Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2777/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, tərcüməçi X3 qızının, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə qarşı müharibə veteranı adının verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4580/2022 nömrəli iş üzrə 01 iyun 2022-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, birinci Qarabağ müharibəsinin iştirakçısı kimi tanınmağı və ona müharibə veteranı adının verilməsi öhdəyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1969-cu ildən pensiyaya çıxana qədər Zabrat Birləşmiş aviasiya dəstəsində müxtəlif vəzifələrdə işləmişdir. Birinci Qarabağ müharibəsi dövründə Zabrat aviakompaniyasının direktoru olaraq, AR Müdafiə Nazirliyindən xüsusi mühüm əməliyyatların icrası barədə tapşırıqlar alırdı. Xüsusən, Müdafiə Nazirliyinin tapşırığına görə MИ-8 helikopterləri ilə Kəlbəcər və Laçında olan döyüş əməliyyatları zonalarına uçuşlar edilir, oraya yüklər, tibbi ləvazimat daşınırdı, mühasirədə olan ərazilərdə düşmən atəşi altında yaralıların təxliyyəsi, dinc əhalinin çıxarılıb daşınması həyata keçirilirdi. Müdafiə Nazirliyinin tapşırıqlarının icrası zamanı helikopterlər dəfələrlə yerdən avtomatik silahlardan atəşə məruz qalırdılar. Müdafiə Nazirliyinin xüsusi tapşırıqlarının icrası zamanı dəfələrlə iddiaçı özü şəxsən ekipajla birgə döyüş əməliyyatları zonalarına uçuşlarda iştirak etmişdir. xx.xx.1992-ci ildə iddiaçı Məmməd Səmədov, Vladimir Kirsanov və Fuad Eyvazov tərkibli ekipajla birgə Azərbaycan SQ Baş Qərargahının zabit heyətini helikopterlə Şuşaya çatdırmışdır. 1996-cı ildən 2010-cu ilə qədər Azərbaycan Hava Yollarının Rusiyadakı baş nümayəndəsinin köməkçisi işləmişdir. Rusiyada olarkən ona ictimai təşkilat tərəfindən müharibə veteranı kitabçası təqdim edilmişdir. Müharibə veteranı adının rəsmi verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin iddiaçının ərizəsinə imtinanın səbəbi barədə heç nə göstərilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın əsasları ilə eyniməzmunlu olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi şikayətin təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətinə gəldikdə, ilk olaraq, birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə: “Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, ... İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. ... İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2018ci il tarixli məktubunda bildirilmişdir ki, Qəmborov İddiaçıiç Mülki Aviasiya “Zabrat” hava limanında AN-2, Mi-2, Mi- 8 tipli istismar olunan HG-də uçuş heyətinin komandiri vəzifəsində çalışmışdır. Göstərilən bütün tipli HG-də uçuşları həyata keçirib. Yüksək ixtisaslı pilotlardan biri idi, MA birinci pilot dərəcəsinə malik olmuşdur. Hər cür uçuşların təşkili və həyata keçirilməsi sahəsində geniş təcrübəyə malik idi. Daha sonra İddiaçı Zabrat Limanında aviaşirkətin direktoru vəzifəsinə təyin olunmuşdur. Öz vəzifəsini yüksək peşəkar səviyyədə həyata keçirirdi. Aviaşirkətin Direktor vəzifəsində olan müddətdə vəzifələrinin vaxtında və qarşıya qoyulan bütün məsələlərin tam şəkildə həyata keçirilməsini təmin etmişdir. İddiaçı özü də istehsal uçuşlarında iştirak edirdi. İddiaçı fəal hərbi əməliyyatlar dövründə Dağlıq Qarabağa ilk uçuşları yerinə yetirilənlərdən biri idi. Ekipajın tərkibində olaraq münaqişə zonasında dinc əhalinin xilas edilməsində, yaralıların evakuasiyasında, döyüş sursatı və yüklərin boşaldılmasında dəfələrlə iştirak etmişdir. İddiaçı tabeçiliyində olan işçilərə qarşı tələbkar olmuşdur. Aviaşirkətin hörmətini qazanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, Q- 942 nömrəli arxiv arayışında göstərilmişdir ki, siz həqiqətən 23.06.69-cu ildən SSRİ Mülki Aviasiya Nazirliyinin Azərbaycan Mülki Aviasiya İdarəsinin Zabrat Birləşmiş aviasiya dəstəsində An-2 hava gəmisinin 2-ci pilotu, An-2 hava gəmisinin komandiri vəzifələrində işləmisiniz. 10.06.74-cü ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Bakı Birləşmiş aviasiya dəstəsində Yak-40 hava gəmisinin 2-ci pilotu vəzifəsinə keçirilmisiniz və 26.05.76-cı ildən Yak-40 hg-nin komandiri vəzifəsinə təyin edilmisiniz. 22.12.76-cı ildən 27.07.87-ci ilədək Zabrat Birləşmiş aviasiya dəstəsində 323-cü uçuş dəstəsinin komandiri vəzifəsinə və həmin dəstəsinin komandiri-hava limanının rəisi vəzifəsinə təyin edilmisiniz. Struktur dəyişiklər ilə əlaqədar 02.01.91-ci ildən 13.12.93-cü ilədək Zabrat «Azalpanx» xüsusi aviakompaniyasında, sonradan «Azalaero» Zabrat aviakompaniyasında direktor vəzifəsində işləmisiniz, həmin ildən 09.01.96-cı ilədək "xxxx" Dövlət Konserninin «Azalaero» Zabrat aviakompaniyasında Mi-8 vertolyotunun kapitanı vəzifəsinə keçirilmisiniz. 10.01.96-cı ildən 31.03.09-cu ilədək - "xxxx" Dövlət Konserninin RF-kı Volqoqrad şəhər təmsilçisi, "xxxx" Milli aviasiya şirkətinin RF-kı Moskva şəhər baş təmsilçisinin köməkçisi vəzifələrində çalışmısınız, 01.04.09-cu ildən 29.03.10-cu ilədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin RF-kı baş təmsilçisinin aviadaşımalarının təşkili üzrə köməkçisi vəzifəsində işləmisiniz. Qeyd edilir ki, arxiv sənədləri qaldırılmış, həmin illərdə sizin rəhbərlik etdiyiniz «Azalaero» Zabrat aviakompaniyasının hava gəmilərinin ekipajları Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin göstərişlərinə əsasən döyüş bölgələrinə ezam olunmuşlar. Sizin döyüş bölgələrinə ezam olunmağınız barədə tapşırıqlar sənədlərin saxlama müddəti bitməsi ilə əlaqədar ləğv edildiyi üçün aşkar olunmuşdur. Buna baxmayaraq hal-hazırda "xxxx" MMC əməkdaşları olan Karpuşov Aleksandr, Abbasov Kazım, Unçiyev İqor, Kirsanov Vladimir, Salman Məmmədov, Tahir Hüseynov, Serqey Xatunsev, Eldar Məmmədov, sabiq işçilər Xanlar Səttərov, İqramətdin Məhəmmədov, Elxan Quliyev, Eldar Qəmbərov 1992-ci ildən 1994-cü ilədək döyüş bölgələrində sizin rəhbərliyinizlə döyüş tapşırığında iştirak etmələrini təsdiqləyirlər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 672 nömrəli məktubunda qeyd olunmuşdur ki, 1948-ci il təvəllüdlü istefada olan leytenant İddiaçı SSRİ və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməyib, 01.12 2008-ci il tarixdə İddiaçı şəxsi işi 3625 saylı aktla məhv edilib. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-3227 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respubliaksı Müdafiə Nazirinin noyabr 1991-dekabr 1993-cü il tarixli əmrlərində İddiaçı “Azalaero” Zabrat aviakompaniyasının hava gəmilərinin ekipajlarının tərkibində döyüş bölgələrinə ezam olunması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respubliaksı Müdafiə Nazirinin yanvar-oktyabr 1991-ci il tarixli əmrləri Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, Q-2143 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etdiyiniz sənədlərə aidiyyəti üzrə “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmışdır. Belə ki, təqdim etdiyiniz sənədlər hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakınızı sübut edən təsdiqedici hüquqi sənədlər yoxdur) sizə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil.” İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının faktiki əsasları ilə razılaşır və bu səbəbdən onları təkrar sadalamır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə görə, aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin “Veteranlar haqqında” AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İstinad olunan qanunvericilik aktlarının normalarının təhlilindən və Konstitusiya Məhkəməsinin müharibə veteranı adının verilməsi ilə bağlı məsələyə dair şərhindən çıxan nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, habelə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübut edən digər sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyil. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənəd kimi "xxxx" MMC-nin və "xxxx" QSC-nin arayışlarına, özünün “Azal Panx” və “Azalaero” aviaşirkətlərinin direktoru qismində adıçəkilən təşkilatların əməkdaşları barəsində imzaladığı əmrlərə, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü olmasına dair vəsiqəyə istinad etsə də, bu sənədlər onun döyüşlərdə iştirakını sübut edən sənədləri əvəz etmir. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı adının verilməsi barədə arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-in 14.3-cü maddəsi), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4580/2022 nömrəli iş üzrə 01 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-2777/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2777/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver