı bildirildi. Təqribən 20 gün sonra SMS bildirişi vasitəsilə cavabdeh tərəfindən pensiya məbləğinin yenidən hesablanaraq 5200 manatadək azaldılması barədə (6 il ərzində fərdi hesabının sığorta hissəsində yığılan məbləğ nəzərə alınaraq) məlumat verilmişdir. Cavabdeh tərəfindən bir dəfə Mərkəzi Filiala dəvət olunub. Lakin o, yük hava gəmisində işləyir. Bir uçuş 10 gün də çəkə bilər – gedəndə həmin gün qayıtmırlar. Cavabdeh inzibati orqan tərəfindən vətəndaşın iştirakı olmadan, vətəndaşdan məlumat almadan necə hər dəfə cavabdehin birbaşa özü tərəfindən hesablanılan pensiya məbləğinin səhv adı ilə azaldılması qanunsuz və ədalətsizdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. - Cavabdeh tərəfindən iddiaçı barəsində “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-3696/2024 saylı qərarına əsasən iddiaçının ilkin aldığı pensiya məbləği 6764,13 manat, yenidən hesablanmış pensiya məbləği 10224,87 manat olmuşdur. Yenidən hesablanmanın əsası - 6 illik müddət olmuşdur. - Cavabdeh tərəfindən iddiaçı barəsində “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-5212/2024 saylı qərarına əsasən iddiaçının aldığı pensiya məbləği 10224,87 manat, yenidən hesablanmış pensiya məbləği 7120,83 manat olmuşdur. Yenidən hesablanmanın əsası – 39.1-ci maddəsidir. xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-3696/2024 saylı qərarı etibarsız hesab olunmuşdur. - Cavabdeh tərəfindən iddiaçı barəsində “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-9005/2024 saylı qərarına əsasən iddiaçının aldığı pensiya məbləği 7120,83 manat, yenidən hesablanmış pensiya məbləği 5155,70 manat olmuşdur. Yenidən hesablanmanın əsası – 37.3.1-ci maddəsidir. 3-17-1/3-3-3696/2024 saylı və 3-17-1/3-3- 5212/2024 saylı qərarları etibarsız hesab olunmuşdur. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, “ ... müraciətiniz əsasında sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyanız xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 6403,62 manat məbləğində müəyyən edilmişdir. Həmçinin əmək pensiyalarının 01 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar hazırda əmək pensiyanızın aylıq məbləği 7120,83 manat təşkil edir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, barənizdə inzibati icraat başlanıb. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən müraciətiniz əsasında xx.xx.2023-cü il tarixdən əmək pensiyanızın yenidən hesablanaraq 4636,42 manat (indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 5155,70 manat) məbləğində müəyyən edilməli olduğu halda, 6403,62 manat məbləğində müəyyən edildiyi aşkar olunub. Belə ki, Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş müddəasına əsasən Qanunun 9-cu maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş 13 may 2022- ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Sizə xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyanız yenidən hesablanarkən, fərdi hesabınızın sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 165 aya (225319,05:165 ay (65 il-57 il 3 ay=93 ay+(144 ay- 72 ay))) bölünməli olduğu halda, 72 aya bölünüb. Nəticədə, sizə yalnız xx.xx.2023 xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində 5697,45 manat artıq pul vəsaiti ödənilib. Göstərilənlərlə əlaqədar, əmək pensiyanızın cari aydan etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 5155,70 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar mülahizələrinizin dinlənilməsi üçün 25 iyun 2024-cü il tarixinədək mülahizələrinizi və eyni zamanda sizə xx.xx.2023 - xx.xx.2024-ci il tarixləri arasındakı dövr ərzində artıq ödənilmiş 5697,45 manat vəsaitin əmək pensiyanızdan tutulmasına dair yazılı razılığınızı təqdim etməyiniz xahiş olunur. Göstərilən müddət ərzində yazılı mülahizələrinizin təqdim edilməməsi barənizdə müvafiq inzibati aktın qəbul olunmasını istisna etmir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). Həmin Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli, 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni Qanunun 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: xx.xx.2017-ci il tarixədək 144; xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. Göründüyü kimi Qanunda həmin Qanunun 9-cu maddəsinə əsasən xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Qanunverici sonradan həmin şəxslərin pensiya təminatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini Qanundan çıxarmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından görünür ki, iddiaçıya əmək pensiyası xx.xx.2007-ci il tarixdə təyin edilmiş, mübahisələndirilən hesablama qaydasının tətbiq olunduğu, yəni pensiya kapitalının 72 aya bölünməsinə dair qaydaya dair hesablama isə xx.xx.2022-ci il tarixdən olmuşdur. İstər pensiya təyinatının aparıldığı dövrdə, istərsə də mübahisələndirilən hesablamanın aparıldığı dövrdə pensiyaçılara münasibətdə ağırlaşdırıcı norma kimi 45-ci maddənin ikinci cümləsi qüvvədə olmamışdır ki, göstərilən normanın iddiaçıya münasibətdə tətbiqini zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Hazırki növ mübahisələr üzrə cavabdehin əmək pensiyasının yenidən hesablanması zamanı “Əmək pensiyası haqqında” Qanunun 45-ci maddəsinin 2-ci cümləsinin tətbiqi qanunsuz hesab edilmiş, adıçəkilən Qanunun 37.3.1-ci maddəsinin tətbiq olunmalı olduğu qeyd edilmişdir. Adıçəkilən müddəanın tələbindən isə görünür ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmiş, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Pensiyanın yenidən hesablanması barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda hazırkı mərhələdə müəyyən edilmişdir. İddiaçı hazırkı mərhələdə hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdir. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də, Bakı İnzibati Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2-1(112)- 4597/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2-1(112)-4597/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar