Məhkəmə qərarları › İş №2-1(103)-278/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-278/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-278/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Cavabdehə (üçüncü şəxs "xxxx" MMC) qarşı “cavabdehin xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamının hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsi və cavabdehdən 10.000 manat maddi və mənəvi ziyan qismində tutularaq iddiaçılara ödənilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2-1(82)-942/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 Abudrəhman oğlu və İddiaçı2 cavabdeh Bakı şəhər Cavabdehə (üçüncü şəxslər "xxxx" MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamının hissəvi olaraq hüquqlarına toxunan hissədə (0,010854 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsi, cavabdehin xx.xx.2016-cı il tarixli, 013 saylı ayrıc aktının ”Poleks” MMC-nin istifadəsinə ayrılmış ümumi 1,706 ha torpaq sahəsindən hissəvi olaraq hüquqlarına toxunan hissədə (0,010854 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsi və cavabdehdən 10.000 manat maddi və mənəvi ziyan qismində tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamının hissəvi olaraq hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsi və cavabdehdən 10.000 manat maddi və mənəvi ziyan qismində tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0.010854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli, 329.05 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçıların adlarına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 1320 nömrəli vərəqində qeydiyyata alınmışdır və onlara xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar verilmişdir. Bir müddət öncə onlara heç bir məlumat verilmədən 3-cü şəxs "xxxx" MMC-nin əməkdaşları tərəfindən mülkiyyətlərində olan ərazini qanunsuz olaraq zəbt ediblər və hal-hazırda hasar tikərək onların ərazisini dairəyə alıblar. Bundan əlavə olaraq onların binasına xidmət edən komunikasiya xətlərini (su, kanalizasiya, telefon, internet və s.) dağıdıblar. İddiaçılar buna öz iradlarını bildirəndə 3-cü şəxs "xxxx" MMC-nin əməkdaşları bildirdilər ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamı ilə Nərimanov rayonunun Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti kəsişməsində 1.706 hektar torpaq sahəsi “Yaşayış binasının tikintisinin layihələndirilməsi” üçün "xxxx" MMC-yə istifadəyə verilib və bu sərəncama əsasən xx.xx.2016-cı il tarixli 013 saylı Ayrıc aktı verilmişdir. Bu iki sənədi əsas tutaraq "xxxx" MMC-nin əməkdaşları iddiaçılara qarşı qanunazidd hərəkətlər edirlər və ərazidə onlara yaxın məsafədə dərin özüllü qazıntı işləri apararaq binalarının mühafizə zolağını aşıblar. Onlar bu məsələ ilə bağlı, öz təşəbbüsləri ilə araşdırma aparmışlar və onlara məlum olmuşdur ki, Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamı ilə Nərimanov rayonunun Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti kəsişməsində 1.706 hektar torpaq sahəsi “Yaşayış binasının tikintisinin layihələndirilməsi” üçün "xxxx" MMC-yə istifadəyə verilmişdir, lakin həmin sərəncamı hazırkı proses üzrə tərəflərə təqdim etmədilər, 350 saylı sərəncama əsasən verilmiş olan xx.xx.2016-cı il tarixli 013 saylı Ayrıc aktını almışlar və həmin aktda olan plan-çizgidən görünür ki, mülkiyyətlərində olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0.010854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli, 329.05 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyriyaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə 2008-ci ildən iddiaçıların adlarına rəsmiləşdirilmiş daşınmaz əmlak "xxxx" MMC-nə istifadəsinə ayrılmış 1.706 hektar torpaq sahəsinin daxilindədir və üst-üstə düşür. Bu məsələyə aydınlıq gətirmək məqsədi ilə iddiaçılar Azərbaycan Respublikası Əmlak Komitəsinə müraciət etmişlər və oradakı əməkdaşlar iddiaçıların mülkiyyət sənədlərini nəzərdən keçirtdilər və bildirdilər ki, iddiaçıların mülkiyyətlərində olan bina və binaya aid istifadələrində olan 0.010854 ha torpaq sahəsi qeyri-qanuni olaraq "xxxx" MMC-nin istifadəsinə ayrılıb və "xxxx" MMC-nin istifadəsinə ayrılmış ümumi 1.706 hektar torpaq sahəsindən onların hüquqlarına toxunan hissədə yəni, binaya aid istifadələrində olan 0.010854 ha torpaq sahəsi qanunun tələbinə əsasən ayrılmalıdır. Belə ki, binaya aid istifadələrində olan 0.010854 ha torpaq sahəsinin içində mülkiyyətdə olan zirzəmi mövcuddur. Onlar bunu "xxxx" MMC-yə bildirmişlər və "xxxx" MMC-nin rəhbəri ona bildirdi ki, onun əlində sərəncam və ayrıc aktı var və nə qədər ki, onlar qüvvədədir üçüncü şəxslər bu ərazidə istənilən söküntü işlərini aparacaq və iddiaçıların mülkiyyətlərində olan binaları da sökəcək. Hesab edir ki, Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamı qismən ləğv edilməlidir, onlara aid olan hissə ümumi ərazidən çıxılmalıdır. Hesab edirlər ki, cavabdeh qanunsuz hərəkət edərək iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyasi ilə qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Hesab edirlər ki, iddiaçıların razılığı olmadan iddiaçıların mülkiyyətləri özgəninkiləşdirilə bilməz və mübahisəli sahələr Cavabdeh tərəfindən 3-cü şəxs "xxxx" MMC-yə verilməsinə dair hüquqmüəyyənedici sənədlər qismən etibarsız sayılmalıdır, onun nəticələri ləğv edilməlidir. Cavabdeh Nərimanov RİH-in məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 292-İVQ №-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 №-li Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarı qəbul edilmişdir. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən X8 icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 350 №-li Sərəncamı ilə rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu küçələrinin və Xətai prospektinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 2,99 ha torpaq sahəsinin "xxxx" MMC-nın daimi istifadəsinə verilməsi qərara alınmışdır. Mübahisə predmeti olan Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 350 №-li Sərəncamının bəndləri Nazirlər Kabinetinin sözügedən qərarının müddəalarını təkrarlayır. Bu məsələlərlə əlaqədar, Nərimanov RİH ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat məbləğində kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Mübahisəli ərazidə tikinti işləri başa çatmaq üzrədir. Mübahisəli ərazidə yaşayan bütün sakinlər kimi hazırki iş üzrə iddiaçılara da köçürülmə ilə əlaqədar tikinti təşkilatı tərəfindən daha iri həcmli, ədalətli və əlverişli təkliflər edilsə də, onlar bu təkliflərlə razılaşmamış, mövcud şəraitdən sui-istifadə etməklə ağlabatmayan kompensasiyaların alınması iddiasında olduqlarını bildirmişlər. Danışıqların davam etməsinə baxmayaraq, iddiaçılar tərəfindən mübahisə predmeti məhkəmə müstəvisinə çıxarılmışdır. Nərimanov RİH-in xx.xx.2016-cı il tarixli 350 №-li Sərəncamı Nazirlər Kabinetinin sözügedən qərarının və qanunvericiliyin tələbləri qaydasında qəbul edilmiş, Dövlət Proqramının həyata keçirilməsi ilə yanaşı, vətəndaşlarımızın mənzil-məişət şəraitinin daha da yaşxılaşdırılmasına yönəlmiş aktdır. Cavabdeh tərəfindən iddiaçılara 10.000 manat yuvarlaq şəkildə vurulmuş olan maddi və mənəvi zərərin nədən ibarət olması, bu zərərin nədə özünü biruzə verməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş üzrə iddiaçılar onlara məxsus daşınmaz əmlakdan sərbəst şəkildə, istədikləri şəkildə istifadə edir və ona dair sərəncam vermək səlahiyyətlərinə malikdirlər və inzibati orqan tərəfindən onların qanunla qorunan maraqları, hüquq və azadlıqları inzibati orqan, bu və ya digər şəxslər tərəfindən pozulmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim R.Daşdəmirov) 08 avqust 2019-cu il tarixli, 2-1(82)-942/2019 saylı qərarı ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Cavabdehin "xxxx" MMC-yə “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsinə icazə verilməsi haqqında” 24 oktyabr 2016-cı il tarixli, 350 saylı sərəncamı iddiaçıların hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya etirazın məzmununa oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iddia tələbinə mülki, mülki prosessual və inzibati prosessual qanunvericiliyinin tələblərinə uyğun hüquqi qiymət verməmişdir. İddiaçılar tərəfindən iddia ərizəsi ilə eyni məzmunlu olmaqla apellyasiya şikayətinə etiraz verilərək apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-116/2020 saylı 15 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər A.B.Nuriyeva /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-942/2019 saylı 08 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh və 3-cü şəxs "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1176/2020 saylı 10 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və İ.K.Xəlilov) 3- cü şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayətinin qəbulundan imtina edilmiş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-116/2020 saylı 15 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1928/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, N.Ş.Cəfərov və X.Ə.Sarıyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-942/2019 saylı 08 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. İddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-831/2021 saylı 26 may 2021ci il tarixli qərarı ilə (hakimlər R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və İ.Ə.Şəfiyev) kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1928/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-942/2019 saylı 08 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. İddiaçılar kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-941/2022 saylı 06 iyun 2022-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-167/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçıların nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2-1(82)-942/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq Bakı şəhəri Cavabdeh tərəfindən qəbul edilmiş 24 oktyabr 2016-cı il tarixli, 350 saylı sərəncamın 3-cü bəndində, eyni zamanda cavabdehin “Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında” 18 yanvar 2017-ci il tarixli 37 nömrəli sərəncamında qeyri-yaşayış binalarının deyil, yaşayış binalarının sökülməsi ilə bağlı göstəriş nəzərdə tutulmuşdur. İddiaçıların mülkiyyətində olan daşınmaz əmlak qeyri-yaşayış sahəsidir. Həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarında, həm də Bakı şəhəri Cavabdehin yuxarıda qeyd edilən və 27 sentyabr 2017-ci il tarixli 390 nömrəli sərəncamlarında yalnız qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulmuşdur. Halbuki, hazırda iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış binasının qəzalı vəziyyətdə olması ilə bağlı məhkəməyə hər hansı bir sənəd təqdim edilməmiş, məhkəməyə təqdim edilmiş “Bakı şəhəri, N.Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında” 18 fevral 2018-ci il tarixli aktda və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 26/46 ünvanda yerləşən qeyriyaşayış binasında konstruksiyalarda aparılmış sınaqlara dair aktda iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 55 ünvanında yerləşən qeyri-yaşayış binasının qəzalı vəziyyətdə olması və ya mövcud şəhərsalma normalarına cavab verməməsi barədə heç bir qeyd edilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin sərəncam iddiaçıların mülkiyyətində olan qəzalı vəziyyətdə olmayan qeyri-yaşayış binasına münasibətdə tətbiq edilə bilməz. Odur ki, həmin sərəncam bir hissədə qanunazidd inzibati akt kimi iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, 22 dekabr 2007-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, X4 ünvan 3 ünvanında yerləşən 329.05 kv.m ümumi sahədən 270.81 kv.m əsas, 58.24 kv.m köməkçi sahədən ibarət yaşayış-qeyri-yaşayış sahəsini alıcılar İddiaçı1 və İddiaçı2 satmışdır. İşdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0,010854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli, 329.05 kv.m ümumi, 270.81 kv.m əsas, 58.24 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixdə MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, MH seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı2 adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 1320 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdən məlum olur ki, satıcı qismində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı qismində İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 28 yanvar 2019-cu il tarixli 768 saylı müqaviləyə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2008-ci il tarixli, ********** və ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən alıcıların adına qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 55 ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən torpaq sahəsini 50.000 manata satmağı, alıcı isə həmin torpaq sahəsinin tam dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər” haqqında 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi müvafiq ərazi aidiyyəti üzrə Cavabdehə tapşırılmışdır. Bakı şəhəri Cavabdeh başçısının 24 oktyabr 2016-cı il tarixli 350 saylı sərəncamı ilə rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu küçələrinin və Xətai prospektinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu küçələrinin və Xətai prospektinin kəsişməsində 2,99 ha torpaq sahəsinin "xxxx" MMC-nin daim istifadəsinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu küçələrinin və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi ilə bağlı göstəriş nəzərdə tutulmuşdur. Bakı şəhəri Cavabdeh başçısının 18 yanvar 2017-ci il tarixli 37 saylı sərəncamı ilə Tələt Şıxəliyev 6, Qarabağ 32,30 və ünvan 4 ünvanlarda yerləşən, qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin ərazi planlaşdırma sənədlərinin təsdiq olunması qərara alınmışdır. İşə əlavə edilmiş “Bakı şəhəri, N.Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında” 18 fevral 2017-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai 29 prospektində yerləşən yaşayış binalarına vizual texniki baxış keçirilmiş və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində 29/46 yerləşən qeyriyaşayış binasının qəzalı olması ilə bağlı heç bir qeyd edilməmişdir. Bakı şəhəri Cavabdeh başçısının 27 sentyabr 2017-ci il tarixli 390 saylı sərəncamından görünür ki, T.Şıxəliyev, Qarabağ və Xətai prospektinin kəsişməsində sökülmüş qəzalı binaların yerində "xxxx" MMC-yə yaşayış binasının tikintisinə icazə verilməsi qərara alınmışdır. İşdən məlum olur ki, Bakı şəhəri Cavabdeh tərəfindən T.Şıxəliyev, Qarabağ və Xətai prospektinin kəsişməsində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-yə icazə verilməsi barədə 27 sentyabr 2017-ci il tarixli 11 nömrəli obyektin tikintisinə icazə sənədi və tikintiyə icazə barədə xüsusi nişan tərtib edilmişdir. Həmçinin, işdən görünür ki, Bakı şəhəri Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospektində cizgidə göstərilən sərhədlər daxilində yaşayış binasının layihələndirilməsi üçün "xxxx" MMC-yə ayrılmış 1,706 ha torpaq sahəsi ilə bağlı 13/16 013 nömrəli ayrıc aktı tərtib edilmişdir. RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 55 ünvanında 0,01088 ha sahədə yerləşən sahəsi 329.1 kv.m təşkil edən qeyri-yaşayış binası və sahəsi 0,01088 ha təşkil edən torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 1320 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdən məlum olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 55 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki pasportu tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 26/46 ünvanda yerləşən qeyri-yaşayış binasında konstruksiyalarda aparılmış sınaqlara dair aktdan görünür ki, İddiaçı1 ilə İnstitut arasında imzalanmış 1264/18 saylı 23 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 26/46 ünvanda yerləşən qeyri-yaşayış binasında dağıdılmaz üsullarla və açılmaqla sınaq keçirilmişdir. “Shmidt” sklerometri ilə betonun sinfi, Profemeter PM-630 cihaz ilə armatur millərinin diametri təyin edilmişdir. Zirzəmidə dəmir-beton elementlərdə beton B22.5 sinfinə uyğundur. Sütun və rigellər 22 armatur millərindən quraşdırılmışdır. Örtük tavası 12 armatur milləri ilə torşəkilli quraşdırılmışdır. Bir, iki və üçüncü mərtəbələrdə dəmir-beton elementlərdə beton B22.5 sinfinə uyğundur. Sütun 22 armatur millərindən quraşdırılmışdır. Beləliklə, iddiaçılara məxsus olan qeyri-yaşayış sahəsi qəzalı vəziyyətdə deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarına əsasən iddiaçıların mübahisələndirilən sərəncamdan nə vaxt məlumatlı olması halı tərəflər arasında mübahisələndirilir (qərarın 35-ci bəndi). İnzibati icraatı aparan inzibati orqan icraatın maraqlı şəxslərini məlumatlandırmalı, eyni zamanda məlumatlandırılma barədə sübutetmə yükü də inzibati orqanın üzərindədir (qərarın 38-ci bəndi). Cavabdeh iddiaçıların mübahisələndirilən sərəncamdan məlumatlı olmaları ilə bağlı irəli sürdüyü dəlilləri təsdiq edən hər hansı sübut təqdim etməmiş, işə baxan apellyasiya instansiya məhkəməsi də yalnız cavabdehin dəlillərinə istinad etməklə və İPM-nin 12.1 və 58.7-ci maddələrinin tələblərini pozmaqla iddianın mümkünsüzlüyü nəticəsinə gəlmişdir (qərarın 39-cu bəndi). Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında əksini tapmış göstərişlərdən göründüyü kimi işə təkrar baxan apellyasiya instansiya məhkəməsi məhkəmənin yuxarıda qeyd olunan mövqeyini nəzərə almaqla qərar qəbul etməlidir. İşə baxan məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında öz əksini tapmış hüquqi mövqeyə əsasən məhkəmə iclasında Cavabdehin nümayəndəsinə qeyd olunanlarla bağlı izahat verilməsi təklif olunmuş və tərəfin verdiyi izahatdan məlum olmuşdur ki, mübahisələndirilən sərəncam iddiaçılara təqdim olunmamışdır. Bəzi qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri, o cümlədən İddiaçı1 Bakı şəhərinin hüdudlarından kənarda yaşadığından (Balakən rayonu), mülkiyyətçilərin birbaşa inzibati icraata cəlb edilməsini çətinləşdirmişdir. İddiaçılara məxsus olan qeyri-yaşayış sahəsinin qonşuluğunda yerləşən digər qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə sərəncam və inzibati icraat barədə məlumat (bildiriş vərəqəsi) verilmişdir ki, İcra Hakimiyyətinin nümayəndəsinin qənaətinə görə iddiaçılar da bu barədə vaxtında məlumatlı olmuşlar. İddiaçıların nümayəndəsinin dəfələrlə bu məsələ ilə bağlı İcra Hakimiyyəti başçısının qəbulunda olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı cavabdehin nümayəndəsi bildirmişdir ki, bu halı təsdiq edən sübutları təqdim edə bilmirlər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia mümkündür, iddianın mümkünsüzlüyü ilə bağlı məsələ aradan qalxmışdır. İşin mahiyyəti ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sərgilədiyi hüquqi mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış binasının qəzalı vəziyyətdə olması ilə bağlı məhkəməyə hər hansı bir sənəd təqdim edilməmiş, məhkəməyə təqdim edilmiş “Bakı şəhəri, N.Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında” 18 fevral 2018-ci il tarixli aktda və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 26/46 ünvanda yerləşən qeyri-yaşayış binasında konstruksiyalarda aparılmış sınaqlara dair aktda iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış binasının qəzalı vəziyyətdə olması və ya mövcud şəhərsalma normalarına cavab verməməsi barədə heç bir qeyd edilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, həmin sərəncam iddiaçıların mülkiyyətində olan qəzalı vəziyyətdə olmayan qeyriyaşayış binasına münasibətdə tətbiq edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlillərinə münaisbətdə qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün hər hansısa əsaslı dəlil irəli sürülməmiş, heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə uyğun olaraq bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt – əlverişsiz (yükləyici) inzibati aktdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd edilən Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır (maddə 67.3). Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər (maddə 67.12). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2-1(82)- 942/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Pərviz Hüseynov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar