Məhkəmə qərarları › İş №2-1(103)-278/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-278/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-278/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2189/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar X11, İddiaçı, X14, X8 və X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9811/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi “X7 Qala qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüquqları qeydiyyata alınmaqla çıxarışın verilməsi, X3 Qala qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüquqları qeydiyyata alınmaqla çıxarışın verilməsi, İddiaçı Qala qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüquqları qeydiyyata alınmaqla çıxarışın verilməsi” kimi dəyişdirilmiş, iddiaçılar qismində İddiaçı, X6 və X11 nəzərə alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9811/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar X11, İddiaçı, X14, X8 və X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi" tələbinə dair 2-1(112)-9811/2022 nömrəli inzibati işindən iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi”, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın verilməsi", iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “çıxarışın verilməsi" tələbi üzrə icraat ayrıca icraata ayrılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonunun Qala Bələdiyyəsinin 06 sentyabr 2005-ci il tarixli 264 saylı sərəncamına və həmin tarixli Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən Qala qəsəbəsində Yeni massivdə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və sahənin sxemi təsdiq edilərək iddiaçıya verilmişdir. Ayrılmış torpaq sahəsinin dəyəri tam şəkildə bələdiyyənin hesabına ödənilmişdir. Bundan sonra torpaq sahəsi hasara alınmış, həmin torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikilmiş və müntəzəm olaraq cari tədiyyə və digər ödənişlər ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciəti təmin etməmişdir. Cavabdeh əsas səbəb kimi iddiaçıya alqı-satqı yolu ilə Bələdiyyə tərəfindən verilmiş torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında müqavilənin keçmiş “Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməməsini göstərmişdir. Alqı-satqı müqaviləsi qanunla müyyən edilmiş qaydada təsdiq edilmiş və rəsmiləşdirilmiş, torpaq iddiaçının sərəncamına verilmişdir. Həmin müqavilənin “Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilib-edilməməsi məsələsi bələdiyyənin səlahiyyətinə aiddir. Cavabdeh 17 ildən çox iddiaçının qanuni yolla əldə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu mübahisəsiz olaraq tanımalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-2189/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu Qala Bələdiyyəsinin 06 sentyabr 2005-ci il tarixli 264 saylı sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 1200 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında iddia tələbi «X7 Qala qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüquqları qeydiyyata alınmaqla çıxarışın verilməsi, X3 Qala qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüquqları qeydiyyata alınmaqla çıxarışın verilməsi, İddiaçı Qala qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüquqları qeydiyyata alınmaqla çıxarışın verilməsi» kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu Qala Bələdiyyəsinin 06 sentyabr 2005-ci il tarixli 264 saylı sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 1200 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Bakı İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli nömrəli qərarı ləğv olunmalıdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixində idarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmiş və təqdim edilmiş cizgidə isə istinad və məsafələr qeyd olunmadığından sənədin göstərilən sahəyə aid olmasını təyin etmək mümkün olmamışdır. Həmçinin iddiaçı tərəfindən göstərilən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən 3 nömrəli Qala- Zeytunçuluq Sovxozunun Bakı şəhəri inzibati ərazi sərhədləri daxilində qalan hissəsində yerləşir və dövlət mülkiyyətindədir. Bundan əlavə, iddiaçı tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair bələdiyyənin qərarı təqdim edilməmiş və yerləşmə cizgisində bələdiyyə qərarına istinad edilməmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsi hazırki iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (adi cəlbetmə). Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli müraciətinizə baxılmışdır. Sözügedən torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 264 nömrəli sərəncamından görünür ki, İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan torpaq sahəsinin sxemindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 264 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin sxemi tərtib edilərək təsdiq edilmişdir. İş materiallarında olan Satıcı Qala bələdiyyəsi ilə Alıcı İddiaçı arasında imzalanmış Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Qala Bələdiyyəsinin 264 nömrəli qərarına əsasən satıcı Qala bələdiyyəsi Qala bələdiyyəsinin ərazisində 1200 kv.m torpaq sahəsini fərdi ev tikmək məqsədilə alıcı İddiaçı mülkiyyətinə vermişdir, torpağın qiyməti hər kv.m üçün 8800 manat təşkil edir. İş materiallarında olan Qala bələdiyyəsinin ÇDB №407907 nömrəli kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən torpaq alqı-satqısı üçün xx.xx.2005-ci ildə Əzizbəyov rayon Qala bələdiyyəsinin hesabına 10.560.000 manat ödənilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1200.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahəyə dair sənəd təqdim edilməyib. Faktiki olaraq göstərilən 1200.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur: X-430768.5600, 430740.1500, 430719.1200, 430747.7000; Y- 4477809.2600, 4477780.2600, 4477802.3100, 4477829.8500. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahəyə X10 (etibarnamə əsasında nümayəndəsi X9) müraciəti olmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş Qala 3-nömrəli Zeytunçuluq sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə Dövlət mülkiyyəti torpağıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/9062 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elmin Hüseynovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Göstərilən torpaq sahəsi faktiki olaraq 1200.0 kv.metr təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 1200.0 kv.metr torpaq sahəsinin koordinatları aşağıdakılardır: X- 430768.5600, 430740.1500, 430719.1200, 430747.7000; Y-4477809.2600, 4477780.2600, 4477802.3100, 4477829.8500. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahəyə X10 (etibarnamə əsasında nümayəndəsi X9) müraciəti olmuşdur. Bu səbəbdən qeyd olunan torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş Qala 3-nömrəli Zeytunçuluq sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə hal-hazırda dövlət mülkiyyəti torpağıdır. Qeyd olunur ki, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu Qala bələdiyyəsinin 06 sentyabr 2005-ci il tarixli 264 saylı sərəncamı əsasında vətəndaş İddiaçı ayrılan zaman, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Qala bələdiyyəsinin hüdudları daxilində yerləşmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarı. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 264 nömrəli sərəncamına əsasən İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar həmin sərəncam ilə iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinin sxemi tərtib edilərək təsdiq edilmişdir. Satıcı Qala bələdiyyəsi ilə Alıcı İddiaçı arasında imzalanmış Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Əzizbəyov rayonu Qala Bələdiyyəsinin 264 nömrəli qərarına əsasən satıcı Qala bələdiyyəsi Qala bələdiyyəsinin ərazisində 1200 kv.m torpaq sahəsini fərdi ev tikmək məqsədilə alıcı İddiaçı mülkiyyətinə vermişdir. İddiaçı tərəfindən torpağın dəyəri Əzizbəyov rayon Qala bələdiyyəsinin hesabına tam ödənilmişdir. Hazırda həmin torpaq sahəsi uzun müddətdir iddiaçının faktiki istifadəsindədir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan bələdiyyə sərəncamı və onunla əlaqədar olan sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş, ondan təyinatına uyğun istifadə etməyə başlamış və bu, hazırda da davam edir. Bakı şəhəri Xəzər rayonu Qala bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla həmin sərəncamın, torpağın mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinin, torpağın sxeminin, kassa mədaxil qəbzinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilənin keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən təsdiq edilməməsi isə iddiaçının səlahiyyətlərinə aid deyil, iddiaçı buna görə cavabdehlik daşımır, bu, iddiaçının iradəsindən asılı olan hal deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığını bildirsə də, cavabdeh orqan bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu Qala bələdiyyəsinin 06 sentyabr 2005-ci il tarixli 264 saylı sərəncamı əsasında İddiaçı ayrılan zaman, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Qala bələdiyyəsinin hüdudları daxilində yerləşmişdir. O da qeyd edilməlidir ki, həmin torpaq sahəsi Bakı şəhəri Xəzər rayonu Qala bələdiyyəsinin 06 sentyabr 2005-ci il tarixli, 264 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmışdır və onun istifadəsinə verilmişdir, həmin tarixdən də iddiaçının qanuni istifadəsindədir. Müvafiq torpaq sahəsi ilə bağlı hər hansı uyğunsuzluq olsa belə, bu, iddiaçıdan asılı olmayan haldır və bu halın aradan qaldırılması isə cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2188/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu Qala Bələdiyyəsinin 02 avqust 2005-ci il tarixli 266 saylı sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 1200 kv.m. torpaq sahəsi üzərində iddiaçı X13 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3084/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2188/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1211/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3084/2023 nömrəli, xx.xx.2023-cü il tarixli dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1457/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu Qala Bələdiyyəsinin 02 avqust 2005-ci il tarixli 265 saylı sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 1200 kv.m. torpaq sahəsi üzərində iddiaçı X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-277/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1457/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan inzibati işlər (iddiaçı X6, iddiaçı X11) hazırki işlə bir icraatda olmuş, daha sonra ayrıca icraata ayrılmışlar, həmin işlər üzrə torpaqlar eyni ərazidə bir hasar daxilində yerləşir, torpaqların iddiaçılara ayrılmasına dair hüquqmüəyyənedici sənədlər, cavabdeh inzibati orqanın imtina əsasları və işin digər halları eynidir. Göründüyü kimi, oxşar işlər üzrə məhkəmə təcrübəsi eyni olmaqla iddia tələbləri eyni əsaslarla təmin edilmişdir. Cavabdehin imtinasında istinad etdiyi əsaslarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hallar torpaq sahəsinə hüquqların qeydiyyatına maneə deyil və imtina üçün əsas hesab edilmir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh inzibati orqan iddiaçıya ayrılmış torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üstüstə düşməsini təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2189/2023 nömrəli, 11 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar