Məhkəmə qərarları › İş №2-1(103)-2777/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2777/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2777/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" X1rşı diplomun akademik tanınması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(112)- 3233/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X1rşı 09 sentyabr 2024cü il tarixli, A00032057 saylı imtina məktubunun əsassız sayılması, Rusiya Federasiyasının “Qeyri-kommersiya təyinatlı Milli Biznes İnstitutunda İddiaçı bakalavr diplomu üzrə hüquqşünaslıq ixtisası ali təhsilinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək iddia tələbinin diplomun akademik tanınması kimi dəyişdirilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “diplomun akademik tanınması vəzifəsinin cavabdeh Təhsildə Keydiyyət Təminat Agentliyinə həvalə edilməsi” kimi dəyişdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyasının Moskva şəhərində Milli Biznes İnstitunda 2019-cu ilin sentyabr ayından 2023-cü ilin iyul ayına qədər “iqtisadiyyat idarəetmə və hüquq” fakültəsinin 40.03.01. kod üzrə “hüquqşünaslıq” ixtisası almışdır. Dövlət İmtahan Komissiyasının xx.xx.2023-cü il tarixli protokolu və əmri əsasında İddiaçı hüquqşünaslıq ixtisası üzrə bakalavr ali təhsil dərəcəsi üzrə qeydiyyat nömrəsi 38142 olan diplom və diploma əlavə verilmişdir. Təhsil forması elektron təhsil və distansion formada həm əyani, həm qiyabi olmuşdur. Qeyri-kommersiya təyinatlı “Milli Biznes İnstitutunun” xx.xx.2024-cü il tarixli arxiv arayışında İddiaçı distansion qaydada xx.xx.2023-cü ildə ali təhsil almışdır. Nizamnamə əsasında fəaliyyət göstərən Milli Biznes İnstitunun Rektorunun şəxsində İddiaçı ilə hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili üzrə pullu təhsil qaydalarına uyğun müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə təhsil müddəti 4 il 6 ay müəyyən edilmişdir. Təhsilin əyani və qiyabi olmasından asılı olmayaraq, tədris müqaviləsində distansion qaydada təhsil alınması müəyyən edilmişdir. Xarici ali təhsilə dair kvalifikasiyanın tanınması ilə bağlı İddiaçı ərizəsinə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarınm tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən, imtina verilmişdir. Belə ki, həmin imtina sərhəd xidmətinin məlumatlarına əsaslanmışdır. Belə ki, iddiaçı bu imtinanı əsassız və qanunsuz saymışdır. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2019/2020-ci tədris ili üzrə - 9 ay, 2020/2021-ci tədris ili üzrə - 5 ay 2 gün, 2021/2022-cu tədris ili üzrə - 8 ay 8 gün, 2022/2023-ci tədris ili üzrə - 7 gün. İddiaçının cavabdeh orqana təqdim etdiyi diplom əlavəsinin 4.1-ci bəndindən məlum olur ki, onun təhsilalma forması əyanidir. Qeyd olunanlara əsasən, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(112)-3233/2025 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, Rusiya Federasiyası Ali təhsilin muxtar qeyri-kommersiya təşkilatı “Milli Biznes İnstutu” tərəfindən İddiaçı verilmiş 137724 ******* saylı (qeydiyyat nömrəsi: 38142), xx.xx.2023-cü il tarixli Bakalavr Diplomu üzrə aldığı ixtisasın (40.03.01. Hüquqşünaslıq) Azərbaycan Respublikasının ərazisində akademik tanınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma çərçivəsində ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun tədris prosesində faktiki cəlb olunmaqla iştirak üçün ali təhsil müəssisəsinin yerləşdiyi xarici ölkənin ərazisində olma müddətləri müəyyən edilmişdir: İ il - 9 ay, İİ il - 5 ay 2 gün (pandemiya dövrü), İll il-8 ay 8gün (pandemiya dövrü), İV il - 7 gün. Ümumilikdə 4 illik təhsil müddətinin sonuncu tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. İddiaçının cavabdehə icraat zamanı təqdim etdiyi diplom əlavəsinin 4-cü bəndindən və məhkəməyə təqdim etdiyi arayışdan açıq şəkildə görünür ki, iddiaçı əyani təhsilalma formasında təhsil almışdır. Məhkəmə qərarın 7-ci səhifəsinin 19-cu bəndində vurğulanmış “tanınma qərarı yalnız kəmiyyət meyarlarına əsaslana bilməz” ifadəsinə əsasən bildirilir ki, tanınma zamanı sərhədkeçmə məlumatları minimum tələb kimi yoxlanılır. Cavabdeh qurum ərizəçinin könüllü olaraq etdiyi müraciəti üzrə inzibati icraatı düzgün və qanuni olaraq həmin dövrdə qüvvədə olan normativ hüquqi akt əsasında aparmışdır. İddiaçının təhsil aldığı dövrün xarici ölkədəki müharibə vəziyyəti ilə üst-üstə düşməsi barədə qeyd olunmuş məsələ ilə bağlı bildirilir ki, iddiaçının təhsil aldığl Moskva şəhəri Rusiya- Ukrayna münaqişəsi dövründə hərbi əməliyyatların və ya fövqəladə hüquqi rejimlərin tətbiq edildiyi ərazi hesab olunmur, habelə iddiaçı tərəfindən həmin dövr üzrə müharibə səbəbindən tədrisin təşkilinin mümkünsüz olduğunu təsdiq edən sənədlər inzibati və məhkəmə icraatı zamanı təqdim olunmamışdır. Məhkəmə iclas(lar)ında iştirak edən cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X5 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, eyni vəziyyətdə olan tələbələr həmin dövrdə gedib dərslərdə iştirak edilrdilərsə, iddiaçı da bunu edə bilərdi. Məhkəmə iclas(lar)ında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, təhsil aldığı müddət ərzində Rusiya Federasiyasının ərazisində olmuşdur. Sadəcə olaraq hazırda yaranan mübahisə sonuncu tədris ili ilə bağlıdır. Belə ki, həmin dövrdə xarici vətəndaşlara Rusiya Federasiyasında yaxşı münasibət göstərilmirdi, onların pasportları metroda tez-tez yoxlanılır, şəxslər polis bölmələrinə aparılırdı və müharibədə müqavilə əsasında iştiraka cəlb edilirdilər. Sonuncu dəfə ölkəyə qayıtdıqda Rusiya Federasiyasında qeydiyyatla bağlı gecikmə problemi yaşandığına görə o da polis bölməsinə aparılmışdır. Orada ona mübaribədə iştirak etməyinin qarşılığında müxtəlif vədlər verildi. Həmin vaxt Rusiya Federasiyasının ərazisində olmanın təhlükəli olması universitet tərəfindən də qəbul edildiyinə görə sonuncu il təhsilin distant formada alınmasına şərait yaradılmış və sonuncu tədris ilində dərslər universitet tərəfindən distant formada təşkil olunurdu. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İnzibati Prosessual Məcəllənin 85.2 və 85.3-cü maddələri). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024cü il tarixli, NA00032057 saylı “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarından görünür ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 saylı Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən, ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 saylı qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.5-ci bəndinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 saylı Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan forma! təhsilin əldə olunması) tələb olunur. İş materiallarında olan Rusiya Federasiyası Ali Təhsil üzrə Muxtar Qeyri-Kommersiya Təşkilatı “Milli Biznes İnstutu” tərəfindən verilmiş 137724 ******* saylı (qeydiyyat nömrəsi: 38142), xx.xx.2023-cü il tarixli Bakalavr Diplomuna əsasən, İddiaçı 40.03.01. Hüquqşünaslıq hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə Bakalavr 40.03.01. Hüquqşünaslıq ixtisası verilmişdir. İş materiallarında olan Ali Təhsil üzrə Muxtar Qeyri-Kommersiya Təşkilatı “Milli Biznes İnstutu” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1491/25 saylı arxiv arayışında aşağıdakılar göstərilmişdir: “ ... Bu arxiv arayışı ilə Ali Təhsil üzrə Muxtar Qeyri-Kommersiya Təşkilatı “Milli Biznes İnstitutu” tələbə xx.xx.2000-ci il təvəllüdlü (Azərbaycan Respublikası vətəndaşı) İddiaçı Məhman oğlunun 2019-cu ilin sentyabrından 2023-cü ilin iyuluna qədər iqtisadiyyat, idarəetmə və hüquq fakültəsində 40.03.01 “Hüquqşünaslıq” ixtisası üzrə təhsil almasını təsdiq edir. Dövlət İmtahan Komissiyasının xx.xx.2023-cü il tarixli, 2 saylı protokoluna əsasən İddiaçı Məhman oğluna “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr kvalifikasiyası verilmişdir. Təhsilini bitirdikdən sonra adına 137724 ******* nömrəli ali təhsil haqqında diplom və ona əlavə – 137724 ******* nömrəli əlavə xx.xx.2023-cü il tarixində, 38142 qeydiyyat nömrəsi ilə verilmişdir. Təhsil forması: əyani-qiyabi/əyani (elektron təhsil və distant təhsil texnologiyalarının tətbiqi ilə həyata keçirilirdi). Rusiya Federasiyasının “Təhsil haqqında” xx.xx.2012-ci il tarixli, 273-FZ saylı Federal Qanununun 16-cı maddəsinə, həmçinin Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli 816 saylı əmrinə uyğun olaraq, elektron təhsil və distant təhsil texnologiyalarından istifadə etməklə həyata keçirilən ali təhsil proqramı çərçivəsində İddiaçı Məhman oğlu 40.03.01 Hüquqşünaslıq ixtisası üzrə təhsil almış, o cümlədən sonuncu kursda distant təhsil texnologiyalarından istifadə edilmişdir. İddiaçı Məhman oğlunun dövlət yekun attestasiyası Ali Təhsil üzrə Muxtar Qeyri- Kommersiya Təşkilatı “Milli Biznes İnstitutu”nda xx.xx.2023–xx.xx.2023 tarixlərində, Moskva şəhəri, Yunost küçəsi, 5 ünvanında əyani formada keçirilmişdir. Akademik məzuniyyət: verilməmişdir. Tələbə kimi qəbulla bağlı əmr: 221/k-19 saylı, xx.xx.2019 (İ kursa qəbul). Təhsil formasının dəyişdirilməsi haqqında əmr: 295/c-22 saylı, xx.xx.2022 (əyaniqiyabi formadan əyani formaya keçid; təhsil elektron və distant texnologiyaların tətbiqi ilə həyata keçirilirdi). Tələbə sırasından xaric olunma əmri: 134/c-23 saylı, xx.xx.2023 (təhsil müəssisəsini bitirməsi ilə əlaqədar)”. Cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən qeyd olunan arxiv arayışının universitet tərəfindən fərqli məzmunda verilməsi mübahisələndirilmiş, lakin hal-hazırda sonuncu arxiv arayışının daha geniş formada yazılması məhkəmə kollegiyası tərəfindən arayışının legitimliyini sual altına qoya biləcək xüsusat olaraq qəbil edilmir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə görə, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarında aşağıdakılar göstərilmişdir: “ ... 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda aşağıdakılar qeyd olunmuşdur: “ … 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ...8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü maddəsinə əsasən, qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən. 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-cü maddəsinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, İddiaçı Rusiya Federasiyasında təhsil aldığı ilk üç tədris ili ərzində (2019/2020-ci tədris ili üzrə, 2020/2021-ci tədris ili üzrə və 2021/2022-ci tədris ili üzrə) təhsil prosesində ardıcıl və uzunmüddətli şəkildə iştirak etmişdir. Eyni zamanda iddiaçının təhsil müəssisəsinin daxili qaydalarına və dövlət standartlarına uyğun olaraq təhsilini uğurla tamamladığı hüquq müəyyənedici sənədlərlə təsdiqlənir. Bu müddət ərzində onun akademik fəaliyyətinin keyfiyyəti və yekun attestasiyanın alınması, onun təhsil proqramını tam mənimsədiyi və müvafiq biliklərə malik olduğunu göstərir. Bu baxımdan yalnız sonuncu tədris ilindəki qısa müddətli iştirakın bütün tədris prosesinin mənimsənilməsi və keyfiyyətinə mənfi təsir göstərməsi ağlabatan deyil. Belə ki, sonuncu tədris ili 2022–2023-cü illərə təsadüf etmiş və bu dövr Rusiya-Ukrayna müharibəsinin ən gərgin mərhələsi idi. Münaqişə başlayandan dərhal sonra dünya ölkələrinin əksəriyyəti Rusiya üçün hava məkanını bağladı, bir çox aviaşirkətlər həmin ölkəyə uçuşları ləğv etdi, istiqamətlər dəyişdi, aviabiletlər kəskin bahalaşdı və əlçatanlıq minimuma endi. Qeyd olunanlarla əlaqədar həmin vaxt bir çox xarici tələbələr universitet tərəfindən ölkələrinə geri qaytarılmışdır. Həmçinin müharibə dövründə Rusiya Federasiyasında hüquqi rejim sərtləşmiş, ölkə daxilində təhlükəsizlik tədbirləri genişləndirilmiş, xarici vətəndaşlara yanaşma daha sərt nəzarətə götürülmüşdür. Göründüyü kimi, bu maneələr iddiaçının şəxsi iradəsindən asılı olmayıb, fövqəladə xarici səbəblərin nəticəsi idi. Belə olan halda üç tədris ili ərzində təhsil prosesində davamlı iştirak etmiş şəxsin sonuncu ildə qısa müddətli iştirakına görə diplomun akademik tanınmasından imtina edilməsi tələbənin təhsil prosesində uzunmüddətli iştirakının və əldə etdiyi akademik nəticələrin inkar edilməsi ilə nəticələndiyindən iddiaçının konkret fərdi situasiyasına münasibətdə ədalətli deyil. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq göstərmişdir ki, Rusiya- Ukrayna münaqişəsinin nəticələri yalnız döyüş əməliyyatlarının birbaşa baş verdiyi ərazilərlə məhdudlaşmır. Rusiya Federasiyası ilə Ukrayna arasında davam edən hərbi münaqişə beynəlxalq sanksiyalar, hava yollarının bağlanması, logistika və təhlükəsizlik risklərinin artması və diplomatik qeyri-müəyyənliklər xarici vətəndaşlar üçün Rusiya ərazisinə daxilolmasını və orada uzun müddət qalmanı çətinləşdirə biləcəyini inkar etmək mümkün deyil. İddiaçının ölkədə fiziki olaraq uzun müddət qala bilməməsi onun şəxsi iradəsi və təhsildən yayınması deyil, obyektiv şəraitin və beynəlxalq vəziyyətin nəticəsi olmuşdur. Belə bir şəraitdə iddiaçının təhsil prosesində iştirak etməməsi onun təhsil prosesindən yayınması kimi deyil, özündən asılı olmayan səbəblərlə iştirak imkanlarının məhdudlaşması kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları''nın 4.1.4-cü bəndi tələbənin hər tədris ilində ölkənin ərazisində müəyyən müddət qalmasını tələb edir. Lakin norma öz mahiyyəti etibarilə sabit və normal şəraitə aid edilmişdir. Fövqəladə vəziyyətlər - pandemiya, müharibə, nəqliyyat çöküşü və təhlükəsizlik riskləri və s. bu normanın tətbiqini dəyişdirir və məhkəmənin mütənasiblik baxımından daha yumşaq qiymətləndirmə aparmasını tələb edir. İnzibati orqan qərar verərkən mütənasiblik prinsipinə əməl etməlidir. Cavabdehin şikayətində isə bu prinsip nəzərə alınmamış, yalnız bir illik sərhədkeçmə məlumatı “tam həlledici meyar” kimi təqdim edilmişdir. Halbuki, iddiaçı əvvəlki üç tədris ilində uzun müddətli və davamlı iştirak edib, bütün fənləri müvəffəqiyyətlə tamamlayıb, tədris yükünü tam mənimsəyib. Bütün bunların fonunda yalnız sonuncu ildəki qısamüddətli iştirakın formal meyar kimi tətbiqi mütənasiblik prinsipinə ziddir. Birinci instansiya məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, tanınma qərarı yalnız kəmiyyət meyarlarına söykənə bilməz; təhsil nəticələrinin real ekvivalentliyi əsas meyardır. Məhz bu səbəbdən: müharibə şəraitinin yaratdığı məhdudiyyətlər, tələbənin real təhlükəsizlik narahatlıqları, əvvəlki illərdəki davamlı iştirak, akademik göstəricilərin yüksək olması kumulativ şəkildə qiymətləndirilmiş və nəticədə tələbənin tələbi təmin edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1443/2022 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ … 36. Poltava İqtisadiyyat və Ticarət Universitetinin 13 noyabr 2020-ci il tarixli rəsmi arayışından görünür ki, universitet tərəfindən iddiaçının həmin universitetdə təhsilini əyani formada, lakin distant texnologiyalarından istifadə etməklə özəl qrafik üzrə alması, iddiaçının həmin universitetin tələbəsi və məzunu olması təsdiqlənmişdir.

37. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

38. Azərbaycan Respublikasının qanunvericiliyində ayrılıqda həm əyani, həm də distant təhsil forması nəzərdə tutulmuşdur. Qanunvericilikdə əyani təhsil forması zamanı distant təhsil formasından birmənalı olaraq istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. ... 40. Məhkəmə kollegiyası şikayətin dəlilinə münasibətdə bildirir ki, inzibati kollegiyanın qərarında mövcud (əyani) təhsil forması zamanı digər (distant) təhsil formasından istifadə edilməsinin qadağan olunması qeyd edilməmişdir. … 45. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırkı halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və diplomun apostil olması, diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ... cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(112)-3233/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Cavabdeh "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(112)-3233/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar