Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-278/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və vəkili X1 və 3-cü şəxsin vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə (3-cü şəxs “xxxx” MMC) qarşı “sərəncamın ləğvi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-136/2019 saylı qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə (3-cü şəxs “xxxx” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehin xx.xx.2018-ci il tarixli 98 saylı “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi və inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” MMC tərəfindən 2018-ci ilin may ayından etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956-cı məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahələrinin (qarajlar) söküntüsünə başlanılmışdır. xx xxx 2018-ci il tarixdə İddiaçı1, xx xxx 2018-ci tarixdə isə İddiaçı2 məxsus qarajlar razılıq alınmadan və xəbərdarlıq olunmadan sökülmüşdür. Bundan xəbər tutduqda MMC-nin işçilərindən qarajları hansı əsasla sökdüklərini öyrənməyə çalışmışlar. Bu zaman şifahi olaraq bildirilmişdir ki, söküntünün həyata keçirilməsi səlahiyyəti onlara Nərimanov Rayon İcra Başçısının sərəncamı ilə verilib və söküntü tam əsaslıdır. xx.xx.2018-ci il tarixdə RİH-ə sözügedən söküntü-tikinti işlərinin həyata keçirilməsinə əsas olan sərəncamın rəsmi qaydada təqdim edilməsi barədə müraciət etmiş, lakin həmin sərəncam yenə də təqdim olunmamış və yalnız məhkəməyə vermiş olduqları “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizənin baxışı əsnasında xx.xx.2018-ci il tarixdə bəhs olunan sərəncam ilə tanış olmaq imkanları yaranmışdır. Sərəncamda qeyd olunan ünvan (Əliyar Əliyev “22”) qarajların yerləşdiyi ərazini əhatə etmir. Belə ki, qarajlardan öncə gələn birinci binanın nömrəsi “150”, qarajlardan sonra isə gələn birinci binanın nömrəsi “54”dür. Eyni zamanda, qarajla üzbəüz, yolun o biri tərəfində yerləşən binanın nömrəsi “63-69”dur. Sərəncamın 2.6cı bəndində yaşayış binalarının sakinlərinin “qarşılıqlı razılaşma əsasında” yeni mənzillərlə təmin edilməsinin qeyd olunmasına baxmayaraq, həmin sərəncamın 3-cü bəndində RİH qeyri-yaşayış sahələrinin yalnız “sökülməsi”nə dair qeydlə kifayətlənmişdir. Halbuki, Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli Qərarının 1.2-ci bəndində aşağıdakılar göstərilmişdir: hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması”. Göründüyü kimi, yaşayış və ya qeyri-yaşayış məqsədləri daşımasından asılı olmayaraq həmin obyektlərin əvvəlcədən dəyəri ödənilməli və ya onlar əvəzləşdirilməlidir. Sərəncam Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə ziddiyyət təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası MM-nin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Beləliklə, mülki qanunvericilikdə bəhs olunan məqsədlər üçün “torpaq” dedikdə həmçinin tikililər, qurğular və bu kimi digər obyektlər də başa düşülür. Sərəncamda “xxxx” MMC şirkətinə söküntü işlərinin aparılması ilə bağlı səlahiyyət verilmir. Belə ki, sərəncamın yalnız 2-ci bəndində “xxxx” MMC-yə həvalə olunan məsələlər qeyd olunur. Əliyar Əliyev küçəsi ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə dair müddəa isə Sərəncamın 3-cü bəndində öz əksini tapır. Sərəncamın 5-ci bəndində sözügedən inzibati aktın yalnız layihələndirmə üçün əsas olduğu göstərilir. Bu da o deməkdir ki, adıçəkilən sərəncam əsasında hər hansı söküntü işlərinin aparılmasına icazə verilməmişdir. Sözügedən Sərəncam ilə yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinin nəzərdə tutulmasına baxmayaraq, inzibati aktın qəbul edilməsindən əvvəl RİH tərəfindən maraqlı şəxslərin nəinki mülahizələri dinlənilməmiş, onlara ümumiyyətlə məlumat belə verilməmiş və bununla da maraqlı şəxsləri inzibati icraatdan qanunsuz kənarlaşdıraraq nəticədə birtərəfli qaydada inzibati orqanın maraqlarına uyğun olan Sərəncam qəbul etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 136/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçılar apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişlər. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarının məzmunundan göründüyü kimi, məhkəmə sübutları qərarda göstərmiş, lakin onları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmamış, onlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Azərbaycan Respublikasının mövcud qanunveriliciyinə, o cümlədən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, yerli icra hakimiyyəti orqanlarının tikinti obyektlərinin sökülməsi barədə qərar qəbul etmək səlahiyyəti yoxdur. Deməli, Cavabdehin başçısı xx.xx.2018-ci il tarixli 98 saylı Sərəncamı ilə normativ aktlarla onun səlahiyyətlərinə aid edilməmiş məsələlərlə bağlı inzibati akt qəbul etmişdir. Lakin inzibati məhkəmə icraatı zamanı 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi qeyd olunan halları araşdırmamış, öz qərarının əsaslandırılması baxımından maddi hüquq normalarına düzgün istinad etməmiş, istinad etdiyi normaları isə düzgün tətbiq etməmişdir. Bundan başqa, məhkəmə Cavabdehin başçısının xx.xx.2018-ci il tarixli 98 saylı Sərəncamının qanuniliyini əsaslandırarkən formal mülahizələrdən çıxış etmiş və məzmununu səhv izah etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdehin başçısı tərəfindən xx.xx.2018-ci il tarixdə sərəncamın qəbul edilməsi zamanı qeyd olunan razılaşdırmalar olmamışdır. Əslində həmin razılaşdırmaların həyata keçirilməsi “xxxx” MMC-yə həvalə edilsə də, sərəncamda göstərilən məsələlərə nəzarət edilməsi barədə müddəa nəzərdə tutulmamışdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların mərtəbəliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsi, eyni zamanda ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsinin, 1.5-ci bəndinə əsasən isə, görülmüş işlər barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsinin həyata keçirilməsi rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Həmin sərəncamın müvafiq qaydada qəbul edilməməsi və onun icrasına nəzarətin faktiki həyata keçirilməməsinə səbəb olmuş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının icra edilməməsi, yaxud lazımi qaydada icra edilməməsi nəticəsində “xxxx” MMC tərəfindən 2018-ci ilin may ayından etibarən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsünə başlanılmışdır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyi tərəfindən rəy (25995 saylı) isə artıq söküntü işlərinin həyat keçirilməsindən sonra xx.xx.2018-ci il tarixdə verilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, həmin rəyin alınması söküntü ilə bağlı deyildir və Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyi tərəfindən rəy alınması ümumiyyətlə nəzərdə tutulmamış və tikinti şirkətinə həvalə edilməmişdir. Beləliklə, qəbul edilmiş qanunsuz əlverişsiz intibati akt nəticəsində qanunsuz və əsassız olaraq bizim mülkiyyət hüququmuz pozulmaqla, iddiaçılara maddi və mənəvi zərər vurulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən, habelə prosessual hüquq normalarının da tələbləri pozulmuşdur. Belə ki, məhkəmə öz qərarında onların iddiaçı olaraq əsaslandığı halları, gətirdiyi dəliləri qeyd etməklə kifayətlənmiş, onların araşdırılmasını təmin etməmiş, qiymətləndirməmişdir. Apelyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları: Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-924/2019 saylı qərarı ilə iddiaçıların apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-136/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçılar tərəfindən kassasiya şikayəti verilərək Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-924/2019 saylı xx xxxx 2019-cu tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-2741/2019 saylı qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-924/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili X3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin vəkili X4 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən digər cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli və xx.xx.2016-cı il tarixli texniki pasportlara əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956-cı məhəllə qarajlar sırasında 9 nömrəli qaraj (sahəsi 15,6 kv.m, tikinti altı sahəsi 20,4 kv.m) İddiaçı2, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19-cu saylı binanın arxasında, sağdan 2 saylı qaraj (sahəsi 15,6 kv.m, tikinti altı sahəsi 20,4 kv.m) İddiaçı1 qanuni istifadəsindədir. Bakı şəhəri Cavabdehin xx.xx.2018-ci il tarixli, 98 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə RİH-ə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin tapşırıldığı nəzərə alınaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələbləri rəhbər tutulmaqla aşağıdakılar qərara alınmışdır:
1. rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 1,422 ha torpaq sahəsi “xxxx” MMC-nin daimi istifadəsinə verilsin. 2. rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə “xxxx” MMC-yə aşağıdakılar həvalə edilmişdir: 2.1. “xxxx” MMC ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2. ayrılmış torpaq sahəsinə “xxxx” MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; 2.3. ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırsın; 2.4. tikinti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma əsaslandırılması və çoxmərtəbəli yaşayış binalarının memarlıq hissəsini razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınsın; 2.5. layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətləri köçürülsün; 2.6. rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsün. 3) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələri sökülsün. 4) sərəncamın İ və İİ bəndlərinin tələbləri “xxxx” MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-ə müraciət edilsin. 5) Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. Daha sonra Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, 31 nömrəli icazəyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 22 ünvanında yerləşən 16 və 18 mərtəbəli yaşayış binalarının tikintisinə icazə, həmçinin tikintiyə icazə barədə xüsusi nişan verilmişdir. 2018-ci ilin may ayında iddiaçıların qanuni istifadələrində olan 2 və 9 saylı qarajlar “xxxx” MMC tərəfindən iddiaçılarla razılıq əldə edilmədən sökülmüş, lakin iddiaçılara bununla bağlı hər hansı kompensasiya məbləği ödənilməmişdir. İddiaçılar ilkin olaraq iddia tələbində sərəncamının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsini və inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra birinci apelyasiya baxışı zamanı iddiaçılar iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişlər ki, kompensasiya ödənilməsi dedikdə keçən dövr ərzində avtomobillərin saxlanılması üçün dayanacağa ödənilməli olan xərcin əvəzi nəzərdə tutulmuşdur. Odur ki, ərizədə kompensasiya kimi yuvarlaq olaraq hər bir qaraj üçün 7200 manat (12 ay x 600 manat) məbləğində kompensasiya nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə öz qərarında mövqeyini belə əsaslandırmışdır ki, Bakı şəhəri Cavabdehin iddiaçılar tərəfindən mübahisələndirilən xx.xx.2018-ci il tarixli, 98 nömrəli sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli qərarının icrasının təmin edilməsi məqsədilə qəbul edilmişdir. Ona görə də, həmin sərəncam ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli qərarına, eləcə də tənzimlədiyi məsələləri nizamlayan digər qanunvericilik normalarının tələblərinə uyğun olmalıdır. Bakı şəhəri Cavabdehin xx.xx.2018-ci il tarixli, 98 nömrəli sərəncamı qeyri-yaşayış sahələrinin onların mülkiyyətçiləri ilə əvvəlcədən razılaşma əldə edilməklə və ədalətli bazar dəyəri qabaqcadan kompensasiya kimi mülkiyyətçilərə ödənilməklə sökülməli olduğuna dair müddəa nəzərdə tutmadığı üçün Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli qərarından irəli gələn tələblərə uyğun olmamışdır. Sözügedən müddəları nəzərdə tutmadığı üçün həmin sərəncam həm də Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəlləsinin normaları ilə də ziddiyyət təşkil edir. Bakı şəhəri Cavabdeh özünün xx.xx.2018-ci il tarixli, 98 nömrəli sərəncamı ilə iddiaçıların sahib olduğu qarajların əvvəlcədən onlarla hər hansı razılaşma əldə edilmədən və kompensasiya ödənilmədən sökülməsinə qərar vermişdir. Bu halın iddiaçıların mülkiyyət hüquqlarına müdaxilə təşkil etdiyi aşkar və mübahisə olunmaz faktdır. Həmin sərəncam əsasında hərəkət edən “xxxx” MMC isə iddiaçıların qarajlarını sökmüşdür. Beləliklə, Bakı şəhəri Cavabdeh özünün xx.xx.2018-ci il tarixli, 98 nömrəli sərəncamı ilə iddiaçıları əvvəlcədən dəyəri ödənilmədən mülkiyyət hüquqlarından məhrum etmiş, eləcə də daha sonra söküntü işləri aparmaq üçün “xxxx” MMC-nin qanunsuz hərəkətlərinə hüquqi əsas vermişdir. Bu vəziyyətdə həmin sərəncan şübhəsiz iddiaçılara aid hissədə əlverişsiz inzibati akt olmuşdur. “İnzibati icraat haqqında” 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası Ali Məhkəmənin mövqeyi ilə razılaşaq qeyd edir ki, cavabdeh orqan tərəfindən qəbul edilən inzibati akt iddiaçılara münasibətdə əlverişsiz inzibati akt olsa da aşağıdakılara əsasən həmin aktın ləğv edilməsi zərurəti aradan qalxmışdır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçılardan İddiaçı2 “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, iddiaçıya “xxxx” MMC-nin ünvan 3 (əvvəlki ünvan 1956-cı məhəllədə) inşa etdiyi ilkin tikintisi başa çatacaq binalardan hər hansı birində sahəsi 23 kv.m-dən az olmayan qaraj verilməsinin cavabdeh “xxxx” MMC-yə həvalə edilməsi qət edilmiş, həmin qətnamədən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)-2736/2020 saylı qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sonuncu məhkəmə iclasında 3-cü şəxs “xxxx” MMC-nin vəkili Bakı Apelyasiya Məhkəməsinə ünvanlanan, “xxxx” MMC-nin direktoru tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiq olunmuş xx.xx.2020-ci il tarixli 45 nömrəli məktub təqdim etmişdir. Məktubda qeyd edilir ki, “xxxx” MMC tərəfindən ünvan 5 ünvanında hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə əlaqədar olaraq həmin ünvanda yerləşən İddiaçı1 məxsus, sahəsi 20.4 kv.m olan qarajın əvəzinə ilkin tikintisi başa çatacaq binalardan hər hansı birində qarajlar üçün nəzərdə tutulan hissədə sahəsi 20.4 kv.m-dən az olmayan qaraj verilməsini öhdələrinə götürürlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hər nə qədər hazırkı iddia tələbində iddiaçılar sərəncamın ləğv edilməsini və nəticələrinin aradan qaldırılmasını tələb etsələr də iddiaçılardan birinə (İddiaçı2) münasibətdə ona qarajın verilməsi barədə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Digər İddiaçı1 isə cavabdeh “xxxx” MMC-yə qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hazırda icraatı dayandırılmış iddiası var ki, həmin iddia tələbi üzrə İddiaçı1 digər tələblərlə yanaşı sökülmüş qarajın əvəzində eyni ölçüdə və keyfiyyətdə qarajın verilməsini tələb edir. Həmçinin apelyasiya baxışı zamanı məhkəmə iclasında 3-cü şəxs İddiaçı1 qarajın verilməsi barədə öhdəlik götürmüşdür. Hazırkı halda iddiaçılar inzibati orqana qarşı kompensasiya tələbi irəli sürsələr də işə birinci instansiya qaydasında baxılarkən bu tələbi əsaslandırmamış, birinci apelyasiya baxışı zamanı iddiaya dəqiqləşmə verilməsi təklif edilsə də tələb edilən kompensasiya məbləği ilə bağlı dəqiqləşmə verilməmiş, yalnız işə apelyasiya qaydasında baxılarkən təqdim edilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizə əsasında müəyyən edilmişdir ki, hər bir qaraj üçün iddiaçılar tərəfindən 7200 manat kompensasiya tələb edilir. Bu məbləğ qarajların bazar dəyəri kimi deyil, qarajdan məhrum edilmələri ilə əlaqədar ödənişli dayanacaqlardan istifadə etməli olduqlarından həmin dayanacaqlara ödəməli olduqları məbləğin, yəni vurulmuş real maddi ziyanın əvəzi olaraq tələb edilir. Qeyd edilməlidir ki, bu tələblə bağlı məhkəməyə iddiaçıların mülkiyyətində avtomobil olması, qanuni istifadələrində olmuş qarajlar söküldükdən sonra ödənişli dayanacaqdan istifadə etmələri və inzibati orqandan tələb edilən məbləği həmin dayanacağa ödəmələri barədə sübutlar təqdim edilməmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-136/2019 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
qərara aldı:
İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 136/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva