Məhkəmə qərarları › İş №2-1(103)-278/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-278/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-278/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1958-ci il tarixində Qax rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-3142/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 10.12.2020-ci il tarixində cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş şərtlər, yaş və 25 illik staj şərtləri olmasına baxmayaraq, filial tərəfindən ona pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış 16 iyul 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 23 il 5 ay təşkil edir. Belə ki, araşdırma zamanı müəssisə tərəfindən 1998-1999-cu illər üzrə əmək haqqı təqdim edilməmiş, 2000-2005-ci illərdə isə qismən öz hesabına məzuniyyətlərdə olmağı qeyd edilmişdir. 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyası təyini mümkün hesab olunmamışdır. Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinin imtina cavabı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa ziddir və onun konstitusion sosial təminat hüququnun pozulması kimi qiymətləndirilməlidir. Onun əmək kitabçasında uşağa qulluğa görə sosial məzuniyуətdə olduğu dövr də nəzərə alınmaqla 25 il, 11 ay, 10 günlük stajı vardır. Lakın, 1996-cı il tarixdən 2000-ci il tarixədək analıq məzuniyyətində olduğu dövrü ona staj kimi saymayıblar. İdarənin imtina məktubunda səbəb kimi həmin dövrlərin 1998-1999-cu illər üzrə, yəni onun sosial məzuniyyətdə olduğu dövrdə əmək haqqı təqdim edilmədiyi göstərilmişdir. Həmin dövrlərdə o uşağa qulluğa görə sosial məzuniyyətdə olmuşdur. Qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1993-cü il tarixli qanunun 67-ci maddəsi ilə ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq staja daxil edilirdi. Belə olan halda ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq olan dövrün staja daxil edilməməsi qanunsuz və əsassızdır. İşlədiyi təşkilat ciddi təşkilat olmaqla məcburi dövlət sosial sığorta haqlarını vaxtında ödəmişlər. Bununla bağlı məlumatların İdarə tərəfindən əldə edilə bilməməsi və ya arxivdə müvafiq sənədlərin olmamasında onun vətəndaş olaraq təqsiri yoxdur və nəticə etibarı ilə bu hal onun pensiya təminatı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Halbuki, əmək fəaliyyətini təsdiq edən və sosial sığorta stajını sübüt edən sənəddə, yəni əmək kitabçasında bu barədə qeydlər aparılmış və möhürlədə təsdiq edilmişdir. İdarənin imtina cavabı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa ziddir və onun konstitusion sosial təminat hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bu barədə o İdarənin tabe olduğu Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinə müraciət etsə də həmin orqandan daxil olan cavab məktubunda İdarənin 16 iyul 2020-ci il tarixli məktubuna istinad edilməklə cavab verilmişdir. Əmək pensiyası hüquqlarının pozulması ona gətirib çıxarır ki, o heç vaxt işləməyən, heç bir gün olsa belə stajı olmayan şəxs kimi pensiyaya nisbətən az məbləğdə olan sosial müavinət almaq məcburiyyətində olur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3142/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadı ilə "xxxx" ASC hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 15 sentyabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-3142/2021 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddiaçı X2 iddiası təmin edilməsi, iddiaçı Xasıyeva (mətnə uyğun) Məlahət Məcid qızına 15 sentyabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 02.09.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-3142/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sosial sığorta stajına malik deyil, o cümlədən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Cavabdeh 10.01.2022-ci il tarixində apellyasiya şikayətinə əlavə təqdim edərək Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-3142/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-3142/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi tərəfindən X4 ünvanlanmış 16 iyul 2020-ci il tarixli № **********0 saylı imtina məktubunda qeyd edilir ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçının ümumi iş stajı 23 il 5 ay təşkil edir. Belə ki, araşdırma zamanı müəssisə tərəfindən 1998- 1999-cu illər üzrə əmək haqqı təqdim edilməmiş, 2000-2005-ci illərdə isə qismən öz hesabına məzuniyyətlərdə olmuşdur. 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. -Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 01 iyul 2020-ci il tarixli № 10/53 saylı arayışdan görünür ki, X7 həqiqətən 27.09.1978-ci il tarixindən 02.08.2004-cü il tarixədək keçmiş Volodarski ad.Tikiş fabriki indiki "xxxx" ASC-də işləyib və 1996-cı ildən 2000-ci ilədək analıq məzuniyyətində olub. -AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -Vİ ЖГ 306896 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 18 sentyabr 1992- ci ildə nikaha daxil olmuş, nikahdan sonra ərə Xasiyev, arvada Xasiyeva soyadı verilmişdir. -XVİİ ЖГ 429573 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 21 avqust 1993-cü il tarixdə X9 adlı oğlan övladı anadan olmuşdur. -AZ-İ № 377149 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 02 iyun 1996-cı il tarixdə X8 adlı oğlan övladı anadan olmuşdur. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qax rayon Dövlət Arxivi tərəfindən Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının sorğusuna 22 yanvar 2021-ci il tarixli № 05 saylı, həmçinin, məhkəmənin sorğusuna 16 aprel 2021-ci il tarixli 31 nömrəli cavab məktublarından görünür ki, Xasiyeva (Camalova) Məlahət Məcid qızının 1975-1976-cı illərdə Qax rayon S.Vurğun adına fındıqçılıq sovxozunda işlədiyi dövrün əmək stajı və əmək haqqına dair məlumatların təqdim edilməsi barədə 08 yanvar 2021-ci il tarixli sorğusuna cavab olaraq bildirmişlər ki, Fond №93 -Qax rayon S.Vurğun adına fındıqçılıq sovxozunun 1975-1976-cı illərin əmək haqqı cədvəlləri və işçilərin şəxsi hesab kitabları Arxivə təhvil verilməyib Sovxozun Arxivdə mühafizə olunan əmr kitablarına əsasən vətəndaş M.Camalova 01 sentyabr 1975-ci il tarixdə sovxoza işə qəbul olunmuş və 01.09.1976-cı il tarixdə işdən azad edilmişdir. - "xxxx" ASC-nin 23 aprel 2021-ci il tarixli 00/12 saylı məktubu ilə ASC-də (əvvəlki Volodarski adına tikiş fabriki) işləmiş X3 arxiv sənədlərinin təsdiq olunmuş çıxarışları təqdim edilmişdir. Həmin sənədlərdəki əmrlər: - 27 sentyabr 1978-ci il tarixli 730 nömrəli əmrinə əsasən X7 20.09.1978-ci ildə Volodarski adına tikiş fabrikinə tikişçi vəzifəsinə qəbul olmuşdur. - A.Bakıxanov adına Bakı Sənaye-Ticarət Tikiş Birliyinin 07.07.1993-cü il tarixli 318 nömrəli əmrinə əsasən X5- 3 nömrəli sexin 19-cu axın xəttinin ustasına növbəti məzuniyyətindən sonra birliyin kollektiv müqaviləsinin 21-ci bəndinə uyğun olaraq vaxtından əvvəl 02.07.93-cü ildən 01.08.93-cü ilə kimi analıq məzuniyyəti verilmişdir. - A.Bakıxanov adına Bakı Sənaye-Ticarət Tikiş Birliyinin 23.12.1993-cü il tarixli 580 nömrəli əmrinə əsasən X7- 3 nömrəli sexin axın ustasının uşağının 1 il 6 ayı tamam olana qədər 07.12.1993-cü ildən 21.01.1995-ci ilə kimi əmək haqqı qismən ödənilən və uşağın 3 yaşı tamam olana kimi 22.01.1995-ci ildən 21.08.1996-cı ilə kimi əmək haqqı saxlanılmayan əlavə məzuniyyətdə hesab edilmişdir. - A.Bakıxanov adına Bakı Sənaye-Ticarət Tikiş Birliyinin 15.08.1996-cı il tarixli 206 km nömrəli əmrinə əsasən X5- 3 nömrəli sexin ustasına 09.08.1996-cı il tarixindən uşağının 3 yaşınadək haqqı ödənilən analıq məzuniyyəti verilmiş, 03.06.1999-cu ildə işə çıxmalıdır. - “Bakıxanov-Tikiş” ATSC-nin 03.04.2000-cı il tarixli 17km nömrəli əmrinə əsasən X7 3 nömrəli sexin ustası analıq məzuniyyətindən sonra 4 –cü dərəcəli tikişçi kimi 03.04.2000-ci ildən işdə hesab olunmuşdur. - Bakı Tikiş Evi ATSC-nin 02.08.2004-cü il tarixli 54 nömrəli əmrinə əsasən X7 02.08.2004-cü ildən işdən azad edilmişdir. - iddiaçının 08.07.1976-cı il tarixdə açılmış əmək kitabçasından görünür ki, iddiaçı 01.09.1975-ci il tarixdən 01.09.1976-cı il tarixədək Qax rayonu S.Vurğun adına fındıqçılıq sovxozunda fəhlə vəzifəsində işləmiş, 20.09.1978-ci il tarixdə Volodarskiy tikiş fabrikinin 4cü sexində tikişçi vəzifəsinə təyin edilmiş, 29.01.1979-cu il tarixdə 5-ci əməliyyatxanaya köçürülmüşdür, 22.09.1980-ci il tarixdə usta vəzifəsinə təyin edilmiş, 01.04.1991-ci il tarixdə 3-сü sexə 3-cü dərəcəli tikişçi vəzifəsinə təyin edilmiş, 05.05.1991- ci il tarixdən 3cü sexə usta vəzifəsinə təyin edilmiş, 03.04.2000-ci ildən 1 saylı tikiş şöbəsinə 3-cü dərəcəli tikişçi vəzifəsinə təyin edilmiş, 02.08.2004-cü ildən öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya 61 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi üçün: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Məhkəmə kollegiyası iddiaçının tələbinin əsası kimi göstərilmiş ikinci hala münasibətdə aşağıdakıları qeyd edir: Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı iş üzrə cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlili kimi iddiaçının 2000-2004-cü illlər üzrə əmək haqqı aldığı ayların ümumi sayının 38 ay yəni 3 il 2 ay təşkil etməsi, iddiaçının əmək haqqı almadığı dövrdə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin müddət pensiya təyinində nəzərə alına bilməməsidir. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı 03.04.2000-ci ildən 02.08.2004-cü ilədək fasiləsiz olaraq 1 saylı tikiş Şöbəsində 3-cü dərəcə tikişçi kimi işləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normaya əsasən iddiaçının 2000-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı əmək haqqı alması nəticəsində məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə, tələb olunmamalıdır. Ona görə də, onun pensiyası hesablanarkən həmin əmək fəaliyyəti dövrü nəzərə alınmalıdır. İddiaçının 2000-2004-cü illər üzrə isə əmək haqqı cədvəlinə əsasən, onun 2002- 2004-cü illər üzrə əmək haqqı almadığı aylar-2002-ci ilin dekabr, 2003-cü ilin yanvar, 2004-cü ilin aprel, may, avqust ayları mübahisələndirilə bilər. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 01.09.1975-ci il tarixdən 01.09.1976-cı il tarixədək Qax rayonu S.Vurğun adına fındıqçılıq sovxozunda işlədiyi 01 il iş stajı, 20.09.1978-ci ildən 02.07.1993-cü ilədək fasiləsiz olaraq indiki Bakı Tikiş Evi ASC-də işlədiyi 14 il 09 ay 12 gün iş stajı, 02.07.1993-cü ildən sonra analıq məzuniyyətində olduğu dövr ümumilikdə 6 il, 03.04.2000-01.01.2002-cü illərdə Bakı Tikiş Evi ASC-də işlədiyi 01 il 08 ay 28 gün və 2002-2004-cü illərdə işlədiyi və yalnız əmək haqqı aldığı 02 il 04 aylıq dövr nəzərə alındıqda belə iddiaçının pensiya təyininə imkan verən sosial sığorta stajı 25 ildən artıqdır. Göründüyü kimi, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-3142/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-3142/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar