Məhkəmə qərarları › İş №2-1(103)-2779/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2779/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2779/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyinin X7 Xidməti) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən hakim və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyinin X7 Xidməti) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış xx.xx.2004-cü il tarixli 16/2-91 saylı məktubda bildirilir ki, İdarənin sabiq əməkdaşı İddiaçı uzun müddət yanğın təhlükəsizliyi orqanlarında xidmət etmiş və hal-hazırda Daxili İşlər Nazirliyinin təqaüdçüsüdür. A.İddiaçı işlədiyi müddət ərzində özünü işgüzar və peşəkar əməkdaş kimi göstərmişdir. O, üzərinə düşən vəzifə və xidməti borcunu ləyaqətlə yerinə yetirmiş, baş vermiş mürəkkəb və təhlükəli yanğınların söndürülməsində fəal iştirak etmişdir. A.İddiaçı respublikamızın ərazi bütövlüyü və torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. A.İddiaçı hazırda çoxuşaqlı ailəsi ilə birlikdə Suraxanı rayonunun ərazisində yerləşən BDYTİ-nin ailəvi yataqxanasında yaşayır və mənzil-məişət şəraiti olduqca ağırdır. Baş İdarə rəhbərliyi Suraxanı rayon X3 Xidmətinin ərazisində istifadəsiz olaraq qalan 450 kv.m olan torpaq sahəsinin sabiq əməkdaşı A.İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ona ayrılması xahiş edilmişdir.

2. Cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 575 kv.m sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Suraxanı Oyl). Faktiki sahə şimal tərəfdən FHN-nin Yanğından Mühafizə Xidmətinin ərazisi ilə həmsərhəddir. Həmçinin sahənin cənub tərəfdən bir hissəsi dəmiryolu xəttinin mühafizəsinə düşür.

3. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktının surətindən görünür ki, sözügedən torpaq sahəsi mişar daşı ilə hasarlanıb. Texniki baxış zamanı məlum olmuşdur ki, ərazidə 2 ədəd 2 mərtəbəli, 1 ədəd 1 mərtəbəli ev inşa edilib. Torpaq sahəsinin qonşuluğunda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə idarəsi yerləşir, həmçinin 23.80 m aralı məsafədə dəmiryolu keçir. Nə torpaq sahəsinə, nə də ərazidə inşa edilən fərdi yaşayış evlərinə aid məlumatlandırma qaydasında layihə təqdim edilib. Həmçinin sənədlərin surətində torpaq sahəsinə aid planda göstərilən ərazi ilə tam konfiqurasiya və perimetrik məsafələrdə fərq var.

4. İddiaçı ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və fərdi evə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ********** nömrəli, xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizələr ilə cavabdehə müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli **********29 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli **********72 xaricolma nömrəli məktublarla ərizəni təmin etməkdən imtina edərək onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən, ona məxsus olan torpaq sahəsinə və fərdi evə dövlət reyestrindən çıxarışın verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1981-ci ildən etibarən ünvan 2 ünvanında ona torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 2 mərtəbəli, 180 kvadrat metr sahədən ibarət fərdi ev tikmişdir, orada ailə üzvlərilə birgə yaşayır. 2004-cü ildə Suraxanı rayon Məhkəməsinin 2-358/2004 saylı qətnaməsi ilə iddiaçı və 11 (on bir) nəfərdən ibarət ailə üzvü həmin fərdi evə pasport qeydiyyatına alınmışlar. Həmin fərdi evdə bütün bu müddət ərzində fasiləsiz və etirazsız şəkildə istifadə etmişlər. Qanunvericilyin tələblərinə görə yaşadığı fərdi evə və torpaq sahəsinə dövlət reyestrindən çıxarış almaq hüququ vardır. Bununla bağlı cavabdeh orqana rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdehdən daxil olmuş xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunur ki, qeyd olunan məsələ ilə bağlı Sizə xx.xx.2022-ci il tarixli məktubla ətraflı cavab verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 409 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməldir”. İddiaçı cavabdehin bu mövqeyi ilə razı deyil. Ona görə ki, yaşadığı fərdi evin layihələndirilməsi və tikintisi üçün tələb olunan bütün sənədləri, o cümlədən tiktintisinə icazə tələb olunan və barəsində məlumatalandırma icraatı tətbiq olunan fərdi evin memarlıq layihələndirmə sənədləri xüsusi ixtisaslaşmış "xxxx"MMC tərəfindən hazırlanaraq təqdim edilmiş, həmçinin Suraxanı RİH başçısının birinci müavinin vəkil sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli arayışa əsəsən iddiaçı və ailə üzvləri ünvan 2 ünvanında qeydiyyatdadırlar və faktiki yaşayırlar. Belə olduğu halda, cavabdehin imtinası qanunsuz və əsassızdır.

8. Cavabdeh etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli ********** nömrəli, xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli **********29 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli **********72 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilir ki, fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə və 27 kv.m hissəsi dəmiryolu xəttinin mühafizəsində yerləşir. Faktiki sahəsinin 21 kv.m hissəsi dövlət əmlakı ilə (Fövqəladə Hallar Nazirliyinin X7 Xidməti) üst-üstə düşür. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 575 kv.m təşkil edir. Həmçinin bildirilir ki, X5 eyni iddia tələbi ilə bağlı məhkəmə mübahisəsi mövcuddur. Belə ki, ünvan 2 ünvanında yerləşən və ona məxsus olan torpaq sahəsinə və fərdi evə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 14765/2023 saylı sərəncamı İdarəyə daxil olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 -ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariyamühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariyamühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim:T.Məlikov), hazırki iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidməti və X5 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim:T.Məlikov) iddia tələbi təmin edilməmişdir.

11. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçının apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsində təqdim etdiyi iddia ərizəsinin mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir.

c) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

14. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki hallarını tam hərtərəfli araşdırmamış, bununla da maddi və prosessual normaların tələbləri pozularaq nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Maddə 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

19. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. İddiaçı iddia ərizəsində göstərdiyi sənədlərə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış xx.xx.2004-cü il tarixli 16/2-91 saylı məktubuna istinad edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və müvafiq çıxarışın verilməsini tələb edir.

24. Məhkəmə kollegiyası vurğulayır ki, yuxarıda şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdən irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalıdır. Nəzərə alınmalıdır ki, qanunvericilik xx.xx.2013-cü il tarixdən əvvəl və sonra inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün sənədlərin əhatə dairəsini fərqləndirilmişdir. Lakin hər iki halda qanunvericilik fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin olmasını imperativ qaydada zəruri saymışdır.

25. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə əmlakın məlumatlandırma icraatı növündə və ya tikintisinə icazə tələb olunan tikinti obyekti olmasının aydınlaşdırılmasının, o cümlədən digər göstərilən imtina əsaslarının (torpaq sahəsinin təyinatı, Dövlət Neft Şirkətinin ərazisində yerləşib-yerləşməməsi, işlək vəziyyətdə neft quyusunun olması) ilə bağlı məhkəmə tikinti-texniki ekspertizanın təyini, mütəxəssiss rəyinin alınması və ya yerində müayinə aparılmasına, habelə təqdim edilən məktubun əsasında hər-hansı hüquqmüəyyənedici sənədin olmaması barədə iddiaçının izahatına əsaslanaraq bu istiqamətdə də İPM-in 12-ci maddəsinə müvafiq araşdırma aparılmasına prosessual qənaət prinsipi baxımından zərurət yoxdur. Çünki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqları yaranmadığından, digər sənədlərin mövcud olub-olmamasından asılı olmayaraq onun fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından söhbət gedə bilməz.

27. Eyni zamanda kollegiya mübahisəli ərazidə yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması istiqamətində araşdırmanın aparılmasını da zəruru hesab etmir ki, həmin torpaq sahələri üzərində hüquqlarının qeydiyyatı hazırki halda “bərabərlik” məfhumu baxımından belə iddianın təmini üçün əsas deyil. Hər nə qədər iddiaçının torpaq sahəsi üzərində hüquqların qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənəd təqdim edilmir, istər torpağın bələdiyyə mülkiyyətində olması, istərsə də qonşuluqda olan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsi, hazırki iddia tələbinin təminini istisna edir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır.

29. Beləliklə də, məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır.

30. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2851/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar